AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
06.08.1998
QEYDİYYAT NÖMRƏSİ
744
ADI
Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1998, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 494)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.08.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında

Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında

 Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

 Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi  kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi  potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür.

 Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə  çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan  azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir.

 Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən  Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və  sazişlərə qoşulmuşdur.

 Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad  fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya  şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə  duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən  faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır.

 Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə  edilməsi sahəsində müəyyən problemlər də mövcuddur ki, onların həlli istiqamətində ardıcıl tədbirlər tələb olunur. Problemlərdən bir  Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarənin fəaliyyəti ilə  bağlıdır. Bu idarə sovet hökuməti vaxtında — 27 oktyabr 1966-cı ildə yaranmış və Azərbaycanın bütün informasiya vasitələri üzərində  senzura fəaliyyəti həyata keçirmişdir. 1990-cı ilə dekabr ayının 5-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə onun yeni əsasnaməsi  təsdiq edilsə də, əslində bu idarənin fəaliyyətində heç bir ciddi dəyişiklik baş verməmişdir.

 Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci il aprel ayının 12-də prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə  hərbi senzura tətbiq etmək adı altında bu idarənin mətbuat üzərində nəzarəti daha da gücləndirilmişdir. Bundan sonra 15 aprel 1993-cü ildə  Azərbaycan Respublikası prezidenti Ə. Elçibəyin sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid  edilərək, jurnalistlərin sərbəst informasiya fəaliyyəti tam məhdudlaşdırılmış və idarənin fəaliyyəti daha da sərtləşdirilmişdir.

 Sonrakı illərdə «Dövlət sirri haqqında» Azərbaycan Respublikası qanunu qəbul edilmədiyindən bu idarənin fəaliyyətində əsaslı dəyişiklik  baş verməmişdir. 15 noyabr 1996-cı ildə «Dövlət sirri haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edildikdən sonra idarənin iş  metodlarında ciddi dəyişikliklər aparılmışdır. Buna baxmayaraq bu idarə öz fəaliyyətini yeni şəraitə uyğun qura bilməmişdir.

 Lakin Azərbaycanda mətbuatın problemi təkcə bu deyil. Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi  mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynalxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki  vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və  inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir.

 Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına  qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq,  mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər  görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşları vətənpərvərliyi yüksək vətəndaşlıq  məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan  qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə  olmalıdır.

 Azərbaycan Respublikasında mətbuata dövlət qayğısını, müstəqil kütləvi informasiya vasitələrinin inkişafını, vətəndaşların fikir, söz və  məlumat azadlığın təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin insan hüquqlarına dair 1948-ci il 10 dekabr tarixli ümumi  bəyannaməsində, mülki və siyasi hüquqlar haqqında 1966-cı il 16 dekabr paktında, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi  haqqında 1950-ci il 4 noyabr tarixli Avropa konvensiyasında və Azərbaycan Respublikası Konstitusiyasının 47-ci, 50-ci və 71-ci  maddələrində elan edilmiş prinsiplərin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması  sahəsində görülən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ili qarara alıram:

 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin  yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm  prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan  Respublikasının prezidentinə təqdim etsin.

 2. Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin:

 Müvafiq qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq  konvensiya və sazişlərdə və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaşların fikir, söz və məlumat  azadlığı müddəaları əsas prinsiplər kimi rəhbər tutulsun.

 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, əlaqədar dövlət  orqanları ilə birlikdə:

 Bir ay müddətində söz, fikir və məlumat azadlığının qorunması, kütləvi informasiya vasitələrində dövlət sirlərinin mühafizəsi, hüquqi  və etik normaların gözlənməsi ilə bağlı beynəlxalq standartlara və Azərbaycan Respublikası qanunlarına uyğun mexanizmin  yaradılması haqqında Azərbaycan Respublikası prezidentinə müvafiq təkliflər təqdim etsinlər;

  Bir ay müddətində kütləvi informasiya vasitələrinin əlavə dəyər vergisindən azad edilməsi ili bağlı Azərbaycan Respublikasının  prezidentinə müvafiq təkliflər təqdim etsinlər;

  Söz, fikir və məlumat azadlığının təmin edilməsini tənzimləyən;

  Normativ hüquqi aktların müvafiq beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsini;

  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərin tam və səmərəli həyata keçirilməsini;

  Bu sahədə fəaliyyət göstərən müvafiq beynəlxalq qurumlarla və qeyri-hökumət ictimai təşkilatlarla qarşılıqlı əlaqələrin və əməkdaşlığın  daha da inkişaf etdirilməsini;

  Beynəlxalq mərkəzlərdə müvafiq tədqiqat və təhsil proqramları ilə tanışlıq üçün mütəxəssislərin iştirakının təmin edilməsini;

  Beynəlxalq konfrans, seminar, simpozium və digər tədbirlərdə müvafiq dövlət orqanlarının və qeyri-hökumət ictimai təşkilatların,  kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakına şərait yaradılmasını təmin edən müvafiq tədbirlər haqqında təkliflərini iki ay  müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsinlər.

 4. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tapşırılsın ki, əlaqədar dövlət orqanları ilə birlikdə:

 Azərbaycan Respublikasının söz, fikir və məlumat azadlığının qorunması sahəsində müvafiq beynəlxalq sazişlərə qoşulmasının  mümkünlüyü məsələsini öyrənsin və iki ay müddətində Azərbaycan Respublikasının prezidentinə təkliflər versin;

  Respublikanın mərkəzi kitabxanalarını söz, fikir, məlumat azadlığının qorunması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən  sənədlərlə və bu sahədə mövcud olan nəşrlərlə təmin etsin.

 5. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinə tapşırılsın ki, Təhsil Nazirliyi ilə birlikdə müvafiq qeyri-hökumət ictimai  təşkilatların imkanlarından istifadə etməklə:

 Jurnalist kadrların peşə hazırlığının və təhsilinin səviyyəsini qaldırmaq, onlarda yüksək vətəndaşlıq məsuliyyəti və mənəvi dəyərlər  aşılamaq üçün əməli tədbirlər həyata keçirsin;

  Söz, fikir və məlumat azadlıqlarının qorunması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərin informasiya şəbəkələri və agentliklər  vasitəsilə izahını və yayılmasını təmin etsin.

 6. Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın ki, söz, fikir və məlumat azadlığının qorunması məsələlərinə həsr olunmuş  verilişlər təşkil etsin.

 7. Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilsin.

 8. Azərbaycan Respublikası prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli 685 saylı fərmanı və bütün  informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli 372 saylı sərəncamı qüvvədən düşmüş hesab edilsin.

 9. İzah edilsin ki, mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərinin mühafizəsi «Dövlət sirri haqqında» Azərbaycan  Respublikası Qanununa müvafiq surətdə həyata keçirilir.

 10. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 Bakı şəhəri, 6 avqust 1998-ci il

 № 744

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status