AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.09.2012
QEYDİYYAT NÖMRƏSİ
692
ADI
“İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 05-09-2012, Nəşr nömrəsi: 197), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2012, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 844)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201209040692
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.09.2012
“İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

“İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)”nın 7.2.4.2-ci yarımbəndinə əsasən, dövlət orqanları arasında elektron sənəd dövriyyəsi sistemi yaratmaq məqsədi ilə qərara alıram:

1. “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası idarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçılarında qovşaqların texniki vasitələrlə təmin edilməsinə dair tələbatı, elektron imza veriləcək iştirakçıların rəhbərləri və müavinləri, habelə elektron sənəd dövriyyəsini bilavasitə həyata keçirəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək müvafiq tədbirlər görməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti idarələrarası elektron sənəd dövriyyəsi sistemi iştirakçılarının qovşaqlarının texniki vasitələrlə təmin edilməsi üçün zəruri olan maliyyə vəsaitinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciəti əsasında on beş gün müddətində Xidmətə ayrılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti bu Fərmanla təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 1.3.1-ci, 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş iştirakçılarda 2013-cü il iyulun 1-dək, 1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş iştirakçılarda isə 2014-cü il yanvarın 1-dək qovşaqların texniki vasitələrlə təmin edilməsini başa çatdırsın və bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versin.

5. Bu Fərmanla təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 1.3.1-ci yarımbəndində nəzərdə tutulmuş iştirakçılar 2013-cü il iyulun 1-dən, 1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş iştirakçılar 2014-cü il yanvarın 1-dən idarələrarası elektron sənəd dövriyyəsinə başlanmasını təmin etsinlər.

6. Bu Fərmanla təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş iştirakçılara 2013-cü il iyulun 1-dən idarələrarası elektron sənəd dövriyyəsinə başlanmasını təmin etmək tövsiyə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 sentyabr 2012-ci il

   № 692

 

 

Azərbaycan Respublikası Prezidentinin

2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)”nın 7.2.4.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və idarələrarası elektron sənəd dövriyyəsi sisteminin (bundan sonra - sistem) yaradılması, idarə olunması və bu sistemdən istifadə qaydalarını müəyyən edir.

1.2. Sistemin təşkilatçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir.

1.3. Sistemin iştirakçıları aşağıdakılardır: [1]

1.3.1. dövlət orqanları;

1.3.2. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər;

1.3.3. bu Əsasnaməyə əlavə edilmiş siyahıda nəzərdə tutulan qurumlar.

1.4. Bu Əsasnamədə elektron sənəd dövriyyəsi dedikdə sistemin iştirakçıları arasında elektron sənəd mübadiləsinin və sistem çərçivəsində sənədlərin hərəkəti üzrə uçotun aparılması nəzərdə tutulur. [2]

1.5. Bu Əsasnamə dövlət sirri təşkil edən məlumatların dövriyyəsinə şamil edilmir.

1.6. Sistemin əsas prinsipləri aşağıdakılardır:

1.6.1. sistemdən eyni zamanda bir neçə iştirakçının istifadə etməsinin texnoloji cəhətdən mümkün olması;

1.6.2. sistemin iştirakçıları tərəfindən informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların, formatların, protokolların və proqram-texniki vasitələrin tətbiq edilməsi;

1.6.3. sistemin iştirakçıları tərəfindən yalnız sertifikatlaşdırılmış proqram təminatı və proqram-texniki vasitələrindən istifadə edilməsi;

1.6.4. verilən məlumatların tamlığının təmin edilməsi;

1.6.5. idarələrarası elektron sənəd dövriyyəsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi;

1.6.6. Elektron sənədlərlə bağlı kargüzarlığın Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun həyata keçirilməsi. [3]

 

2. Sistemin texniki-texnoloji infrastrukturu

 

2.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı elementlərdən ibarətdir:

2.1.1. sistemin əsas qovşağı;

2.1.2. sistem iştirakçılarının qovşaqları;

2.1.3. mühafizə olunan rabitə kanalları.

2.2. Sistemin əsas qovşağının texniki vasitələrinə sənəd dövriyyəsi sistemi, poçt serverləri, sertifikat mərkəzinin proqram-aparat vasitələri, informasiyanı mühafizə vasitələri, sistem iştirakçılarının qarşılıqlı fəaliyyətinin proqram təminatı və digər proqram-texniki vasitələr aiddir.

2.3. Sistem iştirakçılarının qovşaqlarının texniki vasitələrinə server (o cümlədən ehtiyat server), kommunikasiya avadanlığı, informasiyanın mühafizə vasitələri və avtomatlaşdırılmış iş yerləri aiddir. [4]

2.4. Sistem iştirakçılarının qovşaqlarının texniki vasitələri sistemin operatoru tərəfindən onlara müvəqqəti istifadə üçün təmənnasız olaraq verilir. Texniki vasitələrin verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Texniki vasitələr onların mühafizəsini, həmçinin göndərilən və qəbul edilən sənədlərin təhlükəsizliyini təmin edən otaqlarda yerləşdirilməlidir.

2.5. Sistem iştirakçılarının qovşaqlarında əlavə texniki vasitələrin yerləşdirilməsi və (və ya) onların yerinin dəyişdirilməsi zərurəti yarandıqda, rabitə kanallarının çəkilməsi, avadanlığın və proqram təminatının alınması üzrə kompleks işlər sistem iştirakçısının maliyyə vəsaiti hesabına sistem operatoru tərəfindən həyata keçirilir.

 

3. Sistemin təşkilatçısı

 

3.0. Sistem təşkilatçısının əsas funksiyaları aşağıdakılardır:

3.0.1. sistem çərçivəsində elektron sənəd dövriyyəsini, habelə informasiya mühafizəsinin təmin edilməsini tənzimləyən hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, bu tələblər pozulduqda isə elektron sənəd mübadiləsini qadağan etmək və ya dayandırmaq;

3.0.2. sistem operatorunun və iştirakçılarının idarələrarası elektron sənəd dövriyyəsinə məsul olan rəhbər şəxsləri barədə məlumatlı olmaq;

3.0.3. sistemin təşkilati və metodiki təminatını həyata keçirmək.

 

4. Sistemin operatoru

 

4.1. Sistem operatorunun əsas funksiyaları aşağıdakılardır:

4.1.1. sistemin əsas qovşağında olan və sistem iştirakçılarının qovşaqlarına mühafizə olunan rabitə kanalları ilə göndərilən informasiyanı icazəsiz daxilolmalardan və təhrifetmələrdən mühafizə etmək;

4.1.2. sistemin iştirakçıları arasında elektron sənəd mübadiləsini həyata keçirmək;

4.1.3. sistemin texniki-texnoloji infrastrukturunun istismarını təmin etmək;

4.1.4. sistemin informasiya təhlükəsizliyini təmin etmək;

4.1.5. sistem iştirakçılarında elektron sənəd mübadiləsini bilavasitə həyata keçirən məsul şəxslərin sistemdən istifadə vərdişlərinin formalaşdırılmasını və daim təkmilləşdirilməsini sistemin təşkilatçısı ilə birlikdə təmin etmək.

4.2. Sistemin operatoru sistemin texniki‑texnoloji infrastrukturunun yaradılmasını sistem iştirakçılarının qovşaqlarının yaradılması və sistemin əsas qovşağından sistem iştirakçılarının qovşaqlarına qədər rabitə kanallarının təşkili yolu ilə həyata keçirir. Sistemin rabitə kanallarının təşkili üçün sistem operatorunun rabitə kanallarından istifadə olunur.

4.3. Sistemin operatoru texniki və mühafizə vasitələrinin sazlanmasını, habelə xüsusi proqram təminatının quraşdırılmasını həyata keçirir.

4.4. Sistemin texniki-texnoloji infrastrukturunun istismarının təmin edilməsi sistemin operatoru tərəfindən aşağıdakı kompleks işlərin yerinə yetirilməsi yolu ilə həyata keçirilir:

4.4.1. proqram-texniki vasitələrin işlək vəziyyətdə olmasının təmin edilməsi;

4.4.2. proqram-texniki vasitələrin istismarı zamanı aşkar edilən səhvlərin və nasazlıqların təhlil edilməsi və aradan qaldırılması;

4.4.3. sıradan çıxmış proqram-texniki vasitələrin təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi;

4.4.4. informasiya təhlükəsizliyinin təmin edilməsi;

4.4.5. sistemin əsas qovşağında yerləşən məlumat bazalarının saxlanılması, bərpa edilməsi və ehtiyat surətinin yaradılması qaydalarının, habelə virus əleyhinə bazaların yenilənməsi qaydasının müəyyən edilməsi.

4.5. Sistem elektron sənədlərə baxılmasının gedişatı barədə sistemin iştirakçıları üçün xəbərdarlıq verilməsini təmin etməlidir.

 

5. Sistemin iştirakçıları

 

5.1. Sistem iştirakçılarının əsas funksiyaları aşağıdakılardır:

5.1.1. sistem iştirakçılarının qovşaqlarının və bu qovşaqların texniki vasitələrinin yerləşdirilməsi üçün xüsusi texniki otaqlar ayırmaq, həmin otaqlara dair rejim tədbirlərinin təşkil edilməsini həyata keçirmək; [5]

5.1.2. idarələrarası elektron sənəd dövriyyəsi çərçivəsində elektron sənəd mübadiləsini bilavasitə həyata keçirəcək məsul şəxsləri müəyyən etmək;

5.1.3. mühafizə olunan rabitə kanalı ilə göndərilənədək informasiyanın icazəsiz daxilolmalardan və təhrifetmələrdən mühafizəsini təmin etmək.

5.2. İşlənilən materialların (səyyar informasiya daşıyıcıları, printerlər üçün kartriclər və s.) alınmasının maliyyələşdirilməsi sistemin iştirakçıları tərəfindən həyata keçirilir.

 

 


 

 

“İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”yə

ƏLAVƏ

 

 

İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların

 

SİYAHISI

 

1. Azərbaycan Milli Elmlər Akademiyası;

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu; [6]

3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;

4. Azərbaycan Respublikasının Auditorlar Palatası;

5. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti;

6. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası;

7. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası;

8. Publik hüquqi şəxslər. [7]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 iyul 2016-cı il tarixli 993 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2016-cı il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1264)

  1. 11 mart 2019-cu il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 418)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 iyul 2016-cı il tarixli 993 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2016-cı il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1264) ilə 1.3.1-ci yarımbənddən “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti,” sözləri çıxarılmışdır.

 

11 mart 2019-cu il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 418) ilə “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 1.3.-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.3. Sistemin iştirakçıları aşağıdakı dövlət orqanları və qurumlardır:

1.3.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının aparatları, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi;

1.3.2. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Milli Televiziya və Radio Şurasının aparatları, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi;

1.3.3. yerli icra hakimiyyəti orqanları;

1.3.4. bu Əsasnaməyə əlavə edilmiş siyahıda nəzərdə tutulmuş qurumlar.

 

[2] 11 mart 2019-cu il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 418) ilə “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 1.4-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.4. Bu Əsasnamədə elektron sənəd dövriyyəsi dedikdə, sistemin iştirakçıları arasında elektron sənədlərin nizamlanmış hərəkəti ilə bağlı aşağıdakı informasiya prosesləri nəzərdə tutulur:

1.4.1. Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının və tapşırıqlarının (tövsiyələrinin) elektron formada göndərilməsi;

1.4.2. sistemin iştirakçıları tərəfindən elektron sənədlərə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırıqlarına (tövsiyələrinə) baxılması nəticələri barədə informasiyanın elektron formada göndərilməsi;

1.4.3. sistemin iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciətlərin, o cümlədən hüquqi aktların layihələrinin elektron formada təqdim edilməsi;

1.4.4. sistemin iştirakçıları arasında hüquqi aktların layihələri üzrə razılaşdırma prosedurlarının elektron formada həyata keçirilməsi.

 

[3] 14 iyul 2016-cı il tarixli 993 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2016-cı il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1264) ilə 1.6.6-cı yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.6.6. elektron sənəd dövriyyəsinin qanunvericiliklə müəyyən edilmiş kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilməsi.

 

[4] 11 mart 2019-cu il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 418) ilə “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 2.3-cü bəndinə “server” sözündən sonra “(o cümlədən ehtiyat server)” sözləri əlavə edilmişdir.

 

[5] 11 mart 2019-cu il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 418) ilə “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 5.1.1-ci yarımbəndinə “xüsusi” sözündən sonra “texniki” sözü əlavə edilmişdir.

 

[6] 11 mart 2019-cu il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 418) ilə “İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların siyahısı”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələri ləğv edilmişdir.

 

[7] 14 iyul 2016-cı il tarixli 993 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2016-cı il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1264) ilə Əsasnaməyə əlavədə - “İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların Siyahısı”nın 7-ci hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 8-ci hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status