AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
24.10.2000
QEYDİYYAT NÖMRƏSİ
937-IQ
ADI
Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2000, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 777)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş kolxozların və sovxozların, habelə işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət torpaqlarına, səhmlər dövlətə məxsus banklara və dövlət müəssisələrinə yaranmış borclarının silinməsi qərarlarını tənzimləyir.

Maddə 1 . Qanunun tətbiq dairəsi

1.0. Bu Qanunla müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:

1.0.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilmiş, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrə; [1]

1.0.2. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilmiş, özəlləşdirilməsi haqqında qərar qəbul edilən dövlət müəssisələrinə; [2]

1.0.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozlara və sovxozlara;

1.0.4. işğal altında olan rayonların təsərrüfat subyektlərinə.

Maddə 2. Borcların silinməsi

2.1. Bu Qanunun 1.0.1-ci maddəsində göstərilən müəssisələrin dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə onların özəlləşdirilməsi tarixinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla) silinir.

2.2. Bu Qanunun 1.0.2-ci maddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği və faizlər) silinir. [3]

2.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozların və sovxozların səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara borcları (əsas borc məbləği və faizlər) silinir.

2.4. İşğal altında olan rayonların təsərrüfat subyektlərinin işğal olunan tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara borcları (əsas borc məbləği və faizlər) silinir.

2.5. Bu Qanunun 2-ci maddəsində nəzərdə tutulan borcların silinməsi və bununla əlaqədar yaranan məsələlərin, debitor borcları azaldılan müəssisələrin və bankların, onların dövlətə məxsus olmayan səhmlərinin sahiblərinin qanuni mənafelərinin qorunması nəzərə alınmaqla, tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu Qanunun 2-ci maddəsində göstərilən tarixlərə yaranmış borclara görə faizlər onların silinməsi haqqında qərarın icra edildiyi günə silinir.

Maddə 3. İdarəetməyə verilən müəssisələrin borclarının ödənilməsinin tənzimlənməsi

Dövlət müəssisələrinin uzunmüddətli idarəetməyə verilməsi hallarında bu Qanunun 2-ci maddəsində göstərilən borcların ödənilməsinə möhlət verilir. Bu möhlətin müddəti (idarəetməyə verilən müddət çərçivəsində) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Azərbaycan Respublikasının Prezidenti  Heydər Əlİyev

Bakı şəhəri, 24 oktyabr 2000-ci il
                  № 937-IQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 oktyabr 2002-ci il tarixli 375-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 585)

2.       4 noyabr 2003-cü il tarixli 511-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 675)

3.       11 mart 2005-ci il tarixli 865-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 392)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 oktyabr 2002-ci il tarixli 375-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 585) ilə 1.0.1-ci maddədə "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində" sözlərindən sonra "özəlləşdirilmiş," sözü əlavə edilmişdir.

 

[2] 11 mart 2005-ci il tarixli 865-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 392) ilə 1.0.2-ci maddədə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq" sözlərindən sonra "özəlləşdirilmiş," sözü əlavə edilmişdir.

 

[3] 25 oktyabr 2002-ci il tarixli 375-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 585) ilə 2.2-ci maddədə "onların dövlət büdcəsinə" sözlərindən sonra "(müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla)" sözləri  əlavə edilmişdir.

4 noyabr 2003-cü il tarixli 511-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 675) ilə 2.2-ci maddədə "2000-ci il 1 oktyabr tarixinə" sözləri "2003-cü il 1 noyabr tarixinə" sözləri ilə əvəz edilmişdir.

11 mart 2005-ci il tarixli 865-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 392) ilə 2.2-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

2.2. Bu Qanunun 1.0.2-ci maddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi barədə qərar qəbul edildikdə, onların dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə 2003-cü il 1 noyabr tarixinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği və faizlər) silinir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status