AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
05.03.2013
QEYDİYYAT NÖMRƏSİ
591-IVQ
ADI
Uşaqların icbari dispanserizasiyası haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 12-04-2013, Nəşr nömrəsi: 75), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-04-2013, Nəşr nömrəsi: 78), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2013, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 360)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.04.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201303050591
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.04.2013
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların icbari dispanserizasiyası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

 

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar

 

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. uşaqların dispanserizasiyası - uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemi;

1.1.2. müalicə-sağlamlaşdırıcı tədbirlər - uşaqların sağlamlığının möhkəmləndirilməsini təmin edən müalicə və reabilitasiya;

1.1.3. uşaqlara illik profilaktik baxış - uşaqların hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər tərəfindən aktiv tibbi müayinəsi;

1.1.4. müşahidə ili - təqvim ili ərzində dispanserizasiya üçün uçota alınmış uşaqlara münasibətdə dispanserizasiya tədbirlərinin həyata keçirildiyi zaman kəsiyi;

1.1.5. skrininq müayinəsi - uşaqlar arasında xəstələnmə riski və patologiyası olanların erkən aşkar edilməsi məqsədilə aparılan xüsusi diaqnostik tədqiqatlar.

 

Maddə 2. Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarından, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 3. Uşaqların icbari dispanserizasiyasının məqsədi

 

Uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılması və uşaqların xəstəliklərdən qorunmasıdır.

 

Maddə 4. Uşaqların icbari dispanserizasiyasının əsas prinsipləri

 

4.1. Uşaqların icbari dispanserizasiyasının əsas prinsipləri aşağıdakılardır:

4.1.1. qanunçuluq, insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət və hörmət edilməsi;

4.1.2. uşaqların icbari dispanserizasiyasının planlı, kompleks və sistemli həyata keçirilməsi;

4.1.3. uşaqların sağlamlıq vəziyyətindən asılı olaraq müalicə-sağlamlaşdırıcı tədbirlərin seçilməsi;

4.1.4. icbari dispanserizasiyanın bütün uşaqlar üçün mümkünlüyü.

 

Maddə 5. Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi sahəsində dövlətin vəzifələri

 

5.1. Dispanserizasiyanın həyata keçirilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:

5.1.1. uşaqların sağlamlığının qorunması  sahəsində  dövlət siyasətinin əsaslarının müəyyən edilməsi;

5.1.2. dispanserizasiya tədbirlərinin həyata keçirilməsi qaydasının müəyyən edilməsi;

5.1.3. dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi;

5.1.4. uşaqlara keyfiyyətli tibbi-sosial yardımın göstərilməsinə təminat verilməsi;

5.1.5. dispanserizasiyanın nəticələrinin təhlili əsasında müalicə-sağlamlaşdırıcı tədbirlərinin vaxtında həyata keçirilməsi;

5.1.6. illik baxışlar və zəruri müayinələr keçirməklə dispanser müşahidənin keyfiyyətinin yüksəldilməsi;

5.1.7. hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərinin qeydiyyatının aparılması;

5.1.8. uşaqlarda patologiyaların və digər pozuntuların erkən mərhələdə aşkar edilməsi;

5.1.9. dispanserizasiya barəsində maarifləndirmə işinin təşkili.

 

Maddə 6. Uşaqların icbari dispanserizasiyası sahəsində dövlət təminatlı yardım tədbirləri

 

6.1. Uşaqların icbari dispanserizasiyasını həyata keçirmək məqsədilə dövlət aşağıdakılara təminat verir:

6.1.1. dispanserizasiyadan keçiriləcək uşaqlara tibbi xidmətin həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə;

6.1.2. dispanserizasiyadan keçiriləcək uşaqların registrinin yaradılması və onun aparılmasına;

6.1.3. hər il uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsinə;

6.1.4. uşaqlar arasında xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi və onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinə;

6.1.5. xəstəliklərin nozoloji formalarına tutulmuş uşaqların dispanser qeydiyyatına alınmasına;

6.1.6. uşaqlara dispanser xidmətinin göstərilməsində dar ixtisaslar üzrə mütəxəssislərin iştirakının təmin edilməsinə;

6.1.7. uşaqların dispanserizasiyası zamanı uçot və qeydiyyat işinin lazımi səviyyədə aparılmasına;

6.1.8. xəstələnmə riski olan uşaqların müalicə-diaqnostika yardımına olan tələbatının təmin edilməsi məqsədilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsinə;

6.1.9. xəstə və xəstələnmə riski olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməsinə, eləcə də onların tibb müəssisəsinin göndərişi əsasında sanatoriya-kurort müalicəsinin təşkilinə;

6.1.10. uşaqlar arasında xəstəliklərin profilaktikası və onların fəsadları ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradılmasına.

 

2-ci fəsil

UŞAQLARIN İCBARİ DİSPANSERİZASİYASININ TƏŞKİLİ

 

Maddə 7. Uşaqların icbari dispanserizasiyasının planlaşdırılması və həyata keçirilməsi

 

7.1. Uşaqların icbari dispanserizasiyası onların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qaydalar valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, sosial təhlükəli vəziyyətdə olan uşaqların, sağlamlıq imkanları məhdud uşaqların, cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyasını da əhatə edir.

7.2. Dispanserizasiyadan keçiriləcək uşaqlar həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar.

7.3. Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət nəzarəti təmin olunur. [1]

7.4. Uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

7.5. Uşaqların icbari dispanserizasiyasının planlaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotunu aparır. Uşaqların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

7.6. Xəstə və xəstələnmə riski olan uşaqlara müalicə-sağlamlaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

7.7. Uşaqların icbari dispanserizasiyası onların qanuni nümayəndələrinin razılığı ilə aparılır.

7.8. Dispanserizasiyanın nəticələri əsasında uşaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən sağlamlıq qrupları üzrə bölüşdürülür. Xəstə və xəstələnmə riski olan uşaqlar dispanser qeydiyyatına götürülür və müalicə üçün təyinat alırlar, eləcə də hər bir uşaq üçün fərdi sağlamlaşdırma və reabilitasiya proqramı tərtib edilir. [2]

 

Maddə 8. İcbari dispanserizasiyanın təqvimi

 

8.1. İcbari dispanserizasiyanın həyata keçirilməsi müddətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dispanserizasiya təqvimində müəyyən olunur.

8.2. İcbari dispanserizasiya tədbirləri təqvimə uyğun olaraq müşahidə ili ərzində Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir.

 

Maddə 9. İcbari dispanserizasiyadan keçmiş uşaqların registri

 

9.1. İcbari dispanserizasiyadan keçmiş uşaqların registri uşaqların sağlamlıq vəziyyəti və müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında tam məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin registrə çıxışı təmin edilir. İcbari dispanserizasiyadan keçmiş uşaqların registri kağız üzərində və elektron daşıyıcılarında aparılır. [3]

9.2. İcbari dispanserizasiyadan keçmiş uşaqların registrində uşağın şəxsiyyəti, dispanserizasiyanın nəticələri və sağlamlıq vəziyyəti barədə qısa məlumat, aldığı tibbi yardımlar haqqında göstərişlər qeyd olunur, hər bir uşaq üçün xüsusi kart doldurulur və bu kart ümumi məlumat bankına daxil edilir.

 

Maddə 10. İcbari dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi

 

10.1. Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10.2. İcbari dispanserizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.

 

Maddə 11. Uşaqların icbari dispanserizasiyası tədbirləri

 

11.1. Uşaqların icbari dispanserizasiyası tədbirləri aşağıdakılardır:

11.1.1. uşaqların hər il tibbi baxışdan keçirilməsi (laborator, instrumental və skrininq müayinələr də daxil olmaqla);

11.1.2. müasir diaqnostika metodlarından istifadə etməklə ehtiyacı olanların müayinəsinin davam etdirilməsi;

11.1.3. uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və fərdi qaydada qiymətləndirilməsi;

11.1.4. sağlam, xəstə və xəstələnmə riski olan uşaqların bir-birindən ayrı müşahidə edilməsi;

11.1.5. xəstə və xəstələnmə riski olan uşaqlar arasında müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi;

11.1.6. tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi, habelə uşaqların sağlamlıq vəziyyətinin dinamik müşahidəsi;

11.1.7. xəstəliklərin nozoloji formasından asılı olaraq uşaqların dispanser nəzarətinə götürülməsi.

 

Maddə 12. İcbari dispanserizasiya sahəsində maarifləndirmə

 

12.1. Dövlət əhali arasında uşaqların icbari dispanserizasiyası barəsində maarifləndirməni həyata keçirir.

12.2. Təhsil müəssisələri şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işini təşkil edir.

12.3. Dövlət kütləvi informasiya vasitələrindən istifadə etməklə əhalinin, xüsusilə də valideynlərin, dispanserizasiyanın məqsəd və vəzifələri, onun həyata keçirilməsi qaydası və əhəmiyyəti barəsində məlumatlandırılması üçün tədbirlər görür.

 

Maddə 13. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların və onların qanuni nümayəndələrinin hüquqları

 

13.1. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların və onların qanuni nümayəndələrinin aşağıdakı hüquqları vardır:

13.1.1. bu Qanunla müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək;

13.1.2. dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq;

13.1.3. dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq;

13.1.4. pozulmuş hüquqları barədə qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlara və ya məhkəməyə müraciət etmək.

 

Maddə 14. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların qanuni nümayəndələrinin vəzifələri

 

14.1. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların qanuni nümayəndələrinin vəzifələri aşağıdakılardır:

14.1.1. dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərini yerinə yetirmək;

14.1.2. həkimin çağırışı ilə uşağı aidiyyəti tibb müəssisəsinə gətirmək;

14.1.3. daimi yaşayış yerini dəyişdikdə uşağın uçota alınması üçün ərazi üzrə tibb müəssisəsinə bir ay müddətində müraciət etmək; [4]

14.1.4. uşağın icbari dispanserizasiyasından imtinanın səbəbini yazılı şəkildə bildirmək.

 

3-cü fəsil

YEKUN MÜDDƏALAR

 

Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 16. Beynəlxalq əməkdaşlıq

 

Uşaqların icbari dispanserizasiyası sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 mart 2013-cü il

№ 591-IVQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 dekabr 2017-ci il tarixli 945-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 155)

2.       4 may 2021-ci il tarixli 312-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 548)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 may 2021-ci il tarixli 312-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 548) ilə 7.3-cü, 7.4-cü maddələrdə, 7.5-ci maddənin birinci və ikinci cümlələrində, 8.1-ci maddədə ismin müvafiq hallarında “orqanı” sözü ismin müvafiq hallarında “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 4 may 2021-ci il tarixli 312-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 548) ilə 7.8-ci maddənin birinci cümləsinə “müəyyən etdiyi” sözlərindən sonra “orqan (qurum) tərəfindən müəyyən edilən” sözləri əlavə edilmişdir.

 

[3] 4 may 2021-ci il tarixli 312-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 548) ilə 9.1-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

İcbari dispanserizasiyadan keçmiş uşaqların registri uşaqların sağlamlıq vəziyyəti və müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında tam məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

 

[4] 15 dekabr 2017-ci il tarixli 945-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral 2018-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 155) ilə 14.1.3-cü maddədə “dəyişdirdikdə bir ay müddətində ərazi üzrə tibb müəssisəsində uçota alınmaq” sözləri “dəyişdikdə uşağın uçota alınması üçün ərazi üzrə tibb müəssisəsinə bir ay müddətində müraciət etmək” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status