Yaşayış
minimumu haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun
Azərbaycan Respublikasında yaşayış minimumunun
müəyyənləşdirilməsinin, ona dövlət
təminatının, ölkənin sosial-iqtisadi inkişafına
uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin
prinsiplərini və qaydalarını müəyyən edir.
M a d d ə 1 . Əsas
anlayışlar
1.0. Bu
Qanunun məqsədləri üçün istifadə olunan əsas
anlayışlar aşağıdakılardır:
1.0.1. minimum istehlak səbəti -
insanın sağlamlığının və həyat
fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan
ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi
normalar əsasında müəyyən edilmiş toplusu;
1.0.2. yaşayış minimumu -
minimum istehlak səbətinin dəyəri və icbari
ödənişlərin cəmindən ibarət sosial norma;
1.0.3. əhalinin əsas sosial-demoqrafik
qrupları - yaş-cins əlamətlərinə, sosial
vəziyyətlərinə görə fərqlənən
əhali qrupları (əmək qabiliyyətli əhali,
pensiyaçılar, əlillər, uşaqlar və s);
1.0.4. ailə - qohumluq və ya
qanunvericiliklə müəyyən olunmuş digər
xüsusiyyətlərə görə bağlılığı
olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik
şəxslər və yaxud tənha yaşayan
şəxslər;
1.0.5. ailədə adambaşına
düşən orta gəlir - ailənin məcmu
gəlirlərinin ailə üzvlərinin sayına nisbəti;
1.0.6. əhalinin aztəminatlı
təbəqələri - qanunvericiliklə müəyyən
edilmiş minimum yaşayış səviyyəsində olan
ailələr;
1.0.7. ünvanlı dövlət sosial
yardımı - əhalinin aztəminatlı
təbəqələrinə dövlət tərəfindən
müxtəlif formalarda (sosial ödənişlər,
müavinətlər, icbari ödənişlərdən
güzəştlər və s.) göstərilən yardımlar;
1.0.8. minimum əmək haqqı -
qanunvericiliklə ixtisassız əməyə və
xidmətə görə aylıq əməkhaqqının ən
aşağı səviyyəsini müəyyən edən sosial
normativ.
M a d d ə 2 . Yaşayış
minimumunun təyinatı
2.0.
Yaşayış minimumundan aşağıdakı
məqsədlər üçün istifadə olunur:
2.0.1.
əhalinin aztəminatlı təbəqələrinə
dövlət tərəfindən ünvanlı sosial yardım
göstərilməsi sisteminin formalaşdırılmasında
və tətbiqində;
2.0.2.
əhalinin aztəminatlı təbəqələrinin
rifahının yüksəldilməsi konsepsiyasının və
Dövlət Proqramlarının hazırlanmasında;
2.0.3.
əhalinin həyat səviyyəsinin
qiymətləndirilməsində və
proqnozlaşdırılmasında;
2.0.4.
fiziki şəxslərin gəlirlərinin vergiyə və
icbari ödənişlərə cəlb edilməyən
həddinin əsaslandırılmasında;
2.0.5. əhalinin pul
gəlirlərinin və əmanətlərinin
indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və
həyata keçirilməsində;
2.0.6. dövlət büdcəsinin, yerli
büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə
tənzimlənən qiymət və tariflərin
formalaşdırılmasında.
M a d d ə 3 . Minimum istehlak səbətinin
formalaşdırılması, yenidən baxılması və
təsdiqi
3.1. Minimum istehlak səbəti əhalinin
əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc
maddələri üzrə aşağıdakı tərkibdə
formalaşdırılır:
3.1.1.
ərzaq
məhsullarının minimum toplusu;
3.1.2.
fərdi
və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının
minimum toplusu (geyim, ayaqqabı və
dəftərxana ləvazimatları, təsərrüfat,
mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);
3.1.3.
xidmətlərin
minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə,
məişət, təhsil,
mədəni-maarif, müalicə-istirahət xidmətləri
və s.).
3.2. Minimum istehlak səbətinin tərkibi
dövlət elmi idarə və müəssisələrinin,
qeyri-hökumət təşkilatlarının iştirakı
ilə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən üç ildə bir dəfədən az olmayaraq
müəyyənləşdirilir.
M a d d ə 4 . Yaşayış
minimumunun hesablanması, yenidən baxılması və
təsdiqi
4.1.
Yaşayış
minimumu əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bu
Qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir
və təsdiq olunur.
4.2.
İstehlak
səbətinə daxil olan ərzaq məhsulları,
qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri)
ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər
əsasında hesablanır.
4.3.
Əhalinin
əsas sosial-demoqrafik qrupları üzrə yaşayış
minimumu ildə bir
dəfə yenidən hesablanır və dövlət büdcəsi
ilə birgə təsdiq edilir.
4.4.
Əhalinin
əsas sosial-demoqrafik qrupları üzrə yaşayış
minimumu aztəminatlılığın həddini
müəyyən edir və rəsmi dövlət
nəşrlərində dərc olunur.
M a d d ə 5. Əməkhaqqının,
pensiyaların minimum məbləğinin, müavinətlərin,
təqaüdlərin və digər sosial ödənişlərin müəyyənləşdirilməsi
zamanı yaşayış minimumunun nəzərə alınması
5.1.
Ölkə
üzrə təsdiq edilmiş yaşayış minimumu
əməkhaqqının, pensiyaların minimum
məbləğinin, müavinətlərin, təqaüdlərin,
ünvanlı dövlət sosial yardımının
və digər ödənişlərin müəyyən
edilməsinin əsasım təşkil edir.
5.2.
Mülkiyyət
formasından asılı olmayaraq müəssisə, idarə
və təşkilatlar ixtisassız
əməklə məşğul olan işçilərinə
əməkhaqqını minimum əməkhaqqı məbləğindən az olmayaraq
ödəməlidir.
5.3.
Ölkə
üzrə əməkhaqqının və pensiyaların minimum
məbləğinin, müavinətlərin, təqaüdlərin,
ünvanlı dövlət sosial yardımlarının
məbləğinin yaşayış
minimumuna nisbəti hər il müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən
edilir.
5.4. Azərbaycan Respublikasında
minimum əməkhaqqı və pensiyaların minimum məbləği
mərhələlərlə ölkə üzrə
yaşayış minimumu səviyyəsinə yüksəldilir.
M a d d ə 6. Yaşayış
minimumu haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Yaşayış minimumu haqqında
qanunvericiliyi pozan şəxslər mövcud qanunvericiliklə müəyyən
olunmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 7. "Minimum
istehlak büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən
düşməsi haqqında
"Minimum istehlak büdcəsi
haqqında" Azərbaycan Respublikasının 1992-ci il 14 oktyabr tarixli 329 nömrəli
Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 19, maddə 849)
qüvvədən düşmüş hesab edilsin.
M a d d ə
8 . Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 5 oktyabr 2004-cü il
№ 768-IIQ