“Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini tə'min etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 10-cu maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim etsin;

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məs'uliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını tə'min etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə mə'lumat versin;

öz səlahiyyətləri daxilində "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

"Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 14-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi və Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi həyata keçirirlər;

həmin Qanunun 12-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə dair icarə müqavilələrinə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi, digər torpaq icarəsi müqavilələrinə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyəti orqanların həyata keçirir.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 12 mart 1999-cu il
№ 116