AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
11.09.2013
QEYDİYYAT NÖMRƏSİ
3130
ADI
“Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 12-09-2013, Nəşr nömrəsi: 200), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2013, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1081)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.09.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201309113130
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.09.2013
“Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının dəniz təhlükəsizliyini təmin edən orqanlar öz fəaliyyətində Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının müddəalarını rəhbər tutsunlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 sentyabr 2013-cü il

    № 3130

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi

S T R A T E G İ Y A S I

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası hazırda regionda neft və qaz hasil edən mühüm ölkəyə çevrilmişdir. Zəngin neft və qaz yataqları bundan sonra da Azərbaycanın maraqlarını təmin edəcək və ölkənin ixrac potensialı üçün şərait yaradacaqdır. Ölkəmizin müxtəlif sahələrdəki uğurları ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyasının nəticəsidir. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində neft və qazın hasilatı və enerji resurslarının nəqli dəniz sektorunda effektiv təhlükəsizlik sisteminin yaradılmasını tələb edir. Ölkənin milli maraqlarına təhdidlərin qarşısının alınması yalnız insan həyatını qoruyan, infrastruktur vasitələrini mühafizə edən, terror aktı və ya silahlı təcavüzdən irəli gələn ziyanı minimuma endirməyə və onların fəsadlarını qısa müddət ərzində aradan qaldırmağa yönəldilən birgə səylərlə təmin edilə bilər. Bu, dənizdə təhlükəsizliyi təmin etmək məqsədi ilə cəlb olunmuş aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının struktur vahidlərindən və onların tam potensialından səmərəli istifadəni, təhdidlərə qarşı vahid dövlət yanaşmasının işlənib hazırlanmasını, habelə bütün qurumlararası proqramların birləşdirilməsini və əlaqələndirilməsini tələb edir. Dəniz təhlükəsizliyinin real təmin olunmasına dövlətlə aidiyyəti milli və beynəlxalq qurumların birgə səylərinin artırılması yolu ilə nail oluna bilər.

 1.2. XXI əsrdə ölkəmizin təhlükəsizliyinə əsas təhdid Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında baş verən münaqişənin mövcudluğudur. Azərbaycan ərazisinin 20%-i işğal altındadır və milli müdafiə ehtiyatlarının əksər hissəsi münaqişənin həlli üçün sərf olunur. Eyni zamanda, Azərbaycanın iqtisadi və enerji təhlükəsizliyi, əsasən, dəniz təhlükəsizliyinin təmin olunması və xüsusilə dənizdə enerji infrastrukturunun mühafizəsi ilə əlaqədardır. Bu baxımdan dəniz təhlükəsizliyi Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir.

 1.3. Azərbaycan Respublikasının Xəzər dənizi regionunda milli maraqları aşağıdakılardan ibarətdir:

 1.3.1. dənizdə sülh şəraitinin təmin olunması və dənizdən qanunvericilik çərçivəsində istifadə;

 1.3.2. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsindən və oradakı sərvətlərdən dövlətin istifadə imkanları;

 1.3.3. dənizdə Azərbaycan Respublikasının əleyhinə yönəlmiş hər hansı diskriminasiya aktının qarşısının alınması;

 1.3.4. Xəzər dənizinin sərvətlərindən istifadəyə və onların tədqiqinə aid olan beynəlxalq hüquqi problemlərin əlverişli şəkildə tənzimlənməsi;

 1.3.5. sosial-iqtisadi inkişaf məqsədi ilə Xəzər dənizinin təbii sərvətlərindən məqsədyönlü istifadə olunması və onların inkişaf etdirilməsi;

 1.3.6. dənizdə effektiv nəqliyyat şəbəkəsinin yaradılması, bu şəbəkəyə nəzarət və onun təhlükəsizliyinin təmin olunması.

 1.4. Dənizdə mövcud olan təhdidlər Azərbaycan Respublikasının milli maraqlarına ciddi ziyan vura bilər. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 8 iyun tarixli 1029-IIIQR nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hərbi doktrinası”nı (bundan sonra - Hərbi Doktrina) və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli 2198 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”nı (bundan sonra - Milli Təhlükəsizlik Konsepsiyası) rəhbər tutub, Azərbaycan Respublikası suveren dövlət kimi öz maraqlarını qorumaq hüququndan istifadə edəcəkdir.

 

2. Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının məqsəd və prinsipləri

 

2.1. Məqsəd. Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının (bundan sonra - Dəniz Təhlükəsizliyi Strategiyası) məqsədi Azərbaycan Respublikasının milli təhlükəsizliyi və milli maraqları əleyhinə yönəlmiş, dənizdə mövcud olan və gələcəkdə ehtimal olunan təhdidlərin qarşısının alınması üçün bütün səyləri birləşdirməkdən ibarətdir. Dəniz Təhlükəsizliyi Strategiyası dənizdə təhdidlərə qarşı zəruri və effektiv tədbirlərin həyata keçirilməsi məqsədi ilə müvafiq qurumların vəzifə və məsuliyyətlərini müəyyən edir. Dənizdə mövcud olan və ehtimal olunan təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki vəziyyətdən müfəssəl şəkildə xəbərdar olmaq məqsədi ilə bütün səylərin birləşdirilməsi strategiyası bu sənəddə öz əksini tapmışdır. Dəniz təhlükəsizliyi strategiyası ölkənin dənizdəki milli təhlükəsizlik aspektlərini, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və milli maraqlarının hər bir təhdid və təhlükədən müdafiəsi məsələlərini özündə ehtiva edir. Bu məqsədə nail olmaq üçün Dəniz Təhlükəsizliyi Strategiyası 3.4-cü bənddə göstərilən təhdidlərin təhlilini və qiymətləndirilməsini təmin edir.

 2.2. Prinsiplər. Dəniz Təhlükəsizliyi Strategiyası aşağıdakı prinsiplər əsasında formalaşır:

 2.2.1. beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərə, xüsusilə müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq və dövlətlərin əməkdaşlığı;

 2.2.2. Dəniz Təhlükəsizliyi Strategiyası məsələlərində müvafiq dövlət orqanlarının qarşılıqlı fəaliyyəti;

 2.2.3. Xəzər dənizindən sülh məqsədi ilə istifadə;

 2.2.4. Xəzər dənizində Azərbaycan Respublikasının siyasi və iqtisadi maraqlarının təmin olunması;

 2.2.5. Xəzər dənizində Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərə dövlət nəzarətinin həyata keçirilməsi.

 

3. Dəniz təhlükəsizliyi mühiti

 

3.1. Dəniz təhlükəsizliyi mühitinə təsir göstərən amillər. Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi mühitini aşağıda göstərilən mühüm amillər müəyyənləşdirir:

 3.1.1. Xəzər dənizinin statusunun müəyyən edilməsinə dair hövzə dövlətləri arasında ümumi razılığın əldə olunmaması;

 3.1.2. dənizdə neft və qaz istehsalı vasitələrinin inkişafı yüksək dəyərli neft platformaları, sualtı neft və qaz boru kəmərləri və terminalların istismarı ilə bağlıdır. Bu obyektlərdə terror-təxribat aktlarının və digər cinayətlərin törədilməsi yolu ilə Azərbaycana geniş miqyasda iqtisadi və ekoloji ziyan vurulması ehtimalı;

 3.1.3. Xəzəryanı dövlətlərin dənizdə öz hərbi potensialını genişləndirmək sahəsində səylərinin artması;

 3.1.4. Xəzəryanı dövlətlərin iqtisadi inkişafının nəticəsi kimi, Xəzər dənizində üzmə vasitələrinin sayının artması ilə əlaqədar hərəkətin intensivləşməsi;

 3.1.5. Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin mövcud müşahidə və nəzarət sistemi ilə tam əhatə olunmaması;

 3.1.6. dəniz məkanında qurumlar arasında çevik və intensiv məlumat mübadiləsinin olmaması;

 3.1.7. geniş sahilyanı ərazinin, dəniz limanlarının (bundan sonra - liman) akvatoriyasının və onların infrastrukturunun potensial təxribatçı qrupların bu ərazilərə keçməsi üçün zəif nəzarət olunan yerlər əmələ gətirməsi; [1]

 3.1.8. Azərbaycan Respublikasının ərazilərində yerləşən limanların (liman məntəqələrinin) hamısında “Gəmi və liman vasitələrinin mühafizəsi” haqqında Beynəlxalq Məcəllənin tələblərinin tətbiq edilməsinin zəruriliyi. [2]

3.2. Enerji təhlükəsizliyi. Dənizdə enerji təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Dünyanın enerjiyə artan tələbatının təmin olunmasında, enerji ehtiyatlarının hasilatı və nəqlində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsi vacib yer tutur. Azərbaycanın dənizdəki neft-qaz yataqlarından, eləcə də Qazaxıstandan və Türkmənistandan enerji resurslarının Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəqli, gələcəkdə isə Orta Asiya qazının Trans-Xəzər qaz kəməri vasitəsilə nəqli perspektivləri Xəzər regionu, xüsusilə də Azərbaycan Respublikası üçün dəniz təhlükəsizliyinin əhəmiyyətini artırır.

3.3. Dəniz təhlükəsizliyi mühitinə təhdidlər. Hərbi Doktrinanın və Milli Təhlükəsizlik Konsepsiyasının müddəalarına əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə dənizdən olan təhdidlər onun ərazi bütövlüyünə və suverenliyinə qarşı dənizdən yönəlmiş istənilən təcavüzkar hərəkətlər, terror aktları və kütləvi qırğın silahlarından istifadə, regional münaqişələr və onların yayılması, transmilli qaçaqmalçılıq və qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq, enerji infrastrukturlarına qarşı hərəkətlər, regional silahlanma və ekoloji problemlərdir.

 3.3.1. Əsas xarici təhdidlər:

 3.3.1.1 Xəzəryanı dövlətlərin hərbi-dəniz imkanlarının artması. Qüvvələr və döyüş imkanları balansının Azərbaycan Respublikasının xeyrinə olmayan şəkildə dəyişməsi;

 3.3.1.2 Azərbaycanın daxili işlərinə xaricdən istənilən potensial müdaxilə, təbii ehtiyatlarına və dəniz kommunikasiya xətlərinə çıxış və istifadə imkanlarının məhdudlaşması;

 3.3.1.3 Azərbaycan Respublikasına qarşı dənizdə ərazi iddialar;

 3.3.1.4 dövlətlərarası münaqişələr, dənizdə döyüş əməliyyatları və onların genişlənməsinin mümkünlüyü;

 3.3.1.5 Azərbaycan Respublikasının dəniz sərhəd rejiminin pozulması, dəniz-sərhəd mübahisələrinin gərginləşməsi;

 3.3.1.6 Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında təbii sərvətlərdən qeyri-qanuni istifadə;

 3.3.1.7 müxtəlif ölkələrin hərbi-siyasi ambisiyaları kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin, müasir hərbi texnologiyaların dənizdə qanunsuz yayılması;

 3.3.1.8 terrorçu təşkilatlarının, dəniz quldurlarının və digər cinayətkar qrupların fəaliyyəti;

 3.3.1.9 qonşu dövlətlər tərəfindən silahların qanunsuz yayılması üzrə beynəlxalq müqavilə və sazişlərin birtərəfli şəkildə pozulması.

 3.3.2. Əsas daxili təhdidlər (terrorçuluq, digər cinayətlər, transmilli cinayətkarlıq):

 3.3.2.1 terrorçu qrupların niyyətləri kontekstində nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin, müasir hərbi texnologiyaların dənizdə qanunsuz yayılması;

 3.3.2.2 terror təşkilatlarının, dəniz quldurlarının və digər cinayətkar qrupların fəaliyyəti;

 3.3.2.3 dənizdə qeyri-qanuni daşımalar, qaçaqmalçılıq və insan alveri;

 3.3.2.4 qeyri-qanuni balıq ovu və sərvətlərdən qeyri-qanuni istifadə;

 3.3.2.5 dəniz mühitinin qurudan, nəqliyyat vasitələrindən və dənizdə quraşdırılmış qurğulardan çirkləndirilməsi.

 3.3.3. Fəlakətlər nəticəsində yaranan təhdidlər (təbii, sənaye, ətraf mühitlə bağlı):

 3.3.3.1 təbii fəlakətlər (zəlzələ və başqa seysmik hadisələr, tufanlar və ya digər meteoroloji təhlükələr);

 3.3.3.2 texnogen qəzalar (sərnişin və ya ticarət gəmiçiliyi sahəsində bədbəxt hadisə və fəlakətlər, sənaye tipli fəlakətlər).

3.4. Təhdid və risklərin qiymətləndirilməsi. Təhdidlərin fəsadları və ehtimal dərəcələrinə müvafiq olaraq (yüksək, orta, aşağı) onların sıralanması tələb olunur. Prioritetlər ətraflı təhlil nəticəsində müəyyən edilmişdir. Prioritetlərin təyini dəniz təhlükəsizliyi sahəsində müvafiq vəzifələrin yerinə yetirilməsində imkanların artırılması üçün ehtiyatların müəyyənləşdirilərək ayrılmasına yardım edir. Bu cür təhlilin nəticələri cədvəl formasında göstərilmişdir (Əlavə 1). Belə yanaşma yeni imkanların yaranması və mövcud imkanların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə və əlavə ehtiyatların ayrılmasına şərait yaradır.

 

4. Dəniz təhlükəsizliyinə məsul qurumlar, vəzifələr və cavabdehlik

 

4.1. Qurumlar. Azərbaycan Respublikasının dəniz təhlükəsizliyinin təmin olunmasında iştirak edən qurumlar aşağıdakılardır:

4.1.1. Xarici İşlər Nazirliyi;

4.1.2. Müdafiə Nazirliyi; [3]

4.1.3. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Çevik Hərəkət Qüvvələrinin dəstəyi ilə; [4]

4.1.4. Fövqəladə Hallar Nazirliyi;

4.1.5. Dövlət Təhlükəsizliyi Xidməti; [5]

4.1.5-1. Xarici Kəşfiyyat Xidməti; [6]

4.1.6. Dövlət Dəniz Administrasiyası;

4.1.7. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti; [7]

4.1.8. Dövlət Neft Şirkəti və digər neft şirkətləri;

4.1.9. Dövlət Gömrük Komitəsi;

4.1.10.  Dövlət Miqrasiya Xidməti;

4.1.11. Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

4.1.12. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti. [8]

4.1.13. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi, digər əlaqədar qurumların (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Cinayət Axtarış İdarəsi, ərazi polis orqanları və sair) dəstəyi ilə

4.2. Vəzifələr. Azərbaycan Respublikasının dəniz təhlükəsizliyinin təmin edilməsi üçün əsas vəzifələr aşağıdakılardır:

4.2.1. xarici siyasətin həyata keçirilməsinin təmin edilməsi;

4.2.2. ərazi bütövlüyünün və suverenliyin qorunması;

4.2.3. terrorçuluqla mübarizə;

4.2.5. 4.2.4. dənizdə hərbi balansın saxlanılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi;

4.2.6. dənizdə enerji infrastrukturunun mühafizəsi;

dənizdə dövlət sərhədinin mühafizəsi və sərhəd nəzarətinin həyata keçirilməsi;

4.2.7. limanların infrastruktur obyektlərinin mühafizəsi; [9]

4.2.8. minalar əleyhinə müdafiə fəaliyyətinin həyata keçirilməsi;

4.2.9. dənizdə məlumatların toplanması və təhlili;

4.2.10. naviqasiya, hidroqrafiya və hidrometeoroloji təminatın həyata keçirilməsi;

4.2.11. dənizdə hüquq mühafizə fəaliyyəti (üzmə rejiminə riayət, narkotik vasitələrin qeyri-qanuni daşınması, insan alveri və qeyri-qanuni miqrasiya, kütləvi qırğın silahlarının yayılması və digər cinayətkar fəaliyyətə qarşı mübarizə);

4.2.12. axtarış və xilasetmə fəaliyyəti;

4.2.13. dənizdə suüstü və sualtı müşahidənin aparılması;

4.2.14. ətraf mühitin mühafizəsi;

4.2.15. təbii və texnogen xarakterli fəlakətlərin, qəzaların nəticələrinin aradan qaldırılması;

4.2.16. Azərbaycan Respublikasının ərazi sularında dənizdə üzmənin təhlükəsizliyinin təmin olunması;

4.2.17. Azərbaycan Respublikası donanmasının səfərbərlik hazırlığının təmin edilməsi.

4.3. Cavabdehlik. Bu Strategiyanın 4.1-ci bəndində göstərilən hər bir qurum onun üçün müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsinə cavabdehdir. Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik müəyyən edilmişdir (Əlavə 2).

 

5. Dənizdə əlaqələndirmə və qarşılıqlı fəaliyyət

 

5.1. İnformasiya mübadiləsinin rolu. Azərbaycan Respublikasının müxtəlif dövlət qurumlarının öz qarşılarında duran vəzifələrə müvafiq olaraq effektiv fəaliyyət göstərmələri üçün dənizdəki vəziyyət barədə lazımi informasiyanın vaxtında əldə olunması, mübadiləsi, məlumatların təhlili və işlənməsi dəniz məkanının təhlükəsizliyi üçün olduqca mühümdür. Bu cür informasiya planlaşdırma, tələbatın müəyyən olunması, ehtiyatların ayrılmasında prioritet istiqamətlərin müəyyən edilməsi, təhdidlərin neytrallaşdırılması və təhlükəsizliyin təmin olunması üzrə fəaliyyətin həyata keçirilməsi zamanı bütün səviyyələrdə praktik qərarların qəbul edilməsi üçün əsasdır.

5.1.1. İnformasiya təminatı sisteminin yaradılması. Qarşılıqlı məlumat mübadiləsi üçün bu Strategiyanın 2-ci Əlavəsində göstərilən hər bir əsas qurumda məlumat bazası yaradılır və qüvvələrin ehtimal olunan təhdidlərin qarşısını vaxtında və effektiv alması məqsədi ilə dəniz şəraiti haqqında müvafiq məlumatlar aidiyyəti qurumların məlumat bazasına çatdırılır. Hər bir qurum yaradılmış məlumat bazalarından səlahiyyətləri çərçivəsində yararlana bilər. Silahlı münaqişə və müharibə təhlükəsi zamanı dənizdə xüsusi üzmə rejiminin tətbiq edilməsi məqsədi ilə, dəniz şəraiti haqqında məlumatları aidiyyəti qurumlar mütəmadi olaraq Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin məlumat bazasına ötürürlər. [10]

5.2. Xüsusi üzmə rejimi. Silahlı münaqişə və müharibə təhlükəsi zamanı dənizdə gəmilərin üzmə təhlükəsizliyinin və iqtisadi fəaliyyətin təmini üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xüsusi üzmə rejimi tətbiq edir.

5.3. Dövlətdaxili qarşılıqlı fəaliyyət. Bu Strategiyanın 4.1-ci bəndində göstərilmiş qurumların dənizdə müvafiq vəzifələri və hüquqları vardır və onlar dəniz təhlükəsizliyi sistemi elementlərinin fəaliyyətinə cavabdehdirlər. Bu cür mürəkkəb elementlərin fəaliyyətinin cəmləşdirilməsi və inteqrasiyası üçün vəzifələrin və cavabdehliyin tam aydın şəkildə bölüşdürülməsi tələb olunur. Dəniz təhlükəsizliyi əməliyyatlarına əsas güc qurumları olan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin qüvvə və vasitələri cəlb olunur. Eyni zamanda bu nazirliklərin kəşfiyyat, aviasiya, gəmi, xüsusi təyinatlı qüvvə və imkanlarından, eləcə də onların quru qoşun bölmələrindən, sahilyanı və dəstək xidmətlərindən də istifadə olunur. [11]

5.3.1. Dövlət qurumları arasında qarşılıqlı fəaliyyət. Səmərəli idarəetmənin təmin edilməsi üçün müxtəlif qurumların ayırdığı ehtiyatların birgə peşəkar planlaşdırılması təşkil olunmalıdır. Bu Strategiyanın 2-ci Əlavəsinə müvafiq olaraq, hər bir vəzifə üzrə əvvəlcədən əsas və dəstək qurumlarının iştirakı ilə əməliyyat planları hazırlanmalıdır. Nazirlik və təşkilatlar əldə olunmuş təcrübənin mübadiləsi, qabaqcıl təcrübənin şəxsi heyətin təlim-tədrisində və digər sahələrdə tətbiqi, əməliyyat planlarının təkmilləşdirilməsi və yeniləşdirilməsi, o cümlədən hüquq mühafizə fəaliyyəti sahəsində səylərin birləşdirilməsi üçün birgə təlim və məşqlər planlaşdırmalı və keçirməlidirlər.

5.3.2. Dənizdə qarşılıqlı əməkdaşlıq üçün komanda və nəzarət. Dənizdə baş verə biləcək böhran vəziyyətində, təhdidin xarakterindən asılı olaraq, bu Strategiyanın 2-ci Əlavəsində göstərilən əsas qurum öz komanda məntəqəsində idarəetmə funksiyalarını üzərinə götürür. Dəstək qurumları tapşırıqları yerinə yetirmək üçün əsas quruma təsdiq edilmiş planlar əsasında qüvvələri ayırmalı və onların hazırlığı üçün tədbir görməlidirlər. Ayrılmış qüvvələr tapşırığın yerinə yetirilməsi zamanı əsas qurumun əməliyyat tabeliyinə verilir.

5.3.3. Vahid əlaqələndirmə prosedurunun yaradılması. Dəniz təhlükəsizliyinə nail olmaq məqsədi ilə dənizdə müxtəlif vəzifələrdən irəli gələn tapşırıqların yerinə yetirilməsinə effektiv şəkildə nəzarət etmək üçün vahid əlaqələndirmə proseduru yaradılmalıdır. Dəniz Təhlükəsizliyi Strategiyası real təhlükə vəziyyətlərinin qarşısının alınması və ya onların təsirinin zəiflədilməsi məqsədi ilə fəaliyyətlərin təşkilati və hüquqi baxımdan mümkün dərəcədə struktur vahidləri səviyyəsində həyata keçirilməsini nəzərdə tutur. Dəniz Təhlükəsizliyi Strategiyasının effektiv olması üçün dövlət və digər qurumların əlaqələndirilmiş iştirakı, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində fəaliyyət göstərən xarici şirkətlərlə əlaqələndirilmənin tənzimlənməsi tələb olunur. Bu səbəbdən Dəniz Təhlükəsizliyi Strategiyası dəniz sahəsində də vahid əlaqələndirmə prosedurunun yaradılmasını tövsiyə edir.

5.4. Dövlət və qeyri-dövlət qurumlarının qarşılıqlı fəaliyyəti. Dənizdə təhlükələrin reallaşmasının qarşısının alınması üçün dövlət və qeyri-dövlət qurumları arasında sıx əməkdaşlıq inkişaf etdirilməli, birgə səylər genişləndirilməlidir. Dövlət və qeyri-dövlət qurumları arasında mühafizə sahəsində milli və beynəlxalq səviyyədə müfəssəl əlaqələndirmə dəniz təhlükəsizliyinə töhfə verə bilər. Qeyri-dövlət qurumları onlara məxsus olan dəniz nəqliyyatı vasitələrində və obyektlərdə cinayətlərin profilaktikasının, qarşısının alınmasının və açılmasının təmini üzrə aidiyyəti dövlət qurumlarına hərtərəfli yardım göstərirlər.

5.4.1. Kommersiya təcrübəsində təhlükəsizlik meyarları. Kommersiya qurumları təhlükələrə həssas sahələri azaltmaq üçün öz tədbirlərini həyata keçirir və bununla da dənizdə ticarətin sərbəstliyinin və təhlükəsizliyinin təmin olunmasına yardım edirlər. Kommersiya qurumu fəaliyyət göstərdiyi ərazidə təhlükəsizlik meyarlarının xüsusiyyətlərindən xəbərdar olduğu halda, cinayətkar elementlərin istifadə edə biləcəyi təhlükəli sahələri də müəyyən edə bilər. Məhz bu səbəbdən kommersiya qurumları öz səylərini mülkiyyətin mühafizəsinə yönəltməli və onlara məxsus dəniz nəqliyyatı vasitələrində, sahilyanı ərazilərdə, quruda və dənizdə olan obyektlərdə cinayətlərin profilaktikasının, qarşısının alınmasının və açılmasının təmini üzrə aidiyyəti dövlət qurumlarına hərtərəfli yardım göstərməlidirlər. Bunu etməklə onlar kommersiya sektorunda terrorçuluq və digər cinayət fəaliyyəti əleyhinə yerli mühafizə sistemini də genişləndirirlər. Kommersiya qurumları yerlərdə həyata keçirdikləri təhlükəsizlik tədbirləri barədə məlumatları müntəzəm olaraq müvafiq dövlət orqanlarına çatdırmalıdırlar ki, bu tədbirlər dövlət təhlükəsizliyini təmin edən geniş sistemdə nəzərə alınsın.

5.4.2. Çoxsəviyyəli təhlükəsizlik sisteminin tətbiqi. Dəniz təhlükəsizliyinə çoxsəviyyəli yanaşma nəqliyyat sistemi, gəmilərin tranziti, yükləmə-boşaltma vasitələri, yük və baqaj, limanlar və marşrutlar kimi həssas sahələrdə təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsini tələb edir. Çoxsəviyyəli yanaşma fiziki mühafizə, əməliyyat-axtarış və post-patrul fəaliyyəti, təhlükəsizlik zonalarının yaradılması, heyətin buraxılışına nəzarət, gəminin, sərnişinlərin və heyətin təhlükəsizliyinin təmini, yüklərin yoxlanılması və bu kimi digər meyarları özündə cəmləyir. Bu növ çoxsəviyyəli təhlükəsizlik sisteminin tətbiq olunması terrorçuluğun və digər cinayətlərin qarşısını almağa yardım edir.

5.5. Qarşılıqlı beynəlxalq fəaliyyət. Xəzər dənizinin təhlükəsizlik mühitinə olan təhdidlər sahilyanı dövlətlərə təsir edə bilər. Bu təhdidlərə qarşı vaxtında tədbir görülməsi məqsədi ilə dəniz təhlükəsizliyinin təmin olunması sahəsində qarşılıqlı beynəlxalq fəaliyyəti genişləndirmək məqsədəuyğundur. Dəniz Təhlükəsizliyi Strategiyası dənizdə terrorçuluğun və digər cinayət fəaliyyətinin qarşısının alınmasında maraqlı olan dövlətlərin əməkdaşlığı imkanlarını nəzərdə tutur.

5.5.1. Qarşılıqlı beynəlxalq fəaliyyət üzrə tədbirlər. Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi üçün sahilyanı dövlətlərin iştirakı ilə aşağıda göstərilən üç əsas tədbirin həyata keçirilməsi xüsusilə vacibdir:

 5.5.1.1 mövcud təhdidlər və onların prioritetlər üzrə sıralanmasında Xəzəryanı dövlətlərin ümumi fikir vahidliyinin yaradılması və dövlətlərarası səylərin birləşdirilməsi;

 5.5.1.2 bütün Xəzəryanı dövlətlər tərəfindən terror aktları və digər cinayət fəaliyyətinə vaxtında və effektiv cavab verilməsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə zəmanət verən yeni təşəbbüslərin irəli sürülməsi (yeni təşəbbüslər Beynəlxalq Dəniz Təşkilatı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Kriminal Polis Təşkilatı - İnterpol və Beynəlxalq Standartlar Təşkilatı kimi beynəlxalq təşkilatların xətti ilə diplomatik və digər kanallar vasitəsilə həyata keçirilməlidir);

 5.5.1.3 gəmilərin qeydiyyatının, hərəkət istiqamətinin, gəmi sahiblərinin, gəmilərdə olan yüklərin xüsusiyyətinin və gəmilərin heyətinin tərkibinin şəffaflığı məsələlərini nizamlayan dövlətlərarası məlumat mübadiləsi prosedurlarının təkmilləşdirilməsi.

5.5.2. Əlaqələndirmə mexanizmləri. Azərbaycanın Xəzər dənizinin təhlükəsizliyinə məsul qurumları ilə sahilyanı dövlətlərin müvafiq qurumları arasında beynəlxalq terrorçuluq fəaliyyətinin və digər təhdidlərin təsirinin azaldılması və ticarətin genişləndirilməsi kimi məsələlər üzrə mövcud əlaqələndirmə mexanizmlərinin inkişaf etdirilməsi və yenilərinin yaradılması zəruridir.

5.6. Tədbirlərin tənzimlənməsi. Təhdidlərə cavabların mütənasibliyi, onların effektiv yerinə yetirilmə dərəcəsi və bütün qurumların əməliyyat planlarının inkişaf səviyyəsi sınaqdan keçirilməli və təsdiqlənməlidir. Vurulan ziyanın qiymətləndirilməsi və bərpa işlərinin aparılması zamanı milli, yerli və regional maraqları nəzərə almaqla, prioritetlərin düzgün təyin edilməsi mühümdür. Eyni zamanda dövlət, terror aktlarının və digər cinayətlərin kim tərəfindən törədildiyinin müəyyənləşdirilməsində və onların təsirinin qiymətləndirməsində kəşfiyyat və əməliyyat məlumatlarından istifadə etməlidir.

 

6. Tələblər və imkanlar

 

6.1. Tələblər və imkanlar. Vəzifələrin yerinə yetirilməsində daha geniş imkanlara malik olmaq üçün təşkilatlar müvafiq ehtiyatlarla təmin olunmalıdır. Buna görə də bu Strategiyada açıqlanmış vəzifələrin yerinə yetirilməsi üçün dəniz təhlükəsizliyinin təmin olunmasına cəlb edilmiş hər bir qurum digər qurumlarla qarşılıqlı əlaqəni təmin edən imkanlarla yanaşı, konkret vəzifələrin yerinə yetirilməsinə yönəlmiş daxili imkanları da inkişaf etdirməlidir. Zəruri imkanların inkişafı aşağıdakı tələblərlə müəyyən olunur:

 6.1.1. müvafiq qurumların strukturlarının öz vəzifələrini yerinə yetirmə imkanlarının təmin edilməsi;

 6.1.2. zəruri şəxsi heyətin sayı və peşəkarlıq səviyyəsi;

 6.1.3. təlimin təşkili və keyfiyyəti;

 6.1.4. müasir effektiv avadanlıqla təminat;

 6.1.5. birgə komanda, nəzarət, rabitə və informasiya sistemləri üzrə imkanların mövcudluğu;

 6.1.6. maliyyə ehtiyatları və maddi texniki təminat səviyyəsi;

 6.1.7. vəzifələrin yerinə yetirməsi üçün digər tələblər.

6.2. Ümumi tələblər. Dəniz təhlükəsizliyinin təmin olunması sahəsində vəzifələri olan bütün qurumlar üçün ümumi tələblər aşağıdakılardır:

 6.2.1. vəzifələrin icrası imkanına malik qüvvə və vasitələrin mövcudluğu;

 6.2.2. qarşılıqlı məlumat mübadiləsinin vaxtında aparılması;

 6.2.3. birgə komanda, nəzarət və rabitə sistemləri ilə dənizdə aparılan əməliyyatların əlaqələndirilməsi.

6.3. Kəşfiyyat vasitələri. Kəşfiyyatın bütün mənbələri (insan, texniki və rabitə) üçün kəşfiyyat məlumatlarının toplanılması və təhlili vasitələri müasir tələblərə cavab verməlidir. Təhlil vasitələri, cinayətkar və ya şübhəli fəaliyyətlərin cüzi əlamətlərinin aşkarlanması və təhlili üçün çoxsaylı məlumatların işlənilməsini nəzərə alaraq, avtomatlaşdırılmalıdır.

6.4. Beynəlxalq gəmiçiliyin şəffaflığı. Azərbaycan Respublikası öz səylərini dəniz nəqliyyatı üzrə məlumatların (gəmilərin hərəkəti, ekipaj, yükün tərkibi və sərnişinlər) təmin edilməsinə, ərazidə şəffaflığı həyata keçirərək beynəlxalq hüquqi tələblərin yerinə yetirilməsinə yönəldir.

6.5. Dənizdə fəaliyyətin əlaqələndirilməsi. Azərbaycanın iqtisadi təhlükəsizliyi dəniz enerji infrastrukturunun mühafizəsindən də asılı olduğuna görə, dəniz təhlükəsizliyinə cəlb olunmuş bütün qurumlar öz vəzifələrini yerinə yetirməklə, təhlükəsizlik mühitinin yaradılmasında müəyyən rol oynayırlar. Dəniz təhlükəsizliyi üzrə qurumlararası səmərəli əməkdaşlığın təmin olunması üçün rəsmi razılaşmalar tələb olunur. Rəsmi razılaşmalar dənizdə baş verə biləcək və ya dəniz təhlükəsizliyinə təsir edən hadisələrdən qorunmaq və ya onlara cavab verməklə, müvafiq qurumun adekvat tədbirlər görməsinə əsas verir.

6.6. Dinc dövrdə vəzifələr. Dinc dövrdə hər bir qurum Hərbi doktrinanın 50.1-ci maddəsində müəyyən olunmuş qaydada öz vəzifələri çərçivəsində fəaliyyət göstərir:

 6.6.1. Müdafiə Nazirliyi Xəzər dənizində Azərbaycan Respublikasının milli maraqlarının qorunması və təhlükəsiz iqtisadi fəaliyyət üçün əlverişli əməliyyat şəraitinin saxlanmasını, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində enerji infrastrukturuna, üzmə vasitələrinin hərəkətinə nəzarəti və onların təhlükəsizliyinin təmin edilməsini, naviqasiya, hidroqrafiya və hidrometeorologiya təminatını həyata keçirir; [12]

 6.6.2. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini həyata keçirir, qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri daxilində sərhəd münaqişələrinin nizama salınması üçün tədbirlər görür, sərhəd rejimi və üzmə vasitələrinin hərəkətinə nəzarəti və onların təhlükəsizliyini, habelə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində neft-qaz platformaları və onların infrastruktur obyektlərinin təhlükəsizliyini təmin edir;

 6.6.3. Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların məhdudlaşdırılması və nəticələrinin aradan qaldırılması üzrə qəza-xilasetmə işlərini və digər təxirəsalınmaz işləri yerinə yetirir;

 6.6.4. Dövlət Dəniz Administrasiyası Azərbaycan Respublikasının ərazi sularında gəmi və digər üzən vasitələrin uzaqdan tanınmasına və hərəkətlərinin müşahidə edilməsinə, üzmə qaydalarına riayət edilməsinə, müvafiq texniki standartlara cavab verməsinə nəzarət edir;

6.6.5. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub hissəsində və su nəqliyyatı obyektlərində cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizəni, o cümlədən ekoloji cinayətlərin qarşısının alınmasını, açılmasını, səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqatın və istintaqın aparılmasını, ictimai qaydanın qorunmasını və ictimai təhlükəsizliyin təmin edilməsini həyata keçirir;

6.6.6. Dövlət Gömrük Komitəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində və limanlarda gömrük işi sahəsində, o cümlədən icrasına nəzarətin gömrük orqanlarına həvalə olunduğu qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin edir;

6.6.7. Dəniz təhlükəsizliyinə cəlb olunmuş bütün qurumlar qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində və imkanlarından asılı olaraq, terrorçuluğa qarşı mübarizədə iştirak edirlər.

6.7. Dəniz təhlükəsizliyinin təmin olunmasına cavabdeh strukturların inkişaf strategiyası. Dəniz fəaliyyəti üzrə müvafiq qüvvə və vasitələrə malik olan qurumlara öz vəzifələrini yerinə yetirmək üçün zəruri ehtiyacların təmin olunması sahəsində yetərli vəsaitin ayrılması tələb olunur. Dəniz təhlükəsizliyi üzrə vəzifələrin yerinə yetirilməsinə xidmət edən bütün imkan və vasitələrin qiymətləndirilməsi aparılmalıdır. Dəniz təhlükəsizliyində rol oynayan qurumların inkişaf strategiyası regionda potensial təhdidlərə adekvat cavab vermək amili nəzərə alınmaqla həyata keçirilməlidir. Dəniz təhlükəsizliyinə cavabdeh güc strukturlarının inkişafında regiondakı hərbi balans da nəzərə alınmalıdır.

 

7. Yekun müddəalar

 

7.1. Dəniz Təhlükəsizliyi Strategiyası Azərbaycan Respublikasının dənizdə təhdidlərin bütün spektrinə qarşı Xəzəryanı dövlətlərlə birgə və razılaşdırılmış fəaliyyət göstərməyə hazır olduğunu bildirir.

 7.2. Azərbaycan Respublikası Xəzər dənizinin hüquqi statusunun beynəlxalq hüquq normalarına, beynəlxalq dəniz hüququ normalarına və prinsiplərinə riayət etməklə və bütün Xəzəryanı dövlətlərin maraqlarına və mövqelərinə hörmətlə yanaşmaqla təyin edilməsinin tərəfdarı olduğunu bir daha bəyan edir.

 7.3. Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyi Strategiyası, təhlükəsizlik mühitinin daim dəyişən dinamikası nəzərə alınmaqla, yenidən baxılma, dəqiqləşdirilmə və əlavələr üçün açıq sənəddir.

 

 


 

 

 

 

Əlavə 1

Təhdidlərin fəsadları və ehtimal dərəcələrinə müvafiq olaraq onların prioritetləri

Təhdid

Ehtimal

Fəsadlar

Prioritet

Sahilyanı dövlətlərin irimiqyaslı təcavüzü

Aşağı

Yüksək

Aşağı

Azərbaycanın daxili məsələlərinə xaricdən müdaxilə

Orta

Yüksək

Yüksək

Sahilyanı dövlətlərin ərazi iddiaları

Yüksək

Yüksək

Yüksək

Sahilyanı dövlətlərarası münaqişələr və onların yayılması

Aşağı

Yüksək

Aşağı

Dəniz sərhədlərinin pozulması

Orta

Orta

Orta

Hərbi balansın pozulması

Yüksək

Yüksək

Yüksək

Karbohidrogen ehtiyatlarından qeyri-qanuni istifadə

Yüksək

Yüksək

Yüksək

Təbii sərvətlərin qeyri-qanuni kəşfiyyatı və elmi tədqiqat işlərinin aparılması

Yüksək

Orta

Orta

Azad gəmiçiliyin məhdudlaşdırılması

Aşağı

Yüksək

Aşağı

Kütləvi qırğın silahlarının yayılması

Orta

Yüksək

Yüksək

Beynəlxalq terrorçuluq və təxribat fəaliyyəti

Yüksək

Yüksək

Yüksək

Müşəkkil cinayətkarlıq

Orta

Orta

Orta

Qaçaqmalçılıq və qeyri-qanuni daşımalar

Orta

Orta

Orta

Qeyri-qanuni balıq ovu

Orta

Aşağı

Orta

Təbii fəlakətlər

Orta

Yüksək

Yüksək

Texnogen qəzalar

Orta

Yüksək

Yüksək

 

 

 


 

 

 

 

Əlavə 2

Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli [13]

 

Vəzifələr

Əsas

Dəstək

1.

Xarici siyasətin həyata keçirilməsinin təmin edilməsi

XİN

Aidiyyəti qurumlar

2.

Ərazi bütövlüyünün və suverenliyin qorunması

MN HDQ [14]

DSX SM, FHN, DTX, XKX, XDG, ARDNŞ və digər neft şirkətləri, DDA, DGK, ETSN, DİN

3.

Terrorçuluqla mübarizə

DTX, DİN , MN HDQ [15]

HDQ, DSX SM, FHN, XKX, DDA, ARDNŞ və digər neft şirkətləri, DGK, ETSN

4.

Dənizdə hərbi balansın saxlanılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi

MN HDQ

DSX SM

5.

Dənizdə enerji infrastrukturunun mühafizəsi

MN HDQ, DSX SM

DTX, XKX, FHN, ARDNŞ, DİN

6.

Xəzər dənizində dövlət sərhədinin mühafizəsi və sərhəd nəzarətinin həyata keçirilməsi

DSX SM

MN HDQ, DİN, DGK

7.

Limanların infrastruktur obyektlərinin mühafizəsi [16]

BBDTL

DDA, MN HDQ, DSX SM, DGK, DİN NBPİ, ARDNŞ, XDG

8.

Minalar əleyhinə fəaliyyət

MN HDQ

DSX SM, FHN, XDG, ARDNŞ və digər neft şirkətləri, DİN

9.

Dənizdə məlumatların toplanması və təhlili

MN HDQ, DSX SM

FHN, DTX, XKX, DDA, XDG, ARDNŞ və digər neft şirkətləri, ETSN, DGK, DİN NBPİ

10.

Naviqasiya, hidroqrafiya və hidrometeorologiya fəaliyyəti

MN [17]

ETSN

11.

Dənizdə hüquq mühafizə fəaliyyəti

DSX SM, DİN NBPİ, DGK, DTX, DMX

MN HDQ, ETSN, DDA, FHN, XKX, ARDNŞ

12.

Axtarış və xilasetmə fəaliyyəti

FHN

MN HDQ, DSX SM, DDA, DİN NBPİ

13.

Dənizdə müşahidənin aparılması və aşkarlama

 

a) suüstü

MN HDQ, DSX SM, DDA

ARDNŞ digər neft şirkətləri, DGK, DİN NBPİ

b) sualtı

MN HDQ

DSX SM

14.

Ətraf mühitin mühafizəsi

ETSN, DİN, NBPİ

DSX SM, MN HDQ, ARDNŞ, DDA, BBDTL

15.

Təbii və texnogen xarakterli fəlakətlərin, qəzaların nəticələrinin aradan qaldırılması

FHN

MN HDQ, DSX SM, ETSN, DİN NBPİ

16.

Azərbaycan Respublikasının ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması

DSX SM, MN HDQ, DDA

BBDTL, ETSN, FHN, ARDNŞ, DİN NBPİ, DTX, XKX, DGK

17.

Azərbaycan Respublikası donanmasının səfərbərlik hazırlığının təmin edilməsi

MN HDQ

DSX SM, DDA, FHN, DTX, XKX, DİN NBPİ, ARDNŞ və digər neft şirkətləri, BBDTL, ETSN

 

 

İxtisarlar:

 

XİN – Xarici İşlər Nazirliyi

MN — Müdafiə Nazirliyi;

MN HDQ —Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri; [18]

DSX SM – Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi;

FHN – Fövqəladə Hallar Nazirliyi;

DTX Dövlət Təhlükəsizliyi Xidməti; [19]

XKX – Xarici Kəşfiyyat Xidməti; [20]

DDA – Dövlət Dəniz Administrasiyası;

XDG – Xəzər Dəniz Gəmiçiliyi;

ARDNŞ – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;

DGK – Dövlət Gömrük Komitəsi;

ETSN – Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

BBDTL – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı;

DİN – Daxili İşlər Nazirliyi;

NBPİ – Nəqliyyatda Baş Polis İdarəsi;

DMX – Dövlət Miqrasiya Xidməti.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 aprel 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 12 aprel 2014-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 391)

2.       16 sentyabr 2015-ci il tarixli 602 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 sentyabr 2015-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 989)

3.       16 sentyabr 2015-ci il tarixli 1408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 17 sentyabr 2015-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1050)

4.       18 dekabr 2017-ci il tarixli 3518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2433)

5.       6 mart 2018-ci il tarixli 3759 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti 7 mart 2018-ci il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 484)

6.       1 avqust 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1714)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 sentyabr 2015-ci il tarixli 1408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 17 sentyabr 2015-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1050) ilə Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nın 3.1.7-ci yarımbənddə “limanların su sahələrinin” sözləri “dəniz limanlarının (bundan sonra - liman) akvatoriyasının” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 sentyabr 2015-ci il tarixli 1408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 17 sentyabr 2015-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1050) ilə Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nın 3.1.8-ci yarımbənddən “(liman məntəqələrinin)” sözləri çıxarılmışdır.

 

[3] 1 avqust 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1714) ilə "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"nın 4.1.2-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.1.2. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələrinin dəstəyi ilə;

 

[4] 6 mart 2018-ci il tarixli 3759 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti 7 mart 2018-ci il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 484) ilə “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın 4.1.3-cü yarımbəndində “Aviasiya Dəstəsinin” sözləri “Çevik Hərəkət Qüvvələrinin” sözləri ilə əvəz edilmişdir.

 

[5] 18 dekabr 2017-ci il tarixli 3518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2433) ilə “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın 4.1.5-ci yarımbəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[6] 18 dekabr 2017-ci il tarixli 3518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2433) ilə “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na yeni məzmunda 4.1.5-1-ci yarımbənd əlavə edilmişdir.

 

[7] 11 aprel 2014-cü il tarixli 376 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 12 aprel 2014-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 391) ilə “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın 4.1.7-ci yarımbəndində “Xəzər Dəniz Gəmiçiliyi” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

[8] 16 sentyabr 2015-ci il tarixli 602 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 sentyabr 2015-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 989) ilə “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nın 4.1.12-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.1.12. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı.

 

[9] 16 sentyabr 2015-ci il tarixli 1408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 17 sentyabr 2015-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1050) ilə Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nın 4.2.7-ci yarımbənddə “limanların infrastrukturunun” sözləri “limanların infrastruktur obyektlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[10] 1 avqust 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1714) ilə "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"nın 5.1.1-ci yarımbəndə "Hərbi Dəniz Qüvvələrinin" sözlərindən əvvəl "Müdafiə Nazirliyinin" sözləri əlavə edilmişdir.

 

[11] 18 dekabr 2017-ci il tarixli 3518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2433) ilə “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın 5.3-cü bəndində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

 

[12] 1 avqust 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1714) ilə "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"nın 6.6.1-ci yarımbənddə "Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri" sözləri "Müdafiə Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[13] 18 dekabr 2017-ci il tarixli 3518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2433) ilə Əlavə 2 - “Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli”nin 2-ci, 5-ci, 9-cu, 16-cı və 17-ci bəndlərində “MTN” akronimi “DTX, XKX” akronimləri ilə əvəz edilmişdir.

 

[14] 1 avqust 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1714) ilə "Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli"nin 2-ci, 4-9-cu və 11-17-ci hissələrdə "HDQ" akronimi "MN HDQ" akronimi ilə əvəz edilmişdir.

 

[15] 18 dekabr 2017-ci il tarixli 3518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2433) ilə Əlavə 2 - “Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli”nin 3-cü və 11-ci bəndlərində “MTN” akronimi “DTX” akronimi ilə əvəz edilmişdir və “FHN” akronimindən sonra “, XKX” akronimi əlavə edilmişdir.

1 avqust 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1714) ilə "Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli"nin 3-cü hissənin "Əsas" sütununa "DİN" akronimindən sonra ", MN HDQ" akronimi əlavə edilsin və "Dəstək" sütunundan "HDQ," akronimi çıxarılmışdır.

 

[16] 16 sentyabr 2015-ci il tarixli 1408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 17 sentyabr 2015-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1050) ilə Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nın Əlavə 2 - “Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli”nin 7-ci sütununda “Limanların infrastrukturunun” sözləri “Limanların infrastruktur obyektlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[17] 1 avqust 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1714) ilə "Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli"nin 10-cu hissədə "HDQ" akronimi "MN" akronimi ilə əvəz edilmişdir.

 

[18] 1 avqust 2018-ci il tarixli 380 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1714) ilə "Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli"nin Strategiyanın "İxtisarlar" hissəsinə "XİN — Xarici İşlər Nazirliyi;" sözlərindən sonra "MN — Müdafiə Nazirliyi;" sözləri əlavə edilsin və həmin hissədə "HDQ — Hərbi Dəniz Qüvvələri" sözləri "MN HDQ —Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri" sözləri ilə əvəz edilmişdir.

 

[19] 18 dekabr 2017-ci il tarixli 3518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2433) ilə “İxtisarlar:” hissəsinin altıncı abzasında “MTN – Milli Təhlükəsizlik Nazirliyi” sözləri “DTX – Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[20] 18 dekabr 2017-ci il tarixli 3518 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2433) ilə “İxtisarlar:” hissəsinin yeddinci – on beşinci abzasları səkkizinci – on altıncı abzaslar hesab edilmişdir və yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status