Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydalarının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları təsdiq edilsin (əlavə olunur). [1]

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 21 iyul tarixli 81 nömrəli qərarı (5-ci bəndi istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar 2001-ci il iyunun 15-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 31 may 2001-ci il

105

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 31 may tarixli 105 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları

 

1. Ümumİ müddəalar

1.1. Rezident və qeyri-rezident fiziki şəxslər (bundan sonra fiziki şəxslər) tərəfindən təyinatı nəzərə alınmaqla yalnız istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi (beynəlxalq poçt vasitəsilə göndərişlər də daxil olmaqla) bu Qaydalarla tənzimlənir.

1.2. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadə və istehlak məqsədləri üçün keçirildiyini yəqin etməklə, onların xarakterinə və miqdarına, eləcə də sərhəddən keçirilməsinin tezliyinə görə Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən müəyyən edilir.

2. Fİzİkİ şəxslər tərəfİndən İstehsal və kommersİya məqsədlərİ üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublİkasının gömrük sərhədİndən keçİrİlməsİ

2.1. Fiziki şəxslər təyinatı bu Qaydaların 1.2 bəndinə uyğun olaraq müəyyən edilməklə, istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş malları (nəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla) sadələşdirilmiş qaydada bəyan etməklə aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər:

2.1.1. fiziki şəxs Azərbaycan Respublikasının gömrük sərhədini keçməklə ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan malları gətirdikdə (apardıqda);

2.1.2. beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə);

2.1.3. qeyri-rezident fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən yuxarı xarici ölkədə yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələrkən (və ya rezident fiziki şəxslər Azərbaycan Respublikasından köçüb gedərkən) 20.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə üçün zəruri olan məişət əşyalarını özü gömrük sərhədindən keçərək gömrük orqanlarına bəyan etməklə müşayiət olunan və ya müşayiət olunmayan baqajla gətirdikdə (apardıqda);

(Çıxarılıb)[2]

2.1.4. zəruri ehtiyacların ödənilməsi üçün şəxsi əşyaları gömrük qaydalarına əməl etməklə müvəqqəti olaraq gətirdikdə (apardıqda);

2.1.5. açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyaları (gətirilməsi və aparılması qadağan edilmiş əşyalardan başqa) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdikdə.

2.2. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mal vahidinin və ya dəstinin dəyəri (avtonəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla) bu Qaydaların 2.1.1 yarımbəndi ilə müəyyən edilmiş dəyər həddini ötdükdə, həmin malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada aparılır.

2.3. Azərbaycan Respublikasının gömrük sərhədindən müşayiət olunmayan baqajla (bu Qaydaların 2.2 və 2.14 yarımbəndlərində göstərilən hallar istisna olmaqla), habelə bu Qaydaların 2.1 yarımbəndi ilə müəyyən edilmiş miqdar və dəyər hədlərindən artıq gətirilən (aparılan) malların gömrük rəsmiləşdirilməsi xarici iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq gömrük ödənişləri alınmaqla aparılır.

2.4. Azərbaycan Respublikasının gömrük sərhədindən müşayiət olunmayan baqajla fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada keçirilən mallardan gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları mövcud qanunvericiliyə uyğun olaraq tutulur.

2.5. Bu Qaydaların 2.1. bəndi ilə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır.

2.6. Fiziki şəxslər tərəfindən xidməti və mülki silah, onların döyüş sursatları Azərbaycan Respublikasının gömrük sərhədindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi icazəsi təqdim edildikdə keçirilə bilər.[3]

2.7. Fiziki şəxslər tərəfindən heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal Azərbaycan Respublikasının gömrük sərhədindən dövlət baytarlıq və dövlət fitosanitar nəzarəti xidmətlərinin müvafiq sənədi olduqda keçirilə bilər.[4]

2.8. Fiziki şəxslər tərəfindən yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər.[5]

2.9. Fiziki şəxslər tərəfindən 125 qrama qədər nərə cinsli balıq kürüsü gömrük ərazisindən keçirilə bilər.[6]

2.10. Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən fərdi istehlak üçün 3 litr alkoqollu içki, 600 ədəd siqaret və avtomobilin bakında texniki pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacaq keçirə bilərlər. [7]

2.11. Bədii, tarixi, elmi və digər mədəni əşyalar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük ödənişləri ödənilmədən məhdudiyyətsiz miqdarda gətirilə bilər.

2.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri xüsusi rejim əsasında verilmiş mühafizə dərəcəsinə müvafiq surətdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ixracın mümkünlüyü barədə verdiyi şəhadətnamə Azərbaycan Respublikasının gömrük orqanlarına təqdim edildiyi və komissiyon dəyərinin 100 faizi məbləğində gömrük rüsumu ödənildikdən sonra, mühafizə dərəcəsi verilməmiş mədəniyyət sərvətləri isə sərbəst surətdə Azərbaycan Respublikasının gömrük ərazisindən aparıla bilər.[8]

2.13. Fiziki şəxslər xarici valyuta sərvətlərini və milli valyutanı (manatı) Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən müvafiq qanunla və Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilmiş qaydada keçirə bilərlər.[9]

2.14. Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasının yalnız 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri aşağıdakı hallarda güzəştli və ya sadələşdirilmiş qaydada Azərbaycan Respublikasının sərhədindən keçirilə bilər:

2.14.1. iki təqvim ilindən yuxarı xarici ölkələrdə yaşamış fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə müvafiq qeydlər olduqda) daimi yaşayış məqsədilə, Azərbaycan Respublikasına köçüb gəldikdə, istehsal-buraxılış tarixindən, yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq ailə üçün bir avtonəqliyyat vasitəsini Azərbaycan Respublikasının gömrük ərazisinə qanunvericiliklə müəyyən edilmiş gömrük rüsumu ödəmədən gətirə bilərlər;[10]

2.14.2. Azərbaycan Respublikasından daimi yaşayış məqsədilə xarici ölkələrə köçüb gedən fiziki şəxslərə onların sahibliyində olan avtonəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük ərazisindən aparmağa icazə verilir;

2.14.3. fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə ölkənin gömrük sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ilədək keçmiş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən (bu Qaydaların 2.22 bəndində nəzərdə tutulan hallar istisna olmaqla) asılı olmayaraq, mühərrikin həcminin hər kub santimetrinə görə 0,4 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları və qanunvericiliklə müəyyən edilmiş miqdarda digər gömrük ödənişləri alınır;

2.14.4. fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə bu ölkənin gömrük sərhədini keçənədək istehsal-buraxılış tarixindən 1 ildən çox ötmüş avtonəqliyyat vasitələri gətirilərkən yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən (bu Qaydaların 2.22 bəndində nəzərdə tutulan hallar istisna olmaqla) asılı olmayaraq, mühərrikin həcminin hər kub santimetrinə görə 0,7 ABŞ dollarına ekvivalent məbləğdə gömrük rüsumları və qanunvericiliklə müəyyən edilmiş miqdarda digər gömrük ödənişləri alınır.

2.15. Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən bu Qaydaların 2.2 və 2.14 bəndlərinə uyğun olaraq sadələşdirilmiş qaydada keçirilən mallardan və mal qismində nəqliyyat vasitələrindən gömrük ödənişləri gömrük mədaxil orderi tətbiq olunmaqla alınır.

2.16. Xarici dövlətlərdə daimi qeydiyyatda olan bütün növ avtonəqliyyat vasitələrinin rezident, xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələri istisna olunmaqla digər avtonəqliyyat vasitələrinin isə qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində depozitə qoyulmaqla icazə verilir.

2.17. Xarici dövlətlərdə daimi qeydiyyatda olan, xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının yalnız 8703 mal qrupuna aid edilən avtonəqliyyat vasitələrinin qeyri-rezident fiziki şəxslərin bilavasitə özləri tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə gömrük qaydalarına əməl edilməklə 30 günədək müddətə, bu müddətin uzadılmasına görə isə sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd-buraxılış məntəqələrində depozitə qoyulmaqla icazə verilir.

2.18. Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan (və ya qeydiyyatdan çıxarılmış) avtonəqliyyat vasitələrinin rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.

2.19. Əlillər üçün xüsusi olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici sənədi olduğu təqdirdə gömrük ödənişləri alınmadan icazə verilir.

2.20. Gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla alınır.

2.21. Fiziki şəxslər tərəfindən bu Qaydalarla müəyyən edilmiş dəyər və miqdar məhdudiyyətlərindən yuxarı sayda və məbləğdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və mal qismində nəqliyyat vasitələri xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq ümumi qaydalarla gömrük rəsmiləşdirilməsindən keçirilir.

2.22. Azərbaycan Respublikasının xarici dövlətlərlə azad ticarət haqqında sazişlərində malların idxalına gömrük idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulduqda bu Qaydaların 2.2 və 2.3 bəndlərində, habelə 2.14.3 və 2.14.4 yarımbəndlərində nəzərdə tutulan hallarda mənşə ölkəsi həmin ölkələr olan mallara və mal qismində nəqliyyat vasitələrinə gömrük idxal rüsumları tətbiq edilmir.

2.23. Diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçularının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın (təqdim edilmiş sənədlər əsasında) Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur.[11]

3. Fİzİkİ şəxslər tərəfİndən Azərbaycan Respublİkasının gömrük sərhədİndən keçİrİlməsİ qadağan olunan mallar

3.1. Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar:

3.1.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;[12]

3.1.2. radioaktiv maddələr;

3.1.3. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;[13]

3.1.4. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

3.1.5. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.[14]

3.2. Azərbaycan Respublikasından fiziki şəxslər tərəfindən aparılması və beynəlxalq poçt vasitəsilə göndərilməsi qadağan olunmuş mallar:

3.2.1. aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;

3.2.2. qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı);

3.2.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;[15]

3.2.4. radioaktiv maddələr;

3.2.5. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;[16]

3.2.6. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

3.2.7. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;[17]

3.2.8. xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat;

3.2.9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri;[18]

3.2.10. dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;

3.2.11. xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;[19]

3.2.12. Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;

3.2.13. müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı olan obyektlər.

3.3. Silah və onun döyüş sursatlarının fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir.

3.4. Odlu silah və onun döyüş sursatının poçt vasitəsilə göndərilməsi qadağandır[20]

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 noyabr 2002-ci il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 678)

2.       2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 6, maddə 342)

3.       30 aprel 2004-cü il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 4, maddə 308)

4.       18 may 2004-cü il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 5, maddə 385)

5.       9 avqust 2004-cü il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 8, maddə 655)

6.       23 noyabr 2004-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 11, maddə 966)

7.       29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 6, maddə 558)

8.       3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1061)

9.       9 mart 2006-cı il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 3, maddə 297)

10.    2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 463)

11.    10 may 2007-ci il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 543)

12.    7 fevral 2008-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2 , maddə 118)

13.    6 aprel 2010-cu il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4 , maddə 352)

14.    12 iyun 2013-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 22 iyun 2013-cü il, 134)

15.    14 avqust 2013-cü il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 3 sentyabr 2013-cü il, 192)

16.    14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 27 oktyabr 2013-cü il, 237)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 27 oktyabr 2013-cü il, 237) ilə 1-ci hissəsi ləğv edilmişdir.

 

[2] 7 noyabr 2002-ci il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 678) ilə 2.1.4-cü bəndi çıxarılmışdır və 2.1.5-ci və 2.1.6-cı bəndləri müvafiq olaraq 2.1.4-cü və 2.1.5-ci bəndlər hesab edilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi.

2.1.4. Azərbaycan Respublikasında daimi yaşayan və xarici ölkələrdə müvəqqəti fasiləsiz yaşama müddəti 1 (bir) ili keçən vətəndaşlar Azərbaycan Respublikasına qayıdan zaman 10.000 ABŞ dollarına ekvivalent dəyər həcmində ailə üçün zəruri olan məişət əşyalarını gətirdikdə;

 

[3] 18 may 2004-cü il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 5, maddə 385) ilə 2.6-cı bəndində "ov silahı, onların sursatları" sözləri "xidməti və mülki silah, onların döyüş sursatları" sözləri ilə əvəz edilmişdir.

 

23 noyabr 2004-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 11, maddə 966) ilə "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"nın 2.6-cı bəndində "icazəsi" sözü "xüsusi icazəsi" sözləri ilə əvəz edilmişdir.

 

[4] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 6, maddə 558) ilə "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"nın 2.7-ci bəndində "Baytarlıq orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının icazəsi" sözləri "dövlət baytarlıq və dövlət fitosanitar nəzarəti xidmətlərinin müvafiq sənədi" sözləri ilə əvəz edilmişdir.

 

[5] 10 may 2007-ci il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 543) ilə "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"nın 2.8-ci bəndində "zəruri olan miqdarda" sözlərindən sonra ", o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən" sözləri əlavə edilmişdir.

 

[6] 30 aprel 2004-cü il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 4, maddə 308) ilə "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"nın 2.9-cu bəndində "600"qəmi "250" rəqəmi ilə, "aparıla" sözü isə "keçirilə" sözü ilə əvəz edilmişdir.

 

7 fevral 2008-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2 , maddə 118) ilə Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının 2.9-cu bəndində 250 rəqəmi 125 rəqəmi ilə əvəz edilmişdir.

 

6 aprel 2010-cu il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4 , maddə 352) ilə "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"nın 2.9-cu bəndində "balıq kürüsü" sözlərindən əvvəl "nərə cinsli" sözləri əlavə edilmişdir.

 

[7] 2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 463) ilə Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının 2.12-ci bəndində Mədəniyyət sözü Mədəniyyət və Turizm sözləri ilə əvəz edilmişdir.

 

12 iyun 2013-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 22 iyun 2013-cü il, 134) ilə Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının 2.10-cu bəndində 3 blok sözləri 600 ədəd sözləri ilə əvəz edilmişdir.

 

[8] 2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 463) ilə Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının 2.12-ci bəndində Mədəniyyət sözü Mədəniyyət və Turizm sözləri ilə əvəz edilmişdir.

 

[9] 7 noyabr 2002-ci il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 678) ilə 2.13-cü bənd yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi.

2.13. Fiziki şəxslər tәrәfindәn xarici valyuta sərvətlərinin və milli valyutanın (manatın) Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən keçirilməsi qaydaları qüvvədə olan qanunvericiliklə tənzimlənir.

 

[10] 7 noyabr 2002-ci il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 678) ilə 2.14.1-ci bəndindən "habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa rəsmi dövlət, hökumətlərarası beynəlxalq təşkilatlarda 1 ildən az olmamaq şərti ilə işləmiş Azərbaycan Respublikasının vətəndaşları xidmət müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikasına qayıtdıqda," sözləri çıxarılmış və həmin bənddə "ödənişlərini" sözü "rüsumu" sözü ilə əvəz edilmişdir.

 

[11] 7 noyabr 2002-ci il tarixli 176 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 678) ilə 2.23-cü bənd əlavə edilmişdir.

 

9 avqust 2004-cü il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 8, maddə 655) ilə "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"nın 2.23-cü bəndində "rüsumu" sözü "ödənişləri" sözü ilə əvəz edilmişdir.

 

14 avqust 2013-cü il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti 3 sentyabr 2013-cü il, 192) ilə Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının 2.23-cü bəndinə şəxslərin sözündən sonra , Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin hərbi qulluqçularının sözləri əlavə edilmişdir.

 

[12] 18 may 2004-cü il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 5, maddə 385) ilə 3.1.1 yarımbəndində "yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə)" sözləri "Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar" sözləri ilə əvəz edilmişdir.

 

[13] 3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1061) ilə 3.1.3-cü yarımbənddə "və psixotrop maddələr" sözləri "vasitələr, psixotrop maddələr və onların prekursorları," sözləri ilə əvəz edilmişdir.

 

[14] 3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1061) ilə 3.1.5-ci yarımbənddə "narkotik" sözündən sonra "vasitələrin" sözü əlavə edilmişdir.

 

[15] 18 may 2004-cü il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 5, maddə 385) ilə 3.2.3 yarımbəndində "yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə)" sözləri "Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar" sözləri ilə əvəz edilmişdir.

 

[16] 3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1061) ilə 3.2.5-ci yarımbənddə "və psixotrop maddələr" sözləri "vasitələr, psixotrop maddələr və onların prekursorları," sözləri ilə əvəz edilmişdir.

 

[17] 3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 11, maddə 1061) ilə 3.2.7-ci yarımbənddə "narkotik" sözündən sonra "vasitələrin" sözü əlavə edilmişdir.

 

[18] 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 6, maddə 342) ilə 3.2.9.-cu yarımbəndində Milli Təhlükəsizlik Nazirliyi sözlərindən sonra Dövlət Sərhəd Xidməti sözləri əlavə edilmişdir.

 

[19] 9 mart 2006-cı il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 3, maddə 297) ilə Fiziki şəxslər tərəfindən istehsal olunan və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının 3.2.11-ci bəndi çıxarılmışdır.

 

[20] 18 may 2004-cü il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 5, maddə 385) ilə 3.2-ci bəndindən sonra aşağıdakı redaksiyada yeni 3.3 və 3.4-cü bəndlər əlavə edilmişdir.