AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.10.2018
QEYDİYYAT NÖMRƏSİ
294
ADI
Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 05-10-2018, Nəşr Nömrəsi: 223), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2018, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1994)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.10.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201810040294
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.10.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 oktyabr 2018-ci il

   № 294

 

 


Saziş 18 mart 2019-cu il tarixindən qüvvəyə minib.

 

Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti,

hər iki ölkə arasında daim möhkəmlənən ticarət və iqtisadi əlaqələrin əhəmiyyətini yüksək qiymətləndirərək,

Azərbaycan - Tacikistan əlaqələrini inkişaf etdirmək və baytarlıq sahəsində əməkdaşlığı dərinləşdirmək istəyini rəhbər tutaraq,

yoluxucu heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması məqsədilə Tərəflər arasında baytarlıq sahəsində əməkdaşlığın vacibliyini qəbul edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər öz milli qanunvericilikləri çərçivəsində aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı həyata keçirəcəklər:

- baytarlıq təbabəti;

- heyvan mənşəli məhsulların, bioloji preparatların və dərman maddələrinin, heyvan yemlərinin idxalı, ixracı və tranziti zamanı xəstəliklərin yayılmasının qarşısının alınması;

- baytarlıq sertifikatları nümunələrinin qarşılıqlı tanınması və mübadiləsi;

- epizootik vəziyyət barədə məlumat mübadiləsi;

- ümumi maraq kəsb edən digər məsələlər.

 

Maddə 2

 

Tərəflərin bu Sazişin yerinə yetirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsini həyata keçirən səlahiyyətli orqanları aşağıdakılardır:

Azərbaycan Respublikası tərəfindən - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi,

Tacikistan Respublikası tərəfindən - Tacikistan Respublikası Hökuməti yanında Qida Təhlükəsizliyi Komitəsi.

 

Maddə 3

 

1. Bu Sazişdə “heyvanlar” adı altında aşağıdakılar başa düşülməlidir:

- təkdırnaqlılar (at, eşşək, qatır və s.);

- cütdırnaqlı ev heyvanları və vəhşi heyvanlar (iri buynuzlu heyvanlar və xırda buynuzlu heyvanlar, donuzlar, dəvələr və s.);

- gəmiricilər (ev və çöl dovşanları, siçovullar, dəniz donuzcuqları və s.);

- ev quşları (toyuqlar, hind toyuqları, qazlar, ördəklər, firəngtoyuğu və s.);

- vəhşi dekorativ quşlar (qırqovul, kəklik, meşə xoruzu və s.);

- ekzotik quş və heyvanlar (tutuquşular, meymunlar və s.), cins itlər, sirk heyvanları;

- arılar;

- balıqlar, molyusklar, xərçəngkimilər və digər onurğasızlar, tısbağalar, qurbağalar və ipəkqurdları.

2. Bu Sazişdə “heyvan törəmə materialları” adı altında aşağıdakılar başa düşülməlidir:

- toxum;

- yumurta hüceyrələri;

- ziqotlar;

- embrionlar;

- mayalanmış kürü.

3. Bu Sazişdə “heyvan mənşəli məhsullar” adı altında aşağıdakılar başa düşülməlidir:

- emal edilməmiş halda heyvan mənşəli xammal;

- heyvan mənşəli hazır qida məhsulları və heyvanların daxili orqanları;

- qida üçün istifadə olunan heyvan mənşəli məhsullar (ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, bal və s.);

- qida üçün istifadə olunmayan heyvan mənşəli məhsullar.

4. Bu Sazişdə “yem” dedikdə tərkibində zəhərli maddələr olmayan və heyvanların yemlənməsi üçün istifadə edilə bilən bütün bitki, heyvan, mineral, mikrobioloji, kimyəvi və digər mənşəli yemlər başa düşülməlidir.

 

Maddə 4

 

Tərəflərin səlahiyyətli orqanları Sazişin iştirakçısı olan ölkəyə mal göndərməzdən əvvəl müvafiq baytarlıq sənədlərini tərtib etməlidir.

Sənədlərin tərtibatı zamanı ixrac edən ölkənin dövlət baytarlıq orqanı idxal edən ölkənin sanitariya tələblərinə və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsi”nin müvafiq müddəalarına uyğun olaraq yükün hazırlanması və yola salınmasını təmin edir.

 

Maddə 5

 

Tərəflərin müvafiq baytarlıq orqanları aşağıdakı öhdəlikləri götürürlər:

a) öz dövlətlərinin ərazisində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının xəstəliklər siyahısına daxil olan xəstəliklərin baş verməsi barədə bir-birinə dərhal məlumat vermək;

b) hər ay epizootik vəziyyət barədə informasiya bülleteni göndərmək;

c) heyvan mənşəli məhsulların ixracı üçün verilən sertifikatlara dəyişiklikləri və əlavələri yalnız qarşılıqlı razılıq əsasında etmək.

 

Maddə 6

 

Tərəflər baytarlıq təbabətinin aktual problemləri üzrə aşağıda qeyd olunanları təşkil etməyi öz öhdələrinə götürürlər:

- elmi tədqiqat institutları arasında əməkdaşlıq;

- mütəxəssislərin və elmi işçilərin görüşləri və mübadiləsinin həyata keçirilməsi.

 

Maddə 7

 

Bu Sazişin müddəalarının həyata keçirilməsi prosesində yaranan fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunacaqdır.

 

Maddə 8

 

Bu Sazişin müddəaları Tərəflərin dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 9

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən və bu Sazişin 10-cu maddəsinə əsasən qüvvəyə minən dəyişiklik və əlavələr edilə bilər.

 

Maddə 10

 

Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla sonuncu yazılı bildirişinin alındığı gündən qüvvəyə minir.

Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu müddətin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallarla digər Tərəfə yazılı şəkildə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.

Bakı şəhərində 2018-ci il 10 avqust tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, tacik və rus dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandıqda Tərəflər rus dilindəki mətndən istifadə edəcəklər.

 

 

Azərbaycan Respublikası

Hökuməti adından

(imza)

Tacikistan Respublikası

Hökuməti adından

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status