Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında
KONSTİTUSİYA AKTI
1918-ci il mayın 28-də Azərbaycan Milli
Şurası İstiqlal Bəyannaməsi qəbul
edərək Azərbaycan xalqının dövlət
quruluşunun çoxəsrlik ənənələrini
dirçəltdi.
Azərbaycan Respublikası
öz ərazisində tam dövlət hakimiyyətinə malik
olub müstəqil xarici və daxili siyasət yeridirdi.
Azərbaycan Respublikasının müstəqil
dövlətə xas olan təsisatları - parlamenti,
hökuməti, ordusu, maliyyə sistemi
yaradılmışdı və fəaliyyət
göstərirdi. Azərbaycan Respublikası bir çox xarici
dövlətlər tərəfindən tanınmış
və onlarla diplomatik münasibətlər
yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR
beynəlxalq hüquq normalarını kobudcasına pozaraq,
müharibə elan etmədən öz silahlı
qüvvələrinin hissələrini Azərbaycana yeritdi,
suveren Azərbaycan Respublikasının ərazisini
işğal etdi, qanuni seçilmiş hakimiyyət
orqanlarını zorakılıqla devirdi və Azərbaycan
xalqının çox böyük qurbanlar bahasına
qazandığı müstəqilliyə son qoydu.
Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə
olduğu kimi, yenidən Rusiya tərəfindən ilhaq edildi.
SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr
tarixli müqavilə bu ilhaqı təsbit etməli idi.
Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına
qarşı əslində müstəmləkəçilik
siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları
amansızcasına istismar olunur, milli sərvətləri
çapılıb talanır, Azərbaycan xalqı
təqiblərə və kütləvi cəza tədbirlərinə
məruz qalırdı, onun milli ləyaqəti
tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan
xalqı dövlət müstəqilliyi uğrunda
mübarizəni davam etdirirdi.
"Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpası haqqında" Azərbaycan
Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi
Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
Azərbaycan Respublikasının Ali Soveti
Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də
qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan
Respublikasının demokratik prinsiplərinin və ənənələrinin
varisliyinə əsaslanaraq və "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpası haqqında" Azərbaycan Respublikası Ali
Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər
tutaraq bu Konstitusiya Aktını qəbul edir və
müstəqil Azərbaycan Respublikasının dövlət
quruluşunun, siyasi və iqtisadi quruluşunun
əsaslarını təsis edir.
I. ÜMUMİ MÜDDƏALAR
Maddə
1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun
Azərbaycana təcavüzü, respublika ərazisini zəbt
etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan
Demokratik Respublikasını devirməsi Rusiyanın
müstəqil Azərbaycanı işğal etməsi hesab
edilsin.
Maddə
2. Azərbaycan Respublikası 1918-ci il mayın
28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş
Azərbaycan Respublikasının varisidir.
Maddə
3. SSRİ-nin təşkili haqqında 1922-ci il 30
dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı
andan etibarsızdır.
Keçmiş SSR İttifaqının
tərkibinə daxil olmuş suveren dövlətlər ilə
qarşılıqlı münasibətlərin ortaya
çıxan bütün məsələləri
müqavilələr və sazişlər əsasında nizama
salınmalıdır.
Maddə
4. Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası
bu Konstitusiya Aktının müddəalarına zidd
gəlməyən yerlərində qüvvədə qalır.
Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpası elan edilənə
qədər qüvvədə olmuş, Azərbaycan
Respublikasının suverenliyinə və ərazi
bütövlüyünə zidd olmayan, milli dövlət
quruluşunun dəyişdirilməsinə
yönəldilməmiş aktların hamısı
Azərbaycan Respublikasında hüquqi qüvvəsini
saxlayır.
Azərbaycan Respublikasının müvafiq
qanunları qəbul edilənədək SSRİ qanunları
Azərbaycan Respublikasının ərazisində hüquqi
qüvvəsini saxlayır; həmin qanunların
siyahısını Azərbaycan Respublikasının parlamenti
müəyyən edir.
Maddə
5. Azərbaycan Respublikasının
müstəqilliyinə qarşı yönəldilən
hər hansı hərəkət suveren dövlətin daxili
işlərinə qarışmaqdır və beynəlxalq
hüquq normalarına uyğun olaraq bu
hərəkətlərə cavab verilir.
Maddə
6. SSRİ-nin dövlət borcunun yalnız o
hissəsi Azərbaycan Respublikasına keçə bilər
ki, respublikanın ərazisində təsərrüfat
fəaliyyəti nəticəsində və Azərbaycan
Respublikasının ixtiyarına keçən SSRİ
əmlakı ilə əlaqədar yaranmış olsun.
Maddə
7. SSRİ-nin Azərbaycan Respublikası
ərazisindəki bütün daşınar və
daşınmaz mülkiyyəti Azərbaycan
Respublikasının dövlət mülkiyyətidir.
SSRİ-nin daşınar mülkiyyətinin beynəlxalq
hüquqa uyğun olaraq müqavilə üzrə başqa
dövlətlərə - SSRİ-nin keçmiş
subyektlərinə verilə biləcək hissəsi istisna
təşkil edir.
SSRİ-in Azərbaycan Respublikasının
hüdudlarından kənarda olan, lakin Azərbaycan SSRİ-nin
tərkibində olduğu dövrdə Azərbaycanın milli
gəliri, təbii və başqa ehtiyatları hesabına
yaranmış əmlakı bu əmlakın yaranmasında
Azərbaycanın töhfəsinə müvafiq həcmdə,
müqavilə üzrə Azərbaycan Respublikasına
keçir.
II. AZƏRBAYCAN XALQI
Maddə
8. Azərbaycan xalqı Azərbaycan
Respublikasının ərazisində və ondan kənarda
yaşayan, Azərbaycan dövlətinə və onun
qanunlarına tabe sayılan bütün Azərbaycan
Respublikası vətəndaşlarından ibarətdir; bu
isə beynəlxalq hüquqla
müəyyənləşdirilmiş normaları istisna etmir.
Maddə 9. Öz idarəetmə
formasını seçmək, başqa xalqlarla öz
münasibətlərini müəyyənləşdirmək,
siyasi, iqtisadi və mədəni həyatını öz tarixi
və milli ənənələrinə,
ümumbəşəri dəyərlərə uyğun
inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz
hüququdur.
Maddə
10. Azərbaycan Respublikasında suveren hakimiyyət
Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqının
hər hansı bir hissəsi, hər hansı bir şəxs
suveren hakimiyyətin həyata keçirilməsi
səlahiyyətini mənimsəyə bilməz.
Azərbaycan xalqı suveren hakimiyyəti bilavasitə
referendum vasitəsilə və Azərbaycan
Respublikasının parlamentinə ümumi, bərabər
və birbaşa seçki hüququ əsasında gizli
səsvermə yolu ilə seçilmiş
nümayəndələri vasitəsilə həyata
keçirir.
Maddə
11. Azərbaycan xalqı öz iradəsinin ifadəsi
kimi Azərbaycan Respublikasının demokratik quruluşuna
və qanunun aliliyinə təminat verir.
III. AZƏRBAYCAN DÖVLƏTİ
Maddə
12. Azərbaycan xalqı müstəqil,
dünyəvi, demokratik, unitar dövlət yaradır, bu
dövlətin suveren hakimiyyəti daxili
məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə
isə yalnız Azərbaycan xalqının azad surətdə
razılıq verdiyi müqavilələrdən və
sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır.
Azərbaycan Respublikasının suverenliyi
şəriksizdir və onun bütün ərazisinə
şamildir.
Azərbaycan Respublikası öz ərazisində
həyata keçirdiyi suveren hüquqları heç bir formada
başqa dövlətlərə və ya dövlət
ittifaqlarına vermir.
Maddə
13. Azərbaycan Respublikasında dövlət
hakimiyyəti hakimiyyətin bölünməsi prinsipinə
əsaslanır.
Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının
parlamenti tərəfindən həyata keçirilir.
Ali icra hakimiyyəti Azərbaycan dövlətinin
başçısı olan Azərbaycan Respublikası
Prezidentinə məxsusdur.
Məhkəmə hakimiyyəti müstəqil
məhkəmələr tərəfindən və ali
instansiyada – hər birinin öz səlahiyyətləri
daxilində Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi, Azərbaycan Respublikasının Ali
Məhkəməsi və Azərbaycan Respublikasının Ali
Arbitraj Məhkəməsi tərəfindən həyata
keçirilir.
Maddə
14. Azərbaycan Respublikasının ərazisi vahiddir,
bölünə və özgəninkiləşdirilə
bilməz. Azərbaycan Respublikası öz ərazisinin hər
hansı bir hissəsini, hər hansı bir formada
kimsəyə vermir; yalnız Azərbaycan Respublikası
parlamentinin qərarı ilə respublikanın bütün
əhalisi arasında xalq səsverməsi (referendum)
keçirmək yolu ilə Azərbaycan xalqının
razılığı əsasında sərhədlərdə
dəqiqləşdirmə aparıla bilər.
Azərbaycan Respublikası ərazisinin heç bir
hissəsi başqa dövlətə və ya başqa
dövlətin hüquqi şəxsinə satıla və
verilə bilməz.
Maddə
15. Azərbaycan Respublikasının ərazisində
yalnız Azərbaycan Respublikasının Konstitusiyası
və Azərbaycan Respublikasının qanunları
qüvvədədir.
Qanunvericilik hakimiyyəti Azərbaycan
Respublikasının Konstitusiyası ilə, icra və
məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının
Konstitusiyası, qanun və hüquq ilə
məhdudlaşdırılır.
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikası parlamentinin qərarı ilə
respublikanın bütün əhalisi arasında xalq
səsverməsi (referendum) keçirmək yolu ilə qəbul
edilir.
Maddə
16. hamılıqla qəbul edilmiş beynəlxalq
hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası
başqa dövlətlərlə münasibətlərini
aşağıdakı prinsiplər əsasında qurur:
dövlətlərin suveren bərabərliyi, zor
işlətməmək və zor işlətməklə
hədələməmək, dövlət sərhədlərinin
toxunulmazlığı, mübahisələri dinc yolla nizama
salmaq, başqa dövlətlərin daxili işlərinə
qarışmamaq, insanın hüquqlarına və əsas
azadlıqlarına hörmət etmək, xalqların
bərabərliyi və onların öz
müqəddəratını təyin etmək hüququ,
dövlətlərin əməkdaşlığı,
beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə
yetirmək.
Maddə 17. Azərbaycan Respublikası:
1.
Azərbaycan xalqının
birliyini qorumalı, ayrıca şəxsin, ailənin, ictimai
birliklərin və digər kollektivlərin mənafeyinə
uyğun surətdə qanundan irəli kələn hüquqları
və azadlıqları müəyyən edərək və
bunlara hörmət göstərilməsini təmin
edərək hüquq qaydası yaratmalıdır.
2.
Sosial
fəallığın bütün növlərinə
rəvac verməli və onları
əlaqələndirməli, bütün
vətəndaşların mənafelərinin qanuna əsasən
uzlaşmasını təmin etməli, hər bir
şəxsin azad inkişafı üçün
bərabər şərait yaratmalıdır.
3.
Dövlət və ya
ictimai mənzil fondunun evlərində abad yaşayış
sahəsi almaqda və ondan daimi istifadə etməkdə,
fərdi mənzil tikintisində Azərbaycan Respublikası vətəndaşlarına
kömək göstərməlidir.
4.
Güzəranı daha
ağır olan əhali qruplarının vəziyyətinin
yaxşılaşdırılması və sosial
müdafiəsi qayğısına qalmalı, onların insana
layiq həyat səviyyəsini, binəsiblərin sosial
müdafiəsini təmin etməyə
çalışmalıdır.
5. Azərbaycan
Respublikası vətəndaşlarının həyatına,
sağlamlığına, şəxsi azadlığına
və təhlükəsizliyinə edilən
qəsdlərdən onların müdafiəsini təmin
etməlidir.
6. Azərbaycan
Respublikası vətəndaşlarının
sağlamlığını qorumalı, sağlam ekoloji
mühitin mühafizəsinə kömək
göstərməli, dövlətin əzəli və
təbii özəyi olan ailəni, habelə anaları və
uşaqları himayə etməlidir.
Maddə
18. Azərbaycan Respublikasında Azərbaycan
Respublikasının vahid vətəndaşlığı
müəyyən edilir.
Azərbaycan Respublikası öz
vətəndaşlarının qarşısında qanunla
müəyyən edilmiş vəzifələr
daşıyır, Azərbaycan Respublikasının
vətəndaşları Azərbaycan Respublikasının
qarşısında qanunla müəyyən edilmiş
vəzifələr daşıyırlar.
heç kəs vətəndaşlıqdan və ya
vətəndaşlığını dəyişdirmək
hüququndan məhrum edilə bilməz. Azərbaycan
Respublikasının hüdudlarından kənarda olan hər
bir Azərbaycan Respublikası vətəndaşının
hüquqi müdafiəsinə təminat verilir.
Maddə
19. Azərbaycan Respublikasının bütün
vətəndaşları qanun qarşısında
bərabərdirlər. Azərbaycan Respublikası insan
hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki
müşavirəsinin Yekun aktına və hamılıqla
qəbul edilmiş başqa beynəlxalq hüquq
sənədlərinə qoşularaq, onlarda nəzərdə
tutulan bütün hüquq və azadlıqlara
vətəndaşların cinsindən, irqindən və milli
mənsubiyyətindən, dini etiqadından, sosial
mənşəyindən, siyasi əqidəsindən və
başqa hallardan asılı olmayaraq əməl edilməsini,
bu hüquq və azadlıqların maneəsiz həyata
keçirilməsini təmin edir.
Azərbaycan Respublikası
vətəndaşlarının hüquq və
azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi
hallardan başqa, hər hansı formada məhdudlaşdırıla
bilməz.
IV. İQTİSADİ MÜNASİBƏTLƏR
Maddə
20. Bütün təbii ehtiyatlar hər hansı
şəxslərin və ya təşkilatların mülkiyyət
hüquqlarına və mənafeyinə xələl
gətirilmədən Azərbaycan Respublikasına məxsusdur.
Maddə
21. Hansı mənbədən gəlirsə gəlsin,
Azərbaycan Respublikasının bütün mədaxili vahid
ehtiyatlar əmələ gətirir və bu ehtiyatlar qanundan
irəli gələn tələblərə və öhdəliklərə
əməl olunmaqla, qanunun müəyyən etdiyi
məqsədlər üçün və qanunun
müəyyən etdiyi qaydada işlədilir.
Maddə
22. Mülkiyyət dövlət mülkiyyəti,
xüsusi mülkiyyət və kollektiv mülkiyyət
şəklində ola bilər.
Xüsusi və kollektiv mülkiyyətə qanunla
icazə və təminat verilir: qanun onların alınması
və onlardan istifadə olunması üsullarını, onun
fəaliyyət hüdudlarını müəyyən edir.
Xüsusi və kollektiv mülkiyyət məcburi
şəkildə özgəninkiləşdirilə bilməz.
Qanunda nəzərdə tutulmuş hallarda xüsusi və
kollektiv mülkiyyət zərərin ödənilməsi
şərtilə Azərbayçan Respublikasının
xeyrinə özgəninkiləşdirilə bilər.
Daşınar və daşınmaz əmlakın tam
müsadirəsinə yol verilmir.
Maddə
23. Azərbaycan Respublikasında hər cür iqtisadi
fəaliyyət bazar münasibətlərinə və
sahibkarlıq azadlığına əsaslanır.
Maddə
24. Azərbaycan Respublikası kooperasiyaya rəvac verir
və müxtəlif kooperativ təşkilatlarının
və başqa birliklərin qanuna müvafiq surətdə
inkişafı üçün. lazımi şərait
yaradır.
Maddə
25. Azərbaycan Respublikası bütün formalarda
əməyi mühafizə edir. Öz əməyinin
kəmiyyət və keyfiyyətinə uyğun olaraq
zəhmətkeşin azad və ləyaqətli
yaşayış üçün kifayət edən haqq almaq
hüququ vardır.
Qanunla müəyyən edilmiş hallardan başqa,
məcburi əmək qadağan edilir.
Əmək qabiliyyəti olmayan və lazımi dolanışıq
imkanlarından məhrum olan hər bir vətəndaşın
dövlətdən kömək və yardım almaq hüququ
vardır.
Zəhmətkeşlər həmkarlar ittifaqları
təsis etməkdə azaddırlar.
Tətil hüququnu zəhmətkeşlər bu
hüququ tənzimləyən qanunlar
çərçivəsində həyata keçirirlər.
V. SİYASİ MÜNASİBƏTLƏR
Maddə
26, Azərbaycan Respublikasının yetkinlik
yaşına çatmış
vətəndaşlarının seçki hüququ vardır.
Səsvermə şəxsi, bərabər, azad
və gizlidir.
Səsvermə hüququ yalnız
vətəndaşın hüquq qabiliyyətsizliyi
nəticəsində və ya qüvvəyə minmiş
məhkəmə hökmü əsasında
məhdudlaşdırıla bilər.
Maddə
27. Azərbaycan Respublikasının siyasətinin
müəyyənləşdirilməsinə demokratik yolla
kömək etmək üçün Azərbaycan
Respublikasının bütün vətəndaşlarının
azad surətdə siyasi partiyalar və digər ictimai
birliklər yaratmaq hüququ vardır.
Maddə
28. Siyasi plüralizm prinsiplərinə uyğun olaraq
siyasi partiyalar ictimai rəyin formalaşdırılmasında
və ifadəsində iştirak edirlər və siyasi
fəaliyyətin əsas ünsürləridir. Onların
yaradılması və fəaliyyəti Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları
çərçivəsində azaddır.
Maddə
29. Azərbaycan Respublikasını müdafiə
etmək Azərbaycan Respublikası
vətəndaşının müqəddəs borcudur.
Qanunla müəyyən edilmiş hüdudlarda
və növlərdə hərbi xidmət məcburidir.
Maddə
30. Azərbaycan Respublikasının bütün
vətəndaşları öz gəlirlərinə uyğun
olaraq dövlət xərclərində iştirak
etməlidirlər.
Vergi sistemi mütərəqqilik prinsipinə
əsaslanır.
Maddə
31. Bütün vətəndaşlar Azərbaycan
Respublikasına sadiq olmalı, onun Konstitusiyasına və
qanunlarına riayət etməlidirlər.
VI. YEKUN MÜDDƏALARI
Maddə
32. Bu Konstitusiya Aktı Azərbaycan
Respublikasının yeni Konstitusiyasının
hazırlanması üçün əsasdır.
Azərbaycan
Respublikasının Prezidenti
A.
MÜTƏLLİBOV.
Bakı şəhəri, 18 oktyabr
1991-ci il.
¹ 222-XII.