AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.11.2016
QEYDİYYAT NÖMRƏSİ
468
ADI
“Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 22-11-2016, Nəşr Nömrəsi: 258), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2016, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1956)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201611180468
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.11.2016
“Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın təsdiq edilməsi barədə

“Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 18 noyabr 2016-cı il

     № 468

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 18 noyabr tarixli 468 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Standartlar “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarına dair tələbləri müəyyən edir.

1.2. Reklam qurğusu dedikdə, bu Standartların tələbləri baxımından, açıq məkanda avtomobil yollarının kənarında reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan ixtisaslaşdırılmış stasionar daşıyıcı mənasında başa düşülür.

1.3. Avtomobil yollarının kənarında yerləşdirilən reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır.

1.4. Avtomobil yollarının kənarında yerləşdirilən reklam qurğuları yolda nəqliyyat vasitəsinin, piyadanın və ya digər bir obyektin olması təəssüratını yaratmamalı, habelə piyada və velosipedçilərin hərəkətinə mane olmamalıdır.

1.5. Avtomobil yollarının kənarında torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır.

1.6. Avtomobil yollarında səsli reklam qurğularının yerləşdirilməsinə yol verilmir.

1.7. Avtomobil yollarının kənarında və digər nəqliyyat infrastrukturu obyektlərində nəqliyyat və piyadaların hərəkətinin tənzimlənməsi və təşkili məqsədi ilə quraşdırılmış elektron tablolar reklam daşıyıcıları hesab edilmir.

 

2. Avtomobil yollarının kənarında yerləşdirilən reklam qurğularına dair tələblər

 

2.1. Avtomobil yollarının kənarında yerləşdirilən reklam qurğuları Qanunda nəzərdə tutulmuş reklama dair ümumi tələblərə və bu Standartların tələblərinə uyğun olmalıdır.

2.2. Bu Standartların 2.1-ci bəndinin tələbləri nəzərə alınmaqla, reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisi, quraşdırılması, onlarda konstruktiv dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetrdən az olan reklam qurğularının quraşdırılması və onlarda konstruktiv dəyişikliklərin edilməsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın tələblərinə uyğun aparılmalıdır. [1]

2.3. Dayanıqlılığı və bərkidilməni təmin edən konstruktiv elementlər (bolt birləşmələri, dayaq elementləri, texnoloji künclüklər və s.) dekorativ elementlərlə örtülməlidir.

2.4. Reklam qurğusunun digər tikili və qurğulara bərkidilməsi nəticəsində onların zədələnməsinə yol verilməməli, davamlılıq və dayanıqlılığına mənfi təsir göstərilməməlidir.

2.5. Reklam qurğularında sənaye üsulu ilə hazırlanmış, elektrik və yanğın təhlükəsizliyi üzrə tələblərə cavab verən işıqlandırma cihazlarından istifadə olunmalıdır. Elektrik şəbəkəsinə qoşulan işıqlandırma cihazları və qurğuları təhlükəsizlik texnikası və istismarı tələblərinə cavab verməlidir.

2.6. Reklamın xarici və ya daxili işıqlandırılması zamanı işıqlandırma cihazları və qurğuları işıq şüalarının birbaşa yolun hərəkət hissəsinə düşməməsi şərtilə yerləşdirilməlidir.

2.7. İşıqlandırma cihazları və qurğuları reklam konstruksiyasının dayaq hissəsi ilə etibarlı birləşdirilməli, külək, qar və vibrasiyanın normativ təsirlərinə davam gətirə bilməlidir.

2.8. Reklam qurğusu və onun konstruksiyaları videomüşahidə və nəzarət kameralarının əhatə dairəsini məhdudlaşdırmamalı, o cümlədən reklam qurğusunun işıqlandırılması kameraların fəaliyyətinə maneə yaratmamalıdır.

 

3. Reklam qurğularının yol kənarında yerləşdirilməsinə dair tələblər

 

3.1. Reklam qurğuları yol hərəkətinin texniki nizamlama vasitələrinin görünməsini, habelə avtomobil yoluna aid mühəndisi və texniki qurğuların ölçülərini məhdudlaşdırmamalıdır. Reklam qurğularının aşağıdakı yerlərdə quraşdırılmasına icazə verilmir:

3.1.1. yol nişanları və svetoforla birlikdə, onların dirəklərində və eyni en kəsikdə;

3.1.2. dəmiryol keçidlərində, müxtəlifsəviyyəli nəqliyyat qovşaqlarının sərhədləri daxilində, körpü keçidlərində, tunellərdə və yolötürücülərinin altında, həmçinin onlarla yaşayış məntəqələri arasında 350 metrdən, yaşayış məntəqələrində isə 50 metrdən az məsafədə olan yerlərdə;

3.1.3. avtomobil yolunun torpaq yatağının tökməsinin hündürlüyü 2 metr və daha çox olan sahələrdə;

3.1.4. yaşayış məntəqələrindən kənarda yerləşən avtomobil yolunun reklam qurğusunun yerləşdirildiyi sahənin həmin yolun planında olan əyrilik radiusu 1200 metrdən, yaşayış məntəqələrində isə 600 metrdən az olduqda;

3.1.5. avtomobil yollarının çəpərlərində və nəqliyyat axınını istiqamətləndirici qurğularda;

3.1.6. istinad divarlarında, ağaclarda, qayalarda və digər təbiət obyektlərində;

3.1.7. avtomobil yolunun görünmə məsafəsi yaşayış məntəqələrindən kənarda 350 metrdən, yaşayış məntəqələrində isə 150 metrdən az olan sahələrdə;

3.1.8. yaşayış məntəqələrindən kənarda ümumi istifadədə olan müntəzəm sərnişin nəqliyyat vasitələrinin dayanacaqlarından 25 metrdən, yaşayış məntəqələrində isə 15 metrdən daha yaxın məsafədə;

3.1.9. eynisəviyyəli piyada keçidlərində, avtomobil yollarının bir səviyyədə hər hansı kəsişməsinin torpaq sahəsində və onların sərhədləri daxilində, həmçinin onlarla yaşayış məntəqələri arasında 150 metrdən az məsafədə;

3.1.10. piyadalar üçün nəzərdə tutulmuş səkilərdə reklam qurğularının dayaqlarının quraşdırılması qadağan olmaqla, reklam lövhəsinin ən son kənarı avtomobil yolunun torpaq yatağının daşından (bordür daşından) yaşayış məntəqələrindən kənarda 10 metrdən, yaşayış məntəqələrində isə 2 metrdən az məsafədə;

3.1.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” ilə müəyyən edilmiş elektrik şəbəkələrinin mühafizəsi zonalarında;

3.1.12. videomüşahidə və nəzarət kameralarının dirəklərində və onların köməkçi qurğularında.

3.2. Avtomobil yollarının kənarında reklam lövhəsinin və ya onu bərkidən konstruksiyaların aşağı kənarı reklam qurğusunun yerləşdiyi sahənin səviyyəsindən 2,5 metrdən az olmayan hündürlükdə yerləşdirilir, habelə yolun hərəkət hissəsinin üstündə quraşdırılarkən, həmin məsafə 5 metrdən az olmamalıdır.

3.3. Reklam elanının lövhəsinin sahəsindən asılı olaraq, yolun bir tərəfində ayrı-ayrılıqda yerləşdirilmiş reklam qurğuları arasındakı məsafə aşağıdakı cədvəldə göstərilmiş məsafələrdən az olmamalıdır:

 

Reklam qurğularının yol kənarında yerləşdiyi yer

Reklam elanının lövhəsinin sahəsi, kvadrat metrlə

18-dən çox

9-dan 18-ə qədər

9-dan az

Yaşayış məntəqəsində

150

50

40

Yaşayış məntəqəsindən kənarda

200

100

40

 

3.4. Reklam qurğularına xidmət işlərinin həyata keçirilməsi zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin olunması “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, 14-cü və 19-cu maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın tələblərinə əsasən yerinə yetirilir. Bu bəndin tələbləri avtomobil yollarının təmir-tikinti aparılan sahələrinə də şamil edilir. [2]

3.5. Stasionar reklam qurğularının bünövrəsi torpaq üzərində yaşıllıqların bərpası şərtilə qrunt səthindən 15-20 sm dərinliyə salınmalıdır.

3.6. Reklam yayıcısı reklam qurğusunun quraşdırılmasından və ya demontajından sonra ərazinin abadlaşdırılmasını təmin etməlidir. Reklam qurğusunun demontajı bünövrə ilə birlikdə həyata keçirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyul 2018-ci il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1632)

2.       1 iyul 2019-cu il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 iyul 2019-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1310)

3.       19 fevral 2020-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 fevral 2020-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 206)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 iyul 2018-ci il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1632) ilə “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın 2.2-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.2. Bu Standartların 2.1-ci bəndinin tələbləri nəzərə alınmaqla, kiçik memarlıq formalarına aid və ya tikintisinə icazə tələb olunan reklam qurğularının konstruksiyalarının layihələndirilməsi, hazırlanması və quraşdırılması, habelə onlarda konstruktiv dəyişikliklərin edilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmalıdır.

 

1 iyul 2019-cu il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 iyul 2019-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1310) ilə “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın 2.2-ci bəndində “ölçülərindən asılı olmayaraq” sözləri “reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən” sözləri ilə əvəz edilmişdir.

19 fevral 2020-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 fevral 2020-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 206) ilə “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın 2.2-ci bəndinə “Məcəlləsinin” sözündən sonra “, reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetrdən az olan reklam qurğularının quraşdırılması və onlarda konstruktiv dəyişikliklərin edilməsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın” sözləri əlavə edilmişdir.

 

[2] 13 iyul 2018-ci il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1632) ilə “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın 3.4-cü bəndinin birinci cümləsində “Reklam qurğularının yol kənarında quraşdırılması və onlara” sözləri “Reklam qurğularına” sözləri ilə əvəz edilmişdir, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, 14-cü və 19-cu maddələrinin,” sözləri və ikinci cümləsi çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status