Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişaf Proqramı"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ölkədə davamlı iqtisadi inkişafa nail olunmasında əhalinin, onun əmlakının və iqtisadiyyatın ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında hidrometeorologiyanın İnkişaf Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci bəndi ilə təsdiq olunan Proqramın icrasının təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.

3. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 yanvar 2004-cü il
№ 62

Azərbaycan Respublikası Prezidentinin

28 yanvar 2004-cü il tarixli Sərəncamı ilə

 TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasında hidrometeorologiyanın
İNKİŞAF Proqramı

1. Gİrİş

Ölkədə əhalinin, onun əmlakının və iqtisadiyyatın ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər hidrometeorologiya sahəsində bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, hidrometeorologiya fəaliyyətinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Ümumdünya Meteorologiya Təşkilatının (bundan sonra - ÜMT) üzvü olmuş, yeni cihaz və avadanlıqlarla təchiz edilmiş hidrometeoroloji stansiya və məntəqələr açılmışdır. Hidrometeoroloji məlumatların milli, regional və beynəlxalq səviyyədə mübadiləsinin avtomatlaşdırılmış şəkildə təmin edilməsi, hidrometeoroloji xidmətin operativ həyata keçirilməsi məqsədi ilə Məlumatların Kommutasiya Mərkəzi (bundan sonra - MKM), respublikanın hidrometeorologiya sistemində istifadə olunan ölçü cihazlarının yoxlanılması, standartlara uyğun istismar edilməsi məqsədi ilə meteoroloji ölçü cihazlarının etalon yoxlama kompleksləri, məlumatların təhlili sisteminin təkmilləşdirilməsi və avtomatlaşdırılmış iş yerlərinin yaradılması məqsədi ilə kompüterlər və digər avadanlıqlar alınıb quraşdırılmış, əhaliyə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə göstərilən hidrometeoroloji xidmətin keyfiyyəti yaxşılaşdırılmışdır.

Son illərdə dünyada baş verən qlobal iqlim dəyişmələri təhlükəli hidrometeoroloji hadisələrin (sel, daşqın, qasırğa, fırtına, quraqlıq və s.) intensivliyinin artmasına səbəb olmuş, hidrometeoroloji fəaliyyəti daha da aktuallaşdırmış, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında mühüm vəzifələr qoymuşdur.

Cəmiyyətə təsir göstərən və bununla bağlı hidrometeorologiya xidmətləri üçün maraq kəsb edən atmosfer hadisələri geniş zaman və məkan miqyasında baş verir. Hidrometeorologiya xidmətinin əsas vəzifələrinə hava şəraiti haqqında gündəlik meteoroloji hadisələrin ardıcıllığı haqqında məlumatların təqdim edilməsi və bu hadisələrin bir neçə gün (həftə) qabaqcadan proqnozlaşdırılmasından başqa, atmosferin uzun zaman miqyasında (aylardan yüz illərə qədər) həm keçmişdə, həm də gələcəkdə özünü göstərməsi haqqında məlumatların (iqlim məlumatlarının) da hazırlanması və təqdim edilməsi daxildir.

Lakin hidrometeorologiya sahəsində hələ də bir sıra problemlər mövcuddur.

Müşahidə stansiya və məntəqələri, istismarda olan cihaz və avadanlıqlar, çaylar üzərində hidroloji müşahidələr aparan hidrometrik qurğuların böyük əksəriyyəti köhnəlmişdir və müasir tələblərə cavab vermir. Ölkənin hidrometeoroloji proqnoz və xəbərdarlıq sisteminin təkmilləşdirilməsinə ehtiyac vardır. Bütün bunların həyata keçirilməsi üçün, ilk növbədə, ixtisaslı kadrların hazırlanması tələb olunur. Ümumiyyətlə, hidrometeorologiya sahəsində mövcud problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması yollarının göstərilməsi bu istiqamətdə gələcək inkişafa təkan verəcək mühüm amil kimi qiymətləndirilə bilər. Bu mənada Azərbaycan Respublikasında hidrometeorologiyanın İnkişaf Proqramı (bundan sonra - Proqram) ölkədə hidrometeoroloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

2. Proqramın əsas məqsəd və vəzİfələrİ, İstİqamətlərİ

2.1. Proqramın əsas məqsəd və vəzifələri

 

Proqramın əsas məqsədləri aşağıdakılardır:

1) hidrometeoroloji xidmətin keyfiyyətinin artırılması, ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn hidrometeorologiya sahəsinə aid öhdəliklərin lazımi qaydada yerinə yetirilməsi;

2) su ehtiyatlarının optimal idarə olunması və su ehtiyatlarından qənaətlə istifadə edilməsi layihələrinin hidrometeoroloji təminatının təkmilləşdirilməsi, su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi;

3) təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələrin (qasırğa, leysan, dolu, sel, daşqın və s.) proqnozu sisteminin inkişaf etdirilməsi, bu hadisələr barəsində qabaqcadan xəbərdarlıq sisteminin təkmilləşdirilməsi;

4) əhalinin hidrometeoroloji təminatının yaxşılaşdırılması, hidrometeoroloji məlumatların əhatə dairəsinin genişləndirilməsi;

5) iqlimin və iqlim dəyişmələrinin müşahidə və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi, Qlobal İqlim Müşahidə Sisteminə (bundan sonra - QİMS) və Qlobal Yerüstü Hidroloji Şəbəkəyə (bundan sonra - QYHŞ) inteqrasiya olunması;

6) hidrometeoroloji şəbəkənin inkişaf etdirilməsi və modernləşdirilməsi.

Bu məqsədlərə aşağıdakı bir-biri ilə sıx əlaqəli olan vəzifələri həyata keçirməklə nail olmaq mümkündür:

1) ölkə ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, müşahidə şəbəkəsinin yeni cihaz və avadanlıqlarla təmin edilməsi, kompleks müşahidə sistemlərinin yaradılması;

2) hidrometeoroloji müşahidə şəbəkəsinin optimallaşdırılması:

dağlıq, o cümlədən yüksək dağlıq stansiya və məntəqələrin açılması;

aktinometrik müşahidə şəbəkəsinin genişləndirilməsi;

biometeoroloji müşahidə və tədqiqatların aparılması;

3) məlumatlar mübadiləsinin müasir telekommunikasiya vasitələri ilə tam avtomatlaşdırılması;

4) məlumatların təhlili, sistemləşdirilməsi və arxivləşdirilməsi sisteminin təkmilləşdirilməsi;

5) proqnozların tərtibi sahəsində yeni müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi;

6) ÜMT-nin göstərişlərinə və tövsiyələrinə əməl edilməsi;

7) kadrların ixtisasının artırılması və kadr hazırlığının ÜMT-nin tələbləri səviyyəsində təmin edilməsi.

 

2.2. Proqramın əsas istiqamətləri

 

Müvafiq dövlət orqanlarının, əhalinin, kütləvi informasiya vasitələrinin və iqtisadiyyatın ayrı-ayrı sahələrinin rejim, sorğu, faktiki və proqnoz məlumatları ilə, gözlənilən təbii hadisələr barədə xəbərdarlıqla təmin edilməsi, aviasiyanın meteoroloji təminatının həyata keçirilməsi işinin təkmilləşdirilməsi proqramın əsas istiqamətləridir.

 

2.2.1. Müvafiq dövlət orqanlarının hidrometeoroloji təminatı

 

Müvafiq dövlət orqanlarının hidrometeoroloji təminatının təkmilləşdirilməsi məqsədi ilə yerlərdə alınan proqnoz və xəbərdarlıqlardan səmərəli istifadə edilməsi üçün regional strukturların fəaliyyəti gücləndiriləcəkdir.

Təbii fəlakət xarakterli hadisələr barədə məlumatların verilməsi forması və sxemi təkmilləşdiriləcəkdir. Bu məlumatlar operativ, tam, hərtərəfli qərar qəbul edilməsinə imkan verən şəkildə formalaşdırılacaq, müasir kommunikasiya vasitələrindən istifadə olunmaqla təbii hadisələrin izlənilməsi imkanını genişləndirəcəkdir. Məsələn, yerlərdən WEB-kameralarla və ya rəqəmli fotoaparatlarla çəkilmiş şəkillərin, Coğrafi İnformasiya Sistemində (bundan sonra - CİS) vizuallaşdırılmış xəritə-sxemlərin, meteoroloji radiolokasiya üzrə kompüter şəkillərinin, peyk şəkillərinin və s. məlumatların müvafiq hallarda aidiyyəti dövlət orqanlarına çatdırılması nəzərdə tutulur.

Kənd təsərrüfatı, suvarma, tikinti, energetika və digər sahələrdə müvafiq dövlət orqanlarına iqlim resursları, yağıntıların rejimi və yerüstü su resursları haqqında aylıq və illik icmallar, habelə iqlim və aqroiqlim xəritələri (əsas statistik məlumatların əks olunduğu atlas formasında) təqdim ediləcəkdir.

 

2.2.2. Əhalinin və kütləvi informasiya vasitələrinin hidrometeoroloji təminatı

 

Əhalinin hidrometeoroloji təminatının həyata keçirilməsinin aşağıdakı istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:

temperatur-külək, temperatur-rütubət və digər insan orqanizminə təsir göstərən kompleks faktorların əhali üçün verilən proqnozlarda əks etdirilməsi (bunun üçün digər ölkələrin təcrübəsindən və ÜMT-nin metodik köməyindən istifadə ediləcək);

yay aylarında ultrabənövşəyi şüalanmanın proqnozunun həyata keçirilməsi (bir sıra ölkələrdə yay aylarında ultrabənövşəyi radiasiyanın proqnozu meteoroloji proqnozların tərkib hissəsinə çevrilmişdir);

fəsillik və daha uzunmüddətli proqnozların tərtibinə başlanılması (bunun üçün ÜMT səviyyəsində həyata keçirilən İqlim İnformasiya və Proqnoz Xidmətləri Proqramı (bundan sonra - İİPXP) ilə yaxından əməkdaşlıq edilməsi planlaşdırılır);

iqlim dəyişməsinin təsirinə cavab tədbirlərinin görülməsi məqsədi ilə Dünya İqlim Təsiri və Cavab Tədbirləri Strategiyası Proqramı (bundan sonra - DİTCTSP) ilə əməkdaşlıq edilməsi üçün ÜMT ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşəbbüslərində yaxından iştirak edilməsi.

Əhalinin hidrometeoroloji proqnozlardan, xəbərdarlıqlardan və digər məlumatlardan səmərəli istifadə etməsinə nail olmaq üçün xüsusu tədbirlər həyata keçirilməsi məqsədi ilə proqnozların kütləvi informasiya vasitələrində maraqlı tərtibatla verilməsi, internetdən, faksdan, WEB-səhifələrdən və digər müvafiq vasitələrdən geniş istifadə edilməsi, hidrometeorologiya sahəsinin internet səhifəsinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Proqnoz barədə ictimai rəyin öyrənilməsi, hidrometeoroloji xidmətdə açıq qapılar günü keçirilməsi, kütləvi informasiya vasitələrində proqnozlar və xəbərdarlıqlarla yanaşı, həmçinin hidrometeorologiya ilə bağlı digər məsələlərin də təbliğ edilməsi planlaşdırılır.

Yerlərdə WEB kameraların, rəqəmli fotoaparatların qoyulması nəzərdə tutulur. Maraqlı hidrometeoroloji hadisələrin internetlə dərhal mərkəzə ötürülməsi, internet səhifəsində qoyulması, kütləvi informasiya vasitələrində yayımlanması, paytaxtın küçələrində, böyük şəhərlərdə və avtomagistrallarda radio ilə idarə olunan meteoroloji məlumat tablolarının yerləşdirilməsi, kiçik teleradiostudiyaların təşkil edilməsi və bu kimi digər tədbirlərin həyata keçirilməsi əhalinin hidrometeoroloji cəhətdən təhlükəsizliyinin və rifahının təmin edilməsində böyük rol oynayacaqdır.

 

2.2.3. Kənd və meşə təsərrüfatlarının hidrometeoroloji təminatı

 

Kənd təsərrüfatının meteoroloji təminatı bir çox ölkələrdə birinci dərəcəli əhəmiyyət kəsb edir. Belə ki, iqlim və su resurslarının düzgün qiymətləndirilməsi və bunun əsasında yerlərdə əkinlərin optimal strukturunun müəyyən edilməsi, aqrotexniki işlərin görülməsi, suvarma normalarının hava şəraitinə uyğun olaraq optimallığının müəyyən edilməsi intensiv təsərrüfat formaları üçün əsas şərtlərdən biridir.

Kənd təsərrüfatının müasir aqrometeoroloji təminatı sistemi fermer təsərrüfatları, sığorta şirkətləri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi-tədqiqat təşkilatları ilə əməkdaşlığa istiqamətləndirilməlidir. Bu əməkdaşlıq xüsusiləşdirilmiş aqrometeoroloji təminat formasında qurulmalıdır.

Aqrometeoroloji təminat sisteminin inkişaf perspektivləri aşağıdakılardır:

aqrometeoroloji məlumatların kənd təsərrüfatı sahəsində tətbiqinin genişləndirilməsi;

suvarma suyundan və suvarılan torpaqlardan səmərəli istifadə etmək məqsədi ilə kənd təsərrüfatı strukturlarının müəyyən edilmiş qaydada aqroiqlim və operativ hidrometeoroloji məlumatlarla təmin edilməsinin təşkili;

aqrometeoroloji məlumatların bülleten, icmal formasında müasir tələblərə uyğun tərtibatı, kütləvi informasiya vasitələrində aqrometeoroloji şərh və icmalların yayımlanması;

aqrometeoroloji müşahidə şəbəkəsinin müasir cihaz və avadanlıqlarla təmin edilməsi, əkin sahələrində və otlaqlarda torpaqların rütubətliyi üzərində müşahidələrin bərpası, torpaq səthindən buxarlanma üzərində müşahidələrin təşkili;

əkin və otlaqların müayinələri, torpağın aqrohidroloji xüsusiyyətlərinin tədqiqi üzrə ekspedisiyaların təşkili;

müşahidə şəbəkəsinə metodiki nəzarətin gücləndirilməsi, aqrometeoroloqların ixtisasartırma kurslarının və seminarların təşkili.

Azərbaycan Respublikasının az meşəli ərazilərə aid olması ölkədə təbii meşələrin qorunub saxlanılmasını və yeni meşə sahələrinin salınmasını zəruri edir. Bu tədbirlərin həyata keçirilməsində respublikanın iqlim və aqroiqlim xüsusiyyətlərinin nəzərə alınması olduqca vacibdir.

Yeni meşə sahələrinin salınması zamanı ərazilərin seçilməsində bu və ya digər ağac növlərinin həmin ərazidə rayonlaşdırılmasında torpağın aqrohidroloji xüsusiyyətlərinin öyrənilməsindən əlavə, ilk növbədə, ərazinin iqlim xüsusiyyətləri (xüsusən yağıntı rejimi) öyrənilir.

 

2.2.4. Dənizlə bağlı fəaliyyət göstərən sənayenin və balıqçılıq sənayesinin meteoroloji təminatı

 

Xəzər dənizində son illər neft-qaz və balıqçılıq sənayesinin intensiv inkişafı, yükdaşımanın artması hidrometeoroloji təminatın yaxşılaşmasını və Xəzərin hidrometeoroloji rejiminin öyrənilməsini daha da aktual edir. Xəzərdə hidrometeorologiya xidmətinin inkişafını bir neçə istiqamətlərə ayırmaq olar:

1. Proqnoz sisteminin inkişafı:

dəniz akvatoriyasında və sahilboyu ərazilərdə müşahidə sistemi inkişaf etdirilməli, stansiya və məntəqələr müasir cihaz və avadanlıqla təmin edilməlidir. Açıq dənizdə avtomatlaşdırılmış meteoroloji stansiyalar şəbəkəsi yaradılmalıdır;

Xəzəryanı ölkələrdən məlumatların tam və vaxtında alınması üçün qlobal telekommunikasiya şəbəkəsinə qoşulması və Bakı şəhərində MKM-in quraşdırılması vacibdir.

2. Xəzər dənizinin səviyyə dəyişmələrinin öyrənilməsi:

dəniz səviyyəsinin dəyişilməsi Xəzər dənizinin su balansı, ilk növbədə, Xəzərə tökülən çayların axımı ilə əlaqədardır. Dəniz səviyyəsinin uzunmüddətli proqnozu Xəzərətrafı ölkələrin hidrometeorologiya xidmətləri ilə birgə təkmilləşdirilməlidir;

səviyyə dəyişmələrinin sahilboyu zonalara və dəniz akvatoriyasının ekoloji vəziyyətinə təsiri qiymətləndirilməli, Xəzərə tökülən çayların deltalarında baş verən dəyişikliklər əlaqədar elmi-tədqiqat institutları ilə birgə öyrənilməlidir.

3. Hidrometeoroloji rejimin öyrənilməsi. Bu məqsədlə açıq dənizdə yerləşən "əsri kəsimlərdə" Xəzərətrafı ölkələrin müvafiq strukturları ilə birgə müntəzəm (ildə 4 dəfə) dəniz hidrometeoroloji ekspedisiyaları aparılmalıdır.

 

2.2.5. Aviasiyanın meteoroloji təminatı

 

Azərbaycan Respublikasında beynəlxalq aviasiyanın meteoroloji təminatı Azərbaycan Respublikası prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 10.60-cı bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.

Bu məqsədlə aşağıdakı sahələr üzrə meteoroloji təminatın inkişaf etdirilməsi nəzərdə tutulur:

ərazi üzrə meteoroloji şəraitin izlənilməsinin təmin edilməsi;

aviameteoroloji stansiyalarda standartlara cavab verən müşahidə cihazlarının və avadanlığının olması, müşahidə cihazlarının müntəzəm olaraq etalon cihazlarla yoxlanılması, müşahidələrin aviasiya üçün tələb olunan tezliklə aparılması;

ölkə üzrə meteoroloji radiolokasiya müşahidələrinin aparılması, Ağstafa Meteoroloji Radiolokatorunun və Şamaxı Meteoroloji Radiolokatorunun (bundan sonra - MRL) daimi fəaliyyətinin təmin edilməsi;

radiozond müşahidələrinin bərpa edilməsi;

meteoroloji şəbəkənin müşahidə məlumatlarının və xəbərdarlıqların dərhal Dövlət Hidrometeorologiya Xidmətinə (bundan sonra - DHX) çatdırılması;

vulkanik külün izlənməsi sisteminin təşkil edilməsi;

avtomatlaşdırılmış aviameteoroloji müşahidə şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi;

- aeroportlar üzrə verilən proqnozların keyfiyyətinin təmin edilməsi;

- aeroportlarda təhlükəli hava şəraitini xarakterizə edən parametrlərin (şaquli külək sürüşmələri, duman, külək, şimşək və s.) proqnozu sisteminin yaradılması, bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsi;

aerodromların Aviasiya Məlumatlarının Peykə Yayımlanması Sistemi (bundan sonra - AMPYS) ilə verilməyən digər aerosinoptik materiallarla, onların vizuallaşdırılmış təhlili sistemləri ilə təmin edilməsi;

aviameteoroloji təminatı həyata keçirən əsas kadrların regional meteoroloji tədris mərkəzlərində (bundan sonra - RMTM) kurslar keçməsinin və şəxsi heyətə xarici dillərin öyrədilməsinin təmin edilməsi.

Hazırda müşahidə sistemlərinin keyfiyyət standartlarına və şəxsi heyətin hazırlıq dərəcəsinə, aviameteoroloji xidmətlərə olan tələblər sərtləşdirilir. Beynəlxalq aviasiyanın meteoroloji təminatında meteoroloji müşahidələrin keyfiyyətinə, proqnozlara, xidmətlərə daha sərt tələblər qoyulur. Beynəlxalq aviasiyanın meteoroloji təminatı üzrə normativ və metodiki sənədlər ÜMT-nin Aviasiya Meteorologiyası Komissiyasının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (bundan sonra - BMAT) Meteorologiya şöbəsinin rəhbərliyi ilə hazırlanır. Aviasiya meteorologiyasının inkişaf perspektivləri ÜMT-nin 5-ci və 6-cı Uzunmüddətli plan layihələrində əks etdirilmişdir.

Ümumdünya Zonal Proqnozları Sisteminin (bundan sonra - ÜZPS) yaradılması, AMPYS-in tətbiqi ilə aviameteoroloji təminat keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Əsas aerosinoptik materiallar iki Ümumdünya Zonal Proqnozları Mərkəzində (bundan sonra - ÜZPM) (London və Vaşinqton) hazırlanır və AMPYS ilə yayımlanır. ÜZPS-in inkişafının 2004-cü ildə sonuncu fazasının başa çatması ilə külək və temperatur proqnozları GRİB kodunda, təhlükəli hadisələrin proqnozları isə BUFR kodunda veriləcək. Bununla əlaqədar AMPYS-in avadanlığında və proqram təminatında dəyişikliklər nəzərdə tutulur.

3. İqlİm dəyİşmələrİnİn öyrənİlməsİ

İqlim Xidməti üzrə ÜMT-nin sonuncu Texniki Konfransında (2001-ci il) XXI əsrdə bu sahədə əsas məsələlərdən biri kimi maksimal dərəcədə iqlim məlumatlarının istehlakçıları ilə qarşılıqlı fəaliyyət göstərilməsi və bununla bağlı texniki nailiyyətlərin tətbiqi tövsiyə olunmuşdur. Çox vaxt iqlim məlumatlarının istehlakçıları yarımçıq, tam təhlil edilməmiş, köhnəlmiş, epizodik məlumatlardan istifadə edir, bəzi potensial istehlakçılar isə iqlim məlumatlarının tətbiqi sahəsində kifayət qədər informasiyaya malik olmadığından bu məlumatlardan istifadə etmirlər. İqlim məlumatlarının optimal tətbiqi ölkələrin dayanıqlı inkişafının mühüm şərtidir.

Məhz bu məsələnin aktuallığı nəzərə alınaraq Azərbaycan Respublikası prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə əlaqədar olaraq Dövlət Komissiyası yaradılmışdır.

İqlimin qorunması, qlobal iqlim dəyişikliklərinə səbəb olan parnik qazı tullantılarının azaldılması üçün daha az enerji sərf edən müasir səmərəli texnologiyaların pilot layihələri vasitəsilə geniş yayılması nəzərdə tutulur. Eyni zamanda iqlim məlumatlarından optimal istifadə edilməsi enerji və digər resursların qənaətinə imkan yaradar.

Həmin Konvensiya çərçivəsində yerinə yetirilən "Birinci milli iqlim məlumatları - I, II faza" layihəsi vasitəsilə ölkədə iqlimin mümkün ssenariləri müəyyən edilmiş, bir sıra təsərrüfat sahələrində iqlim dəyişmələrinin təsirinin yumşaldılması üçün adaptasiya mexanizmləri işlənilmiş, parnik qazları tullantılarının ilkin kadastrı yaradılmış, iqlim müşahidələri sisteminin potensialı qiymətləndirilmişdir. Layihənin yerinə yetirilməsində əlaqədar sahələrdən 60-a yaxın ekspert iştirak etmişdir.

Müvafiq sahələr üzrə ekspertlərin cəlb edilməsi, qeyri-hökumət təşkilatlarının iştirakı, bu məsələlərin kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılması, buraxılmış bülletenlər iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün müəyyən zəmin yaratmışdır. Bu sahədə hidrometeoroloji xidmətin vəzifələri və gələcək inkişaf perspektivləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcəkdir:

1) iqlim müşahidə sistemi potensialının artırılması sahəsində:

müşahidələrin tamlığının və reprezentativliyinin standartlara uyğunluğunun təmin edilməsi;

iqlim dəyişmələrini xarakterizə edən təbii mühitin digər komponentləri üzərində müşahidələrin təşkil edilməsi;

iqlim məlumatlarının yığılması, yoxlanılması, təhlili sisteminin inkişaf etdirilməsi;

iqlim məlumatları ilə QİMS mərkəzlərinin fəaliyyətində iştirak edilməsi və toplanmış məlumatların müntəzəm olaraq həmin mərkəzlərə ötürülməsi;

2) iqlimdə baş verən və baş verə biləcək dəyişikliklər, bununla bağlı problemlər barəsində məlumatlandırma sisteminin inkişaf etdirilməsi;

3) ölkədə parnik qazlarının kadastrı sisteminin təkmilləşdirilməsi;

4) təsərrüfat sahələrinin parnik qazlarının azaldılması üzrə yeni layihələrin hazırlanmasına və həyata keçirilməsinə sövq edilməsi;

5) alternativ enerji mənbələrindən - günəş, külək, su enerjilərindən istifadə edilməsi üçün əsaslandırılmış tədqiqatların aparılması və layihələrin təklif edilməsi;

6) enerji qənaətinə səbəb olan layihələrin işlənməsinin təbliğ edilməsi.

İqlim dəyişmələri özünü, əsasən iqlim rejiminin dəyişilməsində, iqlimin statistikasında, o cümlədən ekstremal hadisələrin təkrarlanması və intensivliyi xarakteristikalarında göstərir. İqlimin qısa zaman intervalında və uzunmüddətli perspektivdə dəyişilməsi insanların təmiz suya, müvafiq qidaya və sağlam ətraf mühitə olan tələbatlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Səhralaşma problemi, biomüxtəlifliyin qorunması, su problemləri və s. iqlimlə sıx əlaqədar olan problemlərdir.

Qlobal ətraf mühitin dəyişilməsi ilə əlaqədar komponentlər də iqlim modelləri ilə birlikdə müəyyənləşdirilə bilər. Ətraf mühitlə əlaqədar xeyli yeni müşahidə sistemlərinin və şəbəkələrin yaradılması nəzərdə tutulur. Bunlar QİMS ilə paralel inkişaf etdiriləcəkdir. Bütün bu məlumatların regional və beynəlxalq mübadiləsi, onların bir komponenti iqlim olan modelləşdirmədə istifadə edilməsinə imkan verəcək. ÜMT çərçivəsində müşahidə, modelləşdirmə və proqnozlaşdırma sistemləri sahəsində böyük nailiyyətlər əldə edilmiş və geniş təcrübə qazanılmışdır. ÜMT-nin proqramları çərçivəsində yuxarıdakı problemlərin həllində DHX-nin yaxından iştirakı nəzərdə tutulur.

Bununla əlaqədar iqlim sahəsində aşağıdakılar inkişaf etdirilməlidir:

təsərrüfat və iqtisadiyyat sahələrinin proqram və layihələrin yeni təhlil və kommunikasiya imkanları ilə bağlı tələbatlarının öyrənilməsi və ödənilməsi;

ÜMT-nin İİPXP-yə uyğun olaraq iqlim proqnozlarının və məlumatlarının verilməsinin təşkili;

iqlim məlumatlarının təhlili metodlarının inkişaf etdirilməsi, iqlimlə bağlı müxtəlif xarakteristikaların, normaların və indekslərin (quraqlıq, termal, yağıntı, ekstremallıq və s.) müntəzəm hesablanması, müəyyən indekslərin (məsələn, quraqlıq) kataloqlarının yaradılması;

iqlim məlumatlarının yoxlanılması, iqlim sıralarının bircinsliyinin araşdırılması, kompüter proqramlarının inkişaf etdirilməsi və bu sahədə ÜMT-nin İqlim Proqramı ilə daha yaxından əməkdaşlıq edilməsi;

iqlim məlumatlarının idarəedilmə kompleksinin yaradılması;

iqlim məlumatları bazasının CİS-də vizuallaşdırılması, yeni iqlim atlaslarının hazırlanması;

ÜMT-nin tövsiyəsinə uyğun olaraq internetdə milli iqlim səhifəsinin yaradılması və inkişaf etdirilməsi, şəhərlərin iqlim və mikroiqlimini tədqiq etmək məqsədi ilə xüsusi proqramın hazırlanıb həyata keçirilməsi, biometeorologiya və iqlimlə bağlı insan sağlamlığının qorunması üzrə xüsusi proqramın yerinə yetirilməsi;

Azərbaycan Respublikasında atmosferə atılan İstilik Effekti Yaradan Qazlar (bundan sonra - İEYQ) kadastrının hazırlanması və müntəzəm olaraq aparılması üçün səmərəli sistemin qurulması;

iqtisadiyyatın müxtəlif sahələrində enerjitutumlu texnologiyaların yeni texnologiyalarla əvəz edilməsi nəticələrinin təhlili.

İqlim dəyişmələrinin təsirinin qiymətləndirilməsi sahəsində tətbiqi əhəmiyyəti olan elmi-tədqiqat işlərinin aşağıdakı istiqamətlərdə aparılması nəzərdə tutulur:

qlobal iqlim ssenarilərinə uyğun olaraq Azərbaycan Respublikasında baş verə biləcək regional və yerli iqlim şəraitinin zonalar üzrə dəyişikliklərinin tədqiqi;

iqlim dəyişmələrinin təsiri nəticəsində kənd təsərrüfatı bitkilərinin və meyvə ağaclarının vegetasiya dövrünün dəyişməsinin tədqiqi;

atmosferin yuxarı qatlarında baş verən kimyəvi dəyişikliklərin öyrənilməsi və bu dəyişikliklərin qlobal istiləşməyə təsirinin tədqiqi;

iqlim dəyişmələrinin insan sağlamlığına təsirinin tədqiqi;

iqlim dəyişmələrinin bioloji müxtəlifliyə təsirinin qiymətləndirilməsi sahəsində araşdırmaların aparılması;

külək və günəş enerjisindən istifadə etmək məqsədi ilə həmin resursların potensialının qiymətləndirilməsi;

iqlim dəyişmələrinin təsirinə həssas olan iqtisadi zonaların və ekosistemlərin tədqiqi.

4. Mİllİ hİdrometeorologİya sİstemİnİn İnkİşafı

Milli hidrometeorologiya sistemi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, hidrometeorologiya üzrə müşahidə və tədqiqatlar aparan, hidrometeoroloji məlumatlar hazırlayan, proqnoz, xəbərdarlıq və iqlim məlumatları ilə hidrometeoroloji xidmət göstərən və hidrometeorologiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən müvafiq qurumlardan ibarətdir.

Milli hidrometeorologiya sisteminin inkişafı üçün ölkəmizin ÜMT-yə inteqrasiyasını genişləndirmək, bu sistemə daxil olan qurumların texniki təchizatını müasir tələblər səviyyəsində qurmaq və hidrometeorologiya sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaq tələb olunur.

 

4.1. Müşahidə sistemləri

 

Milli hidrometeorologiya sisteminin əsasını müşahidə şəbəkəsi təşkil edir. Ölkədə hidrometeoroloji müşahidələrin aparılması, regionlar üzrə operativ hidrometeoroloji fəaliyyətin həyata keçirilməsi məqsədi ilə 11 regional hidrometeorologiya müəssisəsi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının hidrometeoroloji şəbəkəsi 57 hidrometeoroloji, 2 aeroloji, 12 aviameteoroloji, 5 dəniz hidrometeoroloji, 9 radiometeoroloji stansiya və 93 hidroloji, 18 meteoroloji, 15 aqrometeoroloji, 9 dəniz hidrometeoroloji məntəqəsindən ibarətdir. Bunlardan 9 hidrometeoroloji stansiya, 3 radiometeoroloji stansiya və 16 hidrometeoroloji məntəqə işğal zonasındadır.

Hidrometeoroloji şəbəkədə aşağıdakı növ müşahidələr aparılır: meteoroloji, aviameteoroloji, radiometeoroloji, ozonometrik, sel axını, qar uçqunu, göl hidrometeoroloji, aeroloji, aqrometeoroloji, aktinometriya və istilik balansı, hidroloji, dəniz hidrometeoroloji.

Elmi-texniki proqres, elektronikanın sürətli inkişafı hazırda inkişaf etmiş ölkələrdə ənənəvi müşahidə şəbəkəsi ilə yanaşı, yeni kompleks müşahidə sistemlərinin yaradılmasına imkan vermişdir. Belə sistemlər özündə müşahidə, rabitə və təhlil funksiyalarını birləşdirir.

Azərbaycanda hazırda avtomatlaşdırılmış müşahidə şəbəkəsinin yaradılması üçün zərurət yaranmışdır. Mövcud imkanlar daxilində 2001-2002-ci illərdə 2 köhnə MRL-5 lokatoru avtomatlaşdırılmışdır və "Tufan" kompleks müşahidə sistemi yaradılmışdır. Bu kompleksin dayanıqlı fəaliyyətinin təmin edilməsi, onun proqnoz məqsədləri üçün maksimum səmərəli istifadə edilməsi nəzərdə tutulur ki, bu da aviameteoroloji təminatın yaxşılaşdırılmasına, dolu, leysan və s. təhlükəli hadisələrin qısamüddətli proqnozunun inkişaf etdirilməsinə kömək edəcəkdir. Kompleksin istismarından əldə edilən təcrübə gələcəkdə yüksək texnoloji avtomatlaşdırılmış müşahidə sistemlərinə keçilməsinə zəmin yaradacaqdır.

 

4.2. Hidrometeoroloji məlumatlar

 

Müşahidə məlumatlarının yığılması prosesinin tamamilə avtomatlaşdırılması, mərkəzi kompüterə daxil olan operativ məlumatların, eyni zamanda, arxivləşdirilməsi nəzərdə tutulmuşdur. Statistik proqnoz metodlarının işlənilməsi, mövsümi proqnozların tərtib edilməsi və elmi-tədqiqat məqsədləri ilə sinoptik xəritəni əhatə edən böyük bir ərazidən operativ aerosinoptik və aylıq iqlim məlumatlarının yığılması və arxivləşdirilməsi də planlaşdırılır. Avtomatlaşdırılmış kompleks müşahidə sistemlərinin inkişafı informasiya axınını daha da artıracaq. Bu səbəbdən də daxil olan informasiya sistemli şəkildə kataloqlaşdırılmalı və arxivləşdirilməlidir. Bu məlumatlardan istifadə edilməsi üçün isə kompüter idarəetmə şəbəkəsinin yaradılması nəzərdə tutulur.

İnformasiya fondunda saxlanılan hidrometeoroloji məlumatların, ekspedisiya hesabatlarının və digər materialların texniki daşıyıcılara köçürülməsinin həll olunması tələb olunan aktual məsələlərdən biridir.

Azərbaycan Respublikasının Su Kadastrına daxil edilməsi üçün əsas hidroloji illiklərin hazırlanması və bu məlumatların kağız daşıyıcılardan elektron formatlı daşıyıcılara köçürülməsi və arxivləşdirilməsi nəzərdə tutulmuşdur.

 

4.3. Proqnoz və xəbərdarlıq sistemi

 

Proqnoz və xəbərdarlıqların tərtibi hidrometeorologiya xidmətinin ən mühüm vəzifələrindən biridir. Proqnozların özünü doğrultması hidrometeorologiya xidmətinin səviyyəsini səciyyələndirən parametrdir.

Proqnoz və xəbərdarlıq sisteminin inkişaf etdirilməsi üçün aşağıdakı proqramların həyata keçirilməsi vacibdir.

 

4.3.1. Mezomiqyaslı hidrodinamik proqnoz modelinin yaradılması və operativ proqnoz sisteminə daxil edilməsi

 

Qlobal modellər irimiqyaslı koordinat şəbəkəsində hesablanır.

Mezomiqyaslı modellər məhdud ərazini əhatə edir. Belə modellərdə ilkin şərt kimi qlobal modellərin nəticələri götürülür.

Mezomiqyaslı modellər çirkləndirici maddələrin transsərhəd daşınmalarının hesablanması və proqnozu üçün də istifadə edilə bilər. Şəhərlərdə atmosferin çirklənməsinin, lokal təhlükəli hadisələrin (sel, daşqın, dolu və s.) proqnozunun mühüm komponenti də belə modellərdir. Hidrodinamik modellər müəyyən komponentləri əlavə etməklə daha çox ekoloji məsələləri həll edə bilər. Belə modelin tətbiqi Xəzərdə avtomatlaşdırılmış dalğa proqnozunun və xəbərdarlıq sisteminin yaradılmasına imkan verər. Müasir meteoroloji radar sisteminin istifadəsi bu modellərlə birlikdə lokal sel və daşqın proqnozu problemini həll edə bilər. Belə modelləri yüksək texnologiya sferasına aid etmək olar. Onlar hidrometeorologiya xidmətinin elmi və texnoloji səviyyəsini xarakterizə edən meyarlardan biridir.

Hidrodinamik modellərin tətbiqi ilkin məlumatların interpolyasiyası, faktiki məlumatların assimilyasiyası kimi problemləri də həll etməlidir.

 

4.3.2. Hesablama proqnoz nəticələrinin statistik proqnoz modelləri ilə dəqiqləşdirilməsi

 

Hidrodinamik proqnoz metodlarının nəticələri statistik modellərlə dəqiqləşdirilməlidir. Statistik modellər daha tez və asan həyata keçirilə bilər. Bir çox statistik modellər qlobal model nəticələri əsasında tətbiq edilə bilər. İnternetdə çox vaxt anonim qoyulan proqnozlar avtomatik olaraq belə tərtib edilir. Bunun üçün də ÜMT-nin Qlobal Teleəlaqə Sisteminə (bundan sonra - QTS) qoşulmuş kommutasiya mərkəzi olmalıdır. Hazırda analoq metodları, empirik ortoqonal funksiyalar, əsas komponentlər, faktor analizi, kanonik korrelyasiya, avtokorrelyasiya, diskriminant analizi, stoxastik modelləşmə və s. metodlar geniş istifadə olunur. Bu proses də texnoloji zəncirə bağlanmalıdır. Son nəticə CİS-lərdən geniş istifadə edilməklə vizuallaşdırıla bilər.

Müasir proqnoz texnologiyasında hidrodinamik model statistik model - CİS kimi təsəvvür edilir. Bu iki layihənin dayanıqlı şəkildə həyata keçirilməsi kiçik ölkələrin hidrometeorologiya xidmətlərinin fəaliyyətini proqnoz sahəsində müasir tələblər səviyyəsinə çatdıra bilər. Layihələrin ayrı-ayrı komponentləri işlənilərək vahid texnoloji zəncirə düzülməlidir və operativ təcrübəyə daxil edilməlidir. Yüksək texnologiyanın idarə olunması, onun dinamik inkişaf etdirilməsi, layihənin ayrı-ayrı komponentlərinin sifariş əsasında hazırlanması planlaşdırılmış şəkildə həyata keçiriləcəkdir.

 

4.3.3. Hidroloji proqnozlar sisteminin inkişafı, su ehtiyatlarının dəqiq qiymətləndirilməsi, idarə olunması üçün Açıq Hidrologiya Sisteminin yaradılması

 

Azərbaycan Respublikasında vacib su obyektlərini əhatə edən irimiqyaslı (1:50000) CİS-in xəritəsi işlənilməlidir. Hər bir çay hövzəsi üçün hidroloji model hazırlanmalıdır. Operativ məlumatların avtomatlaşdırılmış qəbulu, məlumatlar bazasına köçürülməsi və CİS-də vizuallaşdırılması yaradılmalıdır. Faktiki düşən yağıntılardan asılı olaraq çaylarda axımın dəyişmə dinamikasını müqayisə etməklə hidroloji modelin parametrləri dəqiqləşdirilməlidir. Yağıntıların miqdarının proqnoz xəritələri modelə daxil edilməli və CİS-də vizuallaşdırıla bilən hidroloji proqnozlar alınmalıdır.

Açıq Hidrologiya Sistemi (bundan sonra - AHS) su ehtiyatlarının operativ optimal idarəedilməsi sisteminin mühüm elementi olmalıdır. Çayların çirklənməsi və çaylarla əlaqədar digər ekoloji məsələlər AHS-in komponentləri olmalıdır. Operativ fəaliyyət göstərən bu sistem kənd təsərrüfatı, energetika, içməli su və s. məsələlərin həllində də mühüm rol oynayacaqdır.

Su ehtiyatlarının qiymətləndirilməsi də AHS-in tərkibində həll edilməlidir. Bu komponent elmi-metodik cəhətdən işlənilməli və sonra AHS-ə əlavə edilməlidir. AHS informasiya bazasına görə bir neçə hissədən ibarət olmalıdır: operativ, ongünlük, aylıq, rüblük, illik və çoxillik məlumatlar.

Gursululuq dövrünün proqnozu üçün çöl qarölçmə işlərindən əlavə peyk məlumatlarının təhlili sistemi də inkişaf etdirilməlidir. Spektrin görünən və infraqırmızı hissələrində alınan şəkillərdən başqa hazırda spektrin digər hissələrində alınan rəqəmli məlumatların geniş təhlili sistemləri xeyli inkşaf etdirilmişdir.

 

4.4. Çöl-tədqiqat ekspedisiya işləri

 

Çöl-tədqiqat ekspedisiya işləri mütəmadi olaraq aparılan hidrometeoroloji müşahidələri tamamlamaq məqsədi ilə həyata keçirilir. Bu işlər fasiləsiz fəaliyyət göstərən dövlət müşahidə sistemi ilə əhatə olunmamış ərazilərdə və ya proseslərin xarakterindən asılı olaraq fasiləsiz operativ monitorinq tələb olunmayan sahələrdə və müəyyən hidrometeoroloji hadisələr baş verdikdə aparılır. Çöl-tədqiqat ekspedisiya işləri hidrometeoroloji proseslərin ətraflı öyrənilməsinə, müəyyən hadisələrin və parametrlərin kataloqlaşdırılmasına xidmət edir. Hidrometeorologiya xidmətində ənənəvi olaraq aparılan aşağıdakı çöl-tədqiqat ekspedisiyalarının davam etdirilməsi və onların genişləndirilməsi nəzərdə tutulur:

Kür çayı mənsəbində instrumental topoqrafik planalma işlərinin aparılması;

sellərin və təhlükəli daşqınların iri və maksimal su sərflərinin tədqiqi;

sellərin, qəza daşqınlarının və başqa ekstremal hidroloji hadisə və proseslərin tədqiqi;

hidrometrik məntəqələrdə topoqrafik işlərin aparılması (planalma);

təbii göllərin oyrənilməsi;

torpaqların aqrohidroloji xüsusiyyətlərinin öyrənilməsi;

kənd təsərrüfatı əkinlərinin tədqiqat işləri;

su ehtiyatlarının tədqiqi üzrə qlyasioloji (buzlaqların tədqiqi) işlərin aparılması;

qar uçqunlarının tədqiqi;

qar planalma işlərinin aparılması;

iri su anbarlarında sahil zonalarının yuyulması hadisələrinin tədqiqi;

Xəzər dənizinin açıq rayonlarında yerləşən "əsri kəsimlərdə" Xəzərətrafı ölkələrin müvafiq strukturları ilə birgə müntəzəm dəniz hidrometeoroloji ekspedisiyalarının aparılması (ildə 4 dəfə).

 

4.5. Hidrometeoroloji elmi tədqiqatlar

 

Hidrometeorologiya elminin gələcək inkişafında aşağıdakı istiqamətlərin əsas fəaliyyət sferası kimi formalaşması nəzərdə tutulmalıdır:

müasir iqlim dəyişmələri və onun ətraf mühitə təsirinin qiymətləndirilməsi;

su ehtiyatlarının qiymətləndirilməsi və çayların daşqın proqnozu metodikasının işlənməsi;

çayların ekoloji axınının tədqiqi;

meteoroloji və hidroloji quraqlıq hadisələrinin tədqiqi və onların proqnoz metodikalarının işlənilməsi;

təhlükəli hidrometeoroloji hadisələrin öyrənilməsi və onun proqnoz məsələləri;

Xəzər dənizinin hidrometeoroloji rejiminin tədqiqi;

biometeoroloji tədqiqatların aparılması;

çay hövzələrinin hidroekoloji təhlükəsizlik konsepsiyasının hazırlanması.

 

4.6. Hidrometeoroloji ölçü vasitələrinin sınağı, standartlaşdırılması və metroloji təminatı

 

Meteoroloji cihazların standartlaşdırılması üçün beynəlxalq, regional və milli etalonlar qəbul edilmişdir.

Beynəlxalq və milli səviyyədə meteoroloji cihazların standartlaşdırılmasına səmərəli nəzarəti həyata keçirmək məqsədi ilə ÜMT tərəfindən milli və regional sistem qəbul edilmişdir.

Hidrometeoroloji cihazlar, onların standart şəkildə işləmələrinin təmin edilməsi üçün hər 2-4 ildən bir qanunvericiliklə müəyyən edilmiş qaydada etalon cihazlarla yoxlanılaraq sertifikatlaşdırılmalıdırlar.

Bütün cihazların istehsalçısı, istehsal olunma vaxtı, etibarlılıq müddəti və son yoxlama vaxtı qeyd edilməklə müşahidə cihaz və avadanlığının kompüter bazasının yaradılması nəzərdə tutulur.

Yaxın illərdə hidrometeoroloji cihazların metroloji təminatının həyata keçirilməsi məqsədi ilə müasir tələblərə cavab verən kompleks etalon yoxlama vasitələrinin alınması və yeni laboratoriyanın yaradılması nəzərdə tutulur.

5. Proqramın həyata keçİrİlməsİnİn kadr və texnİkİ təmİnatı

Hidrometeorologiya xidmətinin keyfiyyət baxımından müasir səviyyədə inkişaf etdirilməsi üçün potensialın yaradılması və inkişaf etdirilməsi tələb olunur. Potensialın yaradılması və inkişaf etdirilməsi əsasən iki istiqamətdə həyata keçirilməlidir: kadr hazırlığı (buraya ixtisasartırma da aiddir) və texniki təminat.

 

5.1. Kadr hazırlığı və ixtisasartırma

 

Kadrların hazırlanmasının uzunmüddətli plan üzrə həyata keçirilməsi nəzərdə tutulur. Hidrometeorologiya sahəsində çalışan kadrlar 3 kateqoriyaya ayrılır. Bunların xeyli hissəsini müşahidəçi-texniki kadrlar, digər hissələrini isə orta ixtisaslı mühəndis-texniki kadrlar və hidrometeorologiya sahəsində təhsili olan ixtisaslı kadrlar təşkil edir.

Kadrların hər bir kateqoriyası üçün xüsusi hazırlıq planı nəzərdə tutulmuşdur. Müşahidəçi texniki kadrların yerlərdə iş əsnasında öyrədilməsi və onlar üçün ixtisaslı kadrlar tərəfindən aparılan sahə seminarlarının təşkili daha səmərəli hesab olunur. Mühəndis-texniki kadrlar riyaziyyat, fizika və ya kimyanın əsaslarını bilməli və hidrometeorologiya sahəsində xüsusi hazırlıq kursları keçməlidirlər. Onlar bir neçə ildən bir xüsusi kurslarda ixtisaslarını artırmalıdırlar. Kadrların kompüterlə işləmək bacarığını artırmaq və daha çox istifadə olunan xarici dilləri öyrənmələri üçün həvəsləndirici tədbirlərin görülməsi, kursların təşkil edilməsi nəzərdə tutulmuşdur.

Daha çox mütəxəssis kadrların ÜMT-nin komissiyalarında və proqramlarında işə cəlb edilməsi, mütəxəssislərin internet vasitəsilə öz sahələrinə aid yenilikləri izləməsi və öyrənməsi, hidrometeorologiyaya aid çap edilən dövri jurnalların və digər vəsaitlərin alınması nəzərdə tutulur. ÜMT-nin və BMAT-ın tələblərinə uyğun olaraq milli hidrometeorologiya sahəsində ixtisaslaşmış kadrlardan istifadə edilməsinə keçilməlidir. Kadrların hazırlanması və ixtisaslarının artırılması müvafiq seminar, kurslar vasitəsilə, habelə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Hidrometeorologiyanın ayrı-ayrı sahələri üzrə mühəndis kadrlarının hazırlanması və onların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədris-təcrübə bazasında istehsalat təcrübəsinin keçirilməsi sahəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq genişləndiriləcəkdir.

Proqramın yerinə yetirilməsi üçün hidrometeorologiyanın aşağıdakı ayrı-ayrı sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur: hidrodinamik modelləşmə, statistik modelləşmə, kompüter və informasiya texnologiyaları, peyk məlumatlarının təhlili, hidrometeorologiya xidmətinin idarə olunması, CİS texnologiyası, okenologiya, meteoroloji telekommunikasiya, aktinometriya, aviameteoroloji təminat, aerologiya, meteorologiya, aqrometeorologiya, hidrologiya, sinoptika.

 

5.2. Texniki təminat

 

Hidrometeorologiya xidmətinin texniki təminatını aşağıdakı istiqamətlərdə inkişaf etdirmək nəzərdə tutulmuşdur:

1) hidrometeoroloji məlumatların milli səviyyədə mübadiləsinin təmin edilməsi, bu prosesin tam avtomatlaşdırılması, ÜMT-nin QTS-dən daxil olan faktiki və proqnoz xarakterli böyük informasiya massivlərinin qəbulu, həmçinin məlumatların beynəlxalq yayıma operativ ötürülməsi üçün MKM-in alınıb quraşdırılması;

2) alınan məlumatların vizuallaşdırılması, təhlili üçün aşağıda qeyd olunan sahələr üzrə avtomatlaşdırılmış iş yerlərinin yaradılması: sinoptika, peyk meteorologiyası, hidroloji proqnoz, aqrometeorologiya, aktinometriya, aerologiya, radiometeorologiya, dəniz hidrometeorologiyası, iqlimşünaslıq;

3) hidrometeoroloji müşahidə şəbəkəsinin yeni cihaz və avadanlıqlara olan tələbatının ödənilməsi məqsədi ilə aşağıdakı əsas ölçü vasitələrinin alınması tələb olunur:

meteoroloji cihaz və avadanlıq:

a) küləyin sürət və istiqamətini ölçmək üçün anemorumbometrlər, anemometrlər, meteoroloji dirəklər (maçta);

b) atmosfer təzyiqini ölçmək üçün barometr (elektron), baroqraf, barometr-aneroidlər;

c) buludun yer səthindən hündürlüyünü ölçmək üçün cihazlar;

ç) görünüş məsafəsini ölçmək üçün cihazlar;

d) havanın və torpağın temperaturunu ölçmək üçün müxtəlif növ termometrlər, termoqraflar;

e) yağıntının miqdarının və intensivliyinin müəyyən edilməsi üçün cihazlar (plüvioqraf, Tretyakov yağışölçəni);

ə) havanın nəmliyini ölçmək üçün hiqrometr, hiqroqraf;

f) günəş parıltısının davamiyyətini ölçmək üçün helioqraf;

g) hava şəraitini xarakterizə edən bütün parametrlərin avtomatik olaraq ölçülməsi üçün avtomatik meteoroloji stansiyalar.

aktinometrik cihaz və avadanlıq (günəş radiasiyası (düz, əks olunan, səpələnən, radiasiya balansı və cəm radiasiya) üzərində müşahidələr aparmaq üçün aktinometr, albedometr (piranometr), balansomer, qalvanometr, inteqrator);

aeroloji cihaz və avadanlıq (atmosferin müxtəlif təbəqələrində (30-40 km-ə qədər) hava şəraitini xarakterizə edən parametrlərin (temperatur, rütubət, təzyiq, küləyin surəti və istiqaməti) təyin edilməsi üçün aeroloji kompleks-2 ədəd);

hidroloji cihaz və avadanlıq:

a) çaylarda suyun səviyyəsini, axım surətini, su sərfini ölçmək üçün hidrometrik qurğu, bucurqad, hidroloji fırlanğıc, batometr, səviyyəyazan cihaz, qayıq;

b) su səthindən buxarlanmanın təyin edilməsi üçün cihaz və avadanlıq (QQİ-3000);

aqrometeoroloji cihaz və avadanlıq (torpaq səthindən buxarlanmanın, onun müxtəlif dərinliklərində nəmliyinin, temperaturunun müəyyən edilməsi üçün cihaz və digər aqrometeoroloji avadanlıq);

dəniz hidrometeorologiyası sahəsində istifadə olunan cihaz və avadanlıq (dəniz axınlarının, səviyyəsinin, dalğanın parametrlərinin, suyun şəffaflığının, rənginin, kimyəvi tərkibinin müəyyən edilməsi üçün müvafiq cihazlar, dəniz fırlanğıcları, dalğaölçən və özüyazan cihazlar, batometrlər, müxtəlif növ termometrlər);

aviameteoroloji cihaz və avadanlıq (aerodromlar üçün avtomatik aviameteoroloji komplekslər);

etalon ölçü cihazları (istismarda olan ölçü sistemlərinin vaxtlı-vaxtında dövlət sınağından keçirilməsi və ölçü standartlarının təmin olunması üçün ölçü cihazlarının yoxlama kompleksləri (PPK-1, PPK-2, PPK-3), nümunəvi barometrlər, etalon yoxlama barometri (elektron), aktinometrik yoxlama borusu və s. cihaz və avadanlıqlar);

meteoroloji radar sistemi (böyük ərazi üzrə faktiki hava şəraiti haqqında operativ olaraq məlumat alınması, aeroportların, dəniz limanlarının, yol xidmətləri və yaşayış məntəqələrinin təhlükəli atmosfer hadisələri haqqında əvvəlcədən xəbərdar edilməsi, qısamüddətli hava proqnozlarının dəqiqliyinin artırılması məqsədi ilə müasir meteoroloji radar sistemi).