AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
04.06.1999
QEYDİYYAT NÖMRƏSİ
675-IQ
ADI
Heyvanlar aləmi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1999, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 470)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Heyvanlar aləmi haqqında

Heyvanlar aləmi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Heyvanlar aləmi təbii mühitin və müxtəlifliyin əsas komponentlərindən biri, ölkənin milli sərvəti, əhalinin mənəvi və estetik tələbat mənbəyi olaraq elmi-tədqiqat obyekti, xammal və yeyinti məhsulları kimi istifadə edilir və qorunur.

Bu qanun Azərbaycan Respublikasında heyvanlar aləminin mühafizəsinin və istifadəsinin hüquqi əsaslarını müəyyən edir.

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Əsas termin və anlayışlar

Bu qanunda istifadə edilən termin və anlayışlar aşağıdakı mənaları ifadə edir:

heyvanlar aləmi - Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, quruda, suda, torpaqda və havada təbii olaraq sərbəst, yarımsərbəst və qeyri-sərbəst şəraitdə daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin kəmiyyət və keyfiyyət məcmusu;

populyasiya - heyvan növünün sərbəst nəsil verə bilən coğrafi, ekoloji və elementar fərdlər qrupu;

heyvanlar aləminin yaşayış mühiti - heyvanların suda, quruda, torpaqda və havada təbii sərbəstlik şəraitində məskunlaşdığı mühit;

heyvanlar aləmindən istifadə - insanların maddi və mənəvi tələbatının ödənilməsi məqsədilə heyvanlar aləmi obyektlərinin təbii mühitdən ayrılmaqla və ya ayrılmamaqla öyrənilməsi, yetişdirilməsi, artırılması, ovlanması və digər fəaliyyət növləri;

heyvanlar aləminin mühafizəsi - heyvanlar aləmi obyektlərinin bioloji müxtəlifliyinin və həyat fəaliyyətinin qorunub saxlanması;

heyvanlar aləminin istifadəçiləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada heyvanlar aləmi obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslər.

Maddə 2. Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu qanundan, Azərbaycan Respublikasının təbiəti mühafizə qanunvericiliyindən və digər qanunvericilik aktlarından ibarətdir.

Kənd təsərrüfatı və ev heyvanlarının, başqa əhilləşdirilmiş heyvanların mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi və istifadəsi ilə əlaqədar meydana çıxan su, torpaq, meşə, mülkiyyət, təbiəti mühafizə və digər münasibətlər bu qanun nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 3. Heyvanlar aləmi haqqında qanunvericiliyin məqsəd və vəzifələri

Heyvanlar aləmi haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının ərazisində təbii sərbəstlik, yarımsərbəst və qeyri-sərbəst şəraitdə daimi, müvəqqəti və köçəri yaşayan bütün vəhşi heyvan növlərinin, onların yaşayış yerlərinin, nəsil verməsinin, populyasiyalarının, cinsiyyət hüceyrələrinin, rüşeymlərinin və heyvanlar aləminin digər obyektlərinin qorunub saxlanmasını və səmərəli istifadəsini təmin etməkdir.

Heyvanlar aləmi haqqında qanunvericiliyin vəzifələri heyvanlar aləminin mühafizəsinin və istifadəsinin təşkilinə, idarə edilməsinə və dövlət tənzimlənməsinə hüquqi baza yaratmaqdır.

Maddə 4. Heyvanlar aləminin obyektləri və subyektləri

Heyvanlar aləminin obyektləri aşağıdakılardır:

ibtidai orqanizmlər, bağırsaqboşluqlular, qurdlar, buğumayaqlılar, molyuskalar, dəyirmiağızlılar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər (bundan sonra - vəhşi heyvanlar);

vəhşi heyvanların populyasiyaları, cinsiyyət hüceyrələri, rüşeymləri, mayalanmış kürüləri, sürfələri və generativ orqanları;

vəhşi heyvanların dəriləri, dəri örtükləri, buynuzları, sümükləri və heyvan orqanizmlərinin digər hissələri;

vəhşi heyvanların həyat fəaliyyətinin məhsulları (ilan, əqrəb, arı və digər heyvan zəhəri, arı balı, propolis, mum, hormonlar və s.);

heyvanların paleontoloji qalıqları;

vəhşi heyvanların yuvaları, sığınacaqları, səsləşmə, tüləmə, balalama, kürütökmə, daimi və müvəqqəti yığışma və digər məskunlaşma yerləri.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi, habelə vəhşi heyvanların elmi-tədqiqat, təbabət, təlim-tərbiyə, təsərrüfatçılıq, estetik, tamaşa və digər məqsədlər üçün yetişdirilməsi, artırılması və saxlanması ilə məşğul olan fiziki və hüquqi şəxslər heyvanlar aləminin subyektləridir.

Maddə 5. Heyvanlar aləminin obyektləri üzərində mülkiyyət

Azərbaycan Respublikasının ərazisində heyvanlar aləmi hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən dövlətə mənsubdur və onun mülkiyyətidir.

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, digər su obyektlərində, ov yerlərində və meşə fondu sahələrində təbii sərbəstlik şəraitində olan heyvanlar aləminin obyektləri dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilir.

Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Təbii sərbəstlik şəraitində və ya təbii mühitdən ayrılıb, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericiliklə icazə verilən digər yollarla əldə edilmiş vəhşi heyvanlar və heyvanlar aləminin digər obyektləri bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə ola bilərlər.

Heyvanlar aləmi obyektlərinin bələdiyyə mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilməsinin (ümumi istifadə qaydasında əldə edilməsindən başqa) qanuniliyi müvafiq sənədlərlə rəsmiləşdirilməlidir.

Bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilən heyvan növlərinin sənədlərinin forması və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Heyvanlar aləminin obyektləri üzərində bələdiyyə və ya xüsusi mülkiyyət hüququ qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada heyvanlar aləminin mühafizəsinin xeyrinə məhdudlaşdırıla bilər.

Xüsusi təbii mühafizə, elmi və estetik dəyərli heyvanlar aləminin obyektləri, habelə Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş heyvan növləri (qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvanlardan başqa) bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə aid edilə bilməzlər.

Maddə 6. Heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı hüquq münasibətlərinin iştirakçıları

Heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı hüquq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, vətəndaşları və vətəndaşlığı olmayan şəxslərdir.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı hüquq münasibətlərində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı hüquq münasibətlərində, onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər.

Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, vətəndaşları və vətəndaşlığı olmayan şəxslər heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı hüquq münasibətlərində heyvanlar aləminin subyektləri kimi iştirak edirlər.

II fəsil

Heyvanlar aləmİnİn mühafİzəsİ və İstİfadəsİ sahəsİndə İdarəetmə

Maddə 7. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmənin əsas prinsipləri

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır:

heyvanlar aləminin mühafizəsi, artırılması və istifadəsi üzərində dövlət nəzarətinin zəruriliyi;

vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya yollarının, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin mühafizəsi;

heyvanlar aləmindən istifadənin humanist prinsiplərə uyğun olaraq həyata keçirilməsi;

heyvanlar aləmindən istifadə hüququnun su obyektlərindən, meşələrdən və digər təbii sərvətlərdən istifadə hüququndan ayrılması;

heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi istiqamətində fəaliyyət növlərinə dövlət himayəsi;

heyvanlar aləmindən istifadənin ödənişli olması və limitləşdirilməsi;

heyvanlar aləminin mühafizəsi və istifadəsi üzərində nəzarət funksiyaları ilə istifadə fəaliyyəti funksiyalarının ayrılması;

əhalinin sağlamlığına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının vaxtında alınması məqsədilə heyvanların sayının tənzimlənməsi;

heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir göstərə bilən müəssisə və obyektlərin ekoloji ekspertizasının aparılması. [1]

Maddə 8. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə sistemi

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və ictimai təşkilatlar daxildir.

Maddə 9. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək və müvafiq normativ hüquqi aktlar qəbul etmək;

heyvanlar aləminin mühafizəsi və istifadəsi üzərində dövlət nəzarətini həyata keçirmək; heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi, artırılması və bərpası qaydalarını və normalarını müəyyən etmək;

ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasını və respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq;

heyvanların arealının genişlənməsi, törəyib artması və qorunub saxlanması məqsədilə qoruqlar, yasaqlıqlar, zooloji parklar, xüsusi mühafizə olunan təbiət əraziləri yaratmaq;

heyvanlar aləminin dövlət uçotu, kadastrı və monitorinqi sistemini yaratmaq, Azərbaycan Respublikasının Qırmızı kitabının aparılmasını təşkil etmək;

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, habelə qiymətli, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin xüsusi mühafizə rejimini müəyyən etmək, onların qeyri-sərbəst şəraitdə artırılmasını təşkil etmək, genetik materialların saxlanması üçün seleksiya mərkəzləri və genobanklar yaratmaq;

heyvanlar aləmindən istifadə limitlərini, istifadəyə görə ödəmə növlərini və dərəcələrini müəyyən etmək, ovçuluq işlərinin tənzimlənməsini həyata keçirmək;

heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və yenidən qurulması layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanmış ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizasını keçirmək; [2]

təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş heyvanlar aləmi obyektlərinin bərpasını təşkil etmək;

heyvanlar aləminin öyrənilməsini, səmərəli istifadəsinin və mühafizəsinin vacibliyini geniş təbliğ etmək;

fiziki və hüquqi şəxslərin heyvanlar aləmi üzərində mülkiyyət və istifadə hüquqlarının müdafiəsini təmin etmək;

heyvanlar aləminin mühafizəsinə, səmərəli istifadəsinə və artırılmasına yönəldilmiş fəaliyyəti stimullaşdırmaq;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Maddə 10. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində bələdiyyələrin iştirakı

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:

yerli büdcələrin tərkibində heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində xərclər müəyyənləşdirmək və təsdiq etmək;

bələdiyyə mülkiyyətinə aid edilmiş heyvanlar aləmi obyektlərinin mühafizəsi və istifadəsi üzrə normativ hüquqi aktlar qəbul etmək;

qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində zooparklar, zoobağlar, digər zooloji kolleksiyalar yaratmaq, onların mühafizəsini və istifadəsini həyata keçirmək;

yarımsərbəst və qeyri-sərbəst şəraitdə vəhşi heyvanlar saxlamaq, yetişdirmək və ticarət etmək;

heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi və bərpası üzrə yerli ekoloji proqramlar hazırlamaq, təsdiq etmək və icrasını həyata keçirmək;

heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə əlaqədar dövlət orqanları və beynəlxalq təşkilatlar qarşısında müvafiq məsələlər qaldırmaq;

heyvanlar aləminə və onların yaşayış mühitinə zərərli təsir göstərə bilən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini, habelə fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etmək;

öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Maddə 11. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində fiziki və hüquqi şəxslərin iştirakı

Fiziki və hüquqi şəxslər, habelə ictimai təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlarda heyvanlar aləminin mühafizəsində, istifadəsində, artırılmasında, onların yaşayış mühitinin qorunmasında, yaxşılaşdırılmasında və bərpasında iştirak etmək hüquqlarına malikdirlər.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində fiziki və hüquqi şəxslərin, habelə ictimai təşkilatların hüquq və vəzifələri aşağıdakılardır:

heyvanlar aləminin obyektlərindən bu qanunun tələblərinə uyğun olaraq istifadə etmək;

heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dair dövlət orqanlarından qanunvericiliklə müəyyən olunmuş məlumatlar almaq;

heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi, istifadəsi və törəyib artması sahəsində ictimai ekoloji ekspertiza və ictimai nəzarət funksiyalarını həyata keçirmək;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində məqsədli dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

qanunvericiliklə müəyyən edilmiş digər hüquq və vəzifələri həyata keçirmək.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi və bərpası işlərində fiziki və hüquqi şəxslərin, o cümlədən ictimai təşkilatların rəy və təkliflərini nəzərə almalıdırlar.

III fəsil

Heyvanlar aləmİndən İstİfadə

Maddə 12. Heyvanlar aləmindən istifadə formaları

Heyvanlar aləmindən istifadə mülkiyyət, ümumi və xüsusi istifadə hüquqları əsasında həyata keçirilir.

Heyvanlar aləmindən ümumi istifadə, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda balıq və digər su bioresurslarının ovu istisna olmaqla, vəhşi heyvanları təbii mühitdən ayırmadan insanların həyati vacib tələbatlarını (estetik, sağlamlıq, turizm və rekreasiya və s.) təmin etmək məqsədilə ödənişsiz həyata keçirilir. [3]

Heyvanlar aləmindən ümumi istifadə zamanı vəhşi heyvanlar məhv edilməməli, onların yaşayış mühitinə və nəsilartırma yerlərinə ziyan vurulması qadağan edilir.

Heyvanlar aləmindən xüsusi istifadəyə vəhşi heyvanları təbii mühitdən ayırmaqla həyata keçirilən bütün istifadə növləri aid edilir.

Heyvanlar aləmindən xüsusi istifadə ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən xüsusi icazə sənədləri əsasında həyata keçirilir.

Bu tələblər su obyektlərinin, torpaq və meşə mülkiyyətçilərinin və istifadəçilərinin ərazilərində məskunlaşan heyvanlar aləminin obyektlərinə də şamil edilir.

Heyvanlar aləmindən ümumi və xüsusi istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 13. Heyvanlar aləmindən istifadə növləri

Bu qanunun, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə əməl etmək şərtilə heyvanlar aləminin obyektlərindən istifadənin aşağıdakı növləri həyata keçirilə bilər:

ovçuluq;

balıq və digər su bioresurslarından istifadə; [4]

heyvanlar aləmi obyektlərindən elmi-tədqiqat, estetik, mədəni-maarif, təlim-tərbiyə, digər məqsədlər üçün istifadə;

vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanması, yetişdirilməsi və artırılması məqsədilə tutulması;

heyvanlar aləmi obyektlərinin faydalı funksiyalarından istifadə edilməsi (bitkilərin tozlanması, ətraf mühitin təbii sanitarı və s.);

heyvanlar aləmindən onların həyat fəaliyyətini təşkil edən məhsulların əldə edilməsi məqsədilə istifadə olunması.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə heyvanlar aləmi obyektlərinin digər istifadə növləri də müəyyən oluna bilər.

Maddə 14. Heyvanlar aləmindən istifadə hüququnun əldə edilməsi

Heyvanlar aləmindən istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilir.

Heyvanlar aləmindən istifadənin xüsusi icazə tələb edən növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [5]

Maddə 15. Ovçuluq

Əhalinin maddi və mənəvi, iqtisadiyyatın xammal, material və digər tələbatlarının ödənilməsi məqsədilə təbii sərbəstlik və ya yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması ovçuluq hesab olunur. [6]

Ov ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş icazə və ovçuluq biletləri əsasında həyata keçirilir. Ov icazələrinin verilməsi üçün dövlət rüsumu ödənilir. [7]

Ovçuluq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq cəmiyyətləri, fiziki və hüquqi şəxslər üçün ayrılmış ov yerlərində həyata keçirilir.

Ovçuluq təsərrüfatının təşkili və aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi və nəsil artırdığı ərazilər ovçuluq yerləri kimi istifadə edilir. [8]

Vəhşi heyvanların ov obyektlərinə aid edilməsi, ov yerlərinin ayrılması, ovçuluq təsərrüfatının təşkili və onun həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 16. Balıq və digər su bioresurslarından istifadə [9]

Su hövzələrində balıq və digər su bioresurslarından istifadə balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura məqsədi ilə həyata keçirilir. [10]

Balıq və digər su bioresurslarından istifadə üçün su hövzələrinin ayrılması, balıqçılığın, o cümlədən akvakulturanın təşkili, balıq və digər su bioresursları ovunun qaydaları Azərbaycan Respublikasının balıqçılıq və su qanunvericiliyi ilə tənzimlənir. [11]

Maddə 17. Ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların tutulması və vurulması

Ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların tutulması və vurulması müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi ilə həyata keçirilə bilər.

Ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların növləri, tutulması, vurulması və digər istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 18. Heyvanlar aləminin obyektlərindən elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə

Xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla, təbii sərbəstlik şəraitində olan heyvanlar aləminin obyektlərindən, onları təbii mühitdən ayırmamaqla elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsi (müşahidə, nişanlama, şəkilçəkmə və s.) onların yaşayış mühitinə zərər vurmamaq, təbii sərvətlərin mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarını pozmamaq şərtilə pulsuz və müvafiq icazə almadan həyata keçirilir.

Qeyri-sərbəst və yarımsərbəst şəraitdə olan heyvanlar aləminin obyektlərindən elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsi onları yaşayış şəraitindən ayırmamaqla pullu həyata keçirilir.

Heyvanlar aləmi obyektlərindən onları təbii mühitdən ayırmaqla elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pullu və ya pulsuz, xüsusi icazə ilə yol verilir.

Müvafiq icra hakimiyyəti orqanları lazım olan hallarda heyvanlar aləminin obyektlərindən istifadə edilməsini, yaxud heyvanlar aləmi obyektlərinin elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün təbii mühitdən ayrılmasını lazım olan hallarda müvafiq icra hakimiyyəti orqanları məhdudlaşdıra, habelə daimi və ya müvəqqəti qadağan edə bilər.

Fiziki və hüquqi şəxslər heyvanlar aləminin obyektlərini təbii mühitdən göstərilən məqsədlər üçün ayırarkən onların kompleks istifadəsini və əldə edilmiş zooloji materialların gələcək elmi-tədqiqat işləri üçün qorunub saxlanmasını təmin etməyə borcludurlar.

Maddə 19. Vəhşi heyvanların həyat fəaliyyətinin faydalı xüsusiyyətlərindən istifadə

Vəhşi heyvanların həyat fəaliyyətinin faydalı xüsusiyyətlərindən istifadə edilməsinə (mühitin təbii sanitarları olmaq, bitkiləri tozlandırmaq və s.) yalnız onları təbii mühitdən ayırmamaqla, məhv etməməklə, yaşayış mühitini pisləşdirməməklə və heyvanlar aləminə zərər vurmamaqla yol verilir.

Maddə 20. Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədilə istifadə

Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədilə istifadə edilməsinə yalnız heyvanları təbii mühitdən ayırmamaqla və məhv etməməklə və onların yaşayış mühitini pisləşdirməməklə yol verilir.

Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədilə istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla həyata keçirilir.

Maddə 21. Vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanması və yetişdirilməsi məqsədilə tutulması

Vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanmasına və yetişdirilməsinə, habelə kommersiya və digər məqsədlər üçün tutulmasına (əldə edilməsinə) xüsusi icazə əsasında yol verilir.

Göstərilən məqsədlər üçün vəhşi heyvanların tutulması (əldə edilməsi) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanunvericiliklə müəyyən edilmiş qaydada ödənişlə təbii mühitdən götürülmüş və ya satın alınmış vəhşi heyvanlar (Azərbaycan respublikasının Qırmızı kitabına daxil edilənlərdən başqa) fiziki və hüquqi şəxslərin mülkiyyəti hesab edilir.

Fiziki və hüquqi şəxslər tərəfindən qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılan, təbii mühitdən götürülməsinə və başqa yollarla qanuni əldə edilməsinə dair sənədləri olmayan vəhşi heyvanlar qanunsuz əldə edilmiş hesab edilir.

Xüsusi icazə əsasında təbii mühitdən götürülməsi və ya digər qanuni yollarla əldə edilməsi barəsində sənədləri olmayan fiziki və hüquqi şəxslərdən vəhşi heyvanların alınması qadağandır.

Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların siyahısı, habelə onların saxlanmasına, mühafizəsinə və istifadəsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Heyvanların sayının tənzimlənməsi

Əhalinin sağlamlığını və təhlükəsizliyini mühafizə etmək, kənd təsərrüfatı və başqa ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı və zərərverici vəhşi heyvan növlərinin sayının tənzimlənməsinə yönəlmiş tədbirlər görülür. [12]

Bu tədbirlər başqa heyvan növlərinə zərər vurmamaqla və heyvanların yaşayış mühitinin qorunub saxlanılmasını təmin etməklə həyata keçirilməlidir.

Sayı tənzimlənən vəhşi heyvanların növləri, müvafiq tədbirlərin keçirilməsi qaydaları elmi təşkilatların və əlaqədar dövlət orqanlarının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 23. Heyvanlar aləmi obyektlərinin istifadəçilərinin hüquqları

Heyvanlar aləmi obyektlərinin istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:

heyvanlar aləminin obyektlərindən qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etmək;

qanuni əldə edilən heyvanlar aləmi obyektlərinin və onların satışından alınan gəlirə sahiblik etmək;

heyvanlar aləmi obyektlərinin mühafizəsi və istifadəsi məsələlərinin həllində iştirak etmək;

heyvanlar aləminin obyektlərindən istifadə hüquqlarının pozulmasına yönəlmiş dövlət orqanlarının qərarlarından və vəzifəli şəxslərin hərəkətlərindən müvafiq qaydada şikayət etmək;

heyvanlar aləmi obyektlərinin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Heyvanlar aləmi obyektlərinin istifadəsi üzrə fiziki və hüquqi şəxslərin hüquqları Azərbaycan Respublikasının qanunvericilik aktları ilə məhdudlaşdırıla bilər.

Maddə 24. Heyvanlar aləmi obyektlərinin istifadəçilərinin vəzifələri

Heyvanlar aləmi obyektlərinin istifadəçilərinin vəzifələri aşağıdakılardır:

heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək;

heyvanların təbii birliklərinin bütövlüyünü pozmayan və istifadəsinə icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsullarla heyvanlar aləmindən istifadə etmək;

heyvanlar aləminin obyektləri saxlanılan, artırılan və satılan bütün obyektlərə heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən orqanların nümayəndələrini maneəsiz buraxmaq və onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;

heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödənişi vaxtlı-vaxtında köçürmək;

heyvanlar aləminin obyektlərindən səmərəli istifadə etmək, heyvanların yaşayış mühitinin xüsusi fəaliyyət nəticəsində ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, istehsalat proseslərini həyata keçirərkən təbiəti mühafizə qaydalarına riayət etmək;

vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunu aparmaq, onların vəziyyətini və heyvanlar aləmi obyektlərinin yaşayış yerlərinin xarakterini öyrənmək, bu məlumatları müəyyən edilmiş qaydada heyvanlar aləminin dövlət uçotunu, kadastrını və monitorinqini həyata keçirən orqanlara vermək;

vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlər görmək;

heyvanlar aləminin mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsi üçün tədbirlər həyata keçirmək;

heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına və müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlər həyata keçirmək; [13]

bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsini həyata keçirmək, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizə rejiminə əməl etmək;

vəhşi heyvanların, xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və ya digər qanunsuz yollarla əldə etməklə, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduqda, həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürüldükdən sonra onların reabilitasiyasına çəkilmiş xərcləri ödəmək; [14]

heyvanlar aləminin obyektlərindən onların vəziyyətinin və yaşayış şəraitinin pisləşməsi hallarında, artım qabiliyyəti aşağı düşdükdə və heyvanların məhv olmaq təhlükəsi yarandıqda istifadəni sərbəst dayandırmaq, heyvanlara və onların yaşayış mühitinə zərərli təsirin qarşısını almaq üçün təcili tədbirlər görmək.

Heyvanlar aləminin obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslər heyvanlar aləminin mühafizəsi və istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri də icra etməlidirlər.

Maddə 25. Heyvanlar aləminin obyektlərindən xüsusi istifadə hüququna xitam verilməsinin əsasları

Heyvanlar aləminin obyektlərindən xüsusi istifadə hüququna aşağıdakı hallarda xitam verilir:

istifadə üçün verilmiş xüsusi icazənin müddəti qurtardıqda; [15]

istifadəyə lüzum qalmadıqda, yaxud istifadədən könüllü imtina edildikdə;

heyvanlar aləminin obyektlərindən istifadə edən hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə;

heyvanlar aləminin obyektlərindən xüsusi istifadə qaydaları pozulduqda;

heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi və törəyib artması üzrə müəyyən edilmiş qaydalar, normalar və digər tələblər müntəzəm yerinə yetirilmədikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

Heyvanlar aləminin obyektlərindən xüsusi istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi icazənin ləğv edilməsi yolu ilə həyata keçirilir.

Heyvanlar aləminin obyektlərindən xüsusi istifadə hüququna xitam verilməsi heyvanlar aləminin mühafizəsi və istifadəsi haqqında qanunvericiliyi pozmaqla dəymiş ziyanın ödənilməsi üçün öhdəçilikdən azad etmir.

Maddə 26. Heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna xitam verilməsi

Heyvanlar aləminin obyektləri üzərində xüsusi mülkiyyət hüququna aşağıdakı hallarda xitam verilir:

vəhşi heyvanlarla rəhmsizcəsinə rəftar edildikdə;

ayrı-ayrı heyvanlar aləmi obyektlərinin xüsusi mülkiyyətdə olmasına Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan qoyulduqda;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

Bu maddənin birinci hissəsinin 3-cü abzasında nəzərdə tutulmuş hallarda heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna xitam verilməsi müvafiq icra hakimiyyəti orqanlarının iddiaları üzrə məhkəmə qaydasında həyata keçirilir.

IV fəsil

Heyvanlar aləmİnİn mühafİzəsİ

Maddə 27. Heyvanlar aləminin mühafizəsinin mahiyyəti

Heyvanlar aləminin mühafizəsi heyvanlar aləmi obyektlərinin qorunub saxlanmasına, törəyib artmasına və səmərəli istifadəsinə yönəldilmiş hüquqi, iqtisadi, təşkilati və digər tədbirlər sisteminin məcmusudur. Heyvanlar aləminin mühafizəsini öz səlahiyyətləri daxilində heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə sisteminə daxil olan orqanlar həyata keçirirlər.

Maddə 28. Heyvanlar aləminin obyektlərindən istifadə edilməsinə məhdudlaşdırmalar və qadağanlar

Heyvanlar aləminin obyektlərindən istifadənin ayrı-ayrı növlərinin həyata keçirilməsi və heyvanların təbii mühitdən götürülməsi, onların qorunub saxlanması və törəyib artması məqsədilə bu qanunda və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada müəyyən ərazidə və ya müəyyən müddətlər üçün məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Bu qanunun 15, 16, 17, 18, 21, 22-ci maddələrində nəzərdə tutulmayan məqsədlər üçün vəhşi heyvanların əldə edilməsinə yol verilmir.

Maddə 29. Vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi

Fiziki və hüquqi şəxslər heyvanlar aləminin vəziyyətinə zərərli təsir göstərən və göstərə bilən hər hansı fəaliyyəti həyata keçirərkən heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsini təmin etməlidirlər.

Yaşayış məntəqələri, müəssisələr, qurğular, boru kəmərləri, nəqliyyat magistralları, elektrik və rabitə-xətləri və başqa obyektlər yerləşdirilərkən, layihələşdirilərkən və tikilərkən, xam torpaqlar, bataqlıqlar, sahilboyu və kol-koslu ərazilər təsərrüfat dövriyyəsinə daxil edilərkən, meliorasiya, meşə-təsərrüfat, geoloji kəşfiyyat işləri aparılarkən, kənd təsərrüfatı heyvanlarının örüş və köç yerləri müəyyənləşdirilərkən, turist marşrutları, əhalinin istirahət yerləri təşkil edilərkən vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının qorunmasını təmin edən tədbirlər nəzərdə tutulmalı, həyata keçirilməli və zooekoloji dəyərli sahələrin toxunulmazlığı təmin edilməlidir.

Heyvanların və onların yaşayış mühitinin mühafizəsi tədbirləri müəyyən edilmədən belə obyektlərin istismara verilməsi və texnologiyanın tətbiq edilməsi qadağandır.

Heyvanların çoxalma yerlərində yüksək səs-küy mənbəyi olan partlayış və başqa işlərin görülməsi qanunvericiliklə məhdudlaşdırılır.

Qurumuş bitkilərin və ya onların qalıqlarının heyvanlar aləminin məskunlaşdığı yerlərdə yandırılmasına yalnız təsərrüfat zərurəti yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin yayıldığı ayrı-ayrı ərazilərin ekoloji vəziyyətinin qorunub saxlanması və yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının bütün ərazisi üçün müəyyən edilmiş normativlərdən daha ciddi ekoloji normalar tətbiq edə bilər.

Su obyektlərində vəhşi heyvanların yaşayış mühitinin vəziyyətinə zərərli təsir göstərə bilən hidrotexniki qurğuların istismarı, hidroloji və su sərfi rejiminin müəyyən edilməsi, habelə heyvanlar aləminin mühafizəsinə yönəlmiş digər tələblər, ovçuluq və balıqçılıq təsərrüfatlarının mənafeyi nəzərə alınmaqla həyata keçirilməlidir.

Maddə 30. İstehsal proseslərində və nəqliyyat vasitələrinin istismarında heyvanların tələf olmasının qarşısının alınması

Fiziki və hüquqi şəxslər heyvanlar aləminin məskunlaşdığı mühitin təsir dairəsində fəaliyyət göstərən obyektlərin, habelə elektrik şəbəkələri və nəqliyyat vasitələrinin istismarı zamanı heyvanların tələf olmasının qarşısının alınması məqsədilə sanitariya-epidemioloji, yanğından mühafizə, bioloji və texniki təhlükəsizlik tədbirləri görməlidirlər.

 

Maddə 31. Heyvanlar aləminin vəziyyətinə təsir edə bilən obyektlərin dövlət ekoloji ekspertizası [16]

Heyvanlar aləminin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Heyvanlar aləminin vəziyyətinə təsir edən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ-hüquqi aktların və texniki normativ-hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Heyvanlar aləminin vəziyyətinə təsir edən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Heyvanlar aləminin vəziyyətinə təsir edən müəssisələr, qurğular və digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

Maddə 32. Xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanlar aləmi obyektlərinin mühafizəsi

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində heyvanlar aləmi obyektlərinin mühafizəsi və istifadəsi qaydaları və tələbləri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 33. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin mühafizəsi, törəyib artması və istifadəsi

Azərbaycan Respublikasının ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilir.

Bu heyvan növlərinin mühafizəsi, törəyib artması və istifadəsi qaydaları və tələbləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş, Azərbaycan Respublikasının Qırmızı kitabı haqqında Əsasnamə ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilməmiş, lakin nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilir.

Göstərilən siyahıya daxil edilən heyvan növlərinin mühafizəsi və istifadəsi qaydalarının müəyyən edilməsi elmi təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin xüsusi yaradılmış şəraitdə artırılması, habelə elmi-tədqiqat və digər məqsədlər üçün tutulması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin təbii şəraitdə qorunub saxlanması və törəyib artması mümkün olmadıqda, bu məqsədlər üçün, habelə elmi-tədqiqat məqsədilə onların qeyri-sərbəst şəraitdə süni çoxaldılmasına yol verilə bilər.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların genetik fondunun qorunub saxlanmasını təmin etmək məqsədilə elmi müəssisə və təşkilatlar müvafiq icra hakimiyyəti orqanlarının icazəsi ilə heyvanların süni çoxaldılması üçün tədqiqatlar aparır, genetik materialların qorunub saxlanılması üçün xüsusi mərkəzlər və genobanklar yaradır. [17]

Maddə 34. Zooloji kolleksiyalar

Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyalar (zooparkların, zoobağların, okeanariumların və sair canlı kolleksiyaları, habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları şəklində kolleksiyalar) yaradılması və bunların zənginləşdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir.

Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyəri olan zooloji kolleksiyalar dövlət uçotuna alınmalıdır.

Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi və dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 35. Heyvanların xəstəliyə yoluxması, təbii fəlakətlər, ekoloji və fövqəladə vəziyyət zamanı tələf olmaq təhlükəsi yarandıqda onlara yardım göstərilməsi

Heyvanlar aləmi obyektlərinin istifadəçiləri vəhşi heyvanların yoluxucu, epizodik və başqa xəstəliklərə yoluxması hallarında və ya təbii fəlakətlər, ekoloji və fövqəladə vəziyyət zamanı tələf olmaq təhlükəsi yarandıqda onlara yardım göstərilməli və bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməlidirlər.

Fəlakətə düçar olmuş vəhşi heyvanların tutulması və istifadəsi qadağandır.

Maddə 36. Bitki mühafizəsi vasitələrinin tətbiqi zamanı heyvanlar aləminin mühafizəsi

Pestisidlər, herbisidlər, aqrokimyəvi maddələr, mineral gübrələr və kənd, meşə və su təsərrüfatında istifadə edilən başqa bitki mühafizəsi vasitələri tətbiq edilərkən heyvanların və onların yaşayış mühitinin mühafizəsi tələbləri nəzərə alınmalıdır.

Bitki mühafizəsi vasitələrinin tətbiq edilməsi, üsulları və siyahısı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.

Heyvanların tələf olmasının və yaşayış mühitinin pisləşməsinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanları bitki mühafizəsi vasitələrinin tətbiqi məhdudlaşdırılan və ya qadağan edilən ayrı-ayrı ərazilər müəyyən edə bilərlər.

Mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin yaradılması, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsi, başqa biotexnoloji məhsulların istehsalı yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyləri əsasında həyata keçirilir.

Heyvanlar aləminin məskunlaşdığı ərazilərdə göstərilən orqanizmlərin və maddələrin tətbiqi müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan qadağan edilir.

Maddə 37. Ekoloji normativlər müəyyən edilərkən heyvanlar aləminin mühafizəsinə dair tələblər

Ekoloji təhlükəsizlik normativləri, ətraf mühitə atılan və axıdılan çirkləndirici kimyəvi maddələrin, zərərli fiziki və bioloji təsirin yol verilə bilən son hədləri hazırlanarkən və müəyyən edilərkən heyvanlar aləminin və heyvanların yaşayış mühitinin mühafizəsi tələbləri nəzərə alınmalıdır.

Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 38. Heyvanların köçürülməsi, iqlimə uyğunlaşdırılması və artırılması

Müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi ilə elmi təşkilatların rəyləri nəzərə alınmaqla elmi-tədqiqat və təsərrüfat məqsədləri üçün vəhşi heyvanların baytarlıq-sanitariya tələblərinə uyğun olaraq yeni yaşayış yerlərinə köçürülməsinə, Azərbaycan Respublikasının faunası üçün yeni olan heyvan növlərinin iqlimə uyğunlaşdırılmasına, habelə onların artırılmasına yol verilir.

Müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi olmadan heyvanları özbaşına köçürmək, iqlimə uyğunlaşdırmaq və artırmaq qadağan edilir.

Qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə vəhşi heyvanlar, habelə ev heyvanları saxlayan, yaxud çoxaldan fiziki və hüquqi şəxslər vəhşi heyvanlarla nəsil artıra və ya onlara zərər vura bilən heyvanların təbii mühitə buraxılmasının qarşısını almaq üçün tədbirlər görməyə borcludurlar.

Maddə 39. Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması

Fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləmi obyektlərinin sərbəst, yarımsərbəst və qeyri-sərbəst şəraitdə yetişdirilməsi və artırılması, habelə zooparklarda, zoobağlarda, zoomuzeylərdə və sirklərdə elmi-tədqiqat, mədəni-maarif, təlim-tərbiyə və estetik məqsədlər üçün istifadə olunması məqsədilə Azərbaycan Respublikasına daimi gətirilməsi idxal hesab edilmir.

Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla həyata keçirilir.

Maddə 40. Heyvanlar aləminin mühafizəsi, səmərəli istifadəsi və törəyib artması xeyrinə təbii ehtiyatların mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının məhdudlaşdırılması

Heyvanlar aləminin mühafizəsi, səmərəli istifadəsi və törəyib artması xeyrinə torpaq, meşə, su və başqa təbii ehtiyatların mülkiyyətçilərinin və istifadəçilərinin hüquqları məhdudlaşdırıla bilər və onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə müvafiq vəzifələr tapşırıla bilər.

V fəsil

Heyvanlar aləmİ obyektlərİnİn dövlət uçotu, kadastrI və monİtorİnqİ

Maddə 41. Heyvanlar aləmi obyektlərinin dövlət uçotu və dövlət kadastrı

Heyvanlar aləminin mühafizəsini təmin etmək və ondan səmərəli istifadəni təşkil etmək üçün heyvanlar aləminin obyektləri və onların əldə edilməsinin həcmi dövlət uçotuna alınır, habelə heyvanlar aləmi obyektlərinin dövlət kadastrı aparılır.

Heyvanlar aləmi obyektlərinin dövlət kadastrı heyvan növlərinin coğrafi yayılması, onların sayı, yaşayış mühitinin vəziyyəti, təsərrüfat istifadəsi və başqa zəruri məlumatlar haqqında topludur.

Heyvanlar aləmi obyektlərinin istifadəçiləri tərəfindən heyvanlar aləmi obyektlərinin dövlət kadastrına daxil edilməli olan məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir.

Heyvanlar aləmi obyektlərinin və onların əldə edilməsinin həcminin dövlət uçotuna alınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Heyvanlar aləmi obyektlərinin dövlət kadastrının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 42. Heyvanlar aləmi obyektlərinin dövlət monitorinqi

Heyvanlar aləmi obyektlərinin dövlət monitorinqi - heyvanlar aləmi obyektlərinin yayılmasına, sayına, fiziki vəziyyətinə, onların yaşayış mühitinin strukturuna, keyfiyyətinə və sahəsinə müntəzəm müşahidə sistemidir.

Heyvanlar aləmi obyektlərinin dövlət monitorinqi bu maddənin birinci hissəsində göstərilən parametrlərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, həmin dəyişikliklərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, heyvanlar aləmi obyektlərinin vəziyyətinin sabitliyini və onlardan istifadəni elmi əsaslarla təmin etmək məqsədilə keçirilir.

Heyvanlar aləmi obyektlərinin dövlət monitorinqinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

VI fəsil

Heyvanlar aləmİnİn mühafİzəsİnə və İstİfadəsİnə nəzarət

Maddə 43. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarəti

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləminin mühafizəsi sahəsindəki vəzifələrin yerinə yetirilməsini, heyvanlar aləminin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasını təmin etməkdən ibarətdir.

Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada həyata keçirirlər.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 44. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının hüquqları

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının aşağıdakı hüquqları vardır:

qoruq və ov yerlərində heyvanlar aləminin obyektlərindən istifadə hüququna dair sənədləri yoxlamaq, nəqliyyat (üzən) vasitələrini saxlamaq, nəqliyyat vasitələrini və gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək;

(Çıxarılıb) [18]

heyvanlar aləmi haqqında qanunvericiliyi pozmuş şəxslərdən heyvanları əldə etmək üçün istifadə edilən nəqliyyat vasitələrini müvəqqəti saxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;

heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması və açılması üçün köməkçi vasitə kimi şəkilçəkmə, səsyazma, kino və video çəkilişləri aparmaq;

heyvanlar aləmi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar vətəndaşlardan və vəzifəli şəxslərdən şifahi və ya yazılı məlumatlar almaq;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində inzibati xəta haqqında protokollar tərtib etmək, cərimələmək və digər tədbirlər görmək. [19]

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifəni yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silahı saxlamaq və gəzdirmək hüququ verilir.

Maddə 45. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə bələdiyyə nəzarəti

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə bələdiyyə nəzarəti təbiəti və mühafizə və bələdiyyələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 46. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə ictimai nəzarət

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə ictimai nəzarət Azərbaycan Respublikasının təbiəti mühafizə qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

VII fəsil

Heyvanlar aləmİnİn mühafİzəsİ və İstİfadəsİnİn İqtİsadİ tənzİmlənməsİ

Maddə 47. Heyvanlar aləminin mühafizəsi və istifadəsinin iqtisadi tənzimlənməsinin əsas prinsipləri

Heyvanlar aləminin mühafizəsi və istifadəsinin iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

heyvanlar aləmindən istifadəyə görə ödəmələr və qeyri-qanuni heyvan ovuna cərimələr;

heyvanlar aləmi obyektlərinin mühafizəsinin, artırılmasının, elmi təminatının, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasının və yaxşılaşdırılmasının dövlət büdcəsindən və büdcədənkənar ödəmələr hesabına müəyyənləşdirilməsi;

heyvanlar aləminə və onların yaşayış mühitinə vurulan zərərin kompensasiyası;

heyvanlar aləmi obyektlərinin mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının stimullaşdırılması.

Maddə 48. Heyvanlar aləmindən istifadəyə görə ödəmələr və qeyri-qanuni heyvan ovuna cərimələr

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, heyvanlar aləmindən istifadə ödənişlidir.

Heyvanlar aləmindən ödənişli istifadənin məqsədi heyvanlar aləmi obyektlərinin öyrənilməsinə, mühafizəsinə, artırılmasına, elmi təminatına, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasına və yaxşılaşdırılmasına yönəldilən dövlət xərclərini azaltmaq və onlardan istifadənin səmərəliliyini stimullaşdırmaqdır.

Heyvanlar aləmindən istifadəyə görə ödəmələr və qeyri-qanuni heyvan ovuna cərimələr, heyvanlar aləmi obyektlərinin istifadə növündən, miqdarından, ov üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən, habelə onların yaşayış mühitindən asılı olaraq diferensiallaşdırılır.

Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 49. Heyvanlar aləminin mühafizəsinin, artırılmasının və elmi təminatının maliyyələşdirilməsi

Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilmiş heyvanlar aləmi obyektlərinin mühafizəsi, artırılması, habelə onların yaşayış mühitinin qorunub saxlanılması və yaxşılaşdırılması dövlət büdcəsindən maliyyələşdirilir.

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, nəsli kəsilmək təhlükəsi qarşısında olan, habelə xüsusi qorunan nadir və qiymətli vəhşi heyvan növlərinin mühafizəsi və bərpası dövlət tərəfindən maliyyələşdirilir.

Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan heyvanlar aləmi obyektlərinin mühafizəsi və artırılması mülkiyyətçilər tərəfindən maliyyələşdirilir.

Heyvanlar aləminin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar tərəfindən həyata keçirilir və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyələşdirilir. [20]

Maddə 50. Heyvanlar aləminə vurulan zərərin ödənilməsi

Təsərrüfat obyektlərinin tikintisindən, istismarından, habelə heyvanlar aləminin yaşayış mühitinə zərərli təsir göstərə bilən fəaliyyət növlərindən heyvanlar aləminə vurulan zərər təqsirkar şəxslər tərəfindən kompensasiya edilir.

Kompensasiya vəsaitləri heyvanlar aləmi obyektlərinin mühafizəsinə və artırılmasına, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasına və yaxşılaşdırılmasına yönəldilir.

Maddə 51. Heyvanlar aləminin mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının stimullaşdırılması

Azərbaycan Respublikasında heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi və artırılması, habelə onların yaşayış mühitinin qorunub saxlanılması və yaxşılaşdırılması sahəsində məqsədli investisiya, kredit və vergi siyasəti həyata keçirilir.

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, habelə nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin qorunub saxlanılması və bərpası dövlət tərəfindən stimullaşdırılır.

Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi heyvanlar aləmi obyektlərinin mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının stimullaşdırılmasına yönəldilir.

VIII fəsil

Heyvanlar aləmİ haqqInda qanunverİcİlİyİn pozulmasIna görə məsulİyyət və mübahİsələrİn həllİ

Maddə 52. Əqdlərin etibarsızlığı

Heyvanlar aləmi haqqında qanunvericiliyi pozmaqla bağlanmış əqdlər etibarsızdır.

Maddə 53. Heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar:

(Çıxarılıb) [21]

heyvanlar aləminin obyektlərini təbii mühitdən xüsusi icazə olmadan götürdükdə; [22]

heyvanlar aləminin obyektlərindən özbaşına xüsusi istifadə etdikdə;

heyvanlar aləminin obyektlərindən istifadənin limitləri barədə tələbləri pozduqda; [23]

dövlət ekoloji ekspertizasının tələblərini yerinə yetirmədikdə;

ov qaydalarını kobud şəkildə pozduqda (ov etmək üçün icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etdikdə), habelə digər ov qaydalarını müntəzəm pozduqda; [24]

qurumuş bitkiləri və ya onların qalıqlarını heyvanlar aləmi obyektlərinin məskunlaşdığı yerlərdə özbaşına yandırdıqda; [25]

bitki mühafizəsi vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarını pozduqda;

zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi və dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması qaydalarını pozduqda;

özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, iqlimə uyğunlaşdırdıqda və artırdıqda, genetik cəhətdən dəyişmiş orqanizmlərdən istifadə etdikdə;

heyvanlarla rəhmsizcəsinə davranması nəticəsində onları şikəst və ya tələf etdikdə; [26]

heyvanlar aləmi obyektlərinin vəziyyəti və sayı, onların istifadəsi haqqında məlumatları gizlətdikdə və təhrif etdikdə;

heyvanların tələf olmasının, onların yaşayış mühitinin pisləşməsinin qarşısını almaq üçün və heyvanlar aləminə mənfi təsirin ləğv edilməsi məqsədilə tədbirlər görmədikdə;

heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikasının hüdudlarından kənara göndərilməsi, aparılması və onun ərazisinə gətirilməsi qaydalarını pozduqda;

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələbləri yerinə yetirmədikdə;

heyvanların əldə edilməsində qadağan edilmiş ov alətlərini hazırladıqda, saxladıqda, satdıqda və tətbiq etdikdə;

heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən orqanların yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.

Maddə 54. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində mübahisələrin həlli

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

IX fəsil

Beynəlxalq əməkdaşlIq

Maddə 55. Heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı dövlətlərarası əməkdaşlıq

Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətlərarası əməkdaşlıq Azərbaycan Respublikası ilə Xəzəryanı və başqa dövlətlər arasında bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.

Maddə 56. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə heyvanlar aləminin mühafizəsi və istifadəsi üzrə müəyyən edilmiş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 4 iyun 1999-cu il

               № 675-IQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

2.       30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505)

3.       29 oktyabr 2004-cü il tarixli 785-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 902)

4.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

5.       2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460)

6.       01 oktyabr 2012-ci il tarixli 435-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1045)

7.       6 mart 2015-ci il tarixli 1226-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, № 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 363)

8.       31 oktyabr 2017-ci il tarixli 827-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2195)

9.       15 dekabr 2017-ci il tarixli 932-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2018-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 14)

10.    19 may 2020-ci il tarixli 102-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyul 2020-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 823)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 may 2020-ci il tarixli 102-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyul 2020-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 823) ilə 7-ci maddənin birinci hissəsinin onuncu abzasından “zərərli” sözü çıxarılmışdır.

 

[2] 19 may 2020-ci il tarixli 102-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyul 2020-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 823) ilə 9-cu maddənin birinci hissəsinin doqquzuncu abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir edə bilən müəssisələrin, texniki qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasının keçirilməsini təşkil etmək;

 

[3] 2 iyun 2008-ci il tarixli 615-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 460) ilə 12-ci maddəsinin ikinci hissəsində “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilmişdir.

6 mart 2015-ci il tarixli 1226-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, № 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 363) ilə 12-ci maddənin ikinci hissəsində “idman və həvəskar balıq ovu” sözləri “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilmişdir.

 

[4] 6 mart 2015-ci il tarixli 1226-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, № 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 363) ilə 13-cü maddənin birinci hissəsinin üçüncü abzasında “balıq ehtiyatlarından” sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilmişdir.

 

[5] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 14-cü maddəsinin ikinci hissəsindən "xüsusi" sözü çıxarılmışdır.

 

[6] 29 oktyabr 2004-cü il tarixli 785-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 902) ilə 15-ci maddənin birinci hissəsində "şəraitində yaşayan" sözləri "və ya yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan" sözləri ilə əvəz edilmişdir.

 

[7] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 505) ilə 15-ci maddənin ikinci hissəsinə ikinci cümlə əlavə edilmişdir.

29 oktyabr 2004-cü il tarixli 785-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 902) ilə 15-ci maddənin ikinci hissəsinin birinci cümləsindən "xüsusi" sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Ov ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş xüsusi icazə və ovçuluq biletləri əsasında həyata keçirilir. Ov icazələrinin verilməsi üçün dövlət rüsumu ödənilir.

 

[8] 29 oktyabr 2004-cü il tarixli 785-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 902) ilə 15-ci maddənin dördüncü hissəsində "yaşadığı" sözündən sonra ", miqrasiya etdiyi" sözləri əlavə edilmişdir.

 

[9] 6 mart 2015-ci il tarixli 1226-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, № 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 363) ilə 16-cı maddənin adında “Balıq ehtiyatlarından” sözləri “Balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilmişdir.

 

[10] 6 mart 2015-ci il tarixli 1226-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, № 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 363) ilə 16-cı maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Su hövzələrində balıqların sənaye, idman və həvəskar ovu, habelə elmi-tədqiqat, nəzarət və təbii mühitə uyğunlaşdırılması üçün ovlanması və əmtəə məqsədilə yetişdirilməsi balıq ehtiyatlarından istifadə hesab edilir.

 

[11] 6 mart 2015-ci il tarixli 1226-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 aprel 2015-ci il, № 070, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 363) ilə 16-cı maddənin ikinci hissəsində “Balıq ehtiyatlarından” sözləri “Balıq və digər su bioresurslarından” sözləri ilə, “vətəgə əhəmiyyətli su obyektlərində balıqçılığın təşkili, balıqların ovlanması” sözləri “balıqçılığın, o cümlədən akvakulturanın təşkili, balıq və digər su bioresursları ovunun” sözləri ilə əvəz edilmişdir.

 

[12] 29 oktyabr 2004-cü il tarixli 785-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 902) ilə 22-ci maddənin birinci hissəsində "ayrı-ayrı" sözlərindən sonra "yırtıcı və zərərverici" sözləri əlavə edilmişdir.

 

[13] 29 oktyabr 2004-cü il tarixli 785-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 902) ilə 24-cü maddənin onuncu abzasında "dərhal" sözündən sonra "ovçuluq təsərrüfatlarına və" sözləri əlavə edilmişdir.

 

[14] 01 oktyabr 2012-ci il tarixli 435-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1045) ilə 24-cü maddənin birinci hissəsində on birinci bənd on ikinci bənd hesab edilmişdir və yeni məzmunda on birinci bənd əlavə edilmişdir.

 

[15] 01 oktyabr 2012-ci il tarixli 435-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1045) ilə 25-ci maddənin birinci hissəsinin birinci bəndində “icazənin” sözündən əvvəl “xüsusi” sözü əlavə edilmişdir.

 

[16] 19 may 2020-ci il tarixli 102-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 iyul 2020-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 823) ilə 31-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 31. Heyvanlar aləminin vəziyyətinə zərərli təsir göstərə bilən obyektlərin ekoloji ekspertizası

Heyvanlar aləminin vəziyyətinə zərərli təsir göstərə bilən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikintisi və yenidən qurulması məcburi qaydada ekoloji ekspertizadan keçirilməlidir.

Fəaliyyət göstərən və yenidən qurulan obyektlərin, yeni texnikanın, texnologiyanın, habelə radioaktiv, zəhərli və kimyəvi maddələrin tətbiq edilməsinin ekoloji ekspertizası keçirilərkən onların heyvanlar aləminin vəziyyətinə, yaşayış mühitinə, miqrasiya yollarına və çoxalma şəraitinə zərərli təsirin normaları mütləq nəzərə alınmalıdır.

Heyvanlar aləminin vəziyyətinə zərərli təsir göstərə bilən obyektlərin ekoloji ekspertizasının keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

 

[17] 31 oktyabr 2017-ci il tarixli 827-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2195) ilə 33-cü maddənin yeddinci hissəsində “idarələr” sözü “müəssisə” sözü ilə əvəz edilmişdir.

 

[18] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 44-cü maddənin birinci hissəsindən dördüncü abzas çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində cinayət və ya inzibati hüquqpozma törətmiş şəxsləri saxlamaq, onları hüquq-mühafizə orqanlarının sərəncamına vermək;

 

[19] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 44-cü maddənin səkkizinci abzasında "hüquqpozma" sözü "xəta" sözü ilə əvəz edilmiş və "(aktlar)" sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində inzibati hüquqpozma haqqında protokollar (aktlar) tərtib etmək, cərimələmək və digər tədbirlər görmək.

 

[20] 31 oktyabr 2017-ci il tarixli 827-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2195) ilə 49-cu maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Heyvanlar aləminin elmi təminatı müvafiq elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir və məqsədli proqramlar əsasında dövlət büdcəsindən və büdcədənkənar ödəmələr hesabına maliyyələşdirilir.

 

[21] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 53-cü maddənin ikinci abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Heyvanlar aləmi obyektlərinin istifadəyə verilməsi qaydasını pozduqda;

 

[22] 01 oktyabr 2012-ci il tarixli 435-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1045) ilə 53-cü maddənin birinci hissəsinin birinci bəndində “icazəsiz” sözü “xüsusi icazə olmadan” sözləri ilə sözləri ilə əvəz edilmişdir.

 

[23] 15 dekabr 2017-ci il tarixli 932-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2018-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 14) ilə 53-cü maddənin birinci hissəsinin dördüncü abzasda “limitlərini artırdıqda və başqa tələblərini” sözləri “limitləri barədə tələbləri” sözləri ilə əvəz edilmişdir.

 

[24] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 53-cü maddənin yeddinci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi üzrə tələbləri pozduqda;

 

01 oktyabr 2012-ci il tarixli 435-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1045) ilə 53-cü maddənin birinci hissəsinin beşinci bəndində mötərizədə “lazımi icazə” sözləri mötərizədə “ov etmək üçün icazə” sözləri ilə əvəz edilmişdir.

 

[25] 15 dekabr 2017-ci il tarixli 932-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2018-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 14) ilə 53-cü maddənin birinci hissəsinin yeddinci abzasa “qalıqlarını” sözündən sonra “heyvanlar aləmi obyektlərinin məskunlaşdığı yerlərdə” sözləri əlavə edilmişdir.

 

[26] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 53-cü maddənin on ikinci abzasında "rəftar" sözü "davranması nəticəsində onları şikəst və ya tələf" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status