AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
17.06.1996
QEYDİYYAT NÖMRƏSİ
463
ADI
İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.06.1996
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə

İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Son zamanlar iqtisadi fəaliyyətlə məşğul olan idarə, müəssisə, təşkilat və vətəndaşlardan əsassız keçirilən yoxlamalar haqqında çoxsaylı şikayət və müraciətlər daxil olur. Dövlət nəzarətini həyata keçirən orqanların bəzi vəzifəli şəxsləri tərəfindən belə yoxlamaların aparılması bir çox hallarda qeyri-qanuni varlanma məqsədləri daşıyır və ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır.

Keçmiş SSRİ dövründən miras qalan dövlət nəzarəti mexanizmi müasir tələblərə cavab vermir və yoxlamalar zamanı vəzifəli şəxslərin öz hüquqlarından sui-istifadə etməsi üçün şərait yaradır, bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.

Respublikada yeni iqtisadi münasibətlərin yaranması və inkişafı mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq istehsal, xidmət və maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarının dəyişdirilməsini və yeni qanunvericiliklə tənzimlənməsini tələb edir.

İqtisadi münasibətlərin hazırki səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmi tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq məqsədi ilə qərara alıram:

1. İstehsal, xidmət və maliyyə-kredit fəaliyyəti sahəsində əsassız yoxlamalar qadağan edilsin.

2. Cinayət işinin istintaqı ilə bağlı hallar istisna olmaqla istehsal, xidmət və maliyyə-kredit sahələrində aparılan yoxlamaların aşağıdakı qaydada tənzimlənməsi məqsədəuyğun hesab edilsin:

idarə, müəssisə və təşkilatların iqtisadi fəaliyyətində cinayət xarakterli faktların olması haqqında prokurorluq və polis orqanlarına anonim olmayan ərizələr, şikayətlər və məlumatlar daxil olduqda müəssisələrdə, idarələrdə və təşkilatlarda yoxlama aparılması barədə Azərbaycan Respublikası Baş prokurorunun və ya onun müvafiq sahəyə baxan müavininin öz təşəbbüsləri ilə, yaxud aşağı prokurorların təqdimatına əsasən qəbul etdikləri əsaslandırılmış qərarlarının və ya respublika daxili işlər nazirinin və ya onun müvafiq sahəyə baxan müavininin qəbul etdiyi belə qərarların icra üçün Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinə göndərilməsi;

prokurorluq, polis və milli təhlükəsizlik orqanları tərəfindən müəssisələrin, idarələrin, təşkilatların və vətəndaşların istehsal, xidmət, maliyyə-kredit fəaliyyətinin yoxlanılmasının yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin yoxlamaları nəticəsində cinayət xarakterli faktların aşkar edildiyi hallarda həyata keçirilməsi;

iqtisadi cinayət xarakterli faktların aşkar edilməsi, Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında nəzərdə tutulmuş konkret məsələlərin həlli idarələrdə, müəssisələrdə və təşkilatlarda mütəxəssislər tərəfindən təxirəsalınmaz yoxlamalar, təftişlər və inventarlaşmalar aparılması zərurəti yaratdıqda Baş prokurorun, onun müvafiq sahəyə baxan müavininin və ya daxili işlər nazirinin və onun müvafiq sahəyə baxan müavininin, milli təhlükəsizlik əsaslandırılmış qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və auditor təşkilatının mütəxəssislərinin iştirakı ilə yoxlamanın aparılması.

3. Müəyyən edilsin ki, Azərbaycan Republikası qanunvericiliyi ilə bank, idarə nəzarəti və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilmiş hallardan başqa, onların təşəbbüsü ilə yoxlama, təftiş və inventarlaşmalar aparılmır. Azərbaycan Respublikasının Nazirlər Kabineti idarə nəzarətinin həyata keçirilməsi qaydaları haqqında əsasnaməni hazırlayıb bir ay müddətində təsdiq etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bankı onların üzərinə qoyulan vəzifələrin icrası zamanı qanun pozuntularına yol verilməməsi məqsədi ilə: [2]

müvafiq yoxlama və nəzarət xidmətlərinin yenidən qurulmasını, yüksək tələblərə cavab verən mütəxəssislərlə komplektləşdirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində məlumat versinlər;

aparılan yoxlamaların sayı və nəticələri haqqında hər üç aydan bir Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına məlumat versinlər;

bu fərmanda müəyyən edilən vəzifələrin icrası zamanı qarşılıqlı fəaliyyət göstərsinlər.

5. Azərbaycan Respublikası Prezidentinin yanında hüquqi islahat komissiyasının işçi qrupuna tapşırılsın ki, üç ay müddətində yoxlamaların ümumilikdə qəbul edilmiş müasir prinsiplər əsasında qurulmasını təmin edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Bu fərmanda adları çəkilən dövlət orqanlarının öz hüquqlarından sui-istifadə hallarının qarşısını almaq, yoxlamalar zamanı vətəndaşların və hüquqi şəxslərin qanuni hüquq və mənafelərini qorumaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın ki, bir ay müddətində təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 17 iyun 1996-cı il

                   № 463

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 22 iyul 2009-cu il tarixli 134 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 iyul 2009-cu il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 537)
  2. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 iyul 2009-cu il tarixli 134 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 iyul 2009-cu il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 537) ilə 2-ci bəndinin ikinci, üçüncü, dördüncü abzaslarında və 4-cü bəndinin birinci abzasında ismin müvafiq hallarında “Baş Dövlət Vergi Müfəttişliyi” sözləri ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status