Heydər Əliyev ordeninin təsis edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin çoxillik zəngin siyasi fəaliyyəti xalqımızın dövlətçilik tarixində müstəsna rol oynamışdır.

Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində ötən əsrin 70-ci illərində qoyulmuşdur. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrilmiş, ölkəmizin gələcək dövlət müstəqilliyi üçün möhkəm təməl yaradılmışdır. Sürətli iqtisadi inkişaf nəticəsində Azərbaycan İttifaq büdcəsindən dotasiya almayan, öz-özünü təmin edə bilən az sayda respublikalardan biri olmuşdur. Həmin illərdə Heydər Əliyevin səyləri ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən tədbirlər həyata keçirilmişdir. Azərbaycan SSRİ-nin tərkibindəki üç respublikadan biri idi ki, onun Konstitusiyasında xalqın danışdığı əsas dilə - Azərbaycan dilinə dövlət statusu verilmişdi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə bir-birinin ardınca hakimiyyətə gələn qüvvələrin səriştəsiz siyasəti nəticəsində ölkənin parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yarandı. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükə altında qoydu. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.

1993-cü ilin iyununda Azərbaycan parlamentinin sədri seçilən Heydər Əliyev ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşınalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi. Ölkədə peşəkar parlament yaradıldı. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanmış və onun tam dəstəyini almışdır.

Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı.

Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi on illik dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarmışdır. Bu illər ərzində dövlət idarəçiliyi mexanizmi yenidən yaradılmış, nizami ordu qurulmuş, geniş miqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilmiş, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmiş, müstəqil Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən yeni neft strategiyası hazırlanaraq uğurla gerçəkləşdirilməyə başlanmışdır. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulmuş, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Azərbaycançılıq ideyası şüurlara hakim kəsilmiş, milli birlik və həmrəylik təmin edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Heydər Əliyev ordeni təsis edilsin.

II. Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 23, maddə 996; 1993-cü il, 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 12 (I kitab), maddə 677) 1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

1. Azərbaycan Respublikasının aşağıdakı ordenləri təsis edilsin:

Azərbaycan Respublikasının ən yüksək təltifi Heydər Əliyev ordeni;

İstiqlal ordeni;

Azərbaycan Respublikasının ali hərbi ordeni Şah İsmayıl ordeni;

Azərbaycan bayrağı ordeni;

Şöhrət ordeni;

Vətənə xidmətə görə ordeni.

III. Heydər Əliyev ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 aprel 2005-ci il

896-IIQ

 

 


 

 

Azərbaycan Respublikasının

2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Heydər Əliyev ordeninin

STATUTU

 

1. Heydər Əliyev ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir:

1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;

1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

2. Heydər Əliyev ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.

3. Heydər Əliyev ordeni əcnəbilərə aşağıdakı hallarda verilir:

3.1. Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;

3.2. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

3.3. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

4. Heydər Əliyev ordeninin qılınclı ulduzu və qılınclı zənciri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində müəyyənləşdirilmiş qaydada verilir.

5. Heydər Əliyev ordeninin ulduzu döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan əvvəl taxılır.

 

 


 

 

Azərbaycan Respublikasının

2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Heydər Əliyev ordeninin

TƏSVİRİ

 

Heydər Əliyev ordeni ulduzdan, orden zəncirindən, nişandan və döş nişanından ibarətdir.[1]

Heydər Əliyev ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur.

Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir.

Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir.

Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanmışdır. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunmuşdur. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə HEYDƏR ƏLİYEV sözləri yazılmışdır, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq vardır. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilmişdir.

Heydər Əliyev ordeninin boyundan asılarkən sinəyə düşən nişanı ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Ornamentin qırmızı minalı ulduzlar şəklində olan elementlərinə brilyant daşlar bərkidilmişdir.

Altlığın üstündə göy mina çəkilmiş dördguşəli ornament yerləşir. Ornamentin dörd ucunun hər birinə brilyant daş bərkidilmişdir. Altlıq və onun üstündəki ornament gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir.

Nişanın mərkəzi hissəsində 750 əyarlı qızıldan hazırlanmış lövhə yerləşir. Lövhənin üzərinə tünd qırmızı mina çəkilmişdir.

Lövhənin mərkəzində Heydər Əliyevin 750 əyarlı qızıldan hazırlanmış barelyefı yerləşir. Barelyef çarpazlaşdırılmış iki kvadrat şəklində olan düzgün həndəsi formalı çərçivə ilə haşiyələnmişdir. Kvadratların üstünə yüz on iki brilyant daş bərkidilmişdir. Çərçivə gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir.

Nişanın hündürlüyü 67 mm, eni 67 mm-dir.

Ordenin zənciri müəyyən qaydada düzülmüş on beş elementdən ibarətdir. Həmin elementlər aşağıdakılardır:

-    zəncirin sağ və sol tərəflərində yerləşən, çarpazlaşdırılmış bayraqlardan ibarət olan, göy, qırmızı və yaşıl rəngli mina çəkilmiş iki bəzək lövhəsi. Lövhələrin mərkəzində Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri vardır;

-    zəncirin sağ və sol tərəflərində yerləşən, ağ mina çəkilmiş iki dördguşəli ornament. Onların mərkəzində dairəvi medalyon yerləşdirilib qırmızı minalı ornamentlə haşiyələnmişdir. Medalyonun mərkəzində Heydər Əliyevin inisialları yazılmış venzel vardır. Qılınclı zəncirdə medalyonun altında çarpaz gümüş qılınclar yerləşdirilmişdir;

-    zəncirin sağ və sol tərəflərində, habelə yuxarı hissəsində yerləşən göy, qırmızı və yaşıl mina ilə işlənmiş, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan üç lövhə.

Göstərilən elementlər 112 brilyant daşla bəzədilmiş lövhəciklər (hərəsində 7 brilyant daş olmaqla 16 lövhəcik) vasitəsilə geniş zəncirə birləşir.

Ordenin arxa tərəfinin səthi hamardır, üstündə ordenin nömrəsi həkk olunmuşdur. Paltara bərkidilmək üçün müvafiq elementi vardır.

Ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunmuşdur.[2]

Heydər Əliyev ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Altlığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidilir.[3]

Altlığın üzərində, guşələri altlığın guşələrinə çarpaz olmaqla, göy minalı dördguşəli ornamentli lövhə yerləşdirilir. Göy minalı ornamentin dörd guşəsinin hər birinə 1 ədəd brilyant daş bərkidilir.

Döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant daş bərkidilir.

Döş nişanı 28 mm x 28 mm ölçüdədir, arxa hissəsinə seriyası və nömrəsi həkk olunur.

Döş nişanı paltara bərkidilmək üçün elementi olan 23 mm x 16 mm ölçülü lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin mərkəzində qabarıq hərflərlə yazılmış HEYDƏR ƏLİYEV sözlərindən yuxarıda və aşağıda, hər sırada 14 ədəd olmaqla, lövhənin qabarıq kənarları boyunca 28 ədəd brilyant daş bərkidilir.

Döş nişanına paltara bərkidilmək üçün elementi olan 24 mm x 9 mm ölçülü qəlib əlavə olunur. Qəlib Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən və hər birinin eni 8 mm olan üç şaquli zolaqdan ibarət lentlə örtülür. Qəlibin mərkəzinə Heydər Əliyev ordeninin döş nişanının formasına uyğun, Heydər Əliyevin barelyefi yerləşdirilmiş hissəsi tünd qırmızı mina ilə örtülmüş, 6 mm x 6 mm ölçülü hissə bərkidilir.

Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır.

Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.

Ordenin hazırlanmasında istifadə olunmuş qiymətli metalların və qiymətli daşların çəkisi (texnoloji proses zamanı yarana biləcək fərqlər nəzərə alınmaqla) və miqdarı ordenin əmtəə sertifikatında göstərilir.

 

scan0003

 

scan0004

 

 


 

Heydər Əliyev ordeninin döş nişanı[4]

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 fevral 2014-cü il tarixli 896-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 8 mart 2014-cü il, 51)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 fevral 2014-cü il tarixli 896-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 8 mart 2014-cü il, 51) ilə birinci hissədə və nişandan sözləri , nişandan və döş nişanından sözləri ilə əvəz edilmişdir.

 

[2] 3 fevral 2014-cü il tarixli 896-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 8 mart 2014-cü il, 51) ilə on dördüncü hissə ləğv edilmişdir.

 

[3] 3 fevral 2014-cü il tarixli 896-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 8 mart 2014-cü il, 51) ilə on beşinci - iyirmi üçüncü hissələr əlavə edilmişdir.

 

[4] 3 fevral 2014-cü il tarixli 896-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 8 mart 2014-cü il, 51) ilə Heydər Əliyev ordeninin döş nişanının bu Qanuna əlavə olunmuş rəngli təsviri Heydər Əliyev ordeninin təsis edilməsi haqqında Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununa əlavə edilmişdir.