AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.10.2003
QEYDİYYAT NÖMRƏSİ
974
ADI
Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2003, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 579)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.10.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydalarının təsdiq edilməsi haqqında

Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydaları" (əlavə olunur) təsdiq edilsin.

2. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№ 974


 

 

Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 23 oktyabr tarixli, 974 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması

 

QAYDALARI [1]

 

1. Bu Qaydalar "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununa və "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması qaydalarını və şərtlərini, eləcə də ödənilən haqqın miqdarını və onun təyin olunması meyarlarını müəyyən edir.

2. Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərə faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi və istismarına görə ödənişlər daxildir. Ödənişlər Mineral-Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ödənilir.

3. Faydalı qazıntıların çıxarılmasına görə ödənişlər "Mədən vergisi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq ödənilir. Faydalı qazıntıların çıxarılması üçün verilmiş dağ-mədən ayırmasının sərhədlərində istifadəçidən faydalı qazıntının kəşfiyyatına görə ödəniş alınmır.

4. Bu Qaydaların icrası mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün yertəki istifadəçiləri üçün məcburidir.

5. Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlər istifadənin növlərindən asılı olaraq pul ödənişləri, çıxarılan mineral-xammalın və ya istifadəçi tərəfindən istehsal olunan digər məhsulların bir hissəsi, xidmət göstərilməsi formalarında ola bilər. Ödənişlərin formasını öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müəyyən edir. [2]

6. Faydalı qazıntı yataqlarının axtarışı və qiymətləndirilməsinə görə haqqın miqdarı faydalı qazıntının növündən, rayonun iqtisadi-coğrafi şəraitindən asılı olaraq görüləcək işlərin dəyərinin 1-2 faizini təşkil etməklə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.

7. Faydalı qazıntı yataqlarının axtarışı və qiymətləndirilməsi işlərinin aparılmasına görə ödənişlərin miqdarı sahənin hər kvadrat kilometrinə görə və hər il üçün müəyyən edilir. Sahənin 1 kvadrat kilometrinə görə illik ödənişlər ümumi ödəniş normasını (işlərin ümumi dəyərinin 1-2 faizini) ayrılmış ərazinin sahəsinə və işin müddətinə bölməklə hesablanır.

Yer təki istifadəçisi tərəfindən axtarış və qiymətləndirmə işləri aparılmış sahənin bir hissəsi geri qaytarıldıqda o, həmin sahəyə görə sonrakı ödənişlərdən azad edilir.

8. Faydalı qazıntı yataqlarının kəşfiyyatına görə ödənişlərin alınması şərtləri eynilə axtarış işlərində olduğu kimidir. Kəşfiyyata görə haqqın miqdarı görüləcək işlərin dəyərinin 3-5 faizini təşkil etməklə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.

9. Axtarış və kəşfiyyat işlərinin başa çatdırılması üçün yerin təkindən istifadə müddəti uzadıldıqda, əvvəlcə müəyyən edilmiş ödənişin miqdarı 1,5 dəfə artırılır. Axtarış və kəşfiyyat işləri başa çatdıqdan sonra ödənişlərin miqdarı işlərin faktiki dəyəri nəzərə alınmaqla, vergi orqanları tərəfindən yenidən hesablanır.

10. Axtarış və kəşfiyyat işləri ilə yanaşı faydalı qazıntının hasilatı aparıldığı halda, həmin faydalı qazıntının çıxarılmasına görə ödənişlər "Mədən vergisi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq ödənilir.

11. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədi ilə yerin təkindən istifadəyə görə ödənişlərin miqdarı istifadəyə verilən yer təkinin hüdudlarının ölçülərindən, faydalılığından, ondan istifadə zamanı ekoloji tarazlığın pozulma təhlükəsinin səviyyəsindən və dağ-texniki şəraitindən asılı olaraq, görüləcək işlərin və onun istismarı zamanı göstərilən xidmətlərin dəyərinin 1-3 faizini təşkil etməklə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilir. Ödənişlər qurğuların maya dəyərinə daxil edilir.

12. Dəniz dibi sahələrindən və akvatoriyasından istifadə haqqının miqdarı sahənin yerləşməsindən və konfiqurasiyasından, su qatının qalınlığından, dəniz dibinin təkindən istifadənin məqsədlərindən asılı olaraq bu Qaydaların 6-11-ci bəndlərinə uyğun müəyyən edilir.

13. Dağ-mədən işləri ilə əlaqədar istehsalat tullantılarından istifadəyə görə ödənişlərin miqdarı müvafiq faydalı qazıntının hasilatına görə ödənişin (mədən vergisi) 50 faizi miqdarında olmaqla, ayrıca xüsusi razılıqla (lisenziya) və ya icazə ilə müəyyən olunur. [3]

14. Yerin təkindən istifadəyə görə ödənişlərdə istisnalar aşağıdakı hallarda tətbiq edilir:

- hüquqi və fiziki şəxslərin mülkiyyətində olan və ya icarəyə götürülmüş torpaq sahəsində öz ehtiyaclarının ödənilməsi üçün müəyyən olunmuş qaydada ümumi yayılmış faydalı qazıntılar ( 5 m dərinliyədək) və təzyiqsiz yeraltı sular hasil edildikdə;

- yer təkinin öyrənilməsinə dair elmi tədqiqat və dövlət proqramları ilə aparılan geoloji işlər, zəlzələlərin proqnozlaşdırılması, mühəndis - geoloji araşdırmalar, geoekoloji tədqiqatlar, yeraltı suların rejiminə və balansına nəzarət, eləcə də yerin təkinin bütövlüyünü pozmamaqla görülən digər işlər elmi, mədəni, estetik, müalicə-sağlamlıq əhəmiyyətinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılması üçün işlər aparıldıqda.

Mürəkkəb dağ-mədən-geoloji şəraitdə yerləşən, yaxud aşağı keyfiyyətə malik, o cümlədən çətin çıxarılan, kondisiyaya uyğun olmayan, faydalı qazıntıların əvvəl dövlət balansından silinmiş ehtiyatlarını saxlayan yataqların istifadə edilməsini, örtük və yan süxurlardan, dağ-mədən və onunla əlaqədar emal istehsalatının tullantılarından istifadəni, eləcə də əsas və yanaşı komponentlərin istehsalını, ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqini həvəsləndirmək məqsədilə yer təkinin istifadəçiləri yerin təkindən istifadəyə görə ödənişlərdən qismən azad oluna bilərlər.

15. Yer təki istifadəçilərinə aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqlarının istismarına görə güzəştlər aşağıdakı hallarda verilir:

kəşf edilmiş ehtiyatların səmərəli istifadəsi qaydasının pozulması ilə əlaqədar olmayan və nadir faydalı qazıntılar aşağı iqtisadi səmərəlik şəraitində çıxarılarsa;

yatağın zəngin sahələrinin seçmə üsulu ilə işlədilməsi nəticəsində faydalı qazıntının keyfiyyətinin pisləşməsi halları istisna edilməklə aşağı keyfiyyətli qalıq ehtiyatlardan faydalı qazıntı hasil edilərsə.

16. Yerin təkindən istifadəyə görə ödənişlərdə istisnalar və güzəştlərin müəyyən edilməsi haqqında qərar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəyi nəzərə alınmaqla, yer təki istifadəçisinin təqdim etdiyi geoloji-iqtisadi, dağ-texniki və texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilir.

 


 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

2.       12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)

3.       13 iyul 2021-ci il tarixli 1393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə “Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydaları”nın 5-ci, 11-ci və 16-cı bəndlərində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” və “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin” sözləri müvafiq olaraq “Fövqəladə Hallar Nazirliyi” və “Fövqəladə Hallar Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 13 iyul 2021-ci il tarixli 1393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145) ilə 5-ci hissənin ikinci cümləsi çıxarılmışdır.

 

[3] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə “Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydaları”nın 13-cü bəndində “xüsusi razılıqla (lisenziya)” sözlərindən sonra “və ya icazə ilə” sözləri əlavə edilmişdir.

 

13 iyul 2021-ci il tarixli 1393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145) ilə 13-cü hissədən olmaqla, ayrıca xüsusi razılıqla (lisenziya) və ya icazə ilə sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status