Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində normativ aktlarının Azərbaycan Respublikasının 1997-ci il 22 aprel tarixli 276-IQ nömrəli Qanunu ilə qoşulduğu Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında 1978-ci il Beynəlxalq Konvensiyasına 1995-ci ildə qəbul edilmiş düzəlişlərin tələblərinə uyğunlaşdırılması məqsədi ilə və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarət Komitəsi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Gəmilərin qəza hadisələrinin təsnifatı, təhqiqatı və qeydə alınması Qaydaları;

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə;[1]

Azərbaycan Respublikasının nəqliyyat donanması işçilərinin intizam Nizamnaməsi;

Azərbaycan Respublikasının gəmiçilik şirkətləri üçün qəza hallarında tədbirlər planının təşkili üzrə Təlimat;

Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi haqqında Əsasnamə;

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində istehsalat və üzgüçülük təcrübəsinin təşkili və aparılması haqqında Əsasnamə;

Fəlakət zamanı təhlükəsizliyin təmin edilməsi üçün qlobal dəniz rabitə sisteminin tətbiqi haqqında Əsasnamə;

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində növbəçəkmənin təşkili və icrası üzrə Təlimat;

Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında 1978-ci il Beynəlxalq Konvensiyasına 1995-ci ildə qəbul edilmiş düzəlişlərin tələblərinin gəmiçilik şirkətləri tərəfindən yerinə yetirilməsi üzrə Təlimat;

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində komandir heyəti kadrlarının seçilməsi, vəzifəyə təyin edilməsi və xidməti vəzifələrinin artırılması barədə Əsasnamə;

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi təsdiq edilsin (əlavə olunur).[2]

Beynəlxalq dəniz ticarət limanının kapitanı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).[3]

Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

 

Bakı şəhəri, 8 may 2000-ci il

83

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 8 may tarixli, 83 saylı qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Beynəlxalq dəniz ticarət limanı kapitanı haqqında

 

ƏSASNAMƏ

 

Beynəlxalq dəniz ticarət limanı kapitanı (bundan sonra liman kapitanı) Azərbaycan Respublikasının qanunvericiliyinə və dənizçilik hüququ barədə beynəlxalq konvensiyaların normalarına əsasən xidməti vəzifələrini icra edir və liman üzrə qaydalara əsasən liman akvatoriyasında gəmi sürücülüyünün təhlükəsizliyini təmin etmək səlahiyyətini daşıyır.

 

1. Ümumi müddəalar[4]

 

1.1. Liman kapitanı beynəlxalq dəniz ticarət limanı rəhbərinə və bilavasitə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasının rəisinə tabedir.[5]

1.2. Liman kapitanı Liman Nəzarəti Müfəttişliyinə rəhbərlik edir. Liman Nəzarəti Müfəttişliyinin tam təminatı müvafiq liman tərəfindən həyata keçirilir.

1.3. Liman Nəzarəti Müfəttişliyinin ştat cədvəli liman kapitanı tərəfindən tərtib olunur və liman rəhbəri tərəfindən təsdiqlənir.

1.4. Liman kapitanının nəzarət və gəmi sürücülüyünün təhlükəsizliyinin təmin olunması məsələləri üzrə sərəncamları dəniz nəqliyyatı sahəsində çalışan bütün gəmiçilik şirkətləri, digər müəssisələr, təşkilatlar və şəxslər üçün mütləqdir.

1.5. Liman kapitanı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası rəisinin əmri ilə, kapitanın müavinləri isə liman rəhbərinin sərəncamı ilə vəzifəyə təyin edilirlər və azad olunurlar. Liman kapitanı Azərbaycan Respublikası nəqliyyat nazirinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edilir.

1.6. Liman Nəzarəti Müfəttişliyinin işçiləri liman kapitanının təqdimatı ilə vəzifəyə təyin edilir və azad olunurlar.

1.7. Liman kapitanı vəzifəsinə, kapitan diplomuna və nəqliyyat gəmilərində ən azı beş illik iş təcrübəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşları təyin oluna bilərlər.

1.8. Bu Əsasnaməyə aid olmayan vəzifələr liman kapitanının fəaliyyət dairəsinə həvalə oluna bilməz.

1.9. Liman kapitanı gerbli möhürə, Liman Nəzarəti Müfəttişliyinin işçiləri isə onların vəzifəsi və şəxsi nömrəsi göstərilən möhürə malik olmalıdırlar.

 

2. Liman kapitanının vəzifə və hüquqları

 

2.1. Liman kapitanı liman akvatoriyasında ticarət gəmi sürücülüyünün təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. Nəzarət qaydaları Dənizdə insan həyatının mühafizəsinə dair düzəlişləri ilə 1974-cü il Beynəlxalq Konvensiyasına 1988-ci il Protokolunun, Təhlükəsizliyin idarə olunması barədə Beynəlxalq Kodeksinin, Yük Markası barədə 1966-cı il Beynəlxalq Konvensiyasının, Yük Markası barədə 1966-cı il Beynəlxalq Konvensiyasına 1988-ci il Protokolunun, Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1978-ci il Protokolu və düzəlişləri ilə 1973-cü il Beynəlxalq Konvensiyasının, Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında düzəlişləri ilə 1978-ci il Beynəlxalq Konvensiyasının və Gəmilərin ölçülməsi barədə 1969-cu il Beynəlxalq Konvensiyasının tələblərinə cavab verən gəmilərə tətbiq olunur.

2.2. Liman kapitanına aşağıdakı vəzifələri yerinə yetirmək həvalə olunur:

2.2.1. gəmi sürücülüyünün təhlükəsizliyinə aid olan ticarət dənizçiliyi üzrə Azərbaycan Respublikasında qüvvədə olan qanun, qayda və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək ;

2.2.2. gəminin Dövlət Gəmi Reyestrində, gəmi kitabında qeydiyyatı və gəmi sənədlərinin verilməsi;

2.2.3. ticarət dənizçiliyinə aid olan bütün növ diplom və ixtisas sertifikatlarının təsdiqlənməsi, Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq güzəştli icazələrin verilməsi;

2.2.4. dənizin neftlə çirklənməsinin vurduğu ziyana görə mülki cavabdehliyi, Azərbaycan Respublikasının bayrağı altında üzmək hüququ və gəmi sahibkarlığı haqqında Beynəlxalq Şəhadətnamələrin verilməsi;

2.2.5. gəmi sənədlərinin, eləcə də sertifikat və dərəcə şəhadətnamələrinin yoxlanılması;

2.2.6. dənizçi kitabçalarının verilməsi;

2.2.7. gəmilərin limana girişinin və çıxışının rəsmiləşdirilməsi;

2.2.8. bələdçi xidmətinin təşkili və rəhbərliyi;

2.2.9. liman ərazisində və akvatoriyasında dənizdə batan əmlakın çıxarılmasını təmin etmək ;

2.2.10. qəza hallarının araşdırılmasında iştirak etmək ;

2.2.11. Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq, sertifikat və sənədlərin hazırlanması və Azərbaycan Respublikası Ticarət Dənizçilik Kodeksinə əsasən onların verilməsi;

2.2.12. limanda və onun yaxınlığında bədbəxt hadisələrə düçar olmuş adamlara və gəmilərə yardım göstərən xilasetmə əməliyyatlarının təşkili. Xilasetmə əməliyyatlarını həyata keçirərkən, liman ərazisində yerləşən bütün gəmilər mənsubiyyətindən asılı olmayaraq, liman kapitanının əmrlərinə mütləq tabe olmalıdırlar;

2.2.13. limanda, limanın yaxınlığında olan kanal və farvaterlərdə dərinliklərin tələb olunan səviyyədə saxlanılmasını təşkil etmək ;

2.2.14. limanda və limanın yaxınlığında naviqasiya təcrid olma vəsaitlərinin düzgün fəaliyyətini təmin etmək ;

2.2.15. gəmi kapitanlarına liman kapitanının sərəncamında olan naviqasiya və hidrometeoroloji məlumatların çatdırılması;

2.2.16. Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkmələri haqqında Beynəlxalq Konvensiyaya əsasən sertifikat və ixtisas şəhadətnamələrinin verilməsi üzrə xüsusi komissiyalarda sədrlik etməsi.

Qeyd: Beynəlxalq dəniz ticarət limanının kapitanı tərəfindən verilən və ya təsdiqlənən sənədlər bu Əsasnaməyə 1 nömrəli əlavəsində göstərilmişdir.

2.3. Liman kapitanı gəmilərin səfərə çıxmasını aşağıdakı hallarda qadağan edə bilər:

2.3.1. gəminin üzməyə yararlı olmaması;

2.3.2. gəminin yüklənməsində, təchizatında, üzücü heyətlə komplektləşdirilməsində çatışmazlıqların olması;

2.3.3. dəniz üzgüçülüyünün təhlükəsizliyinə, gəmidə olan insanların sağlamlığına təhlükənin yaranması;

2.3.4. müəyyən edilmiş rüsum və cərimələrin ödənilməməsi;

2.3.5. gəmi sənədlərinə olan tələblərin pozulması;

2.3.6. Beynəlxalq Dəniz Təşkilatının A.787(19) və A.882(21) qətnamələrində müəyyən edilmiş hallarda.

2.4. Liman kapitanı aşağıdakı hüquqlara malikdir:

2.4.1. Limanda olan bütün gəmilərin keyfiyyətlərini yoxlamaq məqsədi ilə bunların inspeksiya edilməsi. Təftiş yoxlamaları və müvafiq sənədlərin hazırlanması ilə bağlı xərclər gəmi sahibi tərəfindən ödənilməlidir.

2.4.2. dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair qanun, qərar, qaydaları pozan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə vəsatətin qaldırılması;

2.4.3. müəyyən edilmiş qaydada inzibati cərimələrin tətbiq edilməsi;

2.4.4. müəyyən edilmiş qaydada sertifikatları olan nəzarət talonlarında olunan qeydlərin sənədləşdirilməsi;

2.4.5. Liman Nəzarəti Müfəttişliyinin işçilərinə xidməti təlimatların təsdiq edilməsi;

2.4.6. müəyyən edilmiş qaydada Liman Nəzarəti Müfəttişliyinin işçilərinə qarşı inzibati cəzaların və təriflərin tətbiq edilməsi.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 avqust 2003-cü il tarixli 104 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 08, maddə 460)

2.       30 iyun 2006-cı il tarixli 160 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 06, maddə 584)

3.       8 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 1021)

4.       22 oktyabr 2012-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

5.       23 oktyabr 2014-cü il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 28 oktyabr 2014-cü il, 234)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 22 oktyabr 2012-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə 1-ci hissəsinin ikinci və on üçüncü abzaslar ləğv edilmişdir.

 

[2] 23 oktyabr 2014-cü il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 28 oktyabr 2014-cü il, 234) ilə 1-ci hissəsinin on birinci abzasında Nizamnaməsi; sözü Nizamnaməsi təsdiq edilsin (əlavə olunur). sözləri ilə əvəz edilmişdir, on ikinci abzası ləğv olunmuşdur.

 

[3] 22 oktyabr 2012-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə 1-ci hissəsinin on ikinci abzasda Əsasnamə; sözü Əsasnamə təsdiq edilsin (əlavə olunur). sözləri ilə əvəz edilmişdir.

 

[4] 8 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 1021) ilə "Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə"nin 1.3-cü və 1.4-cü bəndlərinin 1-ci cümləsindən, 1.8-ci bəndindən, 1.11-ci bəndinin birinci və beşinci abzaslarından, 1.15-ci bəndinin birinci abzasından, 3.4-cü bəndinin 1-ci cümləsindən və 3.5-ci bəndinin 2-ci cümləsindən, 3.6-cı bəndinin birinci abzasından, 3.9-cu bəndinin birinci abzasından, 4.1-ci bəndindən, 4.3-cü bəndinin 3-cü cümləsindən, 4.5-ci və 4.6-cı bəndlərindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.

 

[5] 8 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 1021) ilə "Beynəlxalq dəniz ticarət limanı kapitanı haqqında Əsasnamə"nin 1.1-ci və 1.5-ci bəndlərindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.