Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2.   Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3.   Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 mart 2005-ci il

№ 203

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.  Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2.  Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3.  Nazirlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaların yerinə yetirilməsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və ictimai təşkilatlarla, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyət göstərir.

4.  Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5.  Nazirliyin saxlanması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

6.  Nazirlik Bakı şəhərində yerləşir.

 

II. NAZİRLİYİN ƏSAS VƏZİFƏLƏRİ

 

7. Nazirliyin əsas vəzifələri aşağıdakılardır:

7.1.   Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək;

7.2.   Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək;

7.3.   təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

7.4.   vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq;

7.5.   mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək;

7.6.  Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

 

III. NAZİRLİYİN FUNKSİYALARI

 

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

8.1.   təhsil sisteminin fəaliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak edir və müvafiq sahə standartları hazırlayır;

8.2.   təhsilin inkişafı ilə bağlı proqramların hazırlanıb həyata keçirilməsini təmin edir, bu sahədə digər orqanların fəaliyyətini əlaqələndirir;

8.3.   təhsil müəssisələrinin şəbəkəsini və onların inkişaf perspektivlərini müəyyənləşdirir;

8.4.   təlim və tədris prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət edir;

8.5.   təhsil sisteminin inkişafı sahəsində analitik təhlillər aparır və monitorinqlər keçirir;

8.6.   təhsil sistemində biliyin qiymətləndirilməsi meyarlarını, qiymətləndirmənin bal sistemini müəyyənləşdirir;

8.7.   qanunvericiliyə uyğun olaraq təhsil sistemində demokratik idarəetmənin tətbiqini təmin edir;

8.8.  mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəyyən olunmuş qaydalar əsasında təhsil müəssisələrinin attestasiyasını və akkreditasiyasını aparır;

8.9. təhsilin keyfiyyətini yüksəltmək və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqi məqsədilə eksperimentlər aparır;

8.10.   dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq baza təhsil proqramlarını təsdiq edir, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatın siyahısını tərtib edir, onlara qrif (nəşr hüququ) verir;

8.11.   icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir;

8.12.   xüsusi istedada malik uşaq, şagird və tələbələrin təhsillərini davam etdirmək üçün lazımi tədbirlər görür;

8.13.   ümumtəhsil məktəblərində sinifdən-sinfə keçirmə və buraxılış imtahanlarının sayını, formasını və qiymətləndirmə mexanizmini, təhsil alanların bir tədris müəssisəsindən digərinə köçürülməsi qaydalarını müəyyən edir;

8.14.   müxtəlif səviyyəli və miqyaslı fənn olimpiadaları təşkil edir;

8.15.   tədris müəssisələrinin kompüterləşdirilməsi, şagirdlər üçün təhsil portalının və saytlarının yaradılması istiqamətində müvafiq proqramlar hazırlayıb həyata keçirir;

8.16.   aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə ciddi tərbiyə şəraitinə ehtiyacı olan, sağlamlıq imkanları məhdud (xüsusi qayğıya ehtiyacı olan) uşaq və yeniyetmələrin təhsilini təşkil edir;

8.17.   qəyyumluq və himayə orqanlarına metodiki kömək göstərir, valideyn himayəsindən məhrum uşaqların müəyyənləşdirilməsini və onların təhsilə cəlb edilməsini təşkil edir;

8.18.   müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə təhsil müəssisələrində idman-sağlamlıq və profilaktik işlərin təşkili ilə bağlı lazımi tədbirlər görür, uşaq, şagird və tələbələrin idman yarışlarını, turist yürüşlərini, özfəaliyyətlərinə, texniki və bədii yaradıcılıqlarına baxışları və bu kimi digər tədbirləri həyata keçirir;

8.19.   müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədris müəssisələrində təhsil alanların, pedaqoji və texniki-yardımçı heyət işçilərinin tibbi müayinədən keçirilməsini təmin edir;

8.20.   tabeliyində olan təhsil müəssisələrinin və təşkilatların digər elmi müəssisə və təşkilatlarla elm və təhsil sahəsində fəaliyyətini əlaqələndirir;

8.21.   elmi-texniki konfransların, simpoziumların və müsabiqələrin keçirilməsini, şagirdlərin, tələbə, aspirant və müəllimlərin xarici ölkələrdə keçirilən bu kimi tədbirlərdə iştirakını təşkil edir;

8.22.   ali, orta ixtisas və peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı barədə təklif verir;

8.23.   mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrinin nümunəvi əsasnamələrinin layihələrini hazırlayır, təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə rəy və təkliflər verir;

8.24.   təhsil müəssisələri məzunlarının yekun dövlət attestasiyası qaydalarını və imtahan prosesilə əlaqədar müvafiq reqlamentləşdirici sənədləri təsdiq edir;

8.25.   müxtəlif səbəblərə görə pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslərin kateqoriyası, sağlamlıq imkanlarına görə məhdudiyyət qoyulan, eləcə də eksternat yolu ilə mütəxəssis hazırlığı qadağan edilən ixtisasların siyahısı barədə təkliflər verir;

8.26.   mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir;

8.27.   təhsil sənədlərinin tanınması və ekvivalentliyi ilə bağlı məsələləri həll edir;

8.28.   xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir;

8.29.   təhsil alanlar üçün adlı təqaüdlərin təsis edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırır;

8.30.  əmək bazarı tələbatının öyrənilməsi və mütəxəssis hazırlığının proqnozlaşdırılmasında iştirak edir;

8.31.   ali, orta ixtisas və texniki peşə məktəblərinə illik tələbə və şagird qəbulu barədə təklif hazırlayır;

8.32.   müvafiq təhsil müəssisələrində magistratura və doktoranturaların açılması məsələsini həll edir;

8.33.   pedaqoji kadrların və təhsil işçilərinin hazırlanması, ixtisasının artırılması və yenidən hazırlanması işini təşkil edir;

8.34.   distant təhsili üçün müvafiq şərait yaradır;

8.35.   aidiyyəti icra hakimiyyəti orqanları, müəssisə və təşkilatlarla birlikdə əhalinin işləməyən təbəqəsinin peşə hazırlığını, ixtisasartırmasını və yenidən hazırlanmasını təmin edir;

8.36.   pedaqoji kadrların təsdiq olunmuş qaydalara uyğun attestasiyasının keçirilməsini təşkil edir;

8.37.   təhsil müəssisələrində pedaqoji və elmi-pedaqoji kadr vəzifələrinin tutulması qaydalarını müəyyən edir;

8.38.   Nazirlik sistemində olan təhsil müəssisələrində rəhbər kadrların nomenklaturunu müəyyənləşdirir;

8.39.   pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün tədbirlər görür, gənc mütəxəssislərin iş yerlərilə təminatı prosesinə əməli köməklik göstərir, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə lazımi işlər aparır;

8.40.   təhsil müəssisələrinin tədris-maddi bazasını inkişaf etdirir, onların tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirir;

8.41.   təhsil sistemində maliyyələşdirmə normativlərinin hazırlanmasında iştirak edir;

8.42.   təhsil sistemində "attestasiya-maddi stimullaşdırma" mexanizminin tətbiqilə əlaqədar təkliflər hazırlayır;

8.43.   təhsil işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması tədbirlərini həyata keçirir, onlara mövcud qanunvericilik çərçivəsində "Əmək veteranı" adının verilməsini təmin edir;

8.44.   təhsil sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür;

8.45.   təhsil sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı həyata keçirir;

8.46.   xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dilində ümumi təhsil almalarına, habelə Azərbaycan dili və ədəbiyyatının, Azərbaycan tarixi və coğrafiyasının öyrənilməsinə yardım göstərir;

8.47.   Azərbaycan Respublikası vətəndaşlarının mövcud qaydalara uyğun dövlət xətti ilə xaricdə təhsil almaları və elmi tədqiqat işləri aparmaları üçün tədbirlər görür;

8.48.   təsdiq olunmuş formada statistik məlumatların və hesabatların toplanılmasını, onların təhlilini və nəticələrin müvafiq orqanlara təqdim edilməsini həyata keçirir;

8.49.   qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

 

IV. NAZİRLİYİN HÜQUQLARI

9. Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1.   mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada təhsilin inkişafı ilə bağlı zəruri məlumatlar və arayışlar tələb etmək;

9.2.   qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil üzrə müvafiq normativ hüquqi aktlar qəbul etmək;

9.3.   səlahiyyətləri daxilində təhsil müəssisələri tərəfindən icrası məcburi olan göstərişlər, əmr və sərəncamlar vermək, onların icrasına nəzarət etmək;

9.4.   mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən təlim-tərbiyə müəssisələrində monitorinqlər keçirmək, tədrisin keyfiyyətinə dövlət nəzarətini təşkil etmək;

9.5.   qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) vermək, lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına müntəzəm nəzarət etmək;

9.6.   mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tenderlər keçirmək, texniki şərtləri müəyyənləşdirmək, onların icrasına nəzarəti təmin etmək;

9.7.   qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil məsələləri ilə bağlı beynəlxalq və dövlətlərarası münasibətlərdə Azərbaycan Respublikasını təmsil etmək, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr (sazişlər, memorandumlar, bəyannamələr və s.) imzalamaq;

9.8.   qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

10.  Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik edir.

11.  Təhsil naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

12.  Təhsil nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan üç müavini vardır. Nazir müavinləri onların arasında nazir tərəfindən aparılmış vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

13.  Təhsil naziri:

13.1.  Nazirliyin fəaliyyətini təşkil edir və ona ümumi rəhbərliyi həyata keçirir;

13.2.  nazir müavinləri arasında vəzifə bölgüsü aparır;

13.3.  müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin mərkəzi aparatının, habelə birbaşa tabeliyində olan büdcədən maliyyələşən qurumların strukturunu təsdiq edir;

13.4.  Nazirliyin mərkəzi aparatının işçilərini və təsdiq olunmuş nomenklatur çərçivəsində kadrları vəzifəyə təyin edir və vəzifədən azad edir, onlarla əmək müqavilələri bağlayır, müqavilələri ləğv edir, işçilər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada mükafatlandırma, həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

13.5.  səlahiyyətləri daxilində Nazirliyin mərkəzi aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

13.6.  bilavasitə tabeliyində olan təhsil müəssisələrinin, idarə və təşkilatların nizamnamələrini (əsasnamələrini), eləcə də mərkəzi aparatın struktur bölmələrinin əsasnamə və iş planlarını təsdiq edir;

13.7.  təhsilin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, monitorinqlərin aparılması, strateji fəaliyyət proqramlarının hazırlanması məqsədilə mütəxəssislərdən ibarət işçi qrupları, eləcə də koordinasiya və idarəetmə şuraları yaradır;

13.8.  qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət orqanları, qeyri-hökumət təşkilatları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla danışıqlar aparır;

13.9.  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

14. Nazirlikdə nazirdən (kollegiyanın sədri), nazir müavinlərindən, Naxçıvan Muxtar Respublikasının təhsil nazirindən, Nazirliyin mərkəzi aparatının, tabeliyində olan qurumların rəhbər işçilərindən və alimlərdən ibarət kollegiya yaradılır.

15. Nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

16. Nazirliyin kollegiyası öz iclaslarında təhsillə bağlı aktual məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

17. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

18. Kollegiya qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir və bir qayda olaraq nazirin müvafiq əmrləri və sərəncamları ilə həyata keçirilir.

19.Zəruri hallarda kollegiya iclaslarına iştirak etmək üçün digər icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri də dəvət edilə bilərlər.