AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
27.02.2007
QEYDİYYAT NÖMRƏSİ
255-IIIQ
ADI
Atçılıq haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2007, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 399)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.05.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Atçılıq haqqında

Atçılıq haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında atçılığın təşkilinin və idarə edilməsinin iqtisadi və hüquqi əsaslarını müəyyən edir, atçılıq subyektləri arasında münasibətləri tənzimləyir.

 

I fəsil

 

ÜMUMİ MÜDDƏALAR

M a d d ə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. atçılıq - atların yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə əlaqədar kənd təsərrüfatı fəaliyyəti;

1.0.2. atçılıq təsərrüfatları - atların yetişdirilməsi, saxlanması, istifadəsi, at cinslərinin damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi və sınağı ilə məşğul olan hüquqi və fiziki şəxslər;

1.0.3. cins atlar - eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən atlar qrupu;

1.0.4. təmizqanlı cins atlar - digər cinslərlə qarışığı olmayan, təmizlikdə yetişdirilən, eyni cinsdən olan atlar;

1.0.5. zavod at cinsləri - damazlıq özəkləri olan, atçılıq zavodlarında yetişdirilən cins atlar;

1.0.6. damazlıq atlar - mənşəyi məlum olan, Dövlət Damazlıq Kitabında qeydə alınmış və pasport (şəhadətnamə) verilmiş, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins atlar;

1.0.7. cins atların damazlıq özəyi - at cinsinin bir və ya bir neçə atçılıq təsərrüfatlarında cəmləşmiş daha qiymətli genofonda malik yaxşılaşdırıcı, döllük (damazlıq) hissəsi;

1.0.8. milli at cinsləri - Azərbaycanda xalq seleksiyası yolu ilə yaradılmış, ölkənin ayrı-ayrı regionlarında yetişdirilən və yayılan, mənşəyi məlum olan Qarabağ və Dilbaz at cinsləri;

1.0.9. yerli atlar - cins tərkibi itmiş və mənşəyi məlum olmayan yerli şəraitə uyğunlaşmış atlar.

 

M a d d ə 2. Atçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Atçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi "Damazlıq heyvandarlıq haqqında", "Seleksiya nailiyyətləri haqqında", "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. [1]

 

M a d d ə 3. Atçılıq haqqında qanunvericiliyin məqsədi

 

Atçılıq haqqında qanunvericiliyin məqsədi atçılıqda damazlıq işinin yaxşılaşdırılması, milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin qorunub saxlanması, eləcə də yüksək keyfiyyətlərə və qiymətli irsi əlamətlərə malik cins atların yetişdirilməsi və təkmilləşdirilməsi üçün hüquqi zəmin yaratmaqla Azərbaycanda atçılığın inkişafına nail olmaqdır.

 

M a d d ə 4. Atçılığın obyektləri və subyektləri

 

4.1. Atçılığın obyektləri təsərrüfatlarda yetişdirilən atlar, onların toxumları, rüşeymləri, embrionları, tövlələr, binalar, qurğular, maşın və avadanlıqlar, atçılıq ləvazimatları, habelə torpaq sahələri, örüş və otlaqlardır.

4.2. Atçılığın subyektləri atların yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslər, habelə atçılıq fəaliyyətində iştirak edən istehsal və xidmət təşkilatları, ictimai birliklər, müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələrdir.

 

II fəsil

 

ATÇILIĞIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ

 

M a d d ə 5. Atçılıq sahəsində dövlət siyasətinin istiqamətləri

 

Atçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri milli və beynəlxalq at cinslərinin genofondunun qorunmasından, təkmilləşdirilməsindən, artırılmasından, atçılıq sahəsinə xarici və yerli investisiyaların cəlb edilməsinin və bu sahədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasından, atçılığın inkişaf etdirilməsi üçün elmi nailiyyətlərin, mütərəqqi texnikanın və texnologiyanın tətbiq edilməsinə əlverişli imkanlar yaradılmasından ibarətdir.

 

M a d d ə 6. Atçılıq sahəsində dövlətin vəzifələri

 

6.1. Atçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır və müvafiq icra hakimiyyəti orqanın tərəfindən həyata keçirilir:

6.1.1. heyvandarlığın tərkib hissəsi kimi atçılıq sahəsində vahid dövlət siyasətinin aparılması;

6.1.2. atçılığın inkişafı ilə əlaqədar seleksiya-damazlıq proqramlarının hazırlanması və həyata keçirilməsi;

6.1.3. atçılıq haqqında, o cümlədən atların yetişdirilməsi, saxlanması və istifadə edilməsi, atçılıq təsərrüfatları üzrə konkret vəzifələr müəyyən edən normativ hüquqi aktların və normativ texniki sənədlərin hazırlanması və qəbul edilməsi;

6.1.4. atçılığın inkişafının dövlət tərəfindən dəstəklənməsi və stimullaşdırılması;

6.1.5. atçılıq sahəsində elmi tədqiqat işlərinin, proqramların və dövlətin vəzifələrinə aid edilən digər tədbirlərin maliyyələşdirilməsi;

6.1.6. damazlıq atların Dövlət Reyestrinin aparılması, cins atlara pasportların (şəhadətnamələrin) hazırlanması və verilməsi;

6.1.7. atçılıqla məşğul olan subyektlərin dövlət uçotunun aparılması; [2]

6.1.8. atçılıq sahəsində beynəlxalq əməkdaşlığın və dövlət nəzarətinin həyata keçirilməsi;

6.1.9. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.

 

M a d d ə 7. Atçılığın inkişafı üzrə proqramlar

 

7.1. Atçılığın inkişafı üzrə proqramlarda əsasən ölkədə yetişdirilən at cinslərinin kəmiyyət və keyfiyyətcə tərkibinin tədqiq edilməsi, milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin qorunub saxlanması və təkmilləşdirilməsi, dövlət atçılıq təsərrüfatlarının inkişaf etdirilməsi, o cümlədən maddi-texniki bazasının möhkəmləndirilməsi, ayrı-ayrı hüquqi və fiziki şəxslərin bu sahəyə investisiyalarının cəlb edilməsi, Azərbaycan Respublikasında beynəlxalq cıdır və at idmanı yarışlarının, at hərraclarının və sərgilərinin keçirilməsi, dekorativ atçılığın (poni) və turizmin inkişafı, səyahətlərin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

7.2. Atçılığın inkişafı üzrə proqramlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

 

M a d d ə 8. Cins atların dövlət qeydiyyatına alınması və atlara pasportların (şəhadətnamələrin) verilməsi

 

8.1. Cins atların uçotunun aparılması və mənşəyinin təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində yetişdirilən və istifadə edilən bütün cins atlar dövlət qeydiyyatına alınır.

8.2. Cins atların dövlət qeydiyyatı Dövlət Damazlıq Kitabında aparılır. Bu məqsədlə hər bir at cinsi üzrə aynlıqda Dövlət Damazlıq Kitabı tərtib edilir.

8.3. Cins atların dövlət qeydiyyatı əsasında hər bir cins ata pasport (şəhadətnamə) tərtib edilir və verilir Cins atlara verilən pasportlar (şəhadətnamələr) Azərbaycan və ingilis dillərində tərtib olunur.

8.4. Pasport (şəhadətnamə) cins atın mənşəyini təsdiq edən və identikləşdirilməsi zamanı istifadə olunan əsas sənəddir.

8.5. Cins atların dövlət qeydiyyatı atların qan dərəcəsinin, idman, qaçış və güc qabiliyyətinin, digər məhsuldarlıq və damazlıq keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi (bonitirəsi) əsasında həyata keçirilir.

8.6. Cins atların genetik mənşəyini təsdiq etmək məqsədilə atlardan götürülən qan, tük və digər orqan nümunələrinin beynəlxalq standartların tələblərinə uyğun təhlilini həyata keçirmək üçün ixtisaslaşmış, xüsusi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda onların immunogenetik ekspertizası aparılır.

8.7. Yeni doğulmuş dayçanın valideynlərindən birinin pasportu (şəhadətnaməsi) olmadıqda, belə dayçanın qeydiyyata alınmasına yol verilmir və həmin dayça yaxşılaşmış cins at qrupuna daxil edilir.

8.8. Cins atların dövlət qeydiyyatının aparılması, onlara pasportun (şəhadətnamənin) tərtib edilməsi və verilməsi, habelə cins atlara xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

M a d d ə 9. Damazlıq atların Dövlət Reyestrinin aparılması

 

9.1. Azərbaycan Respublikasının ərazisində yetişdirilən və saxlanılan dövlət qeydiyyatına alınmış və pasport (şəhadətnamə) verilmiş damazlıq atların Dövlət Reyestri aparılır.

9.2. Damazlıq atların Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan mərkəzləşdirilmiş damazlıq uçotu sistemidir.

9.3 Damazlıq atların Dövlət Reyestri hər bir at cinsi üzrə aynlıqda aparılır.

 

Maddə 10. Atçılıq təsərrüfatlarının dövlət uçotunun aparılması

 

10.1. Atçılıq sahəsində dövlət nəzarətinin səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün atçılıq təsərrüfatları müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən dövlət uçotuna alınır. [3]

10.2. Atçılıq təsərrüfatlarının uçotu təsərrüfat rəhbərinin ərizəsi əsasında həyata keçirilir. Ərizəyə atçılıq təsərrüfatlarının fəaliyyətini əks etdirən statistik məlumatlar əlavə olunur.

10.3. Atçılıq təsərrüfatlarının uçota alınması barədə ərizələr müvafiq olaraq atçılıq təsərrüfatı yaradıldıqdan, icarəyə və ya istifadəyə verildikdən sonra ən geci bir ay müddətində təqdim edilməlidir. [4]

 

M a d d ə 11. Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi

 

11.1. Atçılıq sahəsində dövlət nəzarəti atçılıqla məşğul olan subyektlər tərəfindən müvafiq qanunvericiliyin, o cümlədən atçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət edilməsinin təmin olunması məqsədilə həyata keçirilir.

11.2. Atçılıq sahəsində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. [5]

11.3. Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 11.4-cü maddəsində göstərilən normativ hüquqi aktlara uyğun olaraq atçılıqla məşğul olan subyektlərdən müvafiq məlumatlar almaq, yol verilmiş pozuntuların aradan qaldırılması üçün onlara icrası məcburi olan göstərişlər vermək və həmin göstərişləri yerinə yetirməyən subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək, habelə müvafiq atçılıq subyektlərinin fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət etmək və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərə malikdir. [6]

11.4. Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan atçılıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. [7]

 

III fəsil

 

ATÇILIQLA MƏŞĞUL OLAN SUBYEKTLƏR

 

M a d d ə 12. Atçılıqla məşğul olmaq hüququ

 

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin atçılıqla məşğul olmaq hüququ vardır. Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan atların və atçılıq təsərrüfatlarının say tərkibinə məhdudiyyət qoyulmur.

 

M a d d ə 13. Atçılıqla məşğul olan subyektlərin vəzifələri və hüquqları

 

13.1. Atçılıqla məşğul olan subyektlər müvafiq qanunvericiliyin, o cümlədən atçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına riayət etmək, atlan saxlamaq, yetişdirmək, istifadə etmək, sınaqdan keçirmək, atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri şərait yaratmaq və aidiyyəti üzrə məlumatlar (sənədlər) təqdim etmək, atçılıq sahəsində dövlət nəzarəti həyata keçirilərkən verilən göstərişləri icra etmək və qanunvericiliklə müəyyən edilən digər vəzifələri daşıyırlar. [8]

13.2. Atçılıqla məşğul olan subyektlər qanunvericiliklə müəyyən edilmiş qaydada atçılıq təsərrüfatları yaratmaq, atçılıq sahəsində sahibkarlıq fəaliyyətini sərbəst həyata keçirmək, o cümlədən atlar və atçılıq təsərrüfatları almaq, satmaq, istifadəyə və icarəyə vermək, atları idxal və ixrac etmək, cıdırlarda, at idmanı yarışlarında, sərgilərdə və hərraclarda iştirak etmək və qanunvericiliklə müəyyən olunmuş digər hüquqlara malikdirlər.

 

M a d d ə 14. Atçılıq təsərrüfatlarının yaradılması və növləri

 

14.1. Atçılıq təsərrüfatları hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılır.

14.2. Atçılıq təsərrüfatlarının əsas növlərinə atçılıq zavodları, damazlıq atçılıq reproduktorları, atçılıq fermaları, cıdır meydanları (ippodromlar), atçılıq idman və jokey klubları, atların süni mayalandırılması və embrionlarının transplantasiyası mərkəzləri, immunogenetik ekspertiza və dopinq nəzarəti laboratoriyaları, müxtəlif at cinsləri üzrə ictimai birliklər, qanunvericiliklə müəyyən edilmiş digər subyektlər daxildir.

14.3. Atçılıq təsərrüfatları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilərlər.

14.4. Atçılıq təsərrüfatları zootexniki normalara uyğun torpaq, örüş və otlaq sahələrinə, su obyektlərinə, tövlə və köməkçi binalara, maşın, avadanlıq və qurğulara malik olmalıdır.

 

M a d d ə 15. Atçılıq zavodları

 

15.1. Atçılıq zavodları mütərəqqi texnologiya və məqsədyönlü seleksiya-damazlıq proqramları əsasında cinsin daha yüksək damazlıq keyfiyyətli hissəsinin təmizlikdə yetişdirilməsi ilə məşğul olan ən yüksək kateqoriyalı atçılıq subyekti olmaqla fəaliyyətini aşağıdakı tələblər əsasında qurur:

15.1.1. törədici tərkibi cinsin tanınmış ailə və xətlərinə mənsub olmalı, atların sayı hər il reproduktorlara və digər atçılıq subyektlərinə damazlıq atlar satılmasını, ilxının normal reproduksiya və dövriyyəsini təmin etməlidir;

15.1.2. müasir seleksiya-damazlıq işlərini və yetişdirmə üsullarını mükəmməl bilən yüksək ixtisaslı mütəxəssis heyətinə malik olmalıdır.

15.2. Atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

M a d d ə 16. Damazlıq atçılıq reproduktorları

 

16.1. Damazlıq atçılıq reproduktorları atçılıq zavodlarından əldə edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmış, yüksək damazlıq keyfiyyətli ayğırlar vasitəsilə ölkədə yerli atların cins tərkibinin yaxşılaşdırılması ilə məşğul olan atçılıq subyektləridir. Reproduktorlar atların təbii mayalandırılması üsuluna əsaslanan zavod at tövləsi funksiyasını yerinə yetirirlər.

16.2. Damazlıq atçılıq reproduktorlarında yalnız yüksək sinifli törədici ayğırlar saxlanılır və istifadə olunur.

 

M a d d ə 17. Atçılıq fermaları

 

17.1. Atçılıq fermaları məqsədli təyinatına görə damazlıq və ya kütləvi atçılıq istiqamətində fəaliyyət göstərə bilərlər.

17.2. Damazlıq atçılıq ferması atçılıq zavodlarının damazlıq materiallarından istifadə etməklə at cinslərinin yaxşılaşdırılması və artırılması ilə məşğul olan atçılıq subyektidir.

17.3. Damazlıq atçılıq ferması cinsin itmək təhlükəsi olan genetik əlamətlərini üzə çıxarmaqla onun möhkəmləndirilməsi məqsədilə əsasən təmizlikdə yetişdirməyə və qismən qanqatma üsuluna üstünlük verməlidir.

17.4. Kütləvi atçılıq ferması atların müxtəlif sahələrdə, o cümlədən təsərrüfat işlərində, minik və qoşquda, müalicə-sağlamlıq, əyləncə, turizm, istirahət, idman və digər məqsədlər üçün istifadə edilməsi ilə məşğul olan atçılıq subyektidir.

 

Maddə 18. Damazlıq atların süni mayalandırılması və embrionlarının transplantasiyası mərkəzləri

 

18.1. Damazlıq atların süni mayalandırılması mərkəzi xüsusi texnologiyalar əsasında atların süni üsulla çoxaldılması fəaliyyətini həyata keçirən atçılıq subyektidir.

18.2. Damazlıq atların embrionlarının transplantasiyası mərkəzi seleksiya işinin səmərəliliyinin artırılması və yüksəkkeyfiyyətli atlardan daha çox sayda bala əldə edilməsi məqsədilə xüsusi texnologiyalar əsasında embrionların köçürülməsi yolu ilə atların təkrar istehsalını həyata keçirən atçılıq subyektidir.

18.3. Damazlıq atların süni mayalandırılması və embrionlarının transplantasiyası mərkəzlərində yalnız dövlət qeydiyyatına alınmış və pasportu (şəhadətnaməsi) olan cins atlardan istifadə edilir. [9]

 

M a d d ə 19. Cıdır meydanları (ippodromlar)

 

19.1. Cıdır meydanı (ippodrom) cins atların iş qabiliyyətinin və damazlıq
keyfiyyətlərinin yoxlanılması (üzə çıxarılması) məqsədilə müəyyən qaydalarla sınaqlar keçirən, habelə adi və ənənəvi mükafatlar uğrunda cıdırların, at idmanı yarışlarının, atüstü oyunların və atçılıqla bağlı digər tədbirlərin keçirildiyi atçılıq subyektidir.

19.2. Cıdır meydanı aşağıdakı tələblərə cavab verməlidir:

19.2.1. cıdırların, atüstü oyunların və at idmanı yarışlarının iştirakçılarını qəbul etmək üçün kifayət qədər at yerlərinə, müvafiq tələblərə cavab verən cıdır yollarına, tamaşaçı tribunasına, yardımçı bina və qurğulara malik olmalıdır;

19.2.2. cıdırları, atüstü oyunları və at idmanı, yarışlarını müvafiq qaydalara uyğun keçirmək üçün yüksəkixtisaslı hakimlər kollegiyasına və işçi heyətinə malik olmalıdır;

19.2.3. texniki vəziyyəti və şəraiti orada keçirilən təlimlərin, məşqlərin, cıdırların, at idmanı yarışlarının, habelə insanların və atların təhlükəsizliyini təmin etməlidir.

19.3. Cıdır meydanlarının məqsədi və fəaliyyət istiqamətləri aşağıdakılardır:

19.3.1. damazlıq atların təlimlərinin, məşqlərinin və sınaqlarının təşkili və keçirilməsi;

19.3.2. damazlıq atların sınağının nəticəsinin damazlıq işi ilə məşğul olan subyektlərə təqdim edilməsi;

19.3.3. müəyyən qaydalara və təsdiq edilmiş proqramlara uyğun olaraq atların ölkə və zona cıdır və idman yarışlarının, atüstü oyunların, sərgilərin, hərracların keçirilməsi;

19.3.4. atların seleksiyası, uçotu, damazlıq keyfiyyətlərinə nəzarət, məşqi və sınağı ilə məşğul olan mütəxəssislərin, məşqçilərin, hakimlərin və texniki heyətin hazırlanması və ixtisaslarının artırılması;

19.3.5. cıdır yarışlarında cıdır-şans (totalizator) oyunlarının beynəlxalq tələblərə uyğun keçirilməsinin təşkili;

19.3.6. daxili nizamnamədə nəzərdə tutulan digər atçılıq tədbirlərinin keçirilməsi.

19.4. Sınaqlarda, ənənəvi mükafatlar uğrunda cıdır və idman yarışlarında təmizqanlı, təmiz cins və yerli genofondlardan olan atların iştirakına yol verilir.

19.5. Cıdır meydanlarında cins atların sınaqlarının, ənənəvi mükafatlar uğrunda cıdır yarışlarının, atüstü oyunların, sərgilərin və atçılıqla bağlı digər tədbirlərin təşkilinin və keçirilməsinin qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19.6. Cıdır meydanlarına olan texniki normalar və tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

M a d d ə 20. Atçılıq idman klubları

 

20.1. Atçılıq idman klubu cins idman atlarının xüsusi proqramlar və elmi əsaslarla təlim və məşq etdirilməsi ilə idman yarışlarına hazırlanması, müxtəlif at idmanı tədbirlərinin, o cümlədən konkur, maneələri dəf etmə, mahir atsürmə elementləri üzrə yarışların keçirilməsi, habelə atçılığın müxtəlif sahələrində çalışan mütəxəssislərin və idmançıların hazırlanması ilə məşğul olan atçılıq subyektidir.

20.2. Atçılıq idman klubları müvafiq tələblərə uyğun fəaliyyət göstərmək üçün cins idman atlarına, onların saxlanması və təlimi üçün zəruri olan təlim və tədris avadanlıqlarına, mütəxəssislərdən, məşqçi və təlimçilərdən ibarət kadr ehtiyatlarına malik olmalıdır.

20.3. Cins idman atlarının təlimi və at idmanı yarışlarının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 21. Atçılıqla məşğul olan digər subyektlər

 

21.1. Atçılıqla məşğul olan digər subyektlərə atçılıqda elmi-texniki nailiyyətlərin istehsalatda tətbiqi, sərgilər və hərraclar keçirilməsi, atçılıqda istifadə edilən inventarların, ləvazimatların, əşyaların istehsalı, təmiri və satışı, atçılıq sahəsində xidmət, marketinq, informasiya, təlim, tədris, maarifləndirmə, at turizmi, kadrların hazırlanması və digər istiqamətlərdə fəaliyyət göstərən subyektlər, habelə atçılığın müxtəlif problemləri ilə məşğul olan atçılıq jokey klubları, at cinsləri üzrə assosiasiyalar və başqa ictimai birliklər aid edilir.

21.2. Atçılıqla məşğul olan digər subyektlərin yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və subyektlərin daxili nizamnamələri ilə tənzimlənir.

21.3. Atçılıqla məşğul olan qeyri-dövlət subyektləri, o cümlədən ictimai birliklər dövlətin səlahiyyətlərinə aid edilən nəzarət və tənzimləyici funksiyaları yerinə yetirə bilməzlər.

 

IV fəsil

 

ATÇILIQDA DAMAZLIQ İŞİ

 

M a d d ə 22. Atçılıqda seleksiya-damazlıq işlərinin aparılması

 

22.1. Atçılıqda seleksiya-damazlıq işləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən seleksiya-damazlıq proqramları əsasında aparılır.

22.2. Seleksiya-damazlıq proqramlarının həyata keçirilməsində iştirak edən atçılıq subyektləri proqramda əks olunan tədbirlərin yerinə yetirilməsinə məsuliyyət daşıyırlar.

22.3. Yerli Quba yorğasının, Kiçik Qafqaz və Şirvan atlarının müvafiq seleksiya-damazlıq proqramı əsasında seleksiyası və aprobasiyası aparılır, təkmilləşdirilməsi və cins kimi formalaşması həyata keçirilir.

 

M a d d ə 23. Damazlıq atların sınağı

 

23.1. Damazlıq atların sınağı onların damazlıq keyfiyyətlərinin, qabiliyyətinin, irsən qazandıqları güc və qaçış göstəricilərinin aşkar edilməsi və istifadə təyinatının müəyyənləşdirilməsi məqsədilə aparılır.

23.2. Damazlıq atlar müvafiq təlimlər, məşqlər və cıdırlar vasitəsilə sınaqdan keçirilir və damazlıq keyfiyyətləri aşkar olunur.

23.3. Damazlıq atların sınağının nəticələri təhlil edilir, müvafiq uçot kitablarında qeydə alınır və Dövlət Damazlıq Kitabında dərc olunur.

 

M a d d ə 24. Damazlıq atların bonitirəsi

 

24.1. Atların damazlıq keyfiyyətlərini, təkrar istehsala yararlılığını, mənşəyinin və irsi əlamətlərinin cinsin tələblərinə uyğunluğunu və istifadə təyinatını müəyyən etmək üçün onların bonitirəsi aparılır və kompleks əlamətlər üzrə qiymətləndirilir.

24.2. Damazlıq atların bonitirəsi atçılıq subyektlərinin yüksəkixtisaslı zoobaytar mütəxəssisləri tərəfindən müvafiq təlimatlar əsasında aparılır.

24.3. Damazlıq atların bonitirəsinin nəticələri Dövlət Damazlıq Kitabında qeydə alınır.

 

M a d d ə 25. Atlardan damazlıq kimi istifadə olunma şərtləri

 

25.1. Cins atlar dövlət qeydiyyatına alındıqdan və pasport (şəhadətnamə) verildikdən sonra damazlıq məqsədilə istifadə olunur. [10]

25.2. Azərbaycan Respublikasında mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq damazlıq atçılıqla məşğul olan bütün subyektlər tərəfindən yetişdirilən damazlıq atlar Dövlət Reyestrində mərkəzləşdirilmiş məlumat bazasına daxil edilir.

 

M a d d ə 26. Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin qorunması

 

26.1. Azərbaycan Respublikasında yetişdirilən milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinə mənsub atlar qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən qorunur və onların satış məqsədilə ixracı müvafiq qaydada tənzimlənir.

26.2. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bu və ya digər at cinsinin damazlıq özəyinə sahib olan şəxslər cinsin inkişaf istiqamətinin saxlanmasına, təkmilləşdirilməsinə, elmi prinsiplərə əsaslanan damazlıq, zootexniki və digər texnoloji tələblərə əməl edilməsinə cavabdehlik daşıyırlar.

26.3. Damazlıq özəkləri olaq cins atların inkişaf istiqamətinin saxlanmadığına, seleksiya-damazlıq, zootexniki və digər texnoloji tələblərə əməl edilmədiyinə görə genofonda ziyan dəydikdə, həmin at sahibləri barədə qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülür.

 

Maddə 27. Damazlıq atçılıqda mülkiyyət, müəlliflik və patent hüquqlarının Qorunması

 

27.1. Azərbaycan Respublikasında damazlıq atçılıqda mülkiyyət, müəlliflik və patent hüquqları qanunla qorunur.

27.2. Dövlət mülkiyyətində olan atçılıq subyektlərində damazlıq atlar və əmlak Azərbaycan dövlətinə məxsusdur və onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət damazlıq subyektlərinin istifadəsinə verilir.

27.3. Damazlıq atçılıqda mülkiyyət hüququ Dövlət Damazlıq Kitabında qeydə alınır və atlara verilən pasport (şəhadətnamə) ilə rəsmiləşdirilir.

27.4. Milli at cinslərinin beynəlxalq miqyasda tanınması üçün Qarabağ və Dilbaz at cinsləri qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən patentləşdirilir.

 

V fəsil

 

ATÇILIQ BİZNESİNİN TƏŞKİLİ

 

M a d d ə 28. Atçılıq biznesinin istiqamətləri

 

28.1. Atçılıq biznesi aşağıdakı istiqamətlərdə aparılır:

28.1.1. müxtəlif məqsədlər üçün cins atların yetişdirilməsi;

28.1.2. cıdır və at idmanı yarışlarının təşkili;

28.1.3. at idmanı və jokey (çapar) məktəblərinin (o cümlədən uşaq və əlilliyi olan şəxslər üçün) təşkili, idmançıların, məşqçilərin, hakimlərin hazırlanması; [11]

28.1.4. cıdır-şans (totalizator) oyunlarının keçirilməsi və biletlərinin satışı;

28.1.5. atların bilavasitə və hərraclar vasitəsilə alğı-satqısı;

28.1.6. atların müqavilələr əsasında dəyəri ödənilməklə mayalandırılması;

28.1.7. atçılıq üçün lazım olan avadanlıqların, inventarların və digər ləvazimatların istehsalı, təmiri və satışı;

28.1.8. at turizminin və at üstündə gəzintinin təşkili;

28.1.9. atların daşınması və digər istiqamətlər.

28.2. Atçılıq biznesi ilə məşğul olan hüquqi və fiziki şəxslər bu fəaliyyətlə əlaqədar qanunvericilikdə müəyyən olunmuş qaydada və formada müvafiq icra hakimiyyəti orqanlarına məlumatlar təqdim etməlidirlər.

 

M a d d ə 29. At satışı hərraclarının təşkili

 

29.1. At satışı hərracları yüksəkkeyfiyyətli damazlıq və cins atların satışı məqsədilə təşkil edilir.

29.2. At satışı hərracları, bir qayda olaraq, cıdır meydanlarında keçirilir. [12]

29.3. At satışı hərraclarının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

M a d d ə 30. Cıdır yarışlarının təşkil edilməsi

 

30.1. Cıdır meydanlarında müxtəlif məsafələr üzrə adi və ənənəvi mükafatlar uğrunda xüsusi adlar qoyulmuş cıdırlar keçirilir.

30.2. Cıdırın növündən asılı olaraq, cıdırın təşkilatçıları tərəfindən onun mükafat fondu təsis edilir. Adi cıdırların mükafat fondunun məbləği iki yüz iyirmi manat, ənənəvi mükafatlar uğrunda xüsusi adlar qoyulmuş cıdırların mükafat fondunun məbləği isə beş yüz əlli manatdan az ola bilməz. [13]

30.3. Mükafat fondunun formalaşması və bölünməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30.4. Cıdır və at idmanı yarışlarının, at satışı hərraclarının, sərgilərinin keçirilməsinin gedişi televiziya kanallarında yayımlanır və mətbuatda şərh edilir.

 

Maddə 31. Cıdır meydanlarında cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi

 

31.1. Cıdır yarışlarında qanunvericiliyə uyğun olaraq cıdır-şans (totalizator) oyunları keçirilir.

31.2. Cıdır-şans (totalizator) oyunları biletlərinin satışı bilavasitə cıdır meydanlarında və ondan kənarda təşkil edilən məntəqələrdə həyata keçirilir.

31.3. Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi, dövriyyəsindən əldə olunan vəsaitin və uduş fondunun bölünməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31.4. Cıdır-şans (totalizator) oyunlarının uduş fondu qanunvericiliyə uyğun olaraq vergiyə cəlb olunur.

31.5. Cıdırın təşkilatçılarının cıdır-şans (totalizator) oyunlarından əldə etdikləri gəlirin müəyyən hissəsi cıdır yarışlarının mükafat fondunun formalaşmasına və atçılığın inkişafına yönəldilir, həmçinin maliyyə bazarlarına nəzarət orqanına ödənilir. [14]

 

VI fəsil

 

YEKUN MÜDDƏALAR

 

M a d d ə 32. Atçılığın maliyyə təminatı və dövlət tərəfindən stimullaşdırılması

 

32.1. Atçılığın maliyyə təminatı bu fəaliyyətdən əldə olunan vəsaitlər, dövlət büdcəsindən ayırmalar, cıdır-şans (totalizator) oyunlarından daxilolmalar, habelə investisiyalar, kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən ödənilən ianələr və digər mənbələr hesabına formalaşır.

32.2. Atçılıq sahəsində aşağıdakı tədbirlər dövlət büdcəsindən maliyyələşdirilir:

32.2.1. elmi tədqiqat işlərinin aparılması, proqramların hazırlanması və həyata keçirilməsi, atçılıq üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması;

32.2.2. Dövlət Damazlıq Kitablarının, Dövlət Reyestrinin, cins atların pasportlarının (şəhadətnamələrinin), mənşə (ixrac) sertifikatlarının, atçılıq üzrə uçot formalarının, normativ sənədlərin və maarifləndirici vəsaitlərin nəşr etdirilməsi;

32.2.3. xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə dövlət damazlıq təsərrüfatlarının və atçılıq idman klublarının təmsil olunması;

32.2.4. dövlət damazlıq təsərrüfatlarında yetişdirilən milli və beynəlxalq at cinslərinin genofondunun qorunub saxlanması və beynəlxalq Damazlıq Kitablarında ("Stud-book"larda) qeydə alınması;

32.2.5. dövlət damazlıq atçılıq reproduktorlarının saxlanması.

32.3. Qeyri-dövlət atçılıq subyektləri aşağıdakı tədbirləri öz vəsaitləri hesabına həyata keçirirlər:

32.3.1. seleksiya-damazlıq proqramlarının həyata keçirilməsi;

32.3.2. imraunogenetik ekspertiza və dopinq nəzarəti laboratoriyalarının təşkili;

32.3.3. atçılıq mütəxəssislərinin, idmançıların, hakimlərin, məşqçi və jokeylərin hazırlanması və ixtisaslarının artırılması;

32.3.4. at sərgilərinin, hərraclarının təşkili, ölkə daxilində və xarici ölkələrdə təşkil edilən tədbirlərdə, keçirilən cıdır və at idmanı yarışlarında atların və işçi heyətin iştirakının təmin edilməsi;

32.3.5. özəl təsərrüfatlarda yetişdirilən milli və beynəlxalq at cinslərinin beynəlxalq Damazlıq Kitablarında ("Stud-book"larda) qeydə alınması;

32.3.6. dövlət tərəfindən maliyyələşdirilməyən baytarlıq, fitosanitar və digər tədbirlərin həyata keçirilməsi.

32.4. Atçılıq sahəsində seleksiya-damazlıq proqramlarının hazırlanması, dövlət atçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və xarici ölkələrdən lizinq yolu ilə yüksək göstəricilərə malik damazlıq atların alınması atçılıq fəaliyyətindən əldə olunan vəsaitlər, cıdır-şans (totalizator) oyunlarından daxilolmalar, habelə investisiyalar, subsidiyalar, güzəştli kreditlər, qrantlar, hüquqi və fiziki şəxslər tərəfindən ödənilən ianələr və digər mənbələr hesabına həyata keçirilir.

32.5. Atçılığın inkişafına investisiyalar qoyulmasına əlverişli iqtisadi və hüquqi mühit yaradılır, atçılıq üzrə idmançılara, jokeylərə, məşqçilərə və hakimlərə peşəkarlıq (məharət) dərəcəsinə görə müvafiq qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlar tətbiq edilir.

 

M a d d ə 33. Cins atların idxalı və ixracı

 

33.1. Azərbaycan Respublikasında cins atlar aşağıdakı məqsədlər üçün idxal və ixrac oluna bilər:

33.1.1 damazlıq işində, idmanda və digər sahələrdə istifadə etmək;

33.1.2. beynəlxalq cıdır və at idmanı yarışlarında iştirak etmək;

33.1.3. satışa çıxarmaq, sərgilərdə və sirklərdə nümayiş etdirmək;

33.1.4. yüksək damazlıq keyfiyyəti olan atlarla mayalandırmaq.

33.2. Cins atların idxalı və ixracı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

 

M a d d ə 34. Atçılıq sahəsində beynəlxalq əməkdaşlıq

 

34.1. Atçılıq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası ilə başqa dövlətlər arasında bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normalan əsasında həyata keçirilir.

34.2. Beynəlxalq cıdırların, at idmanı yarışlarının, sərgilərin və digər atçılıq tədbirlərinin keçirilməsində, atların idxalı və ixracında beynəlxalq sertifikatlaşdırma üsulları və qaydaları tətbiq edilir.

34.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə atçılıq sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

 

M a d d ə 35. Atçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

35.1. Seleksiya-damazlıq proqramlarının yerinə yetirilməməsinə, damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına, milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə yol verilməsinə, atçılıq üçün ayrılmış torpaq sahələrindən, tövlə və köməkçi binalardan təyinatına uyğun istifadə edilməməsinə və atçılıq haqqında qanunvericiliyin digər tələblərinin pozulmasına görə təqsirkar olan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. [15]

35.2. Atçılıq haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın əvəzi Azərbaycan Respublikasmm qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada təqsirkar şəxslər tərəfindən ödənilir.

 

M a d d ə 36. Mübahisələrin həlli

 

Atçılıq haqqında qanunvericiliyin pozulması və atçılıq sahəsində yaranan mübahisələr inzibati və məhkəmə qaydasında həll edilir. [16]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 fevral 2007-ci il

                  № 255-IIIQ

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)

2.       20 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289)

3.       29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13)

4.       13 iyun 2017-ci il tarixli 714-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,№ 7, maddə 1274)

5.       19 may 2020-ci il tarixli 112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2020-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 830)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 iyun 2017-ci il tarixli 714-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,№ 7, maddə 1274) ilə 2-ci maddədə “Damazlıq işi haqqında” sözləri “Damazlıq heyvandarlıq haqqında” sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 6.1.7-ci maddə çıxarılmışdır.

 

[3] 20 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 10.1-ci maddəsində "tərəfindən" sözündən sonra "müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən" sözləri əlavə edilmişdir.

 

[4] 20 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 10.2-ci və 10.3-cü maddələri çıxarılmışdır.

 

[5] 29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13) ilə 11.2-ci maddədən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılmışdır.

 

[6] 29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13) ilə 11.3-cü maddədə “qanunvericiliyə” sözü “bu Qanunun 11.4-cü maddəsində göstərilən normativ hüquqi aktlara” sözləri ilə əvəz edilmişdir.

13 iyun 2017-ci il tarixli 714-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,№ 7, maddə 1274) ilə 11.3-cü maddədə “subyektlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi” sözləri “subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək” sözləri ilə əvəz edilmişdir.

 

[7] 29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13) ilə 11.4-cü maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[8] 29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13) ilə 13.1-ci maddədən “zəruri” sözü çıxarılmışdır.

 

[9] 29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13) ilə 18.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.

 

[10] 29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13) ilə 25.1-ci maddədə “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilmişdir.

 

[11] 19 may 2020-ci il tarixli 112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2020-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 830) ilə 28.1.3-cü maddəsində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.

 

[12] 29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13) ilə 29.2-ci maddədən “bir qayda olaraq,” sözləri çıxarılmışdır.

 

[13] 2 iyun 2008-ci il tarixli 25.1-ci maddədə “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının 11.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 30.2-ci maddəsinin ikinci cümləsində “şərti maliyyə vahidinin 200 misli” sözləri “iki yüz iyirmi manat” sözləri ilə, “şərti maliyyə vahidinin 500 mislindən” sözləri “beş yüz əlli manatdan” sözləri ilə əvəz edilmişdir.

 

[14] 29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13) ilə 31.5-ci maddədə “yönəldilir” sözündən sonra “, həmçinin maliyyə bazarlarına nəzarət orqanına ödənilir” sözləri əlavə edilmişdir.

 

[15] 29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13) ilə 35.1-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə əvəz  edilmişdir.

 

[16] 29 noyabr 2016-cı il tarixli 425-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 13) ilə 36-cı maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən” sözləri “inzibati və” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status