Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydasının təsdiq  edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin təqdim etdikləri «Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin müəyyən  edilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

 2. “Azərbaycan Respublikası ərazisində fiziki şəxslərin mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyəri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 16 mart tarixli 58 nömrəli qərarının birinci bəndi qüvvədən düşmüş hesab edilsin.

 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

Bakı şəhəri, 28 iyun 1999-cu il

№ 110

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 28 iyun tarixli 110 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası

I. Binaların inventar dəyərinin müəyyən edilməsi

 1.1. Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri onların texniki inventarlaşdırılması əsasında müəyyənləşdirilir.

 1.2. Binaların inventar dəyəri qiymətləndirmə anında mövcud olan fiziki köhnəlmə dəyəri çıxılmaqla, həqiqi dəyəri üzrə müəyyən edilir.

 1.3. Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri əmsallar və qüvvədə olan indeks (inflyasiya dərəcəsi) nəzərə alınmaqla,  aşağıdakı qaydada müəyyən edilir:

 1.3.1. Fərdi yaşayış (təqdim olunmuş layihə-smeta sənədlərinə əsasən tikilmiş və sonradan özəlləşdirilmiş kommunal fərdi evlərdən  başqa) və bağ evlərinin inventar dəyərinin müəyyən edilməsi.

 1.3.1.1. Azərbaycan Respublikasının ayrı-ayrı zonalarında yerləşən fərdi yaşayış və bağ evlərinin inventar dəyərləri bu Qaydanın 1  nömrəli və 2 nömrəli əlavələrinə* əsasən, binanın 1 kub metrinin baza qiyməti normalarına 42700 artım əmsalı tətbiq edilməklə  hesablanır.

 1.3.1.2. Üç və ya artıq mərtəbəli binaların inventar dəyəri hesablanarkən həmin binanın bu Qaydanın 2 nömrəli əlavəsində  göstərilən 1 kub metrinin dəyəri ikinci mərtəbədən başlayaraq, hər mərtəbə üçün özündən əvvəlki mərtəbənin 1 kub metrinin dəyərindən 5 faiz miqdarında az qəbul olunur.

 1.3.1.3. Binaların fasadına üzlük çəkilmişsə və ya suvanmışsa, onda həmin binanın hər qiymət toplusunda göstərilən 1 kub  metrinin dəyəri 4,5 faiz artırılır.

 1.3.1.4. Mərtəbə arası və çardaq örtüyü dəmir-beton olduğu halda 1,1 keçid əmsalı tətbiq olunur.

 1.3.1.5. Zirzəmi və yarım zirzəmi qiymətləndirilərkən müvafiq olaraq, 0,60 və 0,85 keçid əmsalları tətbiq olunur.

 1.3.1.6. Binanın həcmi bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş maksimum həcmdən 30 faiz çox olarsa 0,95 əmsalı qəbul  olunur.

 1.3.2. Özəlləşdirilmiş mənzillərin (təsdiq olunmuş layihə-smeta sənədlərinə əsasən tikilmiş və sonradan özəlləşdirilmiş kommunal fərdi evlər də daxil olmaqla) inventar dəyərinin müəyyən edilməsi.

 1.3.2.1. Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzillərin inventar dəyəri texniki pasport tərtib edildikdən sonra aşağıdakı  qaydada hesablanır:

 1.3.2.2. Binanın ilkin balans dəyəri əsas götürülərək, aşınma ayırmaları çıxılır, vahid həcminin dəyəri təyin edilərək mənzilin həcminə  vurulur.

 1.3.2.3. «Tikildiyi vaxtdan asılı olaraq, əsas vəsaitlərin (fondların) yenidən qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 1993-cü il 29 yanvar tarixli 57 nömrəli, 1994-cü il 16 iyun tarixli 238 nömrəli və 1996-cı il 2 avqust tarixli 99  nömrəli qərarlarında bina və qurğular üçün nəzərdə tutulmuş əmsallar analoji olaraq, yaşayış binaları üçün tətbiq edilməklə bu  Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq təyin edilir.

 1.4. Qeyri-yaşayış binalarının inventar dəyərinin müəyyən edilməsi.

 1.4.1. Qeyri-yaşayış binaları Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qərarları ilə təsdiq edilmiş texniki pasport  formaları üzrə inventarlaşdırılır, qiymətləndirilməsi isə xidmət illərinə müvafiq aşınma ayırmaları çıxılmaqla, inflyasiya dərəcəsi bu  Qaydanın 3 nömrəli əlavəsinə uyğun aparılır.

 1.4.2. Qeyri-yaşayış binalarının da fiziki aşınmasının qiymətləndirilməsi analoji olaraq, yaşayış binalarının fiziki aşınmasının  qiymətləndirilməsi qaydalarına müvafiq aparılır.

 1.4.3. Özəlləşdirilmiş binaların inventar dəyəri bu Qaydada göstərilən bəndlərə uyğun olaraq müəyyən edilir.

 1.5. Fiziki şəxslərin mülkiyyətində olan, normativ xidmət müddətini başa çatdırmış, ilkin balans dəyəri olmayan, eləcə də balans dəyəri binanın həqiqi vəziyyətinə uyğun gəlməyən binaların (fərdi yaşayış fondundan başqa) həqiqi dəyərini müəyyənləşdirmək üçün, həmin  binalar yerində xüsusi komissiyanın iştirakı ilə texniki cəhətdən inventarlaşdırılır, faktiki vəziyyəti müəyyənləşdirilir, hər bir konstruktiv elementin faktiki vəziyyətinə görə köhnəlmə faizi bu Qaydanın 4 nömrəli əlavəsinə müvafiq təyin olunur.

 Yuxarıda qeyd olunmuş binaların inventar dəyəri Azərbaycan Respublikasında, axırıncı dəfə 1972-ci ildə aparılmış yenidənqiymətləndirmə  zamanı tətbiq edilmiş qiymət toplusundan və bu Qaydanın 3 nömrəli əlavəsindən istifadə edərək, aşınması çıxılmaqla təyin olunur.

II. Qiymətləndirmənin nəticələrinin rəsmiləşdirilməsi

 İşin nəticələrinə görə icraçı (texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları) sifarişçiyə (yerli dövlət vergi müfəttişliyi orqanına) binanın qiymətləndirilməsinin yekun icmal cədvəlini (bu Qaydaya 5 nömrəli əlavə) təqdim edir. Yekun icmal cədvəli işin icraçıları  tərəfindən imzalanır və icraçı təşkilatın rəisi tərəfindən təsdiq edilir.

 

 

* Əlavələr dərc olunmur