AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
26.01.2017
QEYDİYYAT NÖMRƏSİ
1217
ADI
Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin təyin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 27-01-2017, Nəşr Nömrəsi: 18), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2017, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 64)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.01.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201701261217
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.01.2017
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrini təyin etsin. [2]

2. Müəyyən edilsin ki:

2.1. ticarət nümayəndəsi təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görür;

2.2. ticarət nümayəndəsi Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olduğu ölkələrdə müvafiq səfirlik və ya konsulluqda təyin olunur və öz funksiyalarını təyin olunduğu səfirlik və ya konsulluğun tərkibində həyata keçirir, Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkələrdə isə ayrıca fəaliyyət göstərir; [3]

2.3. ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinə tabedir, konsulluğa təyin olunan ticarət nümayəndəsi Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. ticarət nümayəndələrinə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilməsi və diplomatik pasportla təmin olunması məqsədilə “Diplomatik xidmət haqqında” və “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. ticarət nümayəndələrinin fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ayrılmasını təmin etsin;

3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 yanvar 2017-ci il

    1217

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 iyul 2021-ci il tarixli 1409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 743)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 iyul 2021-ci il tarixli 1409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 743) ilə adından “fəaliyyət göstərən səfirlik və konsulluqlarında sözləri çıxarılmışdır.

 

[2] 23 iyul 2021-ci il tarixli 1409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 743) ilə 1-ci hissədən fəaliyyət göstərən səfirlik və konsulluqlarında sözləri çıxarılmışdır və həmin hissədə nümayəndələri sözü nümayəndələrini sözü ilə əvəz edilmişdir.

 

[3] 23 iyul 2021-ci il tarixli 1409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 743) ilə 2.2-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.2. ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirir;

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status