Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.   "Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2.   "Azərbaycan SSR ərazisində qoruqların, dövlət ovçuluq, meşə-ovçuluq təsərrüfatlarının və yasaqlıqlarının səmərəli şəbəkəsinin təşkil edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1958-ci il 6 may tarixli 305 nömrəli qərarının 3-cü bəndinin "b" yarımbəndinin ikinci abzasında "Eldar bozqırlığının 300 hektarlıq sahəsində Eldar şamı meşəliyini" sözləri çıxarılsın.

3.   Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 21 sentyabr tarixli 525 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

4.   Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

Bakı şəhəri, 17 mart 2005-ci il

№ 43

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 17 mart tarixli 43 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının

Eldar Şamı Dövlət Təbiət Qoruğu haqqında

 

ƏSASNAMƏ

 

I.       ÜMUMİ MÜDDƏALAR

 

1.1. Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu (bundan sonra - Qoruq) - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (Eldar şamı, ardıc, saqqız ağacı və s.) təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.

1.2.  Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3.  "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Qoruğun təşkili üçün ayrılmış torpaq sahələri onun daimi istifadəsinə verilir.

1.4.  Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.

1.5.  Məqsədli istifadəsinə və hüquqi rejiminə görə Qoruğun torpaqlan təbii qoruq təyinatlı torpaqlara daxildir.

1.6.  Qoruğun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.

1.7.  Qoruğa bitişik olan torpaq və su sahələrində mühafizə zonaları müəyyən edilə bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır.

1.8.  Qoruq dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir.

1.9.  Qoruğun idarəedilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

1.10. Qoruğun pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Qoruğun əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququna dair Dövlət aktının qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla, Qoruqda saxlanılır.

1.11.  Qoruqda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.

1.12.  Qoruq müstəqil balansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qoruğun adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir.

 

II. QORUĞUN YARADILMASININ MƏQSƏDLƏRİ

 

2.1. Qoruğun yaradılmasının məqsədləri aşağıdakılardır:

2.1.1.   genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin və təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək;

2.1.2.   elmi tədqiqatları təşkil etmək və aparmaq, "Təbiət Salnaməsi"ni tərtib etmək;

2.1.3.   ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqi həyata keçirmək;

2.1.4.   təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinə və sxemlərinə dair dövlət ekoloji ekspertizasında iştirak etmək;

2.1.5.   ətraf mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına köməklik etmək.

 

III. QORUĞUN XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ

 

3.1. Qoruğun ərazisində xüsusi mühafizənin vacib tədbirlərindən başqa aşağıdakılar qadağan edilir:

3.1.1.  bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiya xətlərinin tikintisi;

3.1.2.  geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması;

3.1.3.  kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;

3.1.4.  oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatlan tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə;

3.1.5.  bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

3.1.6.  ov və balıq ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması;

3.1.7.  ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;

3.1.8.  kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;

3.1.9.  xüsusi icazə olmadan Qoruğun ərazisində olmaq;

3.1.10.təbiət komplekslərini pozan və təbiət obyektləri üçün təhlükə yaradan hər hansı digər fəaliyyət.

3.2.              Elmi tədqiqat idarələrinin əməkdaşları, aidiyyəti ali məktəblərin müəllim və tələbələri Qoruğun iş planı üzrə elmi tədqiqat işləri aparmaq, elmi təcrübə keçmək və digər müvafiq işlər görmək üçün əraziyə Qoruq direktorunun razılığı əsasında buraxılırlar.

 

IV. QORUĞUN MÜHAFİZƏSİ

 

4.1.            Qoruğun mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Qoruğun direktoru və mühafizə işləri üzrə direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər.

4.2.            Qoruğun mühafizə xidməti aşağıdakı hüquqlara malikdir:

4.2.1. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericilikdə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alət, cihaz və digər əşyaları, qanunsuz əldə olunmuş məhsulları, habelə müvafiq sənədləri götürmək;

4.2.2. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək;

4.2.3. Qoruq ərazisindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokollar tərtib etmək;

Qoruğun ərazisində və onun mühafizə zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək.

 

V. QORUĞUN MÜHAFİZƏSİNƏ, QORUNMASINA VƏ İSTİFADƏSİNƏ DÖVLƏT NƏZARƏTİ

 

Qoruğun vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

 

VI. QORUĞUN ELMİ TƏDQİQAT FƏALİYYƏTİ

 

6.1.            Qoruq bütün təbiət komplekslərini təbiətin etalonları kimi saxlamaqla yanaşı, habelə bu komplekslərdə təbii proseslərin elmi cəhətdən öyrənilməsini həyata keçirir.

6.2.            Qoruğun elmi tədqiqat fəaliyyəti il boyu stasionar müşahidələrin və çoxillik kompleks tədqiqatların təşkili yolu ilə həyata keçirilir və ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, canlı orqanizmlərin genofondunun qorunub saxlanılması, təbii ehtiyatların bərpası və səmərəli istifadəsi məqsədilə təbiət komplekslərinin, ayrı-ayrı təbiət obyektlərinin və təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilir.

6.3.            Qoruq elmi tədqiqat işlərinin təşkili və aparılması məqsədilə elmi işçi ştatları ilə təmin olunur və bu işə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Qoruğun direktorunun elmi işlər üzrə müavini öz səlahiyyətləri daxilində rəhbərlik edir.

6.4.            Qoruqda elmi tədqiqatlar kənar təşkilatlar və ayrı-ayrı mütəxəssislər cəlb edilməklə də aparıla bilər.

6.5.            Qoruqda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.

6.6.            Qoruğun elmi və herbari fondları yaradılır və həmişəlik saxlanılır.

6.7.            Qoruğun elmi əsərlər çap etdirmək hüququ vardır.

6.8.            Qoruqda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi:

6.8.1.  region üçün xarakter olan nadir və nəsli kəsilmək təhlükəsi qarşısında qalan bitkilərin və heyvanların təbii bərpasını təmin etmək;

6.8.2. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, çoxaldılmasının və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq;

6.8.3. Qoruğun tələbatına uyğun olaraq biotexniki tədbirləri həyata keçirmək, meşə ehtiyatlarının və faunanın uçotunu aparmaq;

6.8.4. Qoruğun ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;

6.8.5.  iqlimləşdirmə məqsədilə bitki və heyvanların introduksiya edilməsilə ayrı-ayrı heyvan növlərinin sayının elmi cəhətdən əsaslandırılmış normadan artıq çoxaldılmasına yol verməmək;

6.8.6.  zərərli heyvan və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə bioloji metodları işləyib hazırlamaq;

6.8.7.  su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması və həmin dəyişikliklərin səbəbini öyrənmək;

6.8.8. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar toplamaq və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;

6.8.9. Qoruğun hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq.

6.9.  Elmi tədqiqatların aparılması metodları qoruq rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq oluna bilər.

6.10.  Qoruğun elmi tədqiqat işlərini, görəcəyi elmi, elmi-texniki və sair tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm şöbəsinin işçiləri, Qoruqla bu sahədə əməkdaşlığı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında müvafiq profilli elmi tədqiqat idarələri və ali məktəblər ilə həyata keçirirlər.

 

VII. QORUĞUN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

7.1.            Qoruğun strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.

7.2.  Qoruğa direktor rəhbərlik edir.

7.3.  Direktor Qoruğun fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

7.4.  Direktor aşağıdakı səlahiyyətlərə malikdir:

7.4.1. Qoruğun işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir;

7.4.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir;

7.4.3. Qoruqda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir;

7.4.4. Qoruğun ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, onların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür;

7.4.5.  Qoruğun mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatlan, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə mühasibat, maliyyə və statistika hesabatlarım müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir;

7.4.6.  Qoruğun maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;

7.4.7.  Qoruğun fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir.

7.4.8.  Qoruğun Şurasının fəaliyyətinə rəhbərlik edir;

7.4.9. Qoruğun nomenklaturuna daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

7.4.10. Qoruğun elmi tədqiqat işlərinin tematik planı əsasında elmi işçilərin iş planlarını təsdiq edir;

7.4.11.  qeyri-hökumət və dövlət təşkilatlarında Qoruğu vəkalətnaməsiz təmsil edir;

7.412.  Qoruğun fəaliyyəti ilə əlaqədar əmr, sərəncam və göstərişlər verir.

7.5.  Qoruğun bütün işçiləri qoruq rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər.

7.6.  Qoruğun təbiət ərazilərindən və obyektlərindən istifadə etməsi qanunla nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.

7.7.  Əhali və ictimai birliklər Qoruğun mühafizəsinə dair təkliflərini verə bilər. Bu təkliflərə Qoruq tərəfindən baxılır.

7.8.            Qoruğun ərazisi və obyektləri hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və maraqlarına xələl gətirmədən Azərbaycan dövlətinə məxsusdur və özgəninkiləşdirilə bilməz.

7.9.            Qoruğun hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.

7.10. Qoruq rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

7.11. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Qoruğa vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

7.12. Qoruqda mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.