AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.11.1999
QEYDİYYAT NÖMRƏSİ
175
ADI
Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtlərinin təsdiq edilməsi barəsində
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1999, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 650)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.11.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtlərinin təsdiq edilməsi barəsində

Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtlərinin təsdiq edilməsi barəsində

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 8 noyabr 1999-cu il
                   № 175

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 8 noyabr tarixli 175 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR.

 

Yerin təki haqqında geoloji informasiyadan istifadənin

QAYDA VƏ ŞӘRTLӘRİ

 

I. Ümumİ müddəalar

 1.1. Bu Qaydalar «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununa və «Yerin təki haqqında» Azərbaycan Respublikası  Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq  olaraq hazırlanmışdır və yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtlərini müəyyən edir.

 1.2. Yerin təki haqqında geoloji informasiya (bundan sonra — geoloji informasiya) Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər  Dənizinin (gölünün) ona mənsub olan bölməsi daxilində yer təkinin öyrənilməsi üzrə geoloji planaalma, axtarış, kəşfiyyat, elmi-tədqiqat  işləri və istismarı nəticəsində əldə edilən bütün geoloji, geofiziki, geokimyəvi, hidrogeoloji və mühəndis-geoloji, kompleks geoekoloji, aero  və kosmogeoloji, yeraltı suların rejimi və balansı və zəlzələlərin proqnozlaşdırılmasına aid məlumatlardan ibarətdir.

 1.3. Geoloji informasiya Azərbaycan Respublikasına mənsubdur və onun üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının  qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qorunur.

 1.4. Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri (bundan sonra — ərizəçilər) qanunvericiliklə müəyyən  edilmiş qaydada geoloji informasiyadan istifadə etmək hüququna malikdirlər.

 1.5. Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqq alınır.

II. Geolojİ İnformasİyadan İstİfadə qaydası

 2.1. Geoloji informasiyadan istifadə etmək üçün ərizəçilər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (budan sonra - ETSN) aşağıdakı sənədləri təqdim etməlidirlər: [1]

 2.1.1. ETSN sədrinin adına ərizə. [2]

 Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

 hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı;  fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, pasport məlumatları (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

 2.1.2. sifariş olunan geoloji informasiyanın siyahısı və ondan istifadə forması*.

 2.2. Geoloji informasiyadan istifadə formaları aşağıdakılardır:

 2.2.1. geoloji informasiya ilə ümumi tanışlıq (köçürmə və çıxarışlar edilməsinə icazə verilməmək şərtilə);

 2.2.2. geoloji informasiyanın müəyyən hissələrinin surətinin çıxarılması və sifarişçiyə verilməsi;

 2.2.3. geoloji informasiyanın tam surətinin çıxarılması və sifarişçiyə verilməsi.

 2.3. Geoloji informasiyadan istifadə üçün təqdim olunan ərizə və bu Qaydaların 2.1 bəndində göstərilən sənədlər ETSN-nin Dövlət  Geoloji İnformasiya Fondu tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, 15 gündən gec olmamaqla baxılır, çatışmazlıqlar  olmadıqda geoloji informasiyanın verilməsi barədə qərar qəbul edilir. [3]

 Bu Qaydalarda göstərilən əsaslarla geoloji informasiyanın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları  göstərilməklə yazılı məlumat verilir.

 2.4. Sifariş olunan geoloji informasiya ərizəçilərə ondan istifadəyə görə haqq müvafiq hesaba ödənildikdən sonra 5 gün müddətində verilir.

III. Geolojİ İnformasİyadan İstİfadənİn şərtlərİ

 3.1. Ərizəçiyə sifariş olunan geoloji informasiyanın yalnız surəti verilir.

 3.2. Dövlət sirri olan geoloji informasiyadan istifadəyə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun icazə verilir.

 3.3. Müəssisələr, təşkilatlar və vətəndaşlar onların öz maliyyə vəsaitləri hesabına hazırlanmış və Dövlət Geoloji İnformasiya Fonduna  verilmiş geoloji informasiyadan istifadənin şərtlərini müəyyən edir.

 3.4. Bu Qaydalara uyğun ərizəçilərin istifadəsinə verilmiş geoloji informasiya üçüncü tərəfə ötürülə bilməz.

 3.5. Ərizəçilər geoloji informasiyadan istifadənin bütün hallarında onun məxfiliyinin qorunmasını təmin etməlidirlər.

 3.6. Ərizəçi sifariş etdiyi geoloji informasiyadan istifadənin şərtləri ilə tanış olmalıdır.

 

* Sifariş olunan geoloji informasiya məxfi olduqda, məxfiliyin dərəcəsindən asılı olaraq sənədlərdən istifadəyə icazə verən arayış təqdim  olunmalıdır.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə  "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri"nin 2.1-ci bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə (bundan sonra - Dövlətgeolkom)" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (budan sonra - ETSN)" sözləri ilə əvəz edilmişdir.

 

[2] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə  "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri"nin 2.1.1-ci yarımbəndində "Dövlətgeolkom" sözü "ETSN" sözü ilə əvəz edilmişdir.

 

[3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə  "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri"nin 2.3-cü bəndində "Dövlətgeolkomun" sözü "ETSN-nin" sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status