Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği"ndə dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İslehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği"nin 3.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"3.8. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə ödənclərin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublikada kənd təsərrüfatı sahəsi üzrə mövcud olan orta aylıq əmək haqqından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta aylıq əmək haqqı əsasında yenidən hesablanır və bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Mülkiyyət forması dəyişdirilmədən saxlanılan kolxoz və sovxozlar barədə məlumat ildə bir dəfə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir."

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ

Bakı şəhəri, 10 avqust 2004-cü il
№ 111