AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.04.2010
QEYDİYYAT NÖMRƏSİ
76
ADI
“Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2010, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 366)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.04.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında

“Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 23 aprel 2010-cu il

     № 76

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 23 aprel tarixli, 76 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı

 

1. Ümumi müddəalar

 

1.1. Orta ixtisas təhsilinin dövlət standartı və proqramı (bundan sonra — dövlət standartı) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və orta ixtisas təhsili sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla, vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.

Dövlət standartı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün orta ixtisas təhsili müəssisələrinə şamil olunur. Qüvvədə olma müddəti 5 ildir.

1.2. Orta ixtisas təhsilinin məqsədi cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasından ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin etməkdən ibarətdir.

1.3. Orta ixtisas təhsilinin dövlət standartı aşağıdakıları müəyyən edir:

- orta ixtisas təhsilinin məzmununu;

- orta ixtisas təhsilinin idarə olunmasını;

- orta ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasını;

- orta ixtisas təhsilinin infrastrukturunu;

- təhsilverənlərin keyfiyyət göstəricilərini;

- təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.

1.4. Azərbaycan Respublikasında orta ixtisas təhsili pilləsində orta ixtisas təhsili üzrə təhsil proqramları tətbiq edilir və proqramların müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir. Bu proqramlar orta ixtisas təhsilinin dövlət standartına uyğun təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edir.

Orta ixtisas təhsili müəssisələrində ümumi orta təhsil bazasından təhsilalanlara tam orta təhsil də verilir.

 

2. Orta ixtisas təhsilinin məzmunu

 

2.1. Orta ixtisas təhsilinin məzmununa və təşkilinə dair minimum tələblər aşağıdakılardır:

- təhsilalanlarda (tələbələrdə) müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabətqabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;

- öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;

- təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatının daha səmərəli ödənilməsini, şəxsiyyət kimi inkişaf etməsini və təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;

- yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;

- cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;

- orta ixtisas təhsili müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.

2.2. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrində tədris dili dövlət dili — Azərbaycan dilidir. Təhsil müəssisələrinin imkanları nəzərə alınaraq, təlim xarici dillərdə də aparıla bilər.

 

3. Orta ixtisas təhsilinin idarə olunması

 

3.1. Orta ixtisas təhsili müəssisələri (kolleclər) aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və öz Nizamnaməsinə uyğun idarə edilir.

3.2. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə orta ixtisas təhsili müəssisəsində idarə və özünüidarə orqanları (himayəçilər, metodiki, pedaqoji, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər.

3.3. Orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Pedaqoji Şura haqqında” Əsasnamə və təhsil müəssisəsinin Nizamnaməsi ilə tənzimlənir.

3.4. Orta ixtisas təhsili müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən direktor həmin müəssisənin Nizamnaməsinə uyğun həyata keçirir.

3.5. Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində fəaliyyət göstərən bütün orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

 

4. Orta ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazası

 

4.1. Orta ixtisas təhsili müəssisəsinin maddi-texniki və tədris bazası daşınar və daşınmaz əmlakdan ibarətdir.

4.2. Orta ixtisas təhsili müəssisəsinin maddi-texniki və tədris bazası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən normativlərə uyğun olmalıdır.

 

5. Orta ixtisas təhsilinin infrastrukturu

 

5.1. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir.

5.2. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərir. Onların yaradılması, təşkili və yenidən təşkili mövcud qanunvericiliyə uyğun həyata keçirilir.

5.3. Orta ixtisas təhsili pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:

- əyani;

- qiyabi;

- distant (məsafədən);

- sərbəst (eksternat).

Bu formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

5.4. Orta ixtisas təhsili proqramlarının əyani forma üzrə normativ təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 3-4 il, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə 2-3 ildir (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır). Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.

5.5. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara “subbakalavr” ixtisas dərəcəsi və dövlət nümunəli sənəd — diplom verilir.

5.6. Orta ixtisas təhsili haqqında diplom onun sahibinə ali təhsil pilləsinin bakalavr səviyyəsinə daxil olmaq və ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

5.7. Orta ixtisas təhsili pilləsini fərqlənmə diplomu ilə başa vuran məzunlar (subbakalavrlar) ali təhsilin bakalavr səviyyəsində uyğun ixtisaslar üzrə təhsillərini davam etdirdikləri halda, orta ixtisas təhsili pilləsində müvafiq fənlərdən qazandıqları kreditlər (həmin fəndən “əla” qiymət olduqda) nəzərə alına bilər.

Həmin fənlərin müəyyənləşdirilməsi və onların kreditlərinin nəzərə alınması ali təhsil müəssisələri tərəfindən müvafiq qaydalara uyğun həyata keçirilir.

5.8. Müxtəlif səbəblərdən orta ixtisas təhsili proqramını başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada müvafiq forma üzrə arayış verilir.

 

6. Təhsilverənlərin keyfiyyət göstəriciləri

 

Orta ixtisas təhsili müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aşağıdakılar daxildir:

- öz fəaliyyətlərində innovativ təlim, informasiya-telekommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etmək;

- ali təhsilli olmaqla yanaşı, orta ixtisas təhsili sahəsi üzrə istehsalat və ya pedaqoji təcrübəyə malik olmaq.

Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.

 

7. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi

 

7.1. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi qiymətləndirmə yolu ilə müəyyənləşdirilir.

7.2. Təhsilalanların biliyinin qiymətləndirilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarı ilə onun yüksəldilməsinə xidmət etməkdir.

7.3. Orta ixtisas təhsili üzrə təlim proqramını (kurikulumu) mənimsəmiş, aralıq və dövlət buraxılış imtahanından müvəffəq qiymət almış tələbələrə ixtisas dərəcəsi və həmin pilləni bitirməsi haqqında diplom verilir.

7.4. Orta ixtisas təhsili müəssisələrində təhsilalanların biliyinin qiymətləndirilməsində aşağıdakı prinsiplər nəzərdə tutulmalıdır:

- qiymətləndirmə kriteriyalarının ölçüləbilən və etibarlı olması;

- qiymətləndirmədə müxtəlif metod və vasitələrdən istifadə edilməsi;

- qiymətləndirmədə ədalətliliyin, obyektivliyin, şəffaflığın təmin olunması və qiymətin əsaslandırılması;

- qiymətləndirmədə təhsilalanların özünüqiymətləndirmə bacarığının formalaşmasına, onlarda öz təlimlərini yaxşılaşdırılması istəyinin yaradılmasına və təlimin keyfiyyətinin yüksəlməsinə nail olması.

7.5. Ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilmə səviyyəsi və keyfiyyəti müvafiq qaydalar əsasında cari, aralıq və dövlət attestasiyası zamanı müəyyənləşdirilir. Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir.

Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsilalanların biliyi aşağıdakı kimi qiymətləndirilir:

 

51 baldan aşağı

“qeyri-kafi”

F

51-60 bal

“qənaətbəxş”

E

61-70

“kafi”

D

71-80

“yaxşı”

C

81-90

“çox yaxşı”

B

91-100

“əla”

A

 

Orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər. [1]

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir.

 

8. Orta ixtisas təhsili proqramı

 

8.1. Orta ixtisas təhsili proqramları (kurikulumlar) təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir.

8.2. Azərbaycan Respublikasında orta ixtisas təhsili orta ixtisas təhsili proqramları üzrə həyata keçirilir.

Orta ixtisas təhsili proqramına aşağıdakılar daxildir:

8.2.1 orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı.

Təsnifat respublika iqtisadiyyatının və sosial sahənin perspektiv inkişaf istiqamətləri və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlər nəzərə alınmaqla hazırlanır.

Təsnifat Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir;

8.2.2. orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təlim nəticələrini və məzmun standartlarını, tədris olunan fənləri, həftəlik dərs yükünü və dərsdənkənar məşğələ saatlarının miqdarını və sair özündə əks etdirən müvafiq təhsil proqramları.

Bu proqramlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir;

8.2.3. pedaqoji prosesin təşkili, tədris planları, fənn proqramları, metodik təminatla bağlı tövsiyələr, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları.

Pedaqoji prosesin təşkili, tədris planlarının hazırlanması və təsdiqi orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Fənn proqramları və metodik təminatla bağlı tövsiyələr Azərbaycan Respublikasının Təhsil Nazirliyi, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. [2]

8.3. İxtisaslar üzrə təhsil proqramlarının strukturu aşağıdakı kimi müəyyən olunur:

- ümumi müddəalar;

- məzunların ixtisas xarakteristikaları və səriştəliliyi;

- təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər;

- maddi-texniki, tədris bazası və kadr potensialı;

- tədris prosesinin forma və metodları;

- yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə.

Orta ixtisas təhsili üzrə təhsil proqramlarında aşağıdakı fənn bölümləri nəzərdə tutulur:

- humanitar fənlər;

- ümumtəhsil fənləri (ümumi orta təhsil bazasından təhsil alanlar üçün);

- ixtisasın peşə hazırlığı fənləri.

Tam orta təhsil bazasından təhsilalanların ümumi auditoriya saatlarının 20-25 faizi — humanitar, 75-80 faizi isə peşə hazırlığı fənlərinin tədrisinə ayrılır.

Ümumi orta təhsil bazasından təhsilalanların ümumtəhsil fənlərinin həcmi ümumi saatların 30-40 faizini təşkil edir.

Humanitar fənn bölümünə məcburi fənlər kimi “Azərbaycan tarixi”, “Azərbaycan dili” (xarici dildə təhsil alanlar üçün), “Xarici dil” fənləri daxildir.

Orta ixtisas təhsili üzrə təhsil proqramlarının bütün fənn bölümlərinə seçmə fənlər daxildir. Proqramlarda seçmə fənlərə ayrılan saatın həcmi ümumi saat həcminin 15-20 faizini təşkil edir. Həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

Orta ixtisas təhsili pilləsində təkrar orta ixtisas təhsili alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə başa çatır.

8.4. Orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təhsil proqramları aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilir:

8.4.1. nümunəvi tədris planı;

8.4.2. işçi tədris planı;

8.4.3. istehsalat təcrübələrinin keçirilməsinə, buraxılış işlərinin yerinə yetirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodik göstərişlər;

8.4.4. fənn proqramları;

8.4.5. fənlər üzrə işçi-tədris proqramları (sillabus);

8.4.6. fənlər üzrə tapşırıqların yerinə yetirilməsinin cədvəli;

8.4.7. dərsliklər, əyani vasitələr, təklif olunan ədəbiyyatın siyahısı;

8.4.8. nəzəri və praktiki məşğələlərin planı;

8.4.9. fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;

8.4.10. kurs işlərinin (layihələrinin), laborator və qrafik işlərin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;

8.4.11. tələbələrin biliyinin qiymətləndirilməsi üçün tədris-metodiki materiallar (yoxlama və test tapşırıqları, imtahan biletləri, tələbələrin müstəqil hazırlığı üçün suallar və s.);

8.4.12. fənnə aid proqram və multimedia vasitələri;

8.4.13. ixtisaslaşmış auditoriya, kabinet və laboratoriyaların, tədris emalatxanalarının siyahısı.

Bu dövlət standartının 8.4.1-ci, 8.4.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi, 8.4.2-ci, 8.4.4-8.4.13-cü yarımbəndlərində nəzərdə tutulan sənədlər orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir və təsdiq edilir. [3]

8.5. Orta ixtisas təhsili müəssisələrində tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunur. İxtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditlərin tələbələr tərəfindən qazanılması məcburidir. [4]

8.6. Orta ixtisas təhsili müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir:

8.6.1. Təhsilalanların auditoriya dərsləri həftədə 30 saatı aşmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. [5]

8.6.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.

Qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-200 saata qədər nəzərdə tutulur.

8.6.3. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.

8.6.4. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər. [6]

8.6.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. [7]

8.6.6. Bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət 8-20 həftədir.

8.6.7. Hər tədris ilində tətil müddəti 8-12 həftədir (o cümlədən qış tətili müddəti 2 həftədən az olmayaraq). [8]

8.6.8. Orta ixtisas təhsili müəssisələrində dərs növlərinə nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, kurs işi (layihəsi) və digərləri daxildir.

8.6.9. Akademik saat 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.

8.7. Tədris qruplarının sıxlığı maddi-texniki bazadan asılı olaraq 15-30 nəfər müəyyənləşdirilir. Eyni ixtisas üzrə olan tədris qrupunda tələbələrin sayı 30 nəfərdən az olduqda qrupun bölünməsi aparılmır. Bəzi spesifik məşğələ (xarici dil, yaradıcılıq, mədəniyyət, musiqi, incəsənət, idman və s.) və laboratoriya dərsləri üzrə tədris qrupları müvafiq normativlərə uyğun olaraq yarımqruplara bölünə bilərlər.

8.8. Əlavə orta ixtisas təhsili, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.

 

 

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 oktyabr 2012-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1003)

2.       11 oktyabr 2013-cü il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1217)

3.       21 dekabr 2017-ci il tarixli 586 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2533)

4.       18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 650) (Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.)

5.       22 dekabr 2020-ci il tarixli 504 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 dekabr 2020-ci il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1605) (Bu Qərar 2021-ci il yanvarın 1-dək qüvvədədir.)

6.       5 iyun 2021-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) (Bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 oktyabr 2012-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1003) ilə “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”nda 7.5-ci bəndin dördüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir.

21 dekabr 2017-ci il tarixli 586 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2533) ilə “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın 7.5-ci bəndinin dördüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

 

5 iyun 2021-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) (Bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.) ilə “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın 7.5-ci bəndinin üçüncü və dördüncü abzasları yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.

Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti, təhsilalanların attestasiyasının aparılması qaydası isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

 

[2] 10 oktyabr 2012-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1003) ilə “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”nda 8.2.3-cü yarımbəndin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu sənədlər səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir.

 

[3] 10 oktyabr 2012-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 11 oktyabr 2012-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1003) ilə “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”nda 8.4-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təhsil proqramları aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilir:

- nümunəvi tədris planı;

- işçi tədris planı;

- istehsalat təcrübələrinin keçirilməsinə, buraxılış işlərinin yerinə yetirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodik göstərişlər;

- fənn proqramları;

- fənlər üzrə işçi-tədris proqramları (sillabus);

- fənlər üzrə tapşırıqların yerinə yetirilməsinin cədvəli;

- dərsliklər, əyani vasitələr, təklif olunan ədəbiyyatın siyahısı;

- nəzəri və praktiki məşğələlərin planı;

- fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;

- kurs işlərinin (layihələrinin), laborator və qrafik işlərin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;

- tələbələrin biliyinin qiymətləndirilməsi üçün tədris-metodiki materiallar (yoxlama və test tapşırıqları, imtahan biletləri, tələbələrin müstəqil hazırlığı üçün suallar və s.);

- fənnə aid proqram və multimedia vasitələri;

- ixtisaslaşmış auditoriya, kabinet və laboratoriyaların, tədris emalatxanalarının siyahısı.

Bu sənədlər səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.

 

[4] 11 oktyabr 2013-cü il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1217) ilə 8.5-ci bəndə ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

 

[5] 11 oktyabr 2013-cü il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1217) ilə 8.6.1-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.6.1. tam orta təhsil bazasından təhsilalanların auditoriya dərsləri həftədə 30 saatı aşmamalıdır.

Ümumi orta təhsil bazasından təhsilalanların birinci tədris ilində auditoriya dərsləri həftədə 36 saatı, digər tədris illərində isə 30 saatı aşmamalıdır.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 (15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi) saata bərabərdir.

 

[6] 11 oktyabr 2013-cü il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1217) ilə 8.6.4-cü yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.6.4. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.

 

[7] 11 oktyabr 2013-cü il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1217) ilə 8.6.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.6.5. Tədris ili üzrə nəzəri təlimin müddəti tam orta təhsil bazasından təhsilalanlar üçün 30 həftə (hər semestr üzrə 15 həftə), imtahan sessiyasının müddəti 10 həftədir (semestrlər üzrə 5 həftə).

Ümumi orta təhsil bazasından təhsilalanlar üçün birinci tədris ilində nəzəri təlimin müddəti 36 həftə (hər semestr üzrə 18 həftə), imtahan sessiyasının müddəti 7 həftədir. Digər tədris illərində isə bu müddət müvafiq olaraq 30 həftə (hər semestr üzrə 15 həftə) və 10 həftədir (hər semestr üzrə 5 həftə).

 

[8] 11 oktyabr 2013-cü il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr 2013-cü il, № 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1217) ilə 8.6.7-ci yarımbənddə “7- 12 rəqəmləri “8- 12 rəqəmləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status