AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
01.03.2016
QEYDİYYAT NÖMRƏSİ
811
ADI
Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 03-03-2016, Nəşr nömrəsi: 49), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2016, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 432)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.03.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.100
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201603010811
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.03.2016
Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında

Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Bunun nəticəsidir ki, son illər ərzində uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir.

Görülən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun xüsusi çəkisinin ildən-ilə artmasına baxmayaraq, qeyri-neft məhsullarının ixracının ümumi ixracda xüsusi çəkisi kifayət qədər yüksək olmamışdır.

2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilsin.

2. Müəyyən edilsin ki, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası”nı, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı”nı və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsalları” Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

3.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan ixrac təşviqinin ödənilməsi üçün cari ilin dövlət büdcəsində və 2017-2020-ci illərin dövlət büdcəsində zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin;

3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir və 2020-ci ilin dekabrın 31-dək qüvvədədir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 mart 2016-cı il

   811

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status