Dini etiqad azadlığı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I f ə s i l

ÜMUMİ MÜDDƏALAR

 

 Maddə 1. Dini etiqad azadlığı

Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə ibadət etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir.

Hər bir şəxsin dinə münasibətini müəyyənləşdirməsində, dinə etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında iştirak etməsində, dini öyrənməsi yolunda hər hansı maneçiliyə yol verilmir.

       Dini etiqad azadlığının həyata keçirilməsində yalnız dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə görə və Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olan hüquq və azadlıqların mühafizəsi üçün zəruri hallarda məhdudiyyətlər qoyula bilər.

Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər.

Maddə 2. Dini etiqad azadlığı haqqında qanunvericilik

Dini etiqad azadlığı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq dini etiqad azadlığının və dini qurumların fəaliyyətinin əsas təminatını müəyyən edən bu Qanundan, Azərbaycan Respublikasının ona uyğun başqa qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Dini etiqad azadlığı haqqında Qanunun Vəzifələri

Bu Qanun:

 Azərbaycan Respublikasında hər bir şəxsin dinə öz münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır;

Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının qəbul etdiyi beynəlxalq hüquq normalarına müvafiq surətdə sosial ədaləti, bərabərliyi, vətəndaşların dinə münasibətindən asılı olmayaraq onların hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir;

dini qurumlara münasibətdə dövlətin vəzifələrini müəyyənləşdirir;

dini qurumların dövlət və. cəmiyyət qarşısında vəzifələrini müəyyən edir;

adamların dünyagörüşündən və dini əqidəsindən asılı olmayaraq milli əxlaqın və humanizmin təzahürü, vətəndaşların əmin-amanlığı və əməkdaşlığı üçün əlverişli şəraiti himayə edir;

dini qurumların fəaliyyəti ilə əlaqədar münasibətləri nizama salır.

Maddə 4. Vətəndaşların dinə münasibətindən asılı olmayaraq hüquq bərabərliyi

Azərbaycan Respublikasının vətəndaşları dinə münasibətindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində qanun qarşısında bərabərdirlər. Vətəndaşın dinə münasibətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız öz istəyi ilə yol verilir.

Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz.

Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir.

Maddə 5. Dövlət və dini qurumlar

Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır.

Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır.

Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Bir din və dini qurum üçün digərinə nisbətən hər hansı üstünlük və ya məhdudlaşdırmalar müəyyən edilməsinə yol verilmir.

Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər.         

Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər.

Dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə keçdikdə din xadimlərinin din xadimi kimi fəaliyyəti həmin müddətdə dayandırılır.

Dini qurumlar Azərbaycan Respublikasının mövcud qanunlarına əməl edir və məsuliyyət daşıyırlar.

Maddə 6. Dinin məktəblə münasibəti

 Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır.

Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər.

Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər.

Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər.

 

II f ə s i l

AZƏRBAYCAN RESPUBLİKASINDA DİNİ QURUMLAR

 

Maddə 7. Dini qurumlar

Dini icmalar, idarələr və mərkəzlər, dini qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzləri (idarələri) ilə təmsil olunurlar.

Dini qurumlar yetkinlik yaşına çatmış şəxslərin dini etiqad azadlığı hüququnun birgə həyata keçirilməsi, həmçinin dini etiqadı və dini yaymaq üçün yaradılmış könüllü təşkilatlardır.

Dini qurumlar bu Qanuna və təsdiq olunmuş nizamnamələrinə (əsasnamələrinə) müvafiq surətdə fəaliyyət göstərirlər.

Maddə 8. Dini icma

Dini icma dinə birlikdə ibadət və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş dindar şəxslərin yerli dini qurumudur.

Dini icmaların qayda-qanun və təşkilat məsələlərində Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabelik və bu tabeliyi dəyişdirmək hüququ var.

Maddə 9. Dini idarələr və mərkəzlər

Rəhbər mərkəzləri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan dini qurumlar öz fəaliyyətlərində, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hallarda, həmin mərkəzlərin nizamnamələrin (əsasnamələrini) rəhbər tuta bilərlər.

Dini idarələr və mərkəzlər öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq ibadətgahlar, ziyarətgahlar və diki qardaşlıqlar yarada bilərlər.

Dövlətin dini idarələr və mərkəzlərlə, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda olan dini idarələr və mərkəzlərlə qanunla nizama salınmamış münasibətləri onların öz aralarında və dövlət orqanları ilə razılaşmalara müvafiq surətdə tənzim olunur.

Maddə 10. Dini-tədris müəssisələri

Dini idarələr və mərkəzlər özlərinin qeydə alınmış nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq ruhanilər və dini ixtisaslar üzrə digər xadimlər hazırlanması üçük dini tədris müəssisələri yaratmaq hüququna malikdirlər. Dini tədris müəssisələri bu Qanunla müəyyən edilmiş qaydada qeydə alınan öz nizamnamələrinə (əsasnamələrini) müvafiq surətdə fəaliyyət göstərirlər.

Əyani ali və orta dini tədris müəssisələrinlə təhsil alanlar dövlət tədris müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər.

Maddə 11. Dini qurumların nizamnamələri (əsasnamələri)

Dini qurumun hüquq qabiliyyətini mülki qanunvericiliyə müvafiq surətdə müəyyən edən nizamnaməsi (əsasnaməsi) olur.

Dini qurumun nizamnaməsi (əsasnaməsi) dindar şəxslərin ümumi yığıncağında və ya dini qurultaylarda, konfranslarda qəbul olunur.

Dini qurumun nizamnaməsində (əsasnaməsində) aşağıdakılar göstərilməlidir:

1)     dini qurumun növü, dini mənsubiyyəti və yeri;

2)     dini qurumun dini birliyin təşkilat quruluşunda yeri;

3)  dini qurumun əmlak əziyyəti;

4)     dini qurumun müəssisələr, kütləvi informasiya vasitələri, digər dini qurumlar, tədris müəssisələri təsis etmək hüquqları;

5)     dini qurumun nizamnaməsinə (əsasnaməsinə) dəyişikliklər və əlavələr etmək qaydası;

6)     dini qurumun fəaliyyətinə xitam verildikdə əmlak məsələlərinin və başqa məsələlərin həlli qaydası.

    Nizamnamədə (əsasnamədə) həmin dini qurumun fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar digər məsələlər də əhatə oluna bilər.

Dini qurumun dini etiqad fəaliyyətini müəyyən edən, digər daxili məsələlərini həll edən sənədlər dövlət orqanlarında qeydə alınmalı deyildir.

Dini qurum onun nizamnaməsi (əsasnaməsi) qeydə alındığı andan hüquqi şəxsdir.

Maddə 12. Dini qurumların nizamnamələrinin (əsasnamələrinin) qeydə alınması

Dini icmanın qeydə alınması üçün onu yaratmış azı on nəfər yetkin yaşlı şəxs icmanın nizamnaməsi (əsasnaməsi) əlavə olunmuş ərizə ilə yerli icra hakimiyyəti orqanına müraciət edir. Ərizəyə bir ay müddətində baxılır. Qəbul olunmuş qərar Azərbaycan Respublikasının müvafiq dini işlər idarəsinə göndərilir. Həmin idarə dini icmanın qeydə alınması üçün sənədləri müvafiq rəylə birlikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir.

Dini idarələr, mərkəzlər, dini qardaşlıqlar, dini tədris müəssisələri qeydə alınmaq üçün Azərbaycan Respublikasının müvafiq dini işlər idarəsinə nizamnamə (əsasnamə) təqdim edirlər.

Qeydəalmanı həyata keçirən orqan dini qurumun ərizə və nizamnaməsinə (əsasnaməsinə) bir ay ərzində baxıb, müvafiq qərar qəbul edir və bu barədə ərizəçiyə on gündən gec olmayaraq yazılı surətdə məlumat verir.

Dini qurumların nizamnamələrinin (əsasnamələrinin) qeydə alınmasını həyata keçirən orqan zəruri hallarda müvafiq yerli icra hakimiyyəti orqanının və mütəxəssislərin rəyini tələb edə bilər. Belə hallarda qeydəalma haqqında qərar 3 ay müddətində qəbul olunur.

Maddə 13. Dini qurumun nizamnaməsinin (əsasnaməsinin) qeydə alınmasından imtina edilməsi

Dini qurumun nizamnaməsinin (əsasnaməsinin) qeydə alınmasından o halda imtina edilə bilər ki, onda şərh edilmiş məqsəd və vəzifələr mövcud qanunvericiliyə zidd olsun.

Dini qurumun nizamnaməsinin (əsasnaməsinin) qeydə alınmasından imtina edilməsi barədə qərar, onun əsasları göstərilməklə, ərizəçilərə on gün ərzində yazılı şəkildə bildirilir. Belə qərardan Azərbaycan Respublikasının Mülki-Prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəməyə şikayət edilə bilər.

 Maddə 14. Dini qurumların fəaliyyətinə xitam verilməsi

Dini qurumların fəaliyyətinə yalnız onların öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq surətdə ləğv olunduqları və ya bu Qanunun, habelə  Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarının pozulduğu hallarda xitam verilə bilər.

Maddə 15. Dini qurumların qeydə alınması və fəaliyyətinə xitam verilməsi barədə şikayətlərə baxılması

Dini qurumun qeydə alınması, qeydə alınmasından imtina edilməsi, dini qurumun fəaliyyətinə xitam verilməsi barədə qərarlardan, qərar qəbul edilməsi üçün bu Qanunda nəzərdə tutulmuş müddətlərin uzadılmasından Azərbaycan Respublikasının Mülki-Prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

 

III fəsil

DİNİ QURUMLARIN ƏMLAK VƏZİYYƏTİ

 

Maddə 16. Dövlətin, ictimai təşkilatların və ya vətəndaşların mülkiyyəti olan əmlakdan istifadə

Dini qurumlar dövlət təşkilatlarının, ictimai təşkilatların və ya vətəndaşların müqavilə əsasında onlara verdikləri binalardan və əmlakdan öz ehtiyacları üçün istifadə hüququna malikdirlər.

Yerli icra hakimiyyəti orqanları və dövlət idarələri dövlətin mülkiyyətində olan dini təyinatlı binaları və digər əmlakı dini qurumların əvəzsiz istifadəsinə verə bilərlər.

Dini qurumlar dini təyinatlı binaların yerləşdikləri ərazi ilə birlikdə onlara, verilməsində üstünlük hüququna malikdirlər.

Dinə mənsub binaların və əmlakın dini qurumlara verilməsi barədə qərarlar müvafiq vəsatətin alındığı gündən etibarən ən geci bir ay müddətində qəbul edilir və bu barədə müraciət edənə yazılı şəkildə məlumat verilir.

Diki qurumlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qayda ilə torpaq götürür və ondan istifadə edirlər.

Maddə 17. Tarix və mədəniyyət abidələri olan əmlakın verilməsi və ondan istifadə

Tarix və mədəniyyət abidələri olan tikililər və əşyalar dini qurumlara qanunvericiliyə müvafiq qaydada verilə və onlar tərəfindən istifadə oluna bilər.

Maddə 18. Dini qurumların mülkiyyəti

Binalar, dini əşyalar, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və dini qurumların fəaliyyətini təmin etmək üçün zəruri olan başqa əmlak onların mülkiyyətində ola bilər.

Dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququna malikdirlər.

Xaricdə olan əmlak da dini qurumların mülkiyyətində ola bilər.

Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilərlər.

İanə üzərində vergi qoyulmur.

Dini qurumların mülkiyyət hüququ qanunla qorunur.

Maddə 19. Dini qurumların istehsal və təsərrüfat fəaliyyəti

Diki qurumlar qanunvericiliyə və öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq surətdə hüquqi şəxs statuslu nəşriyyat, poliqrafiya, istehsal, bərpa-tikinti müəssisələri, yetimxanalar, internatlar, xəstəxanalar və sair təsis edə bilərlər.

Dini qurumların müəssisələrinin istehsal fəaliyyətindən götürülən mənfəət və onların digər gəlirləri üzərinə ictimai təşkilatların müəssisələri üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə müəyyən edilmiş qaydada və məbləğdə vergilər qoyulur.

Maddə 20. Fəaliyyətinə xitam verilmiş dini qurumların əmlakı barəsində sərəncam

Dövlət təşkilatının, ictimai təşkilatların və ya ayrı-ayrı vətəndaşların dini qurumların istifadəsinə verdikləri vəqf olmayan əmlak onların fəaliyyətinə xitam verildikdən sonra əvvəlki sahibinə qaytarılır.

Dini qurumun fəaliyyətinə xitam verildikdə, mülkiyyətində olmuş əmlak barəsində onun nizamnaməsinə (əsasnaməsinə) və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə sərəncam verilir.

Dini qurumlara məxsus ayin təyinatlı əmlakdan kreditorların iddiaları üzrə haqq tutula bilməz.

Hüquqi varis olmadıqda, əmlak dövlət mülkiyyətinə keçir.

 

IV f ə s i

DİNİ ETİQAD AZADLIĞI İLƏ ƏLAQƏDAR VƏTƏNDAŞLARIN VƏ DİNİ QURUMLARIN HÜQUQLARI

 

Maddə 21. Dini ayinlər və mərasimlər

Dini qurumlar ibadətlər və dini yığıncaqlar üçün onlara münasib yerlərə, habelə bu və ya digər dində müqəddəs sayılan ziyarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan istifadə etmək hüququna malikdirlər.

İbadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə, ziyarətgahlarda, qəbristanlıqlarda, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir.

Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) hərbi qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini ayinləri yerinə yetirmələrinə mane ola bilməz. Əsgəri bölmələrdə hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir.

Xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər orada olan şəxslərin xahişi ilə keçirilir. Həmin idarələrin müdiriyyəti ruhanilərin dəvət olunmasına yardım göstərir, ibadətin, ayinin və ya mərasimin keçirilməsi vaxtının və başqa şərtlərinin müəyyənləşdirilməsində iştirak edir. Digər hallarda açıq ibadətlər, dini ayinlər və mərasimlər yığıncaq, mitinq, nümayiş və yürüşlərin keçirilməsi üçün müəyyən edilmiş qaydada icra olunur.

Dini qurumlar xəstəxanalarda, qospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, islah-əmək müəssisələrində olan vətəndaşlara ibadətlər keçirilməsi üzrə təkliflərlə müraciət etmək hüququna malikdirlər.

Maddə 22. Dini ədəbiyyat və dini təyinatlı əşyalar

Vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və bunlardan istifadə edə bilərlər.

Diki qurumlar müvafiq dini işlər idarəsinin razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal və ixrac etmək və sərbəst yaymaq hüququna malikdirlər.

Maddə 23. Dini qurumların xeyriyyə və mədəni-maarif fəaliyyəti

Dini qurumlar həm müstəqil, həm də ictimai fondlar vasitəsi ilə və ya digər formada mədəni-maarif fəaliyyəti göstərirlər.

Bu məqsədlərə yönəldilmiş ianələr və ayırmalar vergidən azad olunur.

Maddə 24. Dindarların və dini qurumların beynəlxalq əlaqələri və ünsiyyəti

Vətəndaşlar və dini qurumlar qrup halında və ya fərdi şəkildə beynəlxalq dini tədbirlərdə və xaricdə keçirilən dini tədbirlərdə iştirak edə, dini qurumlar vətəndaşları dini tədris müəssisələrində təhsil almaq üçün xaricə göndərə və bu məqsədlə əcnəbi vətəndaşları qəbul edə bilərlər.

 

V f əsil

DİNİ QURUMLARDA VƏ ONLARIN MÜƏSSİSƏLƏRİNDƏ ƏMƏK FƏALİYYƏTİ

 

Maddə 25. Dini qurumlarda əmək-hüquq münasibətləri

Dini qurumlarda əmək şərtləri dini qurumla işçi arasında: saziş üzrə müəyyən edilir və yazılı şəkildə bağlanan əmək müqaviləsində göstərilir.

Dini qurum müəyyən edilmiş qaydada əmək müqaviləsini, ruhanilərin əmək haqqı şərtlərini müəyyən edən sənədləri qeydə alır.

Əmək müqaviləsi üzrə dini qurumda işləyən vətəndaşlar həmkarlar ittifaqının üzvü ola bilərlər.

Maddə 26. Dini qurumlarda işləyən vətəndaşların əmək hüququ

Dini qurumlarda əmək müqaviləsi üzrə işləyən vətəndaşlara əmək qanunvericiliyinin tələbləri istisnasız tətbiq olunur.

Vətəndaşların, o cümlədən ruhanilərin dini qurumlarda işdən əldə etdikləri gəlirdən ümumi qaydada vergi tutulur.

Maddə 27. Dini qurumlarda işləyən vətəndaşların sosial təminatı və sosial sığortası

Dini qurumlar, onların idarə və müəssisələri dövlət sosial sığorta fonduna və Azərbaycan Respublikasının pensiya fonduna ictimai təşkilatlar, onların idarə və müəssisələri üçün müəyyən edilən qaydada və məbləğdə ayırmalar verirlər.

Dini qurumlarda işləyən bütün vətəndaşlara pensiya qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla təyin edilir.

 

VI f ə s i l

DÖVLƏT ORQANLARI VƏ DİNİ QURUMLAR

 

Maddə 28. Dini etiqad azadlığı haqqında qanunvericilik üzərində nəzarət

Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında qanunvericiliyinin icrası üzərində nəzarət qüvvədə olan qanunvericiliyə müvafiq surətdə həyata keçirilir.

Maddə 29. Azərbaycan Respublikasının dini işlər idarəsi

Azərbaycan Respublikasının müvafiq dini işlər idarəsi: dini qurumların xahişi üzrə dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə onlara lazımi yardım göstərir;

müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətin möhkəmlənməsinə kömək edir;

dini qurumların bu Qanunla nəzərdə tutulmuş qaydada nizamnamələrinin (əsasnamələrinin) qeydə alınmasını, habelə onlara dəyişiklik və əlavələr edilməsini həyata keçirir;

     dini etiqad azadlığı haqqında qanunvericiliyin tətbiqində yerli icra hakimiyyəti orqanlarına gömək göstərir;

xarici dövlətlərin müvafiq orqanları ilə əlaqə saxlayır;

Azərbaycan Respublikasında dini qurumlar, dini etiqad azadlığı haqqında qanunvericiliyin icrası üzrə məlumat bankı yaradır;

dini təşkilatların beynəlxalq dini hərəkatlarla, forumlarla, beynəlxalq dini mərkəzlərlə və xarici dini qurumlarla işgüzar əlaqələrdə iştirakına kömək edir;

dini qurumların nümayəndələrinin və müvafiq mütəxəssislərin iştirakı ilə dinşünaslıq ekspertizası aparılmasını təmin edir.

Maddə 30. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasında günahkar olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 31. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilədə dini etiqad azadlığı haqqında daxili qanunvericilikdə olduğundan fərqli qaydalar olduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 20 avqust 1992-ci il.

                № 281.