Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin ĞAzərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəlinin tətbiqi haqqındağ 1993-cü il 29 mart tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli 1 nömrəli əlavəyə uyğun olaraq təsdiq edilsin.

2. Vahid Tarif Cədvəlinin tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir.

Digər müəssisə, idarə və təşkilatların işçilərinin Vahid Tarif Cədvəli əsasında təyin olunmuş əmək haqqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır.

Əməyin ödənilməsinin göstərilən minimum məbləğləri sahə tarif sazişlərinin, kollektiv müqavilələrin bağlanmasında işverənlər, işçilər və həmkarlar ittifaqları arasında danışıqlar üçün baza səviyyəsi hesab olunsun.

Vahid Tarif Cədvəlində təyin olunmuş aylıq tarif (vəzifə) maaşlarının artımı yolu ilə sahələrdə əmək şəraitini nəzərə almaqla fəhlələrin əməyinin ödənilməsi səviyyələrinin differensiallaşması istehsalat sahələri müəssisələrinə tövsiyə edilsin.

3. Vahid Tarif Cədvəlinin bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələri üzrə əməyin ödənilməsi dərəcələri 2 nömrəli əlavəyə, büdcə sahələrinin əsas qulluqçu vəzifələri üzrə əməyin ödənilməsi dərəcələri 3 nömrəli əlavəyə uyğun olaraq təsdiq edilsin.

Müəyyən edilsin ki, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar üzrə Azərbaycan Respublikasının nazirlik və baş idarələri bu qərarın 2 və 3 nömrəli əlavələrində göstərilməyən digər vəzifələrin Vahid Tarif Cədvəlinin ödəmə dərəcələrinə aid edilməsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdıraraq həyata keçirirlər.

Digər müəssisə, idarə və təşkilatlar isə bu əlavələrdə göstərilməyən vəzifələri Vahid Tarif Cədvəlinin ödəmə dərəcələrinə kollektiv müqavilələrdə (sazişlərdə) müstəqil surətdə aid edirlər.

4. Müəyyən edilsin ki, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar ayrılmış büdcə təxsisatları çərçivəsində həvəsləndirici xarakter daşıyan bütün ödənc növlərini və məbləğlərini müstəqil surətdə, digər müəssisə və təşkilatlar isə öz vəsaitləri hesabına kollektiv müqavilələrin (sazişlərin) şərtləri ilə müəyyən edirlər.

Kompensasiya xarakteri daşıyan əlavə haqq və üstəlik haqq (zərərli iş şəraitinə, gecə növbəsində görülən işlərə və s. görə) büdcə idarə və təşkilatlarında respublika qanunvericiliyi ilə müəyyən edilmiş məbləğlərdə, digər müəssisə və təşkialtlarda isə kollektiv müqavilələrdə (sazişlərdə) həmin qanunvericiliklə təyin olunmuş məbləğlərdən aşağı olmamaq şərti ilə təyin edilir.

5. Nazirlik, baş idarə, yerli icra hakimiyyəti orqanları, birlik, müəssisə, idarə və təşkilatlara tapşırılsın ki, lazımi hazırlıq işləri görsünlər və 1,0 tarif əmsalının qanunvericiliklə müəyyən edilmiş əməyin ödənilməsinin minimum məbləğinə uyğun olmasını nəzərə alaraq Vahid Tarif Cədvəlinin tətbiqinə başlasınlar.

6. Nazirliklər və baş idarələr, müəssisə, idarə və təşkilatlar, bütün sahələr üçün ümumi olan peşə və vəzifələr üzrə ixtisas səviyyəsinin və görülən işlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün işlərin və fəhlə peşələrinin vahid tarif-ixtisas sorğu kitabçalarını və rəhbər, mütəxəssis və qulluqçu vəzifələrinin ixtisas sorğu kitabçasını rəhbər tutsunlar.

Azərbaycan Respublikasının Xalq Təhsili, Mədəniyyət, Səhiyyə, Kənd Təsərrüfatı və Ərzaq, Meliorasiya və Su Təsərrüfatı nazirlikləri, Dövlət Bədən Tərbiyəsi və İdman, Hidrometeorologiya, Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət komitələri, Baş arxiv idarəsi, Elmlər Akademiyası, digər nazirliklər və baş idarələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, Vahid Tarif Cədvəlinin əməyin ödənilməsi dərəcələri əsasında müvafiq sahələr üçün spesifik olan işçilərin vəzifələri üzrə—ixtisas tələblərini bir ay müddətində hazırlayıb təsdiq etsinlər və tabeliklərində olan müəssisə, idarə və təşkilatlara çatdırsınlar.

7. Müəyyən olunsun ki, Vahid Tarif Cədvəli əsasında təyin edilmiş işçilərin əməyinin ödənilməsi dərəcələri mütəxəssis və rəhbərlərin attestasiyasının və fəhlələrin yenidən tarifləşdirilməsinin nəticələrinə görə müəyyənləşdirilir.

Müəssisə, idarə və təşkilatların rəhbərləri Vahid tarif Cədvəlinin tətbiq olunmasından əvvəl, ixtisas tələblərinə uyğun olaraq yenidən tarifləşdirilmə işini həyata keçirsinlər.

Azərbaycan Respublikasının nazirlikləri və baş idarələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 31 dekabr tarixli 718 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rəhbər işçilər və mütəxəssislərin attestasiyasının keçirilməsi qaydalarına dair nümunəvi Əsasnaməyə uyğun olaraq, bir ay müddətində müvafiq sahə əsasnamələri hazırlayıb təsdiq etsinlər.

Azərbaycan Respublikasının nazirlikləri və baş idarələri tabeliklərində olan müəssisə, idarə və təşkilatlarda işçilərin attestasiyasının və yenidən tarifləşdirilməsinin keçirilməsinə nəzarət etsinlər.

8. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının nazirlikləri, baş idarələri, yerli icra hakimiyyəti orqanları öz tabeliklərində olan və büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda Vahid Tarif Cədvəlinin tətbiqinə zəruri maliyyə vəsaiti olduqda və onlar buna hazır olduqda icazə verirlər. Digər müəssisə, idarə və təşkilatlar isə lazımi hazırlıq işləri gördükdən sonra Vahid Tarif Cədvəlinin tətbiq olunma müddətlərini müstəqil surətdə kollektiv müqavilələrin (sazişlərin) şərtləri ilə müəyyən edirlər.

9. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılsın ki, respublika büdcəsinin imkanlarını nəzərə almaqla Vahid Tarif Cədvəlinin tətbiqini tədricən maliyyələşdirsin.

10. Əlavə və üstəlik haqqlar da nəzərə alınmaqla işçilərin bu qərarla müəyyən edilən tarif dərəcələri (maaşları) əlavə və üstəlik haqqlar də nəzərə alınmaqla mövcud tarif dərəcələrindən (maaşlarından) az olduğu hallarda bu işçilərə həmin müəssisədə, idarədə və təşkilatda həmin vəzifədə işlədiyi dövr ərzində əmək haqqındakı müvafiq fərq ödənilir.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik və baş idarələr, yerli icra hakimiyyəti orqanları ilə bu qərarın icrası ilə əlaqədar lazımi təşkilati və metodiki iş aparsın, zəruri hallarda Vahid Tarif Cədvəlinin tətbiqi ilə bağlı izahatlar versin.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcə sahəsi işçilərinin əməyinin Vahid Tarif Cədvəlinə uyğun olaraq ödənilməsinə riayət olunmasına nəzarət etsinlər.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə qüvvədə olan qanunvericilik aktları bu qərarla uyğunlaşdırsın.

 

Baş nazirin səlahiyyətlərini icra edən

Ə. MƏSİMOV

 

21 aprel 1993-cü il, Bakı şəhəri

№ 205