AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
03.10.2016
QEYDİYYAT NÖMRƏSİ
2358
ADI
“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 04-10-2016, Nəşr nömrəsi: 217), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2016, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1648)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.10.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201610032358
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.10.2016
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının 6-cı maddəsinə uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 oktyabr 2016-cı il

              2358


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün

 

MİLLİ STRATEGİYA

 

1. Giriş

 

Təbii sərvətlərin qorunması və onlardan davamlı istifadə XXI əsrin ən mühüm və qlobal problemlərindən olmaqla, dövlətin həllini vacib hesab etdiyi prioritet məsələlərdən biridir. Təbii sərvətlərin ayrılmaz hissəsi olan bioloji müxtəliflik çox mühüm, lakin hələ də tam qiymətləndirilməmiş zəngin ehtiyat mənbəyidir. Son zamanlar planetimizdə antropogen fəaliyyət nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir çox fauna növləri isə məhv olmuş və ya onların sayı kəskin surətdə azalmışdır. Bioloji müxtəlifliyin belə sürətli itkisi Yer kürəsini və bütövlükdə canlı aləmi ciddi təhlükədə qoymaqla, qlobal faciəyə səbəb ola bilər. Yer kürəsində bioloji müxtəlifliyi beynəlxalq əməkdaşlıq yolu ilə xilas etmək məqsədi ilə 1992-ci ilin iyun ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş “Yer kürəsi” sammitində Birləşmiş Millətlər Təşkilatının "Bioloji müxtəliflik haqqında" Konvensiyası imzalanmışdır. Azərbaycan Respublikası 2000-ci il 14 mart tarixində bu Konvensiyaya qoşulmuş və ondan irəli gələn öhdəliklərin milli səviyyədə yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli 1 368 nömrəli Sərəncamı ilə 2006-2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilmiş, nəzərdə tutulmuş tədbirlər uğurla icra olunmuşdur.

Belə ki, Fəaliyyət Planına uyğun olaraq, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının I və II cildləri nəşr edilmişdir. Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil edilmiş, təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarında və məskunlaşdığı sahələrdə populyasiyalarını izləmə tədbirləri həyata keçirilmişdir.

Miqrasiya edən heyvan növlərinin nişanlanması üzrə tədqiqatların aparılması ilə əlaqədar Qızılağac Dövlət Təbiət Qoruğunun və Ağgöl Milli Parkının ərazisində üzərində Azərbaycan Respublikasının atributları əks olunmuş halqalar vasitəsilə quşların nişanlanması işi həyata keçirilmişdir.

Nadir və nəsli kəsilmiş heyvan növlərinin reintroduksiyası layihələri çərçivəsində Şirvan Milli Parkında Avropada yeganə və ən böyük ceyran populyasiyasının sayı qısa müddətdə 4 min başdan 7 min başa qədər artmış və bu əhəmiyyətli növün arealı təbii yolla xeyli genişlənmişdir. Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur-Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilmiş, 150 başdan artıq ceyran tarixi məskunlaşma arealına qaytarılmışdır.

Azərbaycan Respublikasının tarixi ərazilərində məskunlaşmış, lakin antropogen səbəblərdən kökü kəsilmiş fauna növlərinin bərpası məqsədi ilə 2012-ci ildən etibarən Avropa bizonunun ölkəyə reintroduksiya olunması istiqamətində işlərə başlanılmışdır.

2006-cı ildə qəbul olunmuş Fəaliyyət Planının əhatə etdiyi müddətdə Akademik Həsən Əliyev adına Azərbaycan Respublikası Zəngəzur Milli Parkının, Hirkan Milli Parkının və Zaqatala Dövlət Təbiət Qoruğunun əraziləri genişləndirilmiş, dövlət meşə fondu torpaqlarında Samur-Yalama Milli Parkı, Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik ərazilərdə Azərbaycan Respublikasının Göygöl Milli Parkı, Goranboy rayonunun inzibati ərazisində Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Zaqatala Dövlət Təbiət Qoruğu ilə Gürcüstan Respublikasının həmsərhəd ərazilərində vahid ekosistemin əhatə edilməsi məqsədi ilə Zaqatala Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Eyni zamanda “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Naxçıvan Muxtar Respublikasının ərazisində Arpaçay Dövlət Təbiət Yasaqlığı və Lerik rayonu ərazisində Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.

Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının üzvü olan ölkələrin 2010-cu ildə Yaponiyanın Naqoya şəhərinin Aiçi Prefekturasında keçirilən 10-cu görüşü çərçivəsində 2011-2020-ci illər ərzində bioloji müxtəliflik sahəsində mühüm nəticələrə nail olmaq üçün əməkdaşlığın genişləndirilməsi, flora və faunanın qorunması və davamlı istifadəsi, bu sahədə qarşıya qoyulan məqsədə çatmaq üçün yenilənmiş milli strategiyalar hazırlanmasının vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin dayanıqlılıq prinsipləri əsasında qorunması və səmərəli istifadəsi, həmçinin sözügedən Konvensiya üzrə qarşıda duran öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” (bundan sonra - Milli Strategiya) bu sahədə konkret addımlar atılmasına və müsbət nəticələr əldə edilməsinə yönəldilmişdir.

 

2. Milli Strategiyanın məqsədi

 

Milli Strategiyanın əsas məqsədi genetik ehtiyatlardan səmərəli istifadə, bioloji müxtəlifliyin qorunması və gələcək nəsillərə çatdırılması, yoxsulluğun aradan qaldırılması, ekoloji tarazlığın tənzimlənməsi, ”yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsi, ekoloji təhsilin stimullaşdırılması, endemik flora və yerli fauna növlərinin bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin təkmilləşdirilməsi, bioloji müxtəlifliyə təzyiqlərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir.

 

3. Milli Strategiyanın prioritet istiqamətləri

 

3.0. Milli Strategiyaya daxil olan prioritet istiqamətlər aşağıdakılardır:

3.0.1. bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı əhalinin ekoloji maarifləndirilməsi üçün cəmiyyətdə ekoloji biliklərin geniş yayılmasının təmin edilməsi;

3.0.2. bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi;

3.0.3. bioloji müxtəlifliyin, ekosistemin və genetik müxtəlifliyin bərpası və saxlanması;

3.0.4. xüsusi mühafizə olunan təbiət ərazilərinin səmərəli idarəedilmə sisteminin yaradılması və mövcud şəbəkənin genişləndirilməsi;

3.0.5. bioloji müxtəlifliyə mənfi təsirlərin azaldılması və bioloji müxtəlifliyin davamlı istifadəsi;

3.0.6. bioloji müxtəlifliyin davamlılığını təmin etmək məqsədi ilə bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi;

3.0.7. milli və yerli səviyyədə bioloji müxtəlifliyin mühafizəsində ictimaiyyətin iştirakının artırılması;

3.0.8. bioloji müxtəlifliyin qorunması işlərinin icrasında birgə idarəçiliyin inkişaf etdirilməsi;

3.0.9. bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üçün adekvat resursların təmin edilməsi;

3.0.10. bioloji müxtəliflikdən istifadənin planlaşdırılması və idarə edilməsi üçün institusional potensialın gücləndirilməsi.

 

4. Milli Strategiyanın maliyyələşdirilməsi

 

4.0. Milli Strategiya çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

4.0.1. dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində müvafiq dövlət qurumlarının xərclər smetasında ekoloji problemlərin həlli üçün nəzərdə tutulmuş vəsait;

4.0.2. ətraf mühitin mühafizəsi üzrə dövlət fondlarının vəsaiti;

4.0.3. mikrokreditlər;

4.0.4. beynəlxalq donorların və maliyyə qurumlarının qrantları.

 

5. Milli Strategiyanın icrası və ehtiyatların səfərbər edilməsi

 

Milli Strategiya Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı çərçivəsində keçiriləcək tədbirləri, icraya məsul dövlət orqanlarını, eləcə də icra müddətlərini müəyyən edir.

 

 


6. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı

 

Sıra

№-si

Tədbirin adı

Gözlənilən nəticələr

İcraçı orqanlar

İcra müddəti (illər üzrə)

1

2

3

4

5

6.1. Bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı əhalinin ekoloji maarifləndirilməsi üçün cəmiyyətdə ekoloji biliklərin geniş yayılmasının təmin edilməsi

6.1.1. 2020-ci ilədək bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı məsələlərin təhsilin bütün pillələrində öz əksini tapması, lazımi resursların səfərbər edilməsi və müvafiq kadrların bilik səviyyəsinin artırılması

6.1.1.1.

Təhsilin bütün pillələrində ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, ekosistem xidmətləri ilə əlaqədar məsələlərin tədrisinin genişləndirilməsi

təhsilalanların ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, ekosistem xidmətləri ilə bağlı bilikləri artacaqdır

TN, ETSN

2017-2020

6.1.1.2.

Dərs vəsaitlərində bioloji müxtəliflik və ətraf mühitlə bağlı məlumatlara daha geniş yer ayrılması

dərs vəsaitlərində bioloji müxtəliflik və ətraf mühitlə bağlı məlumatların dolğunluğu təmin ediləcəkdir

TN, ETSN

2017-2020

6.1.1.3.

Məktəblilərin ekoloji təhsilini və tərbiyəsini inkişaf etdirmək məqsədi ilə ekoloji təhsil mərkəzlərinin fəaliyyətinin dəstəklənməsi

ekoloji təhsil mərkəzlərinin fəaliyyətinin səmərəliliyi artacaqdır

TN, ETSN

2017-2020

6.1.1.4.

Bioloji müxtəlifliyin qorunması üzrə resurs, informasiya və təlim mərkəzlərinin yaradılması, insan resurslarının bilik və bacarıqlarının artırılması üçün texniki potensialın gücləndirilməsi

ətraf mühitlə əlaqəli sahələrdə fəaliyyət göstərən kadrların bilik və bacarıq səviyyəsi artacaqdır

TN, ETSN, KTN

2017-2020

6.1.2. Respublika ərazisində 2020-ci ilədək ekoloji turizm potensialının artırılması və mövcud potensialdan istifadə istiqamətində tədbirlərin gücləndirilməsi

6.1.2.1.

Azərbaycan Respublikasının bioloji müxtəlifliyi və xüsusilə də milli parklar haqqında reklam-məlumat məhsullarının hazırlanması

milli parkların və bioloji müxtəlifliyin komponentləri təbliğ olunacaq, reklam məlumatları yayılacaqdır

ETSN, MTN, TN

2017-2020

6.1.2.2.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin turizm potensialı ilə bağlı məlumat bazasının genişləndirilməsi

respublika ərazisində daxili turizmin inkişafına xidmət edən və ekoturizm üçün müxtəlif imkanları əks etdirən məlumat bazası yaradılacaqdır

ETSN, MTN

2017-2019

6.1.2.3.

Təbiət abidələrinin inventarlaşdırılmasının həyata keçirilməsi

təbiət abidələrinin yenilənmiş siyahısı hazırlanacaqdır

ETSN, MTN

2017-2020

6.1.2.4.

Reklam xarakterli infoturların keçirilməsi

turoperatorlar üçün ekoloji turizm ilə bağlı müxtəlif turpaketlər hazırlanacaqdır

ETSN, MTN, TN

2017-2020

6.1.2.5.

Milli Parklarda ekoloji turizmlə məşğul olan turoperatorların müəyyən edilməsi, media nümayəndələri, yerli və xarici turistlər üçün infoturların keçirilməsi

bioloji müxtəliflik və ekosistem xidmətləri ilə əlaqədar məlumatlılıq artacaq, xüsusi mühafizə olunan təbiət ərazilərində müxtəlif turizm növlərinin inkişafı üçün geniş imkanlar yaranacaqdır

ETSN, MTN

2017-2020

6.2. Bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi

6.2.1.

Beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi üsullardan istifadə etməklə, monitorinq sisteminin təkmilləşdirilməsi

bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketinin icrası təmin ediləcəkdir

ETSN, AMEA, NRYTN, ABOEMDA

2017-2018

6.2.2.

Bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi

bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ekoloji qiymətləndirmə sənədi hazırlanacaqdır

ETSN, AMEA

2017-2019

6.2.3.

Müasir monitorinq metodikalarının işlənilib hazırlanması və tətbiq edilməsi

müasir monitorinq metodikaları hazırlanacaqdır

AMEA, ETSN

2017-2020

6.2.4.

Bitki və heyvan növlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və elektron məlumat bazasının yaradılması

Azərbaycan Respublikasının fauna və flora növlərinin inventarlaşdırılması aparılacaq, vahid məlumat bazası yaradılacaqdır

ETSN, AMEA

2017-2020

6.2.5.

Bioloji müxtəliflik üzrə İnformasiya və Əvvəlcədən Xəbərdaretmə Sisteminin yaradılması

bioloji müxtəlifliyin itməsinin və azalma dərəcəsinin monitorinqini aparan sistem yaradılacaqdır

AMEA

2017-2020

6.2.6.

Bioenerji resurslarının dəqiq uçotunun aparılması

bioenerji resurslarının səmərəli istifadəsi istiqamətində görülən işlər nəticəsində ümumi ekoloji tarazlıq təmin ediləcəkdir

EN, ETSN [1]

2017-2020

6.3. Bioloji müxtəlifliyin, ekosistemin və genetik müxtəlifliyin bərpası və saxlanması

6.3.1. 2020-ci ilədək ətraf mühitin və bioloji müxtəlifliyin qorunmasının səmərəliliyinin artırılması

6.3.1.1.

Azərbaycan Respublikasının daxili sularında, sərhəd sularında və Xəzər dənizinin Azərbaycan sektorunda bioloji müxtəliflik komponentlərinin idarə edilməsinin təkmilləşdirilməsi, sənaye və məişət tullantıları ilə çirklənmənin qarşısının alınması, böyük yaşayış məntəqələri ətrafındakı su hövzələrinin bioloji müxtəlifliyinin qorunmasına dair tədbirlərin hazırlanması və həyata keçirilməsi

sərhəd sularının, Xəzər dənizinin, daxili suların, o cümlədən göllərin çirklənməsi minimuma endiriləcək, idarəetmə və monitorinq sisteminin təkmilləşdirilməsi və zəruri elmi əsasların əldə edilməsi hesabına bioloji müxtəlifliyin səmərəli qorunması təmin ediləcəkdir

ETSN, AMEA, FHN, ARDNŞ, “Azərsu” ASC, MST ASC

2017-2020

6.3.1.2.

Bioloji müxtəlifliyin davamlı inkişafına təsir edən amillərin öyrənilməsi, antropogen təsirlərə məruz qalan torpaqlarda meşəbərpa zonalarının və süni meşəliklərin yaradılmasına dair təkliflər hazırlanması və pilot layihələrin həyata keçirilməsi

meşələrin, otlaqların, su-bataqlıq ərazilərin səmərəli idarə olunması nəticəsində deqradasiyanın qarşısı alınacaq, bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi üçün təlimatlar və idarəetmə planları hazırlanacaqdır

ETSN, AMEA, KTN

2017-2018

6.3.1.3.

Otlaqların idarə olunmasında qabaqcıl təcrübənin tətbiqi və otlaq sahələrinin səmərəli idarə olunması məqsədi ilə tədbirlər görülməsi, idarəetmə planlarının hazırlanması və pilot layihələrin tətbiqi

yay və qış otlaqları haqqında dolğun məlumat bazası və xəritələr hazırlanacaq, pilot layihələrin nəticələrindən asılı olaraq geniş tətbiq ediləcəkdir

KTN, AMEA, ETSN

 

6.3.1.4.

“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na əməl olunmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi

otlaq sahələrindən təyinatı üzrə istifadə olunmasına, heyvandarlığın inkişaf etdirildiyi ərazilərdə otarma normalarına riayət olunacaqdır

KTN, ETSN, YİH

2017-2020

6.3.1.5.

Xüsusi mühafizə statusu olmayan, lakin həssas ekosistemlər kimi qiymətləndirilən ərazilərdən, nadir və azsaylı fauna və flora növlərinin yayıldığı ərazilərdən davamlı istifadə məqsədi ilə qabaqcıl təcrübənin tətbiqi və idarəetmə planlarının hazırlanması

xüsusi mühafizə statusu olmayan, lakin bioloji müxtəliflik baxımından xüsusi əhəmiyyət kəsb edən ərazilər idarəetmə planlarına və təlimatlara əsasən idarə olunacaqdır

AMEA, ETSN

2017-2020

6.3.1.6.

Meşə ilə örtülü ərazilərin inventarlaşdırılmasında və monitorinqinin aparılmasında müasir metodikanın tətbiqi

müasir metodlardan istifadə etməklə, meşələrin dəqiq statusu müəyyən ediləcək və meşə ilə örtülü sahələrin yeni xəritələri tərtib olunacaqdır

ETSN, AMEA

2017-2020

 

6.3.1.7.

Sərhədyanı ərazilərdə bioloji müxtəliflik komponentlərinin nadir növlərinin təbii bərpasının təmin edilməsi, qorunub saxlanılması və onlardan davamlı istifadə olunması üçün təxirəsalınmaz tədbirlərin hazırlanması və həyata keçirilməsi

ağac və kolluqların növ müxtəlifliyinin idarə edilməsində səmərəlilik artacaqdır

ETSN, AMEA

2017-2020

 

6.3.2. 2020-ci ilədək aqrobioloji müxtəliflikdə irs sistemlərinin qorunub saxlanılması, ev heyvanlarının və mədəni bitkilərin, o cümlədən iqtisadi və mədəni dəyəri olan cins və sortların genetik müxtəlifliyinin qorunması

 

6.3.2.1.

Regionlar üzrə torpaq, iqlim şəraiti nəzərə alınmaqla növbəli əkin sistemindən və digər səmərəli aqrotexniki becərmə tədbirlərindən geniş istifadənin və ənənəvi yolla yaradılmış mədəni bitkilərin becərilməsinin təşviq edilməsi üçün zəruri tədbirlərin görülməsi

kənd təsərrüfatı sahələrində səmərəli aqrotexniki üsullardan istifadə ediləcəkdir

KTN, AMEA, ETSN

2017-2020

 

6.3.2.2.

Üzvi əkinçiliyin inkişaf etdirilməsi məqsədi ilə pilot layihələrin hazırlanması

pilot layihələrin nəticələri geniş tətbiq ediləcəkdir

KTN, AMEA, ETSN

2017-2020

 

6.3.2.3.

Şoran və təkrar şoranlaşmaya məruz qalmış torpaqların yuyulması və bu ərazilərdə şəraitə uyğunlaşmış ağac və kol cinslərindən ibarət meşəbərpa zonalarının və süni meşəliklərin yaradılmasına dair təkliflərin hazırlanması və pilot layihələrin həyata keçirilməsi, torpaqların əkin dövriyyəsinə qaytarılması məqsədi ilə meliorasiya işlərinin görülməsi

eroziyaya məruz qalmış sahələrdə aparılan səmərəli tədbirlər nəticəsində məhsuldarlıq artacaq və tarlaqoruyucu meşələr salınacaqdır

MST ASC, KTN, ETSN, AMEA

2017-2020

 

6.3.2.4.

Yüksək dağlıq ərazilər də daxil olmaqla, kənd təsərrüfatı sahələrində üzvi gübrələrdən istifadə ilə bağlı layihələrin həyata keçirilməsi

kənd təsərrüfatı sahələrində məhsuldarlıq artacaq və ekoloji təmiz məhsullar əldə olunacaqdır

KTN, ETSN, AMEA

2017-2020

 

6.3.2.5.

Qlobal iqlim dəyişikliyi fonunda ətraf mühitin əlverişsiz amillərinə qarşı davamlı olan ənənəvi bitki sortlarının və heyvan cinslərinin istifadəsinin genişləndirilməsi

ənənəvi bitki sortlarının və heyvan cinslərinin inventarizasiyası aparılacaq, pilot layihələrin nəticələri əsasında yeni və dolğun siyahılar hazırlanacaq, qabaqcıl təcrübə nümayiş etdiriləcəkdir

AMEA, KTN, ETSN

2017-2020

 

6.3.3. 2020-ci ilədək davamlı istifadə və mühafizə nəticəsində Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin statusunun yaxşılaşdırılması

 

6.3.3.1.

Nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin səmərəli mühafizəsini təmin etmək məqsədi ilə nəsli kəsilməkdə olan əhəmiyyətli növlərin qorunması tədbirlərinin təkmilləşdirilməsi

nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri tədqiq edilərək yenilənmiş siyahı “Qırmızı Kitab”ın 3-cü nəşrinə daxil ediləcəkdir

ETSN, AMEA, KTN

2017-2020

 

6.3.3.2.

“Qırmızı Kitab”ın hazırkı nəşrinə daxil edilmiş nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi üçün yaşayış mühiti fraqmentasiyasının tədqiqi və vacib yaşama yerlərinin bərpası

yaşayış mühitinin fraqmentasiyası ilə bağlı dolğun məlumatlar əldə ediləcək və mənfi təsirlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəkdir

AMEA, ETSN

2017-2020

 

6.3.3.3.

Ölkə ərazisində nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin populyasiyalarının bərpası üçün tədbirlərin hazırlanması, reintroduksiya layihələrinin həyata keçirilməsi

nəsli kəsilməkdə olan və tarixən mövcud olmuş növlərin təbiətə qaytarılması üçün müvafiq tədbirlər, o cümlədən reintroduksiya layihələri həyata keçiriləcəkdir

AMEA, ETSN

2017-2018

 

6.4. Səmərəli idarə edilən xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və mövcud şəbəkənin genişləndirilməsi

 

6.4.1.

Xəzər dənizinin Azərbaycan sektorunda və quru sahələrdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi

respublika ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi genişləndiriləcək, quru ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 12 faizə, sahilyanı zonada isə 2 faizə çatdırılacaqdır

ETSN, YİH

2017-2020

 

6.4.2.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi

dünya təcrübəsi nəzərə alınmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi işi təkmilləşdiriləcəkdir

ETSN

2017-2020

 

6.4.3.

Avropa Qonşuluq Siyasəti çərçivəsində “Zümrüd sahələr”in inkişaf etdirilməsi

xüsusi mühafizə olunan təbiət əraziləri “Zümrüd sahələr” şəbəkəsinə daxil ediləcəkdir

ETSN, AMEA

2017-2019

 

6.5. Bioloji müxtəlifliyə mənfi təsirlərin azaldılması və bioloji müxtəlifliyin davamlı istifadəsi

 

6.5.1. 2020-ci ilədək bioloji müxtəlifliyə mənfi təsirlərin və təhlükələrin aradan qaldırılması və ekoloji vəziyyətin bioloji müxtəlifliyin davamlılığını təmin edəcək səviyyəyə çatdırılması

 

6.5.1.1.

Bioloji müxtəliflik baxımından zəngin ərazilərdə mövcud və potensial mənfi təsirlərin qiymətləndirilməsi, bu təsirlərin qarşısının alınması və ya minimuma endirilməsi üçün zəruri tədbirlər planının hazırlanması

bioloji müxtəlifliyə yönəlmiş mənfi təsirlər tədqiq ediləcək və onlara qarşı zəruri adekvat tədbirlər görüləcəkdir

ETSN, AMEA, KTN

2017-2020

 

6.5.1.2.

İqlim dəyişkənliyinə həssas ərazilərdə (su-bataqlıq, yüksək dağlıq ərazilər, Xəzər dənizinin sahil zolağı və s.) iqlim dəyişkənliyinin bioloji müxtəlifliyə təsirinin qiymətləndirilməsi və adaptasiya proqramlarının hazırlanması

müxtəlif ekosistemlərdə iqlim dəyişkənliyinin bioloji müxtəlifliyə təsiri qiymətləndiriləcək və əks tədbirlərin sayı artacaqdır

ETSN, AMEA, KTN

2017-2020

 

6.5.1.3.

Flora və faunanın invaziv növlərinin cari vəziyyətinin qiymətləndirilməsi, dəniz, quru, su-bataqlıq ekosistemlərində yayılma yollarının müəyyən edilməsi, ölkəyə daxil olmasının qarşısının alınması üçün nəzarət mexanizmlərinin, invaziv növlərin sayı və populyasiyaları barədə elektron məlumat bazasının yaradılması

invaziv növlərin sayı və populyasiyaları barədə elektron məlumat bazası hazırlanacaq, onların ölkəyə daxil olmasının qarşısının alınması üçün nəzarət mexanizmləri gücləndiriləcək və onlara qarşı mübarizə aparmaq üçün zəruri normativ hüquqi baza yaradılacaqdır

AMEA, ETSN, KTN

2017-2020

 

6.5.1.4.

Ekoloji və iqtisadi baxımdan ciddi mənfi təsir göstərən flora və faunanın invaziv növlərinin populyasiyalarının, vurduqları zərərin qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin hazırlanması

invaziv növlərin idarə edilməsi üçün zəruri mexanizmlər işlənilib hazırlanacaqdır

AMEA, ETSN

2017-2020

 

6.5.1.5.

Kənd təsərrüfatı və məişət tullantılarından bioenerji alınması imkanlarının araşdırılması və həmin enerjidən istifadənin təşviq edilməsi

araşdırma müsbət nəticə verəcəyi halda, kənd təsərrüfatı və məişət tullantılarından bioenerji alınacaq və bu enerjidən istifadə olunacaqdır

AMEA, ETSN, KTN, EN

2017-2020

 

6.5.1.6.

Bioloji müxtəlifliyin qorunması və təbii sərvətlərdən davamlı istifadə məqsədi ilə sənayenin “yaşıl iqtisadiyyat”a keçid potensialının qiymətləndirilməsi

beynəlxalq ekspertlərin köməyi ilə ilkin qiymətləndirmə sənədi hazırlanacaqdır

KTN, ETSN, YİH, bələdiyyələr

2017-2019

 

6.5.1.7.

Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının geniş təşviqi

ekoloji təmiz kənd təsərrüfatı məhsullarının ümumi istehsal payı artacaqdır

KTN, ETSN, AMEA, SMPDK

2017-2020

 

6.5.2. Bioloji müxtəlifliklə bağlı təbii resursların və ekosistemlərin davamlı istifadəsi

 

6.5.2.1.

Su bioloji resurslarının müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi, vətəgə əhəmiyyətli balıq növlərinin populyasiya dinamikasının öyrənilməsi, ov normalarının müəyyən edilməsi və akvakulturanın inkişaf etdirilməsi

Xəzər dənizində və daxili sularda iqtisadi cəhətdən əhəmiyyətli balıq ehtiyatlarının və tutum kvotalarının müəyyən edilməsi üçün elmi metodikalar hazırlanacaq, akvakulturanın inkişaf etdirilməsi üçün zəruri tədbirlər həyata keçiriləcəkdir

ETSN, AMEA

2017-2020

 

6.5.2.2.

Bioloji müxtəlifliyin səmərəli istifadəsi baxımından ovçuluğun inkişafı üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi

ovçuluğun davamlı inkişafını təmin etmək üçün zəruri normativ hüquqi baza yaradılacaqdır

ETSN, MTN

2017-2019

 

6.5.2.3.

Yabanı dərman bitkilərinin qanunsuz toplanmasına və satışına nəzarətin gücləndirilməsi və belə bitkilərdən davamlı istifadənin təmin edilməsi

yabanı dərman bitkilərinin xammalı yalnız lisenziya almış fiziki və hüquqi şəxslər tərəfindən tədarük ediləcək, yabanı dərman bitkilərinin yığılması və istifadəsi üçün müvafiq qanunla müəyyən edilmiş qaydalar və təlimatlar hazırlanacaqdır

ETSN, AMEA, KTN, SN, SMPDK

2017-2019

 

6.6. Bioloji müxtəlifliyin davamlılığını təmin etmək məqsədi ilə bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi

 

6.6.1. Bioloji müxtəliflik və ekosistem xidmətlərinin davamlı istifadəsi ilə bağlı bioloji müxtəlifliyə birbaşa və yaxud dolayı təsir göstərən qanunvericilik aktlarının təkmilləşdirilməsi

 

6.6.1.1.

Mövcud normativ hüquqi bazanın təhlili, ölkənin götürdüyü beynəlxalq öhdəliklər nəzərə alınmaqla, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

mövcud qanunvericilik aktları və beynəlxalq proqramlarda ölkənin götürdüyü beynəlxalq öhdəliklər nəzərə alınmaqla, yeni qanunvericilik aktları qəbul ediləcəkdir

ETSN, MTN

2017-2020

 

6.6.1.2.

Bioloji müxtəlifliyə dair ölkə üzrə tədqiqatlar aparılması və növbəti Milli Hesabatın hazırlanması

“Bioloji müxtəliflik haqqında” Konvensiyadan irəli gələn öhdəliyin icrası olaraq, müvafiq hesabat təqdim ediləcək və bu sahədə aşkarlıq təmin olunacaqdır

ETSN

2018-2020

 

6.6.2. 2020-ci ilədək ölkənin bioloji müxtəlifliyinin genetik modifikasiya olunmuş bitkilərdən mühafizəsi məqsədi ilə bioloji təhlükəsizlik sisteminin formalaşdırılması

 

6.6.2.1.

Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının Biotəhlükəsizliyə dair Kartagena Protokolunun icrasının təmin edilməsi üzrə tədbirlərin hazırlanması

Kartagena Protokolunun icrası təmin ediləcəkdir

ETSN, AMEA, KTN

2017-2019

 

6.6.2.2.

Genetik modifikasiya olunmuş bitkilərlə mübarizə sahəsində dövlət qurumlarının əməkdaşlığının gücləndirilməsi

genetik modifikasiya olunmuş bitkilərin monitorinqi sahəsində dövlət qurumları arasında əməkdaşlıq ediləcəkdir

ETSN, KTN, AMEA, DGK

2017-2020

 

6.6.2.3.

Genetik modifikasiya olunmuş bitkilərin təyini üzrə akkreditasiya olunmuş laboratoriya şəbəkəsinin genişləndirilməsi

genetik modifikasiya olunmuş bitkilər üzrə ixtisaslaşdırılmış laboratoriyaların sayı artacaqdır

ETSN, KTN, AMEA, DGK SMPDK

2017-2020

 

6.6.2.4.

Respublikada genetik modifikasiya olunmuş bitkilərin dövriyyəsinin tənzimlənməsi üzrə müvafiq elmi-texniki potensialın, ixtisaslı mütəxəssis hazırlığının və müvafiq texniki infrastrukturun inkişaf etdirilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi

genetik modifikasiya olunmuş bitkilərin dövriyyəsinin tənzimlənməsi üzrə mütəxəssislərin sayı artacaqdır

KTN, ETSN, AMEA

2017-2020

 

6.6.3. Bioloji müxtəlifliyin qorunması üzrə normativ hüquqi aktların Avropa Direktivlərinə uyğunlaşdırılması

 

6.6.3.1.

Bioloji müxtəliflik ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu sahədə milli standartların beynəlxalq normativlərə uyğunlaşdırılması

müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə zəruri addımlar atılacaqdır

ETSN, KTN, SMPDK

2017-2019

 

6.6.3.2.

Respublikanın bioloji müxtəlifliklə bağlı beynəlxalq təşəbbüslərə qoşulması üçün imkanların müəyyən edilməsi

müvafiq imkanlar müəyyən edilərək, onların tətbiqi ilə bağlı tədbirlər həyata keçiriləcəkdir

XİN, AMEA

2017-2020

 

6.7. Milli və yerli səviyyədə bioloji müxtəlifliyin mühafizəsində, habelə bu sahədə qərarların qəbul edilməsi prosesində Orxus Konvensiyasının tələblərinə uyğun ictimaiyyətin və vətəndaş cəmiyyətinin iştirak səviyyəsinin yüksəldilməsi

 

6.7.1.

Təbii sərvətlərin mühafizəsi və istifadəsi ilə bağlı qərarların verilməsi və onların icrası zamanı gender bərabərliyi də nəzərə alınmaqla, ictimaiyyətin iştirakını tələb edən effektiv mexanizmlərin yaradılması

bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi, o cümlədən ətraf mühitlə bağlı digər vacib məsələlər üzrə qərarların verilməsi və icrası zamanı gender bərabərliyi nəzərə alınmaqla ictimaiyyətin iştirakı təmin ediləcəkdir

ETSN, AMEA, KTN

2017-2020

 

6.7.2.

Müxtəlif formalı ekoloji tərbiyə və maarifləndirmə klublarında ayrı-ayrı yaş qruplarının təbiətə marağının artırılması üçün müvafiq tədbirlərin hazırlanması

ekoloji klubların səmərəli fəaliyyətinə dair təkliflər hazırlanacaq, müxtəlif formatda müsabiqələr, sərgilər, görüşlər keçiriləcəkdir

ETSN, YİH

2017-2019

 

6.8. Bioloji müxtəlifliyin qorunması işlərinin icrasında birgə idarəçiliyin inkişaf etdirilməsi

 

6.8.1. Bioloji müxtəlifliyin qorunması sahəsində aidiyyəti dövlət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi

 

6.8.1.1.

Bioloji müxtəlifliyin qorunması sahəsində, o cümlədən ekoturizmin inkişafı, meşə massivlərinin salınması, yaşıllıqların yanğından mühafizəsi və erkən xəbərdarlıq sistemlərinin yaradılması, otlaqların idarə edilməsi və digər məsələlər üzrə müxtəlif dövlət qurumları arasında əməkdaşlıq imkanlarının müəyyən edilməsi və təkliflərin hazırlanması

aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi nəticəsində bioloji müxtəlifliyin qorunması ilə bağlı qərarlar qəbul olunacaq və vahid yanaşma tətbiq ediləcəkdir

ETSN, TN, KTN, FHN, AMEA, MTN, ARDNŞ

2017-2019

 

6.8.1.2.

Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi ilə bağlı müxtəlif dövlət qurumları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi

müvafiq sahədə əməkdaşlıq imkanları müəyyən edilərək, zəruri tədbirlər həyata keçiriləcəkdir

ETSN, TN, KTN, FHN, AMEA

2017-2019

 

6.8.2. Bioloji müxtəlifliyin qorunması məsələlərində qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsi

 

6.8.2.1.

Transsərhəd ekoloji problemlərin müəyyən edilməsi, qiymətləndirilməsi və həlli istiqamətində tədbirlərin həyata keçirilməsi

ekoloji araşdırmalar aparılaraq hesabatlar hazırlanacaq və problemlərin həlli istiqamətində əməkdaşlıq genişləndiriləcəkdir

XİN, ETSN

2017-2020

 

6.8.2.2.

Transsərhəd ekoloji problemlərin müəyyən edilməsi, qiymətləndirilməsi və həlli istiqamətində tədbirlərin həyata keçirilməsi

ekoloji araşdırmalar aparılaraq hesabatlar hazırlanacaq və problemlərin həlli istiqamətində əməkdaşlıq genişləndiriləcəkdir

XİN, ETSN

2017-2020

 

6.9. Bioloji müxtəlifliyin qorunmasının və davamlı istifadəsi üçün adekvat resursların təmin edilməsi

 

6.9.1.

Bioloji müxtəlifliyin qorunması və səmərəli istifadəsinin təmin edilməsi üçün zəruri resursların qiymətləndirilməsi, təkliflərin hazırlanması və resursların səfərbər edilməsi

bioloji müxtəlifliyin qorunması və səmərəli istifadəsi təmin ediləcəkdir

ETSN, KTN, AMEA

2017-2020

 

6.9.2.

Bioloji müxtəlifliyin qorunması məqsədi ilə regionlarda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi [2]

regionlarda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə genişləndiriləcəkdir

EN, ETSN

2017-2020

 

6.10. Bioloji müxtəliflikdən istifadənin planlaşdırılması və idarəedilmə imkanlarının gücləndirilməsi

 

6.10.1. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan məqsədlərə uyğun olaraq bioloji müxtəliflik üzrə fəaliyyətin planlaşdırılması

 

6.10.1.1.

“Bioloji müxtəliflik haqqında” Konvensiya ilə bağlı öhdəliklərin icrası üçün zəruri tədbirlərin müəyyən edilməsi və icrası

Konsepsiyanın bioloji müxtəlifliyin qorunmasına yönəldilmiş hədəflərinə tam nail olunacaqdır

ETSN

2017-2020

 

6.10.2. Bioloji müxtəlifliyin qorunması üzrə imkanların genişləndirilməsi

 

6.10.2.1.

Bioloji müxtəlifliyin qorunması üzrə imkanların genişləndirilməsi, mövcud və tələb olunan imkanların qiymətləndirilməsi, təkliflərin hazırlanması və müvafiq proqramlara salınması, bu istiqamətdə qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlıq

bioloji müxtəliflik üzrə texniki, inzibati, maliyyə və insan resurslarının inkişafı təmin ediləcəkdir

ETSN

2017-2020

 

6.10.2.2.

Bioloji müxtəliflik sahəsində fəaliyyət göstərən insan resurslarının bilik və bacarıqlarının yüksəldilməsində qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

bioloji müxtəliflik sahəsində kadr potensialının gücləndirilməsi üçün əməkdaşlıq imkanları müəyyənləşdiriləcək və müntəzəm olaraq birgə təlimlər təşkil ediləcəkdir

ETSN, AMEA

2017-2020

 

 


 

Akronimlər

ETSN

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

XİN

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

KTN

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

NRYTN

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi [3]

SN

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

TN

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

EN [4]

Azərbaycan Respublikasının Energetika Nazirliyi

MTN

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

DGK

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

SMPDK

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

ARDNŞ

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

ABOEMDA

Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs [5]

AMEA

Azərbaycan Milli Elmlər Akademiyası

MST ASC

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

YİH

yerli icra hakimiyyətləri

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

2.       31 may 2018-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1094)

3.       22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1185)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1185) ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın “6. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı” hissəsinin 6.2.6-cı, 6.5.1.5-ci və 6.9.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə əvəz edilmişdir.

 

[2] 22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1185) ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın “6. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı” hissəsinin 6.9.2-ci yarımbəndin “Tədbirin adı” və “Gözlənilən nəticələr” sütunlarından “alternativ və” sözləri çıxarılmışdır.

 

[3] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın “6. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı” hissəsinin 6.2.1-ci yarımbəndinin “İcraçı orqanlar” sütununda “RYTN” akronimi “NRYTN” akronimi ilə, “Akronimlər” hissəsində “RYTN – Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “NRYTN – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 22 sentyabr 2020-ci il tarixli 2274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1185) ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın “6. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı” hissəsinin Akronimlər” hissəsinə “TN – Azərbaycan Respublikasının Təhsil Nazirliyi” sətrindən sonra yeni məzmunda sətir əlavə edilmişdir

 

[5] 31 may 2018-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 1094) ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın “Akronimlər” hissəsində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status