Azərbaycan Respublikasının Dağlıq
Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Ali Soveti
Azərbaycan Respublikasının öz milli dövlət
quruluşu məsələlərini həll etməyə
suveren hüququnu əsas tutaraq;
1923-cü ildə Azərbaycan xalqının milli
mənafeyinə zidd olan, Azərbaycan xalqı ilə erməni
xalqı arasında milli ədavətin
dərinləşməsinə şərait yaradan,
Azərbaycanın ən böyük təbii-iqtisadi bölgəsi olan
Qarabağın infrastrukturunun dağıdılmasına və
təsərrüfat əlaqələrinin qırılmasına
yönəldilən, Dağlıq Qarabağın
Azərbaycanın əzəli tərkib hissəsi olduğuna
dair bütün etnik, tarixi, siyasi, iqtisadi və mənəvi
əlamətləri bu ərazidə yox etmək üçün erməni
millətçilərinin istifadə etdikləri amilin -
Dağlıq Qarabağ Muxtar Vilayətinin
yaradılmasını qeyri-hüquqi hesab edərək;
vilayətin yaradıldığı dövrdə
Ermənistan SSR-də yaşayan yarım milyonluq
azərbaycanlı əhali üçün heç milli-mədəni
muxtariyyətin də yaradılmadığını, sonrakı
illərdə isə azərbaycanlı əhali Ermənistandan
zorla köçürüldüyünü, hazırda orada əslində bir nəfər
də azərbaycanlı qalmadığını
nəzərə alaraq;
Azərbaycanın əzəli tarixi ərazisini
qoparıb almaq üçün Ermənistan rəhbərliyinin yeritdiyi
siyasətin və bu siyasətdə DQMV-nin bir alətə
çevrilməsinin Azərbaycan Respublikasının suverenliyi
və ərazi bütövlüyü üçün real qorxu törətdiyini qeyd
edərək;
Azərbaycan Respublikasında ermənilərin kiçik
bir qrupu üçün milli-ərazi qurumunun bundan sonra da
saxlanmasının azərbaycanlı əhaliyə
qarşı zorakılığın artmasına, geniş
miqyaslı terrorçuluq əməlləri törətmək - öz
dövlətinin ərazisində yaşayan azərbaycanlıları
qırmaq, soyub talamaq, onların evlərinə od vurmaq,
əmlakını məhv etmək üçün yerli
ermənilərdən təşkil edilin quldur dəstələrinin
və Ermənistan ərazisindən göndərilən yaraqlı
ekstremistlərin cinayətkarlıq hərəkətlərinin
güclənməsinə səbəb olduğunu dərk
edərək;
suveren Azərbaycan dövlətini və onun bütövlüyünü
qoruyub saxlamaq və inkişaf etdirmək üçün Azərbaycan
xalqının indiki və gələcək nəsilləri
qarşısında tarixi məsuliyyətini başa
düşərək;
Qarabağın
dağlıq hissəsində Azərbaycan Respublikasının
suveren hüquqlarını tamamilə bərpa etmək, qanunsuz
yaradılmış silahlı dəstələri tərksilah
etmək, Azərbaycan Respublikası
vətəndaşlarının hüquqlarını,
azadlığını və ləyaqətini qorumaq,
millətlərarası münasibətləri nizama salmaq
zərurətini əsas götürərək; *
Azərbaycan xalqının iradəsini rəhbər
tutaraq qərara alır:
1. Azərbaycan Respublikası Konstitusiyasının
(Əsas Qanununun) 68-ci, maddəsinin üçüncü hissəsi, 104-cü
maddəsinin 2-ci bəndi,
"Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında" Konstitusiya
Aktının 4-cü maddəsi əsas tutularaq Azərbaycan
Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti
milli ərazi qurumu kimi ləğv edilsin.
"Dağlıq Qarabağ Muxtar Vilayətinin
yaradılması haqqında" Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və
"Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında"
Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş
sayılsın.
2.
Stepanakert, Mardakert, Martuni
şəhərlərinin tarixi adları qaytarılaraq
Stepanakert şəhəri Xankəndi şəhəri,
Mardakert şəhəri Ağdərə şəhəri
və Mardaksrt rayonu Ağdərə rayonu, Martuni
şəhəri Xocavənd şəhəri və Martuni
rayonu Xocavənd rayonu adlandırılsın.
3.
Əsgəran və Hadrut
rayonları ləğv edilsin.
4.
Xocalı şəhəri
mərkəz olmaqla Xocalı rayonu yaradılsın,
ləğv edilmiş Əsgəran rayonunun ərazisi
Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi
isə Xocavənd rayonunun tərkibinə verilsin.
5.
Xankəndi və
Şuşa şəhərləri respublika tabeli
şəhərlərin, Ağdərə, Xocavənd,
Xocalı və Şuşa rayonları respublika tabeli
rayonların sırasına daxil edilsin.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı
şəhəri, 26 noyabr 1991-ci il.
№ 279-XII.