AKTIN NÖVÜ
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
26.12.2011
QEYDİYYAT NÖMRƏSİ
63
ADI
“Müqəddəs kitabları öyrənmə kurslarının (qruplarının) fəaliyyətinə nəzarət Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.12.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201112260063
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.12.2011
Azərbaycan Respublikasının

AZƏRBAYCAN RESPUBLİKASININ

DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

 

Q Ə R A R

 

№ 63

 

Bakı şəhəri                                                                                    26 ” dekabr 2011-ci il

 

“Müqəddəs kitabları öyrənmə kurslarının (qruplarının) fəaliyyətinə nəzarət Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi barədə [1]

 

1. “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət Qaydaları”nın yeni redaksiyası “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 162-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 465 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası məqsədi ilə hazırlanmışdır.

Bu zərurət ondan irəli gəlmişdir ki, 162-IVQD nömrəli, 10.06.2011-ci il tarixli Qanunla “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilmişdir: “Dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır.”.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.13-cü bəndinə əsasən, müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi Komitənin vəzifələrindən biridir. [2]

Qeyd edilənləri, o cümlədən 01.11.2011-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində bu sənədin olmadığını nəzərə alaraq, qərara alıram:

1. “Müqəddəs kitabları öyrənmə kurslarının (qruplarının) fəaliyyətinə nəzarət Qaydaları” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Hüquq və qeydiyyat şöbəsinə tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş Qaydaların üç (3) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Qaydaların qəbul edilməsi ilə əlaqədar “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 06 nömrəli, 15.04.2010-cu il tarixli əmri ləğv edilsin.

 

 

Sədr                                                                                   Hidayət Orucov

 

 

 

“Təsdiq edilmişdir”

 

Azərbaycan Respublikasının

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

 

Qərar № 63

 

26 dekabr 2011-ci il

 

 

 

________________ H.Orucov

 

 

Müqəddəs kitabları öyrənmə kurslarının (qruplarının) fəaliyyətinə nəzarət

 

QAYDALARI [3]

 

I. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən, dini qurumlar tərəfindən nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılan müqəddəs kitabları öyrənmə kurslarının (qrupların) (bundan sonra - kurslar) fəaliyyətinə nəzarət qaydalarını müəyyən edir. [4]

1.2. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.13-cü bəndinə əsasən, müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi Komitənin vəzifələrindən biridir və bu əsasla həmin kursların fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Komitə) həyata keçirir.

1.3. Dini qurumlar kursların yaradılması barədə Komitəyə məlumat verirlər.

1.4. Məlumatda aşağıdakılar göstərilir:

Kursu yaradan dini qurumun adı;  hüquqi ünvanı; dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi və verilmə tarixi; kursların dinləyicilərinin  siyahısı və onların şəxsiyyətini təsdiq edən sənədlərin nömrəsi və verilmə tarixi (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunur); kurslarda tədrisi həyata keçirən müəllimlərin siyahısı; müəllimlərin dini təhsili haqqında sənədin nömrəsi və verilmə tarixi (sənədin surəti əlavə olunur); kursun yaradılmasına dair müvafiq dini mərkəzin (idarənin) razılıq məktubunun nömrəsi və tarixi.

1.5. İslam təmayüllü dini icmalar tərəfindən təşkil olunmuş kurslarda tədris Azərbaycan Respublikasında təhsil alan ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı tərəfindən (Qurani-Kərimin öyrənilməsi kursları yalnız Azərbaycan dilində) aparılır. Qeyri-islam təmayüllü dini icmalar tərəfindən təşkil olunmuş kurslarda tədris Azərbaycan Respublikasında və ya xaricdə təhsil almış ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı tərəfindən aparılır.

1.6. Kursların tədris proqramları barədə Komitəyə məlumat verilir.

1.7. Kurslarda yalnız müqəddəs kitablar (Qurani-Kərim, İncil, Tövrat və s.) öyrənilir.

1.8. Kurslarda gün ərzində təlim müddəti 2 saatdan çox ola bilməz.

1.9. Kursların müddəti bir ildən çox olmamalıdır.

1.10. Vətəndaşların Kurslara yazılması onların dünyəvi təhsil almasına mane olmamalıdır. 

1.11. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Kurslarda tədris prosesini həyata keçirməsinə icazə verilmir.

1.12. Komitənin yayılmasına razılıq vermədiyi dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının əyani vəsait kimi istifadə edilməsinə icazə verilmir.

1.13. Kursu başa vuran şəxslərə kursu bitirməsi haqqında müvafiq sənəd (şəhadətnamə, vəsiqə və s.) verilir.

1.14. Kurslar onu yaradan dini qurumların nizamnamələrinə uyğun maliyyələşdirilir.

1.15. Kursların fəaliyyəti haqqında Komitəyə ildə bir dəfə məlumat verilir. [5]

 

II. Nəzarətin təşkili və həyata keçirilməsi

 

2.1. Komitə tərəfindən kursların fəaliyyətinin yoxlanılması, bir qayda olaraq yarım ildə bir dəfə planlı yoxlamalar əsasında keçirilir. [6]

2.2. Komitə planlı yoxlamaların aparılması üçün təqvim planı müəyyən edir. Planda yoxlamanın müddəti, onun aparılması üçün kursların siyahısı əks olunur. Yoxlamanın müddəti 3 gündən artıq olmamalıdır.

2.3. Kursların fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələb və şərtlərinin pozulması barədə müvafiq dövlət orqanlarının, həmçinin, hüquqi və fiziki şəxslərin müraciətləri daxil olduqda növbədənkənar yoxlamalar keçirilir.

2.4. Yoxlama tədbirləri Komitə sədrinin rəsmi qərarı (əmri, sərəncamı) əsasında həyata keçirilir. Həmin qərarda (əmrdə, sərəncamda) yoxlamanı keçirməyə müvəkkil edilmiş şəxsə (şəxslərə) və barəsində həmin tədbirlərin keçirilməsi nəzərdə tutulan kurslara dair məlumatlar, yoxlama tədbirlərinin həyata keçirilməsinin hüquqi əsasları, başlanma və sona çatma tarixləri göstərilməklə müddəti və s. qeyd olunur.

2.5. Komitə tərəfindən aparılan yoxlamalar aşağıdakıları əhatə edir:

- kursu təşkil etmiş dini qurumun Komitədə dövlət qeydiyyatından keçməsini;

- kursun yaradılması barədə müvafiq dini mərkəzin (idarənin) razılığının mövcudluğu;

- kursun dini qurumun hüquqi ünvanında təşkilini;

- kursun təşkili haqqında Komitəyə məlumatın verilməsini;

- kursun dinləyicilərinin yaş həddini, eləcə də tədris prosesinin hansı formada və məzmunda həyata keçirilməsini;

- kursda tədrisin kimlər tərəfindən və hansı qaydada aparılmasını;

- kursun tədris proqramının yoxlanılmasını və onlara riayət edilməsini;

- tədris prosesinin dünyəvi təhsilə mane olmamasını.

2.6. Kursların rəhbərləri nəzarəti həyata keçirmək üçün Komitənin əməkdaşlarına müvafiq şərait yaratmalıdırlar.

 

III. Kursların fəaliyyətini dayandırma

 

3. Müqəddəs kitabları öyrənməsi üçün yaradılan kurslarda normativ hüquqi aktların tələblərinə riayət olunmaması aşkar olunduqda, onların aradan qaldırılması haqqında müddəti göstərilməklə (14 gün) kurslara yazılı xəbərdarlıq təqdim edilir. Əgər xəbərdarlıqda müəyyən edilmiş müddət ərzində pozuntular aradan qaldırılmazsa, həmin kursların fəaliyyəti dayandırılır. [7]

Kursların fəaliyyətinin dayandırılması Komitə sədrinin müvafiq sərəncamı ilə təsdiq edilir.

Həmin sərəncamın surəti kursların fəaliyyətinin dayandırılması əks olunmuş məktubla birlikdə kursu yaradan dini qurumun tabe olduğu dini mərkəzə (idarəyə) göndərilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyul 2012-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207130023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2012-ci il)

2.       26 oktyabr 2021-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202110260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2021-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 oktyabr 2021-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202110260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2021-ci il) ilə adında və 1-ci hissəsində “kurslarının” sözündən sonra “(qruplarının)” sözü əlavə edilmişdir.

 

[2] 26 oktyabr 2021-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202110260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2021-ci il) ilə preambulanın 1-ci hissəsinin ikinci abzası ləğv edilmişdir, üçüncü abzasından “Həmçinin,” sözü çıxarılmışdır.

 

[3] 26 oktyabr 2021-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202110260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2021-ci il) ilə “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət Qaydaları”nın adında “kurslarının” sözündən sonra “(qruplarının)” sözü əlavə edilmişdir.

 

[4] 26 oktyabr 2021-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202110260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2021-ci il) ilə “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət Qaydaları”nın 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1. Bu Qaydalar “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinə əsasən, dini qurumlar tərəfindən nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılan, gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kurslarınının fəaliyyətinə nəzarət qaydalarını müəyyən edir.

 

[5] 13 iyul 2012-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207130023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2012-ci il) ilə “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət Qaydaları”nın 1.15-ci bəndində “mütəmadi” sözü “ildə bir dəfə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 13 iyul 2012-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207130023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyul 2012-ci il) ilə “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət Qaydaları”nın 2.1-ci bəndində, bir qayda olaraq yarım” sözləri çıxarılmışdır.

 

[7] 26 oktyabr 2021-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202110260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2021-ci il) ilə “Müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarət Qaydaları”nın 3-cü bəndinin birinci abzasında “Gənclərin və yaşlıların müqəddəs” sözləri “Müqəddəs” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status