AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.02.2012
QEYDİYYAT NÖMRƏSİ
46
ADI
“Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2012, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 189)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.02.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201202240046
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.02.2012
“Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

“Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası” təsdiq edilsin (əlavə olunur).

1-1. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 24 fevral 2012-ci il

                    № 46

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1058-IIIQ nömrəli Qanununun (bundan sonra - Qanun) 5.2-ci maddəsinə əsasən hazırlanmışdır və məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydasını müəyyən edir.

1.2. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə məişət zorakılığından zərər çəkmiş şəxsin (bundan sonra - zərər çəkmiş şəxs) yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır.

1.3. Qanunun 6.3-cü maddəsinə əsasən məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır.

1.4. Qanunun 7.0.8-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanılması üçün əsaslar müəyyən edilmədiyi halda, cinayət təqibini həyata keçirən orqan həmin şikayəti zərər çəkmiş şəxsin  yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına göndərir.

1.5. Qanunun 6.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayə orqanları, təhsil və tibb müəssisələri, yardım mərkəzləri xidməti vəzifələrinin həyata keçirilməsi zamanı məişət zorakılığının törədilməsi barədə aldığı şikayətləri zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına təqdim edirlər. [2]

1.6. Qanunun 8.0.2-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı daxil olmuş şikayətdə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat olduqda, həmin şikayət aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərilir.

1.7. Məişət zorakılığı ilə bağlı daxil olmuş məlumat üzrə kargüzarlıq konfidensiallıq rejiminə riayət edilməklə, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun aparılır.

 

2. Məişət zorakılığı üzrə araşdırmanın aparılmasının səbəbləri

 

2.1. Qanunun 6.1-ci maddəsinə əsasən məişət zorakılığı üzrə araşdırmanın aparılmasına aşağıdakılar səbəb ola bilər:

2.1.1. zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti;

2.1.2. fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya tibb müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər.

 

3. Məişət zorakılığı ilə bağlı şikayətə baxılma qaydası

 

3.1. Məişət zorakılığı ilə bağlı şikayətə 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Həmin müddətdə Qanunun 8-ci maddəsinə uyğun olaraq ilkin araşdırma aparılmalı, məişət zorakılığı faktının mövcudluğu aşkar edildikdə, zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməli və məişət zorakılığı halının aradan qaldırılması ilə bağlı gələcək fəaliyyət müəyyən edilməlidir.

3.2. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə xüsusatları öyrənmək lazım gəldiyi hallarda, bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş müddət 5 (beş) gündən çox olmayaraq uzadıla bilər.

3.3. Məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatda göstərilən halların müəyyən edilməsi məqsədi ilə tərəflər ayrılıqda dinlənilir və müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparılır.

3.4. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Dinlənilən şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçidən istifadə olunur.

3.5. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin edilməlidir. [3]

3.6. Araşdırma zamanı müraciət etmiş şəxsə onun hüquqları, zorakılığı törədən şəxsin məsuliyyətə cəlb edilməsi, habelə bu məsələ ilə bağlı məhkəməyə müraciət qaydası izah edilir, zərər çəkmiş şəxsə hüquqi yardım göstərilir, yardım mərkəzində müvəqqəti sığınacaqla, mövsümi geyim və qida məhsulları ilə, tibbi və psixoloji yardımla təmin edilir.

3.7. Araşdırmanı aparan orqan tərəfindən tərəflərin münasibətlərinin normallaşmasına və ailə münasibətlərinin bərpa olunmasına kömək göstərilməli, habelə məişət zorakılığından əziyyət çəkən yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı tədbirlər həyata keçirilməlidir.

 

4. Şikayətə baxılmasının nəticələrinə dair qərar

 

4.1. Qanunun 9-cu maddəsinə əsasən məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq, aşağıdakı qərarlardan biri qəbul olunur:

4.1.1. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə cinayət və inzibati məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

4.1.2. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

4.1.3. əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

4.1.4. zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

4.1.5. zərər çəkmiş şəxsin yardım mərkəzində sığınacaqla təmin edilməsi.

 

5. Məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və qısamüddətli mühafizə orderinin verilməsi

 

5.1. Qanunun 11-ci maddəsinə əsasən məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.

5.2. Müraciət edilən vaxtdan 24 saat keçənədək, zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərər çəkmiş şəxsə 30 (otuz) gün müddətinədək qısamüddətli mühafizə orderi verilir.

5.3. Məişət zorakılığı ilə bağlı verilmiş xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən nəzarət edilir. Xəbərdarlığın icrasına nəzarət məişət zorakılığı törətmiş şəxsin hərəkətlərinin diqqət mərkəzində saxlanılması, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında həyata keçirilir. 

5.4. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər.

5.5. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.

5.6. Qanunun 10.2-ci maddəsinə əsasən qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:

5.6.1. məişət zorakılığının təkrar törədilməsi;

5.6.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda, həmin şəxsin axtarılması;

5.6.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

5.7. Qısamüddətli mühafizə orderi icra haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunur.

 

6. Məişət zorakılığı barədə şikayətə baxılarkən, konfidensiallığın təmin edilməsi

 

6.1. Qanunun 17-ci maddəsinə əsasən şəxs barəsində məişət zorakılığının törədilməsi faktı və zərər çəkmiş şəxslərə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı barəsində müəyyən edilmiş məlumatlar konfidensial hesab edilir.

6.2. Məişət zorakılığı ilə bağlı müraciətlərin araşdırılması, zərər çəkmiş şəxslərə yardımın göstərilməsi zamanı məlumatların konfidensiallığı, şəxsi və ailə sirrinin yayılmaması təmin edilməlidir.

6.3. Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” qanunları ilə müəyyən edilmiş hallarda və qaydada verilə bilər. Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.

6.4. Xidməti fəaliyyəti ilə bağlı məişət zorakılığı barədə müraciətlərin araşdırılması zamanı məlumatların konfidensiallığını təmin etməyən vəzifəli şəxslər inzibati məsuliyyət daşıyırlar.

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518)

2.       30 noyabr 2020-ci il tarixli 469 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1412)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518) ilə yeni məzmunda 1-1-ci hissə əlavə edilmişdir.

 

[2] 30 noyabr 2020-ci il tarixli 469 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1412) ilə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın 1.5-ci bəndində və 2.1.2-ci yarımbəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.

 

[3] 7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518) ilə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın 3.5-ci bəndində “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status