AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.01.2006
QEYDİYYAT NÖMRƏSİ
25
ADI
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2006, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 54)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.01.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.4-cü, 1.7-ci, 1.9-cu, 1.12-ci, 1.13-cü, 1.14-cü, 1.15- ci və 1.17-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin təqdim edilməsi Qaydaları”, “Səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin maliyyələşdirmə Qaydası və mənbəyi”, “Silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanılması və istifadə olunması Qaydası”, “Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”, “Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların təqdim edilməsi Qaydası”, “Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”, “Müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə binaların, tikililərin, nəqliyyat vasitələrinin və mülkiyyətində olan digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası” və “Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 27 yanvar 2006-cı il

                  № 25

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin təqdim edilməsi

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilmə barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.4-cü bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

1.2. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarə orqanları səfərbərlik orqanlarının yaradılmasını, mütəxəssislərin hazırlanmasını və səfərbərlik tapşırıqlarının yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər. [1]

1.3. Səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin toplanmasının əsas məqsədi dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda bu sahədə il ərzində görülmüş işləri təhlil etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar təklifləri hazırlamaq və onların həyata keçirilməsini təmin etməkdir.

 

2. SƏFƏRBƏRLİK HAZIRLIĞININ VƏZİYYƏTİ BARƏDƏ İLLİK MƏRUZƏLƏRİN TƏQDİM EDİLMƏSİ

 

2.1. Dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və təşkilatlar hərbi səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrini təqdim etməlidirlər. Təqdim ediləcək məruzələrdə aşağıdakı məsələlərin həlli ilə əlaqədar görülmüş işlər haqqında məlumatlar öz əksini tapmalıdır:

2.1.1. dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə keçməsi ilə bağlı tədbirlərin görülməsi haqqında;

2.1.2. Azərbaycan Respublikası iqtisadiyyatının, Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik planlarının işlənib hazırlanması haqqında; [2]

2.1.3. Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərliyə hazırlığı haqqında;

2.1.4. müharibə dövründə dövlətin və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə məhsulların istehsal olunması üçün qüvvələrin səfərbər olunması, inkişaf etdirilməsi və qorunub saxlanılmasına dair görülmüş işlər haqqında;

2.1.5. səfərbərlik elan olunarkən, Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə verilməsi nəzərdə tutulmuş texnikanın hazırlanması ilə əlaqədar görülmüş tədbirlər haqqında;

2.1.6. maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması və təzələnməsi ilə əlaqədar görülmüş işlər haqqında;

2.1.7. səfərbərlik zamanı və müharibə dövründə əhalinin ərzaq və qeyri- ərzaq malları ilə normalara uyğun təchizatının, onlara tibbi xidmət göstərilməsinin, rabitə, nəqliyyat vasitələri ilə təminatının hazırlanması və təşkili haqqında;

2.1.8. dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların müəyyən olunmuş qaydada ehtiyat idarəetmə məntəqələrinin yaradılması və onların müharibə dövrü şəraitində fəaliyyətə hazırlanması haqqında;

2.1.9. dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların ehtiyat idarəetmə məntəqələrinin və səfərbərlik ehtiyatları anbarlarının saxlanılması ilə bağlı xərclər smetasının icrası haqqında;

2.1.10. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda hərbi uçotun təşkili haqqında;

2.1.11. səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin komplektləşdirilməsi üçün vətəndaşların hərbi uçot ixtisaslarına görə hazırlanması haqqında;

2.1.12. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsi haqqında;

2.1.13. səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsi haqqında;

2.1.14. səfərbərlik orqanları işçilərinin ixtisaslarının artırılması ilə əlaqədar görülmüş işlər haqqında məlumatlar.

2.2. Səfərbərlik hazırlığının vəziyyəti barədə məruzələr hər il yanvarın 1-nə olan vəziyyət nəzərə alınaraq aşağıda göstərilən müddətdə təqdim edilir:

2.2.1. təşkilatlar tabe olduqları yuxarı təşkilatlara - hər il fevralın 1-nə qədər;

2.2.2. icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanları müvafiq icra hakimiyyəti orqanlarına - hər il fevralın 15-nə qədər;

2.2.3. müvafiq icra hakimiyyəti orqanı dövlət hakimiyyəti orqanına - hər il martın 1-nə qədər.

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin maliyyələşdirmə

 

QAYDASI və MƏNBƏYİ

 

1. Bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.7-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

2. İcra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və təşkilatlar aldıqları səfərbərlik tapşırığının həcmindən, bu tapşırığı yerinə yetirmək üçün müvafiq avadanlığın, maşın və mexanizmlərin və onların ehtiyat hissələrinin mövcudluğundan asılı olaraq illik büdcə layihəsini hazırlayarkən aşağıdakıları nəzərə almalıdırlar: [3]

2.1. səfərbərlik tapşırıqlarının yerinə yetirilməsində sərf olunacaq materialların əldə olunması üçün vəsaiti;

2.2. səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi üçün cəlb olunmuş işçi qüvvəsinin əməkhaqqının ödənilməsi üçün vəsaiti;

2.3. yeni avadanlığın, maşın və mexanizmlərin quraşdırılması üçün tələb olunan vəsaiti;

2.4. yeni avadanlıq, maşın və mexanizmlərin quraşdırılmasına cəlb olunan işçilərin əməkhaqqının ödənilməsi üçün vəsaiti;

2.5. səfərbərlik tədbirlərinin keçirilməsinə sərf edilən vəsaiti.

3. Səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin həyata keçirilməsi məqsədilə müəyyənləşdirilmiş vəsaitin mənbəyi dövlət büdcəsidir.

4. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan səfərbərlik planlarına əsasən səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin həyata keçirilməsi məqsədilə vəsaitə olan tələbat həmin orqan tərəfindən növbəti il üçün dövlət büdcəsinin layihəsi hazırlanarkən müəyyən edilmiş qaydada təqdim olunaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən layihədə ayrıca sətirlə proqnozlaşdırılır. Növbəti il üçün dövlət büdcəsi təsdiq olunduqdan sonra həmin vəsaitin bölgüsü Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanılması və istifadə olunması

 

QAYDASI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.9-cu bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

1.2. Sənədlərin ehtiyat fondu səfərbərlik zamanı, müharibə dövründə və fövqəladə hallarda silah və hərbi texnikanın, mühüm mülki məhsulların, yüksək təhlükə obyektlərinin, əhali üçün həyati əhəmiyyətli sistemlərin və milli sərvət hesab olunan obyektlərin yaradılmasının (istehsalının), istismarının, bərpasının (təmirinin) təmin edilməsi məqsədilə yaradılır.

1.3. Sənədlərin ehtiyat fondunun dəstəyi və keyfiyyəti müvafiq silah və hərbi texnikanın, məhsulun, obyektin və sistemin yaradılması (istehsalı), istismarı, bərpası (təmiri) üçün ondan dublikatların hazırlanmasına, surətinin çıxarılmasına imkan verən həcmdə və səviyyədə olmalıdır.

1.4. Sənədlərin ehtiyat fondunun yaradılması üzrə təşkilati, texniki və metodik rəhbərliyi belə fondun yaradılmasına səlahiyyətli olan dövlət orqanları həyata keçirir.

Silah və hərbi texnikaya dair sənədlərin ehtiyat fondunun yaradılması üzrə səlahiyyətli orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması üzrə səlahiyyətli orqan (bundan sonra - Orqanlar) isə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyidir. [4]

 

2. SƏNƏDLƏRİN EHTİYAT FONDUNUN YARADILMASI

 

2.1. Sənədlərinin ehtiyat fondunun yaradılması zəruri olan silah və hərbi texnikanın siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən, mühüm mülki məhsulların, yüksək təhlükə obyektlərinin, əhali üçün həyati əhəmiyyətli sistemlərin və milli sərvət hesab olunan obyektlərin siyahısı aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən edilir.

Bu siyahılara hər il yenidən baxılır, siyahılara əlavə və dəyişikliklər onların təsdiq edildiyi qaydada həyata keçirilir.

2.2. Ehtiyat fondu sənədlərinin hazırlanması, saxlanılması, təzələnməsi, istifadəsi dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir.

2.3. Ehtiyat fondu üçün sənədlər onları istehsal edən (yaradan) və ya işləyib hazırlayan (layihələndirən) təşkilat tərəfindən təqdim edilmiş sənədlər əsasında Orqanlar tərəfindən yaradılmış xüsusi laboratoriyalarda hazırlanır.

2.4. Xüsusi laboratoriyalar dövlət sirri ilə bağlı işlərin görülməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə aldıqdan sonra ehtiyat fondları üçün sənədlərin hazırlanması ilə bağlı fəaliyyətə buraxılırlar.

2.4. Ehtiyat fondu üçün sənədlərin hazırlanmasında istifadə edilən avadanlıqlar informasiya təhlükəsizliyi üzrə tələblərə uyğunluğunu şərtləndirən sertifikata malik olmalı və ya bu tələbləri təmin edən sertifikatlaşdırılmış mühafizə vasitələri ilə təmin edilməlidir.

2.6. Ehtiyat fondu üçün sənədlər təqdim edilmiş sənədlər dəstinin mikrofilminin çəkilməsi və ya müasir informasiya texnologiyalarının tətbiqi ilə informasiya daşıyıcılarına köçürülməsi yolu ilə hazırlanır.

2.7. Ehtiyat fondunun hazırlanması üçün sənədlər xüsusi laboratoriyalara dəst şəklində təqdim edilir. Sənədlər dəstinə aidiyyəti üzrə konstruktor, texnoloji, normativ texniki, layihə sənədləri, qeyri-standart avadanlıqların, tərtibatların müvafiq sənədləri və bu Qaydanın 1.2-ci bəndində göstərilmiş məqsəd üçün zəruri olan digər sənədlər daxildir.

2.8. Təqdim olunan sənədlər milli və ya beynəlxalq standarta uyğun olmalı, edilmiş bütün dəyişikliklər sənədlərdə əksini tapmalıdır.

2.9. Ehtiyat fonduna göndərilməli olan sənədlər dəstlilik siyahısına (siyahılarına) əsasən dəstləşdirilir.

2.10. Dəstləşdirilməli sənədlərin siyahısı ümumi və ya sənəd növləri üzrə (konstruktor, texnoloji, normativ texniki və s.) ayrı-ayrı tərtib edilə bilər.

Siyahı (siyahılar) təşkilatın aidiyyəti mütəxəssisləri tərəfindən hazırlanır, Orqanlarla razılaşdırılmaqla, təşkilatın rəhbəri tərəfindən təsdiq edilir.

2.11. Silahın, hərbi texnikanın, məhsulun, obyektin, sistemin kooperasiya qaydasında alınan hissələri barədə qeydlər, onların kooperasiya yolu ilə əldə edildiyi göstərilməklə, əsas sənədlərdən sonra siyahıya daxil edilir.

2.12. Dəstləşdirilməli sənədlərin siyahısının forması Orqanlar tərəfindən müəyyən edilir.

2.13. Ehtiyat fondunun yaradılması üçün sənədlərin xüsusi laboratoriyalara göndərilməsi milli və ya beynəlxalq standarta uyğun və ya Orqanlar tərəfindən müəyyən edilmiş digər qaydada həyata keçirilir.

2.14. Sənədlərin xüsusi laboratoriyalara göndərilməsi Orqanların yazılı tapşırığına əsasən həyata keçirilir. Sənədlərin xüsusi laboratoriyalara və dəst şəklində göndərilməsinə görə təşkilatın rəhbəri məsuliyyət daşıyır.

2.15. Ehtiyat fondunun yaradılması üçün sənədlərin xüsusi laboratoriyalara göndərilməsi bu laboratoriyaların planı ilə müəyyənləşdirilmiş müddətlərdə həyata keçirilir. Laboratoriyaların planı Orqanlarla razılaşdırılmaqla təsdiq edilir.

2.16. Xüsusi laboratoriyalar ehtiyat fondu üçün sənədlərin hazırlanması məqsədilə göndərilmiş sənədləri qəbul edərkən, onların dəstləşdirilməli sənədlərin siyahısına uyğunluğunu, istifadə üçün yararlığını (keyfiyyətini) yoxlamalıdır.

2.17. Təqdim edilmiş sənədlər dəst olmadıqda və ya yararsız olduqda, bu barədə tərtib edilmiş aktla birlikdə geri qaytarılır.

2.18. Ehtiyat fondu üçün çəkilmiş mikrofilmlər, müasir informasiya texnologiyaları əsasında yaradılmış informasiya daşıyıcıları milli və ya beynəlxalq standarta uyğun və ya Orqanların müəyyən etdiyi digər qaydada işarələnir.

2.19. Sənədlərin dəstlilik siyahısı da mikrofilmin, informasiya daşıyıcısının əvvəlinə daxil edilir.

2.20. Ehtiyat fondu üçün sənədlər, bir qayda olaraq, tərkibi eyni olan iki nüsxədə hazırlanır: əsas və ehtiyat nüsxələr.

Ehtiyat nüsxə zəruri hallarda əsas nüsxənin bərpası üçün hazırlanır.

2.21. Ehtiyat fondu üçün sənədlər hazırlandıqdan sonra bu məqsəd üçün göndərilmiş sənədlər sənədlərin dəstlilik siyahısı ilə birgə geri qaytarılır.

Sənədlərin dəstlilik siyahısında ehtiyat fondu üçün hazırlanmış sənədin müvafiq işarəsi göstərilir.

 

3. SƏNƏDLƏRİN SAXLANILMASI

 

3.1. Ehtiyat fondu üçün hazırlanmış sənədlər (mikrofilm, disk və s.) texniki pasportu və dəstlilik siyahısının surəti ilə birlikdə uzunmüddətli saxlanılmaq üçün bu məqsədlə yaradılmış təşkilata (bundan sonra - Təşkilat) göndərilir.

3.2. Ehtiyat fondu üçün hazırlanmış sənədlər milli və ya beynəlxalq standartın tələbinə və ya Orqanların müəyyən etdiyi digər tələblərə uyğun olmalıdır.

3.3. Saxlanılmaq üçün göndərilmiş sənədlərin fiziki vəziyyətinin texniki pasporta uyğunluğu Təşkilat tərəfindən yaradılmış texniki laboratoriyada yoxlanıldıqdan sonra sənədlər saxlama yerinə verilir.

3.4. Saxlama yerlərində sənədlərin ehtiyat fondunun etibarlı və keyfiyyətli saxlanılmasını təmin edən şərait yaradılmalıdır.

3.5. Ehtiyat fondu sənədlərinin saxlanılması üçün temperatur-rütubət rejimi dövlətlərarası standarta və ya sənədlərin daşıyıcıları üçün müəyyən olunmuş tələblərə uyğun olmalıdır.

3.6. Ehtiyat fondu üçün hazırlanmış sənədlərin (mikrofilm, disk və s.) qeydə alınması milli və ya beynəlxalq standarta uyğun və ya Orqanlar tərəfindən müəyyən edilmiş digər qaydada həyata keçirilməlidir.

3.7. Ehtiyat fondunun sənədlərinin saxlanılması və axtarışı sistemi sənədlərin aid olduğu təşkilata, silahın, hərbi texnikanın, məhsulun, sistemin, obyektin adına, işarəsinə, sənədin işarəsinə, habelə Orqanların müəyyən etdiyi digər göstəricilərə görə axtarışına imkan verməlidir.

 

4. SƏNƏDLƏRİN TƏZƏLƏNMƏSİ

 

4.1. Ehtiyat fondunun sənədləri Orqanların qərarı ilə vaxtaşırı təzələnir.

4.2. İstehsalatdan çıxarılmış silah, hərbi texnika, məhsulun, habelə mənəvi cəhətdən aşınmış obyekt və sistemin ehtiyat fondunda saxlanılan sənədləri müəyyən olunmuş qaydada arxivə verilir və ya məhv edilir.

4.3. Elmi-təcrübi dəyərini itirməyən və arxivə verilməli və ya məhv edilməli sənədlər orqanların ekspert komissiyası tərəfindən müəyyən edilir.

Bir qayda olaraq, ekspert komissiyası bu işə sənədi ehtiyat fonduna təqdim edən təşkilatların aidiyyəti mütəxəssislərini cəlb edir.

4.4. Ehtiyat fondunda saxlanılan sənədlərin ekspertizası hər ilin sonunda aparılır. Ekspertizanın nəticəsi üzrə arxivə verilməli və (və ya) məhv edilməli sənədlərin siyahıları tərtib edilir. Siyahılar ekspert komissiyalarının üzvləri tərəfindən imzalanır, Orqanların rəhbəri və ya onun səlahiyyət verdiyi vəzifəli şəxs tərəfindən təsdiq edilir və icra olunmaq üçün sənədlərin saxlanıldığı təşkilata göndərilir.

4.5. Silahın, hərbi texnikanın, məhsulun, obyektin, sistemin təkmilləşdirilməsi məqsədilə onların sənədlərində dəyişiklik edildikdə, təşkilat tərəfindən milli və ya beynəlxalq standarta uyğun dəyişiklik edilmiş sənədlər sənədlərin ehtiyat fondunun saxlanılma yerinə göndərilməlidir.

4.6. Ehtiyat fondu sənədlərində müvafiq dəyişiklik texniki laboratoriyalar tərəfindən həyata keçirilir.

 

5. SƏNƏDLƏRDƏN İSTİFADƏ

 

5.1. Ehtiyat fondunda saxlanılan sənədlər əsasında bu sənədlərin dublikatının, surətinin hazırlanması Orqanların tapşırığı ilə texniki laboratoriyalar tərəfindən həyata keçirilir.

5.2. Tapşırıqlar təşkilatların səfərbərlik planına uyğun olaraq təqdim etdikləri sifariş əsasında verilir.

5.3. Sifarişdə dublikatının, surətinin çıxarılması sifariş edilən sənədin işarəsi, növü (konstruktor, texnoloji, normativ texniki və s.), çoxaltmanın növü (dublikat, surət və s.), daşıyıcının növü (kağız, kalka, mikrofilm, disk və s.), nüsxələrin sayı, göndərilmə müddəti və ünvan göstərilir.

5.4. Sülh dövründə ehtiyat fondu sənədlərindən dublikatın, surətin hazırlanması aidiyyəti təşkilatın əsaslandırılmış sifarişi əsasında, Orqanların tapşırığı ilə həyata keçirilə bilər.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi

 

QAYDASI [5]

 

1. Bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.12-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

2. Səfərbərlik planlarına uyğun olaraq təşkilatların balanslarında olan binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin yerli icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə ayrılması ilə əlaqədar onlara vurulan zərər dövlət tərəfindən ödənilir. [6]

3. Vurulan zərərin həcminin və məbləğinin təyin edilməsi məqsədilə yerli icra hakimiyyətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin, Maliyyə Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər maraqlı təşkilatların nümayəndələrindən ibarət tərkibdə Komissiya yaradılır. [7]

4. Təşkilatlara vurulan zərərin əvəzinin ödənilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilə bilər:

4.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına;

4.2. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş digər mənbələr hesabına.

5. Təşkilatlara vurulan zərərin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır.

6. Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar vurulan zərərin əvəzinə təşkilatlara Azərbaycan Respublikası Prezidentinin yaratdığı müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) tərəfindən müəyyənləşdirilmiş maliyyə vəsaiti ödənilə bilər.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların təqdim edilməsi

 

QAYDASI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.13-cü bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

1.2. Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların toplanmasında məqsəd bu sahədə görülmüş və görüləcək işləri daimi nəzarətdə saxlamağı, zəruri hallarda isə yaranmış vəziyyəti müşavirələrdə təhlil edərək, nöqsanların aradan qaldırılmasını təmin etməkdən ibarətdir.

 

2. SƏFƏRBƏRLİK TƏDBİRLƏRİNİN HAZIRLANMASINA VƏ HƏYATA KEÇİRİLMƏSİNƏ DAİR MƏLUMATLARIN TƏQDİM EDİLMƏSİ

 

2.1. Dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və təşkilatlar kvartalda bir dəfə səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatları təqdim etməlidirlər. [8]

2.2. Təqdim ediləcək məlumatlarda aşağıda göstərilən məsələlər öz əksini tapmalıdır:

2.2.1. dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və təşkilatlar müharibə dövrünün iş rejiminə keçməsi ilə əlaqədar görülmüş işlər haqqında;

2.2.2. Azərbaycan Respublikası iqtisadiyyatının, Azərbaycan Ordusunun, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik planlarının işlənib hazırlanması ilə əlaqədar görülmüş işlər haqqında; [9]

2.2.3. səfərbərlik elan edilərkən Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə verilməsi nəzərdə tutulmuş texnikanın hazırlanması, onların texniki vəziyyətini yoxlamaq üçün bu nəqliyyatların dövlət qeydiyyatlarını aparanlarla birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin və hərbi hissələrin nümayəndələrinin iştirakı ilə görülmüş işlər haqqında; [10]

2.2.4. maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması və təzələnməsi ilə əlaqədar görülmüş işlər haqqında;

2.2.5. səfərbərlik zamanı və müharibə dövründə əhalinin ərzaq və qeyri- ərzaq malları ilə normalara uyğun təchizatının, onlara tibbi xidmətin göstərilməsinin, rabitə, nəqliyyat vasitələri ilə təminatının hazırlanması və təşkili ilə əlaqədar görülmüş işlər haqqında;

2.2.6. dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və təşkilatların müəyyən edilmiş qaydada ehtiyat idarəetmə məntəqələrinin yaradılmasını və onların müharibə dövrü şəraitində fəaliyyət göstərməsini təmin etmək məqsədilə həyata keçirilmiş tədbirlər haqqında;

2.2.7. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda hərbi uçotun təşkili haqqında;

2.2.8. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsi ilə əlaqədar həyata keçirilmiş tədbirlər haqqında;

2.2.9. səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsi ilə əlaqədar həyata keçirilmiş tədbirlər haqqında.

2.3. Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatlar aşağıda göstərilən müddətdə təqdim edilməlidir:

2.3.1. təşkilatlar - aprel, iyul və oktyabr aylarının 10-na qədər tabelik üzrə yuxarı təşkilatlara;

2.3.2. icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanları - aprel, iyul və oktyabr aylarının 20-nə qədər müvafiq icra hakimiyyətinə;

2.3.3. yekun məlumatlar - dövlət orqanlarına aprel, iyul və oktyabr aylarının 30-na qədər.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi

 

QAYDASI

 

1. Bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.14-cü bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

2. Səfərbərlik tapşırığının (sifarişinin) vaxtında yerinə yetirilməsi məqsədilə

təşkilatın mövcud qüvvə və vasitələrindən maksimum dərəcədə istifadə olunması şərtilə material ehtiyatları yaradılır.

3. Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə yaradılan material ehtiyatları həmin tapşırığın (sifarişin) yerinə yetirilməsi üçün istifadə olunur.

4. Səfərbərlik tapşırığının yerinə yetirilməsində öz vəsaitindən istifadə edən təşkilatlara Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəştlər şamil olunur.

5. Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin ödənilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilir:

5.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına;

5.2. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş digər mənbələr hesabına.

6. Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi nəticəsində vurulan zərərin əvəzinə təşkilatlara Azərbaycan Respublikası Prezidentinin yaratdığı müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) tərəfindən müəyyənləşdirilmiş maliyyə vəsaiti ödənilə bilər.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə binaların, tikililərin, nəqliyyat vasitələrinin və mülkiyyətində olan digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi

 

QAYDASI

 

1. Bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.15-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

2. Vətəndaşların mülkiyyətində olan binalar, tikililər, nəqliyyat vasitələri və digər əmlak müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər.

3. Vətəndaşların mülkiyyətində olan əmlakın müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb olunması ilə əlaqədar onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin, Maliyyə Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir. [11]

4. Müharibə dövründə mülkiyyətində olan binaların, tikililərin, nəqliyyat vasitələrinin və digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin ödənilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilə bilər:

4.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına;

4.2. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş digər mənbələr hesabına.

5. Müharibə dövründə mülkiyyətində olan əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır.

6. Müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mülkiyyətində olan binaların, tikililərin, nəqliyyat vasitələrinin və digər əmlakın təqdim edilməsi nəticəsində vurulmuş zərərin əvəzinə vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin yaratdığı müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) tərəfindən müəyyənləşdirilmiş maliyyə vəsaiti ödənilə bilər.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi

 

QAYDASI

 

1. Bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.17-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.

2. Təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri və digər əmlak ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər.

3. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir. [12]

4. Mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin ödənilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilə bilər:

4.1. Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına;

4.2. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş digər mənbələr hesabına.

5. Mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır.

6. Mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində vurulan zərərin əvəzinə təşkilatlara və vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin yaratdığı müvəqqəti xüsusi idarəetmə orqanı (mərkəzi idarəetmə orqanı) tərəfindən müəyyənləşdirilmiş maliyyə vəsaiti ödənilə bilər.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

2.       11 dekabr 2012-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1358)

3.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

4.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

5.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

6.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

7.       21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 158)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 dekabr 2012-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1358) ilə “Səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin təqdim edilməsi Qaydaları”nda mətn üzrə “yerli özünüidarəetmə” sözləri “yerli özünüidarə” sözləri ilə, ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” sözləri ilə əvəz edilmişdir.

 

[2] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin təqdim edilməsi Qaydaları”nın 2.1.2-ci, 2.1.3-cü, 2.1.11-ci yarımbəndlərində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, 2.1.5-ci yarımbəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə” sözləri “Azərbaycan Ordusuna” sözləri ilə əvəz edilmişdir.

 

[3] 11 dekabr 2012-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1358) ilə “Səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin maliyyələşdirmə Qaydası və Mənbəyi”nin 2-ci hissəsində “yerli özünüidarəetmə” sözləri “yerli özünüidarə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanılması və istifadə olunması Qaydası”nın 1.4-cü bəndinin ikinci abzasında və 2.1-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanılması və istifadə olunması Qaydası”nın 1.4-cü bəndinin ikinci abzasından və 2.1-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[5] 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə təsdiq edilmiş "Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası"nın və həmin qərarla təsdiq edilmiş "Müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə binaların, tikililərin, nəqliyyat vasitələrinin və mülkiyyətində olan digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası"nın 3-cü bəndlərində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsinin" sözləri ilə əvəz edilmişdir.

 

[6] 11 dekabr 2012-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1358) ilə “Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 2-ci və 3-cü hissələrində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (rayon Hərbi Komissarlığı)” sözləri “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə əvəz edilmişdir.

 

[7] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 158) ilə “Səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Nəqliyyat” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[8] 11 dekabr 2012-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1358) ilə “Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların təqdim edilməsi Qaydası”nın mətn üzrə “yerli özünüidarəetmə” sözləri "yerli özünüidarə" sözləri ilə əvəz edilsin və ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” sözləri ilə əvəz edilmişdir.

 

[9] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların təqdim edilməsi Qaydası”nın 2.2.2-ci yarımbəndində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, 2.2.3-cü yarımbəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə” sözləri “Azərbaycan Ordusuna” sözləri ilə əvəz edilmişdir.

 

[10] 11 dekabr 2012-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1358) ilə “Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların təqdim edilməsi Qaydası”nın 2.2.3-cü yarımbənddə “rayon, şəhər hərbi komissarlıqlarının” sözləri “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin” sözləri ilə əvəz edilmişdir.

 

[11] 11 dekabr 2012-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1358) ilə “Müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə binaların, tikililərin, nəqliyyat vasitələrinin və mülkiyyətində olan digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (rayon Hərbi Komissarlığının)” sözləri “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin” sözləri ilə əvəz edilmişdir.

21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 158) ilə “Müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə binaların, tikililərin, nəqliyyat vasitələrinin və mülkiyyətində olan digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[12] 11 dekabr 2012-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 13 dekabr 2012-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1358) ilə “Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (rayon Hərbi Komissarlığının)” sözləri “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin” sözləri ilə əvəz edilmişdir.

21 yanvar 2019-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 yanvar 2019-cu il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 158) ilə “Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 3-cü hissəsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status