AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
15.04.2019
QEYDİYYAT NÖMRƏSİ
634
ADI
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-04-2019, Nəşr Nömrəsi: 81), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2019, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 634)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.04.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201904150634
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.04.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 aprel 2019-cu il

    634

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir.

1.3. MEİS-in informasiya ehtiyatlarının formalaşdırılması və onlardan istifadə “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası qanunlarının, habelə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərinə riayət olunmaqla həyata keçirilir.

1.4. MEİS-in fəaliyyəti “bir pəncərə” prinsipi əsasında yeni texnologiyaların tətbiqi yolu ilə təmin olunur.

1.5. MEİS-in informasiya ehtiyatlarında yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.6. MEİS-in saxlanılma, fəaliyyət və inkişaf xərcləri Nazirlik üçün ayrılmış büdcə təxsisatları çərçivəsində dövlət sosial müdafiə fondunun büdcəsi, işsizlikdən sığorta fondunun büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

1.8. MEİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası və məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

 

2. MEİS-in strukturu, daxil edilən informasiyanın tərkibi, növü və həmin informasiyadan istifadə qaydası

 

2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir:

2.1.1. “Sənəd dövriyyəsi” altsistemi;

2.1.2. “Əmək müqaviləsi bildirişi” altsistemi;

2.1.3. “Ünvanlı yardım” (VEMTAS) altsistemi;

2.1.4. “Sosial ödənişlər” altsistemi;

2.1.5. “Əlillik” (TSERAS) altsistemi;

2.1.5-1. Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi; [1]

2.1.6. “Sığorta” altsistemi;

2.1.7. “Monitorinq” altsistemi;

2.1.8. “Pensiya” altsistemi;

2.1.9. “Məşğulluq” altsistemi;

2.1.10. “Sovqat” altsistemi;

2.1.11. “Çağrı mərkəzi” altsistemi;

2.1.12. “Tapşırıqlar" altsistemi;

2.1.13. “Vətəndaşların qəbulu” altsistemi;

2.1.14. “Sanatoriya-kurort” altsistemi;

2.1.15. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi;

2.1.16. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı.

2.2. “Məşğulluq haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məşğul şəxslərin və əlilliyi olan şəxslərin reyestrlərinin formalaşdırılması MEİS vasitəsilə təmin edilir.

2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:

2.3.1. “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə sənədlərin icra vəziyyətini nəzarətdə saxlamaq, sənəd axtarışını asanlaşdırmaq, Nazirliyin fəaliyyətinə dair statistik məlumatları əldə etmək məqsədilə Nazirliyin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar arasında sənəd dövriyyəsinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron qaydada aparılması;

2.3.2. “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya ona xitam verilməsinin elektron qaydada qeydiyyata alınması, habelə iş yerindən elektron qaydada arayış alınması;

2.3.3. “Ünvanlı yardım” (VEMTAS) altsistemi vasitəsilə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət edilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması və ya təyin olunmasından imtina edilməsi, habelə onun ödənilməsi;

2.3.4. “Sosial ödənişlər” altsistemi vasitəsilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa və ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq, sosial ödənişlər verilməsinin uçotunun elektron qaydada aparılması;

2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması;

2.3.5-1. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi vasitəsilə hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi;

2.3.6. “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması;

2.3.7. “Monitorinq” altsistemi vasitəsilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması və aparılması, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi və bununla bağlı icraatın aparılması; [2]

2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması;

2.3.9. “Məşğulluq” altsistemi vasitəsilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, işəgötürənlərin verdikləri boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri haqqında məlumatlar əsasında vakansiya bankının, ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi;

2.3.10. “Sovqat” altsistemi vasitəsilə ayrı-ayrı kateqoriyadan olan şəxslərin maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin aktlarına əsasən, mənzil, avtomobil, habelə müxtəlif dövlət proqramları çərçivəsində maddi yardımla təmin olunan şəxslərin uçotunun elektron qaydada aparılması;

2.3.11. “Çağrı mərkəzi” altsistemi vasitəsilə Nazirliyin fəaliyyəti ilə bağlı sorğuların, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə əlaqədar müraciətlərin qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılması, məlumatlandırma və məsləhət xidmətləri göstərilməsi, şikayətlərin (ərizələrin, təkliflərin) qəbulu və aidiyyəti üzrə yönəldilməsi;

2.3.12. “Tapşırıqlar” altsistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 26 oktyabr tarixli 472 nömrəli Fərmanına və 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və tam icrasını təmin etmək məqsədilə mərkəzləşdirilmiş qaydada nəzarətin həyata keçirilməsi;

2.3.13. “Vətəndaşların qəbulu” altsistemi vasitəsilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlikdə vətəndaşların qəbulunun elektron qaydada aparılması və arxivləşdirilməsi;

2.3.14. “Sanatoriya-kurort” altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanına uyğun olaraq, dövlət tibb müəssisələrindən sanator-kurort müalicəsi üçün göndəriş almış şəxslərin tibbi qeydiyyat sənədlərinin uçotunun elektron qaydada aparılması; [3]

2.3.15. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılması;

2.3.16. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması.

2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.

2.5. MEİS-də toplanmış məlumatlardan, həmin informasiyanın xarakterindən asılı olaraq, dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və ya fiziki şəxslərin bu Əsasnamənin 1.3-cü bəndinə uyğun olaraq istifadə etmək hüququ vardır.

2.6. MEİS vasitəsilə sorğu edilən məlumatların tərkibi bu Əsasnamənin 4.1-ci bəndində göstərilən dövlət qurumları ilə qarşılıqlı razılaşmalara, operatorun bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalarına və istifadəçilərin sistemdən istifadə səlahiyyətlərinə uyğun müəyyənləşdirilir.

2.7. tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları onların rəsmiləşdirildiyi gün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər.

 

3. MEİS-in infrastrukturu

 

3.1. MEİS-in infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. proqram-texniki vasitələr;

3.1.2. şəbəkə infrastrukturu;

3.1.3. idarəetmə sistemi;

3.1.4. ehtiyat mərkəzi;

3.1.5. arxiv mərkəzi.

3.2. MEİS-in proqram-texniki kompleksinə serverlər, informasiyanı mühafizə vasitələri, fasiləsiz enerji mənbələri, əməliyyat sistemləri, tətbiqi proqram təminatı və digər proqram-texniki vasitələr aiddir.

3.3. MEİS-in şəbəkə infrastrukturunu kommunikasiya avadanlığı və mühafizə olunan rabitə kanalları təşkil edir.

3.4. MEİS-in idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.

3.5. MEİS-in fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və informasiya sisteminin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar MEİS-in məlumat bazalarında, ehtiyat surətləri isə arxiv mərkəzində saxlanılır.

3.6. Müvafiq sahədə xidmətlərdən istifadə üçün portal gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə təchiz edilir.

 

4. MEİS-lə inteqrasiya ediləcək digər dövlət qurumlarının informasiya sistemləri və ehtiyatları

 

4.1. Nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə aşağıdakı dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir:

4.1.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

4.1.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

4.1.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

4.1.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

4.1.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

4.1.6. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

4.1.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

4.1.8. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

4.1.9. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;

4.1.10. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

4.1.11. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;

4.1.12. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

4.1.13. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

4.1.14. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

4.1.14-1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi; [4]

4.1.15. Kredit büroları;

4.1.16. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi;

4.1.16-1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi; [5]

4.1.17. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

4.1.18. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti;

4.1.19. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi;

4.1.20. yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri.

4.2. Bu Əsasnamənin 4.1-ci bəndində qeyd edilən dövlət qurumlarının informasiya ehtiyatlarının və sistemlərinin MEİS-ə inteqrasiyası Qaydalara uyğun həyata keçirilir.

 

5. MEİS-in operatorunun funksiyaları

 

5.0. MEİS-in operatoru Nazirlikdir. MEİS-in operatorunun aşağıdakı funksiyaları vardır:

5.0.1. MEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı işləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun formada aparmaq;

5.0.2. MEİS-i Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya etmək və digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

5.0.3. MEİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

5.0.4. normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları MEİS-ə daxil etmək;

5.0.5. MEİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər görmək;

5.0.6. müvafiq sahədə xidmətlər göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya MEİS-də və ya digər dövlət informasiya ehtiyatında və sistemində olduqda həmin informasiyanın ilkin mənbədən əldə edilməsini Qaydalara uyğun təmin etmək;

5.0.7. müvafiq sahədə elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında MEİS vasitəsilə və “Elektron hökumət” portalına keçid verilməklə göstərilməsini təmin etmək;

5.0.8. MEİS-in dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;

5.0.9. MEİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi ilə bağlı profilaktik işlər aparmaq;

5.0.10. MEİS-dən istifadə ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

5.0.11. MEİS-in təşkili və fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – əlaqələndirici qurum) tərəfindən qiymətləndirmələrin aparılmasına zəruri şərait yaratmaq;

5.0.12. MEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları əlaqələndirici quruma təqdim etmək;

5.0.13. MEİS-də yaradılan elektron imkanlar vasitəsilə, istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

5.0.14. əlaqələndirici qurumun əsaslandırılmış tələbinə uyğun MEİS-in fəaliyyətini təşkil etmək, onda dəyişiklik etmək və təkmilləşdirmələr aparmaq;

5.0.15. normativ hüquqi aktlarda müəyyən edilən digər funksiyalar.

 

6. MEİS-in operatorunun hüquq və vəzifələri

 

6.1. MEİS-in operatorunun bu Əsasnamənin 6.2-ci bəndində nəzərdə tutulan vəzifələri yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

6.1.1. MEİS-in fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

6.1.2. MEİS-in fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni altsistemlər yaratmaq;

6.1.3. istifadəçilərin MEİS-dən məlumatları “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sorğu etmələrinə nəzarət etmək;

6.1.4. Qaydaların tələblərinə uyğun olaraq, digər dövlət qurumlarından məlumatların elektron formada mübadiləsini tələb etmək;

6.1.5. əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə üçün nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə məqsədilə həmin məlumatların ötürülməsində məhdudiyyətlər tətbiq etmək;

6.1.6. MEİS-də nasazlıqların, qəzaların (xətaların) baş verməsi hallarında operatorun hazırlıq səviyyəsini yoxlamaq məqsədilə sınaqlar keçirmək.

6.2. MEİS-in operatorunun vəzifələri aşağıdakılardır:

6.2.1. məlumatların mötəbərliyinin MEİS-in nəzarətində saxlanılması və mütəmadi (dövri) yoxlanılması imkanlarını təmin etmək;

6.2.2. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

6.2.3. fəaliyyətin fasiləsizliyini təmin etmək, dayanma hallarının qeydiyyatını aparmaq, mütəmadi texniki dəstək fəaliyyəti həyata keçirmək;

6.2.4. fərdi məlumatların toplanılmasını və işlənməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

6.2.5. informasiya ehtiyatında və sistemində dəyişiklikləri müvafiq qeydlər etməklə aparmaq, belə qeydlərin edilməsinə əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;

6.2.6. arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;

6.2.7. formalaşdırılan, daxil edilən və toplanılan məlumatların əlavə nüsxələrinin MEİS-in ehtiyat mərkəzlərində saxlanılmasını təmin etmək;

6.2.8. MEİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşları arasında iş və vəzifə bölgüsünü müəyyən etmək və həmin əməkdaşları bu barədə məlumatlandırmaq;

6.2.9. MEİS-in fəaliyyətinin mütəmadi monitorinqini həyata keçirmək;

6.2.10. məlumatların MEİS-ə tam, dəqiq və dürüst daxil edilməsini təmin etmək;

6.2.11. eyni məlumatların MEİS-ə təkrar daxil edilməsinin qarşısını almaq;

6.2.12. normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səlahiyyətlərinə aid olmayan informasiyanın MEİS-ə daxil edilməsinin qarşısını almaq;

6.2.13. MEİS-dən istifadəni (o cümlədən informasiyanın axtarılmasını və əldə edilməsini) normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmdə və vaxtda təmin etmək;

6.2.14. MEİS-in mühafizəsi ilə bağlı normativ hüquqi aktlarda müəyyən edilmiş zəruri təşkilati, texniki tədbirlər görmək, sistemdə formalaşdırılan, daxil edilən və toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsinı təşkil etmək;

6.2.15. MEİS-də məlumatların toplanılması, işlənməsi, sorğuların verilməsi və icrası, müraciətlərin qeydiyyatının və onlara baxılmanın nəticələrinin, habelə informasiya sisteminin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılmasını (hesabatlılığını) təmin etmək;

6.2.16. MEİS-də fərdi məlumatların toplanılması, işlənməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsinə nəzarəti “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirmək.

 

7. MEİS-in istifadəçilərinin hüquqları

 

7.0. MEİS-in istifadəçilərinin aşağıdakı hüquqları vardır:

7.0.1. MEİS vasitəsilə müvafiq sahədə xidmətlərdən istifadə etmək;

7.0.2. müvafiq sahədə xidmətlər göstərilməsi üçün müraciət etmək və həmin xidmətlərdən “e-sosial” portalı vasitəsilə yararlanmaq;

7.0.3. etdiyi müraciətin nəticəsi barədə cavab almaq;

7.0.4. MEİS-dən özü barədə məlumatlar əldə etmək;

7.0.5. MEİS-də özü barədə məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək;

7.0.6. MEİS-in işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “e-sosial” portalının (bundan sonra – portal) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Portal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – MEİS) formalaşan məlumatlar əsasında məşğulluq, əmək, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron qaydada təqdim olunmasını, o cümlədən vətəndaşların yaranmış hüquqları əsasında proaktiv formada əməliyyatların aparılmasını və onların həmin əməliyyatlar barədə məlumatlandırılmasını təmin edir.

1.3. Müvafiq sahədə vətəndaşlar barəsində məlumatların elektron qaydada yoxlanılması mümkün olduqda portal xidmətləri onların vətəndaşlara hüquqlarının yarandığı an təqdim edilməsini və onların bu barədə məlumatlandırılmasını nəzərdə tutan proaktiv formada həyata keçirir.

1.4. Dövlət qurumlarının informasiya ehtiyatlarının və sistemlərinin MEİS-ə və portala inteqrasiyası Qaydalara uyğun həyata keçirilir.

1.5. Bu əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.5.1. operator – MEİS-in sahibi, yəni portalın yaradılmasını, idarə olunmasını və inkişafını təmin edən Nazirlik; MEİS-in və portalın üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada onların aparılmasını təmin edən Nazirlik;

1.5.2. istifadəçi – normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada MEİS-dən və portaldan informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər;

1.5.3. əlaqələndirici qurum – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;

1.5.4. istifadəçinin elektron kabineti – müvafiq sahədə məlumatların əldə edilməsini, operator və digər dövlət qurumları ilə qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə.

1.6. İştirakçılar özlərinin informasiya ehtiyatlarındakı məlumatlardan, həmçinin fərdi məlumatlardan elektron xidmətlər göstərilməsi zamanı qanunla müəyyənləşdirilmiş qaydada istifadəni təmin etməlidirlər.

1.7. Portalda toplanmış fərdi məlumatların işlənilmə məqsədi Nazirliyin fəaliyyət istiqamətləri üzrə düzgün qərarların qəbul edilməsinə, vətəndaşların müraciətlərinin düzgün cavablandırılmasına və onların məlumatlandırılmasına xidmət edir.

1.8. Portalın fəaliyyətinin təşkili, təkmilləşdirilməsi və saxlanması ilə bağlı xərclər Nazirlik üçün ayrılmış büdcə təxsisatları çərçivəsində dövlət sosial müdafiə fondunun büdcəsi, işsizlikdən sığorta fondunun büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

 

2. Portalın fəaliyyət prinsipləri

 

2.0. Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.0.1. şəffaflıq – portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənməsi imkanının mövcudluğu;

2.0.2. istifadə rahatlığı – istifadəçilərin və dövlət qurumlarının portaldan istifadəsinin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

2.0.3. səmərəlilik – müraciətlərin təqdim edilməsi, qəbulu, cavablandırılması üçün tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, habelə istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.0.4. təhlükəsizlik – sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə olunması, informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki, texnoloji tədbirlər həyata keçirməklə informasiyanın tamlığının və mühafizəsinin təmin edilməsi;

2.0.5. fasiləsizlik – portalda fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

2.0.6. modulluq və miqyaslılıq – ən son texnologiyalardan istifadə etməklə portalın davamlı təkmilləşdirilməsi və inkişaf etdirilməsi, funksiyasına və imkanlarının artırılmasını təmin edən proqram-texniki komponentlərin olması;

2.0.7. operativlik – müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, nəticələrinin göndərilməsinin, informasiyanın əldə olunmasının və mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi.

 

3. Portalın infrastrukturu

 

3.1. Portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. proqram-texniki vasitələr;

3.1.2. mobil cihazlar və səyyar qurğular üçün proqram təminatı;

3.1.3. telekommunikasiya kanalları;

3.1.4. idarəetmə sistemi;

3.1.5. ehtiyat mərkəzi;

3.1.6. arxiv mərkəzi.

3.2. Portalın proqram-texniki vasitələri, mobil cihaz və səyyar qurğular üçün proqram təminatı və telekommunikasiya kanalları bu əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulan xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin portaldan istifadəsini, portalın fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.

3.3. Portalın idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.

3.4. Portalın fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və portalın proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın məlumat bazasında, ehtiyat surətləri isə onun məlumat bazasının arxiv mərkəzində saxlanılır.

3.5. Müvafiq sahədə xidmətlərdən istifadə üçün portal gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri və ya digər elektron eyniləşdirmə vasitələri (istifadəçi adı, şifrə və s.) ilə təchiz edilir.

 

4. Müraciətlərin göndərilməsi və qeydiyyatı

 

4.1. İnteraktiv xidmətlərdən istifadə üçün istifadəçi əvvəlcə gücləndirilmiş elektron imzası və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə etməklə portalda Vahid Giriş Sistemi (“Single Sign On”) vasitəsilə qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə istifadə etmək istədiyi xidməti seçir.

4.2. Portalda seçilən xidmətə uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar dövlət qurumlarının informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmazsa, seçilmiş xidmət üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi onu gücləndirilmiş elektron imza və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir.

4.3. Sistem məlumatların tamlığını yoxlayır və təsdiq etdikdən sonra istifadəçi məlumatları göndərir.

4.4. Portal müraciəti real vaxt rejimində qeydiyyata alır, bu barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və (və ya) mobil nömrəsinə bildiriş göndərir.

4.5. Portala daxil edilən informasiya istifadəçilərin sistemdə qeydiyyatı üçün tələb olunan və onların özlərinin daxil etdikləri informasiyadan ibarətdir.

4.6. Portal vasitəsilə sorğu edilən məlumatların tərkibinə müvafiq sahədə portal vasitəsilə vətəndaşlara təqdim edilən xidmətlər daxildir.

 

5. Müraciətlərə baxılması

 

5.1. Portal vasitəsilə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”, “Məşğulluq haqqında”, “Sosial xidmət haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında”, “İnzibati icraat haqqında”, “Vətəndaşların müraciətləri haqqında” qanunlarında nəzərdə tutulmuş müddətlərdə ərizəyə baxılır və nəticəsi barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və (və ya) mobil nömrəsinə məlumat göndərilir.

5.2. Elektron qaydada tərtib olunmuş ərizə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, xidmətdən istifadəyə imtinaya səbəb olmayan çatışmazlıqlar aşkarlandıqda, həmin çatışmazlıqların aradan qaldırılması və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə portal vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına və (və ya) mobil nömrəsinə məlumat göndərilir.

5.3. İstifadəçi həmin çatışmazlıqları 5.5-ci bənddə qeyd edilmiş müddət ərzində aradan qaldırdıqda, çatışmazlıqların aradan qaldırılması barədə məlumatı gücləndirilmiş elektron imzası və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir və portala daxil edir.

5.4. Portal çatışmazlıqların aradan qaldırılması barədə məlumatı qeydiyyata aldıqdan sonra istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və (və ya) mobil nömrəsinə bu barədə real vaxt rejimində bildiriş göndərilir.

5.5. İstifadəçi 10 (on) iş günü ərzində çatışmazlıqları aradan qaldırmadıqda, operator müraciət edilən xidmətdən imtina haqqında qərar qəbul edir və portal vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına və (və ya) mobil nömrəsinə məlumat göndərir.

 

6. Operatorun funksiyaları

 

6.1. Operator portalın fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

6.1.1. portalın fəaliyyətini və idarə olunmasını təşkil etmək, portal vasitəsilə dayanıqlı, fasiləsiz, operativ və təhlükəsiz xidmət göstərilməsini təmin etmək, onun funksional imkanlarının artırılması və təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

6.1.2. müvafiq sahədə elektron xidmətlərin göstərilməsi üçün EHİS-dən məlumat almaq;

6.1.3. portala daxil edilən məlumatların etibarlılığını, əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını (məxfiliyini), habelə onların ehtiyat surətlərinin saxlanılmasını və mühafizəsini təmin etmək;

6.1.4. portalın texniki-texnoloji infrastrukturunun təyinatı üzrə istismarını, ona texniki xidməti, təmirini və saxlanmasını təmin etmək, tərtib olunmuş qrafikə uyğun olaraq profilaktik işlər aparmaq;

6.1.5. portalın təhlükəsizliyinin pozulduğu, əsas avadanlıqda qəza (xəta) baş verdiyi hallarda onun ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək, dövlət qurumlarını və istifadəçiləri bu barədə məlumatlandırmaq, baş vermiş qəzanın (xətanın) aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

6.1.6. dövlət qurumlarına portalın iş prinsipi və funksional imkanları haqqında məlumat vermək, metodik kömək göstərmək.

6.2. Müvafiq sahədə xidmətlərin tam elektronlaşdırıldığı hallarda xidmətləri operator proaktiv formada təqdim edir.

 

7. Portalın operatorunun hüquq və vəzifələri

 

7.1. Portalın operatorunun bu əsasnamənin 8.2-ci bəndində nəzərdə tutulan vəzifələri həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

7.1.1. portalın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

7.1.2. portalın funksional imkanlarının artırılması ilə bağlı tədbirlər görmək;

7.1.3. portal istifadəçilərinin sorğu etdikləri məlumatların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;

7.1.4. Qaydaların tələblərinə uyğun olaraq, digər dövlət orqanlarından və qurumlarından məlumatların elektron formada mübadiləsini tələb etmək;

7.1.5. əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə üçün nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə məqsədilə həmin məlumatların ötürülməsində məhdudiyyətlər tətbiq etmək;

7.1.6. bu əsasnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7.2. Portalın operatorunun vəzifələri aşağıdakılardır:

7.2.1. məlumatların mötəbərliyinin portalın nəzarətində saxlanılması və mütəmadi (dövri) yoxlanılması imkanlarını təmin etmək;

7.2.2. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

7.2.3. fəaliyyətin fasiləsizliyini təmin etmək, dayanma hallarının qeydiyyatını aparmaq, mütəmadi texniki dəstək fəaliyyəti həyata keçirmək;

7.2.4. fərdi məlumatların toplanılmasını və işlənməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

7.2.5. informasiya ehtiyatında və sistemində dəyişiklikləri müvafiq qeydlər edilməklə aparmaq, belə qeydlərin edilməsinə əsas olan sənədləri müvafiq sənədlər qovluğuna daxil etmək;

7.2.6. arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;

7.2.7. formalaşdırılan, daxil edilən və toplanılan məlumatların əlavə nüsxələrinin portalın ehtiyat mərkəzlərində saxlanılmasını təmin etmək;

7.2.8. portala çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşları arasında iş və vəzifə bölgüsünü müəyyən etmək, onları görəcəkləri işlər barədə məlumatlandırmaq;

7.2.9. portalın fəaliyyətinin mütəmadi monitorinqini həyata keçirmək;

7.2.10. məlumatların portala tam, dəqiq və dürüst daxil edilməsini təmin etmək;

7.2.11. normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səlahiyyətlərinə aid olmayan və (və ya) eyni informasiyanın portala daxil edilməsinin qarşısını almaq;

7.2.12. portaldan istifadəni (o cümlədən informasiyanın axtarılmasını və əldə edilməsini) normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmdə və vaxtda təmin etmək;

7.2.13. portalın mühafizəsi ilə bağlı normativ hüquqi aktlarla müəyyənləşdirilmiş zəruri təşkilati, texniki tədbirlər görmək, sistemdə formalaşdırılan, daxil edilən və toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsini təşkil etmək;

7.2.14. portalda məlumatların toplanılması, işlənməsi, sorğuların verilməsi və icrası, müraciətlərin qeydiyyatı və onlara baxılmasının nəticələrinin, habelə informasiya sisteminin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılmasını (hesabatlılığını) təmin etmək;

7.2.15. portalda fərdi məlumatların toplanılması, işlənməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsinə nəzarəti “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirmək.

 

8. İstifadəçilərin hüquqları

 

8.0. İstifadəçilərin aşağıdakı hüquqları vardır:

8.0.1. portal vasitəsilə Nazirliyin fəaliyyət istiqamətlərinə aid olan xidmətlərdən istifadə etmək;

8.0.2. xidmətlərin göstərilməsi üçün müraciət etmək və bununla bağlı elektron kabinet yaratmaq;

8.0.3. etdiyi müraciətin nəticəsi barədə cavab almaq;

8.0.4. portaldan özü barədə məlumatlar əldə etmək;

8.0.5. portalda özü barədə məlumatlarda səhv aşkar etdikdə, onların dəyişdirilməsini tələb etmək;

8.0.6. portalın işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 aprel 2020-ci il tarixli 1000 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 25 aprel 2020-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 417)

2.       18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445)

3.       12 iyun 2021-ci il tarixli 1351 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 566)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 aprel 2020-ci il tarixli 1000 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 25 aprel 2020-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 417) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 2.1.5-1-ci, 2.3.5-1-ci yarımbəndlər və 2.7-ci bənd əlavə edilmişdir.

 

[2] 18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3.7-ci yarımbəndə “aparılması” sözündən sonra “, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi və bununla bağlı icraatın aparılması” sözləri əlavə edilmişdir.

 

[3] 12 iyun 2021-ci il tarixli 1351 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 566) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3.14-cü yarımbəndində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin” sözləri “dövlət” sözü ilə əvəz edilmişdir.

 

[4] 18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin yeni məzmunda 4.1.14-1-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 12 iyun 2021-ci il tarixli 1351 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 566) ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 4-cü hissəsinə yeni məzmunda 4.1.16-1-ci yarımbənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status