Aqrar
islahatın əsasları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun Azərbaycan
Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin)
islahatının əsas istiqamətlərini və onların
hüquqi təminatını müəyyən edir.
Qanunun
müddəaları aqrar islahat sahəsində digər normativ
aktlar üçün əsasdır.
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Aqrar islahatın məqsədi
və vəzifələri
İslahatın
məqsədi aqrar bölməni böhrandan çıxarmaq,
iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi
vəziyyətini yaxşılaşdırmaqdır.
İslahatın
vəzifələri torpaq və əmlak üzərində yeni
mülkiyyət münasibətlərinin
formalaşdırılmasından, bazar iqtisadiyyatına
uyğun istehsal və infrastruktur sahələrində
müxtəlifnövlü təsərrüfatların yaradılması və
inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən
və təkmilləşdirilməsindən ibarətdir.
Maddə 2. Aqrar
islahatın əsas istiqamətləri
Aqrar islahatın
əsas istiqamətləri aşağıdakılardır:
aqrar bölmədə
yeni mülkiyyət münasibətlərinin
formalaşdırılması;
torpaq, meliorasiya və
su təsərrüfatının islahatı; müxtəlifnövlü
təsərrüfatların yaradılması; aqrar bölmənin
dövlət təminatı.
Maddə 3. Aqrar
islahatın əsas prinsipləri
Aqrar islahatın
əsas prinsipləri aşağıdakılardır:
dövlətin iqtisadi
siyasəti ilə aqrar islahatın uzlaşması;
islahatın
aparılmasında sosial ədalətin və könüllülüyün
təmin edilməsi;
əmtəə
istehsalçılarına təsərrüfat fəaliyyətinin
təşkilində və öz məhsullarına sərəncam
verməkdə tam sərbəstliyin təmin edilməsi;
respublikanın
kənd təsərrüfatı xüsusiyyətlərinin
nəzərə alınması;
ətraf mühiti mühafizə tələblərinə
əməl edilməsi;
kəndin sosial
inkişafı və əhalinin sosial müdafiəsi.
II fəsil
AQRAR
BÖLMƏDƏ YENİ MÜLKİYYƏT
MÜNASİBƏTLƏRİNİN FORMALAŞDIRILMASI
Maddə 4. Dövlət
və bələdiyyə mülkiyyəti
Dövlət
mülkiyyətində, bir qayda olaraq, elmi tədqiqat və
tədris müəssisələri, onların təcrübə
bazaları; baytarlıq və bitki mühafizəsi obyektləri
cins toxumçuluq və damazlıq təsərrüfatları,
balıqartırma müəssisələri; təbiəti
mühafizə obyektləri, qoruqları mühüm heyvandarlıq və
quşçuluq kompleksləri, emal müəssisələri, meliorasiya
və su təsərrüfatı obyektləri, kənd
təsərrüfatı maşınları istehsalı və
təmiri müəssisələri, maşın-sınaq
stansiyaları və dövlət əhəmiyyətli digər
obyektlər saxlanılır.
Aqrar bölmənin
dövlət mülkiyyətində olan yerli əhəmiyyətli
obyektləri bələdiyyə mülkiyyətinə verilə
bilər. Bələdiyyə mülkiyyətinə
mülkiyyətçilərin qərarı ilə digər əmlak da
verilə bilər.
Dövlət
mülkiyyətində saxlanılan və bələdiyyə
mülkiyyətinə verilən obyektlərin siyahısını
Azərbaycan Respublikası Prezidentinin təqdimatı
əsasında Azərbaycan Respublikasının Ali Soveti
təsdiq edir.
Maddə 5. Torpaq
islahatı
İslahat
torpaqların dövlət və bələdiyyə
mülkiyyətinə ayrılmasını, müəyyən
edilmiş normalar əsasında torpaqların xüsusi
mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət
formasından asılı olmayaraq torpaq
istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün
bərabər şərait yaradılmasını
nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan
Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq
torpağı satmaq, bağışlamaq, dəyişmək,
girov qoymaq, icarəyə və vərəsəliyə
vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları
vardır.
Torpaq islahatı
zamanı ərazinin təbii-coğrafi şəraiti,
əhalinin sıxlığı və kənd
təsərrüfatı istehsalında iştirakı,
torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli
xüsusiyyətləri nəzərə alınır, torpaqlardan
təyinatına görə istifadə olunması və ətraf
mühiti mühafizə tələbləri közlənilir.
Maddə 6. Meliorasiya
və su təsərrüfatının islahatı
İslahat meliorasiya
və su təsərrüfatı obyektləri üzərində
mülkiyyət münasibətlərini dəyişdirmək və
suyun pullu istifadəsini tətbiq etməklə sudan
istifadənin səmərəliliyini yüksəltmək
məqsədilə aparılır.
İri su
mənbələri, meliorasiya və suvarma sistemləri,
onların istismarı müəssisələri və digər
obyektlər dövlət mülkiyyətində saxlanılır.
Təsərrüfatdaxili
meliorasiya və su təsərrüfatı obyektləri sovxoz
və kolxozların (mülkiyyətçilərin) qərarı ilə
bələdiyyə mülkiyyətinə verilə və ya islahat
nəticəsində yaranan mülkiyyətçilərin sərəncamında
saxlanıla bilər.
Maddə 7. Emal
sənayesinin və istehsal infrastrukturu obyektlərinin dövlətsizləşdirilməsi
və özəlləşdirilməsi
Bələdiyyə
mülkiyyətinə daxil edilən emal müəssisələri
satılır və ya səhmləşdirilir. Müəssisə
satılarkən üstünlük kollektiv üzvlərinə və xammal
istehsalçılarına verilir. Müəssisə səhmləşdirildikdə
səhmlərin nəzarət zərfi xammal
istehsalçılarına güzəştli şərtlərlə
satılır, müəyyən hissəsi kollektiv üzvlərinə
əvəzsiz verilir. Qalan səhmlər ümumi qaydalarla
satılır. Emal müəssisələrinin dəyərinin on
faizə qədəri bələdiyyə mülkiyyətində
qala bilər.
Dövlət
mülkiyyətində olan emal müəssisələri
özəlləşdirmə haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
özəlləşdirilir.
İstehsal
infrastrukturunda əmlakın özəlləşdirilməsi emal
müəssisələri üçün müəyyən edilən
prinsiplərə uyğun həyata keçirilir.
Maddə 8. Sosial infrastrukturda yeni
mülkiyyət münasibətləri
Sosial infrastrukturda
mülkiyyət məsələləri əmlak payı almaq hüququ
olan şəxslərin qərarı ilə həll edilir.
həmin obyektlərin əsas təyinatının
dəyişdirilməsinə yol verilmir.
Bu zaman:
səhiyyə,
bədən tərbiyəsi və idman obyektləri, uşaq
bağçaları və körpələr evi, ümumtəhsil
məktəbləri və digər obyektlər birgə
sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalır
və ya bələdiyyə mülkiyyətinə verilir;
kommunal
təsərrüfat, istilik və su sistemləri, məişət
xidməti, ticarət, ictimai iaşə obyektləri
satılır və ya birgə sahibkarlığa əsaslanan
xüsusi mülkiyyətdə qalır, yaxud bələdiyyə
mülkiyyətinə verilir;
mənzillər
(evlər) mənzillərin özəlləşdirilməsi
haqqında Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada kirayəçilərin
mülkiyyətinə verilir.
İcarədə olan
obyektlərlə bağlı münasibətlər icarə
qanunvericiliyi ilə tənzimlənir.
Maddə 9. İstehlak
kooperasiyasının islahatı
İstehlak
kooperasiyasının islahatı aşağıdakı
məsələlərin həllinə yönəldilir:
bütövlükdə istehlak
kooperasiyasında və onun hər bir struktur bölməsində
mülkiyyətçilərin və onların əmlakının
dəqiqləşdirilməsinə;
payçıların
və onların əmlak payının
müəyyənləşdirilməsinə;
payçının öz
payı ilə üzvlükdən çıxması hüququnun təmin
edilməsinə;
istehlak
kooperasiyasının öz fəaliyyətinin ənənəvi
sahələri ilə bərabər maddi-texniki təchizat,
aqroservis və digər istiqamətlərdə
genişləndirilməsinə;
istehlak
kooperasiyasının fəaliyyətinin
demokratikləşdirilməsinə, payçıların
idarəetmədə həlledici rolunun təmin
edilməsinə.
III
fəsil
MÜXTƏLİFNÖVLÜ
TƏSƏRRÜFATLARIN YARADILMASI
Maddə 10. Müxtəlifnövlü
təsərrüfatlar
Müxtəlifnövlü
təsərrüfatlar mülkiyyət münasibətlərindən və
təsərrüfatçılıq formalarından asılı olaraq
aşağıdakılardır:
torpaq və əmlak
üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli
(fermer), şəxsi yardımçı təsərrüfatlar və s;
torpaq və əmlak
üzərində xüsusi mülkiyyətə əsaslanan birgə
təsərrüfatlar, kooperativlər, şərikli
təsərrüfatlar və s;
səhmdar
cəmiyyətləri;
torpaq və əmlak
üzərində dövlət mülkiyyətinə əsaslanan
dövlət kənd təsərrüfatı müəssisələri,
səhmdar cəmiyyətləri və s.
Mülkiyyətçilərin
qərarı ilə bir təsərrüfat formasının
digərinə çevrilməsi Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun həyata keçirilir.
Maddə 11. Müxtəlifnövlü təsərrüfatların
yaradılması
Müxtəlifnövlü
təsərrüfatlar sovxoz və kolxozların islahatı,
təsərrüfatların transformasiyası, kənd
təsərrüfatı dövriyyəsinə cəlb olunan yeni
torpaqlarda təsərrüfatların təşkili hesabına
yaradılır.
Maddə 12. Sovxoz və kolxozların islahatı
Sovxoz və
kolxozların islahatı onların kəndli (fermer)
təsərrüfatlarına bölünməsini, birgə
sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd
təsərrüfatı müəssisələrinə
çevrilməsini, sovxozların bazasında dövlət kənd
təsərrüfatı müəssisələrinin yaradılmasını
şəxsi yardımçı təsərrüfatların
inkişafını nəzərdə tutur. İslahat
yaranmış təsərrüfatların kooperasiyasına və
xidmət sahələrinin təşkilinə təminat verir.
Dövlət kənd
təsərrüfatı müəssisələri istisna olmaqla,
inzibati qaydada bir təsərrüfat formasının başqa
formaya çevrilməsinə və ya ləğv edilməsinə
yol verilmir.
IV fəsil
AQRAR
BÖLMƏNİN DÖVLƏT TƏMİNATI
Maddə 13. Aqrar
bölməyə dövlət himayəsi
Aqrar bölmə
iqtisadiyyatın vacib sahələrindən biri kimi dövlət
himayəsindədir.
Dövlət himayəsi
aşağıdakı istiqamətlərdə həyata
keçirilir:
aqrar bölməyə
investisiya qoyuluşunun stimullaşdırılması;
məqsədli
dövlət proqramları əsasında meliorasiya və irriqasiya
işlərinin aparılması, kənd təsərrüfatı
maşınlarının, və digər maddi-texniki
vasitələrin istehsal bazasının yaradılması,
işğal altından azad edilmiş ərazilərdə
aqrar-sənaye kompleksinin bərpası və inkişaf
etdirilməsi;
kənd
təsərrüfatında yoluxucu xəstəliklərə və
zərərvericilərə qarşı karantin və
müalicə tədbirlərinin aparılmasına, kadr
hazırlığına və elmi təminata, istehsal və
sosial infrastrukturun yaradılmasına dövlət vəsaitinin
ayrılması;
mühüm kənd
təsərrüfatı məhsullarının qiymətləri
ilə onların istehsalında istifadə olunan
maşın-mexanizmlərin, yanacaq-sürtkü materiallarının,
mineral gübrələrin, zəhərli kimyəvi
maddələrin qiymətləri arasında mütənasibliyin
təmin edilməsi (kənd təsərrüfatı
məhsullarının və maddi-texniki vasitələrin
siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti
tərəfindən müəyyən edilir);
diferensial
kreditləşmə və vergi tətbiq.
Maddə 14. Aqrar
bazarın dövlət tənzimlənməsi
Aqrar bazar
aşağıdakı yollarla tənzimlənir:
mühüm kənd
təsərrüfatı məhsulları istehsalının
stimullaşdırılması;
əmtəə
istehsalçılarının xarici bazarın zərərli
təsirindən qorunması
və təminatlı daxili bazarın yaradılması;
maliyyə-kredit
müəssisələrinin işinin aqrar bazarın
tələbatına uyğunlaşdırılması;
sığorta
işinin təkmilləşdirilməsi.
Maddə 15. Kənd əhalisinin sosial
müdafiəsi
Kənd əhalisinin
sosial müdafiəsi:
mülkiyyət
münasibətlərinin dəyişməsi ilə əhalinin
sosial müdafiəsinin uzlaşdırılmasını;
kənddə yeni
iş yerlərinin yaradılmasına üstünlük verilməsini;
maarif, səhiyyə,
mədəni-məişət və digər sosial-xidmət
sahələrinin üstün inkişafının təmin
edilməsini və s. tədbirləri nəzərdə tutur.
Maddə 16. Aqrar bölmə
mütəxəssislərinin hazırlanması
Aqrar bölmə
mütəxəssislərinin hazırlanması islahatın
tələblərinə uyğunlaşdırılır,
kənd təsərrüfatı təhsili sistemi
təkmilləşdirilir, özəl təhsil
müəssisələrinin fəaliyyətinə şərait
yaradılır.
Peşə və
ixtisaslar üzrə pərakəndəlik aradan götürülür,
kadrların təkrar hazırlığına üstünlük verilir
və tədrisin maddi-texniki bazası möhkəmləndirilir.
Maddə 17. Aqrar bölmənin elmi
təyinatı
Aqrar bölmənin elmi
təminatı islahatın optimal yollarının
müəyyən edilməsini, yeni mülkiyyət münasibətləri
və təsərrüfatçılıq şəraitində
dövlət tənzimlənməsini, idarəetmənin və
kənd təsərrüfatının sahə strukturunun iqtisadi
vasitələrlə təkmilləşdirilməsini,
məhsul istehsalı və emalının mütərəqqi
texnologiyalarının hazırlanmasını, islahatın
sosial-iqtisadi nəticələrinin proqnozlaşdırılmasını
və digər məsələləri əhatə edir.
Aqrar elminin
təşkili və maliyyələşdirilməsi
təkmilləşdirilir, elmi axtarışlara tələbat
formalaşdırılır, tədqiqatçıların
əməyinin ödənilməsi elmi işlərin
nəticələri ilə uzlaşdırılır,
intellektual mülkiyyət hüquqlarına təminat verilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 18 fevral 1995-ci il.
№
976.