AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.08.2008
QEYDİYYAT NÖMRƏSİ
804
ADI
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 05-08-2008, Nəşr nömrəsi: 171), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2008, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 712)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.08.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
090.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə bor

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi qaydasını və bu Fərmanla təsdiq edilən Qaydaların 4.2-ci bəndində nəzərdə tutulan müqavilənin formasını müəyyən etsin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 avqust 2008-ci il

    № 804

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi

 

QAYDALARI [1]

 

I. Ümumi müddəalar

 

Bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir.

 

II. Qaydaların tətbiq dairəsi

 

2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. [2]

 

III. Aylıq müavinətin məbləği

 

3.1. Bu Qaydaların II bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir:

3.1.1. peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə – 33 manat;

3.1.2. peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə – 44 manat;

3.1.3. peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə – 55 manat;

3.1.4. peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə – 66 manat;

3.1.5. həlak olduqda – 77 manat. [3]

 

IV. Aylıq müavinəti seçmək hüququ

 

4.1. Bu Qaydaların II bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər.

4.2. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır.

4.3. Aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

 

V. Müavinətin verilməsi müddəti və qaydası

 

5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. [4]

5.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. [5]

5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir.

5.5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir.

5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. [6]

 

VI. Məsuliyyət [7]

 

Bu Qaydaların pozulmasına görə təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)

2.       25 yanvar 2016-cı il tarixli 749 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 yanvar 2016-cı il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 71)

3.       19 mart 2018-ci il tarixli 1891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2018-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 441)

  1. 16 may 2019-cu il tarixli 693 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 845)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.2-ci və 5.5-ci bəndlərində "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[2] 19 mart 2018-ci il tarixli 1891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2018-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 441) ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.1. Bu Qaydalar aşağıda göstərilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur:

2.1.1. bu Qaydalar qüvvəyə minənədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri;

2.1.2. 2003-cü il 27 sentyabr tarixindən bu Qaydalar qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələri;

2.1.3. bu Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələri.

 

[3] 25 yanvar 2016-cı il tarixli 749 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 yanvar 2016-cı il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 71) ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 3.1.1-ci yarımbəndində “ 30 rəqəmləri “ 33 rəqəmləri ilə, 3.1.2-ci yarımbəndində “ 40 rəqəmləri “ 44 rəqəmləri ilə, 3.1.3-cü yarımbəndində “ 50 rəqəmləri “ 55 rəqəmləri ilə, 3.1.4-cü yarımbəndində “ 60 rəqəmləri “ 66 rəqəmləri ilə, 3.1.5-ci yarımbəndində “ 70 rəqəmləri “ 77 rəqəmləri ilə əvəz edilmişdir.

 

[4] 19 mart 2018-ci il tarixli 1891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2018-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 441) ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 5.1-ci və 5.2-ci bəndləri yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmayaraq, 2003-cü il oktyabrın 1-dən etibarən, bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci bəndlərində göstərilən dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək, 2.1.3-cü bəndində nəzərdə tutulan müəssisələrin isə onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir.

5.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Qaydaların II bölməsində göstərilən dövlət müəssisələrinin siyahısını (2003-cü il 27 sentyabr tarixindən bu Qaydalar qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi göstərilməklə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

 

[5] 16 may 2019-cu il tarixli 693 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 845) ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 5.3-cü bəndinə “yerli orqanları” sözlərindən sonra “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilmişdir.

 

[6] 19 mart 2018-ci il tarixli 1891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2018-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 441) ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 5.6-cı bəndində “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarında müəyyən olunmuş” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[7] 19 mart 2018-ci il tarixli 1891 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2018-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 441) ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın VI bölmə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status