Energetika haqqında

Azərbaycan Respublikasının Qanunu

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu qanunda işlədilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

energetika sahəsində fəaliyyət energetika materiallarının və məhsullarının (enerji resursları) kəşfiyyatı, işlənməsi, hasilatı, istehsalı, emalı, saxlanılması, nəqli, paylanması və istifadəsi üzrə fəaliyyət növləri;

energetika sahəsində kəşfiyyat (və ya kəşfiyyat) işlənmə ilə eyni məqsədlər üçün qabaqcadan aparılan maqnitometrik, qravimetrik, seysmik, geokimyəvi, istilik və radiometrik üsullar və sınaq qazma işləri vasitəsilə həyata keçirilən fəaliyyət;

işlənmə qazma işləri vasitəsilə enerji materialları yataqlarının və ya yeraltı anbarların aşkar edilməsinə və qiymətləndirilməsinə yönəlmiş fəaliyyət;

enerjinin paylanması (və ya paylanma) xam neftin və neft məhsullarının, qazın, elektrik və istilik enerjisinin tədarükü və enerji istehlakçılarına paylanması;

enerji paylayıcısı (və ya paylayıcı) enerjinin paylanması fəaliyyətini həyata keçirən hər hansı bir müəssisə;

enerji qurğusu energetika ilə bağlı fəaliyyət növlərində istifadə olunan və ya bu fəaliyyət növlərinin lazımi səviyyədə həyata keçirilməsi üçün, zəruri energetika materiallarının və məhsullarının saxlanması üçün hər hansı bir stasionar və ya səyyar qurğu (əhatə etdiyi torpaq sahələri də daxil olmaqla);

baş enerji nəqletmə sistemləri dəmir yolu, avtomobil və su yolları, habelə əlaqə siqnallarının ötürülməsinə xidmət edən qurğular istisna olmaqla, energetika materiallarının və məhsullarının nəql edilməsini və ya ötürülməsini həyata keçirən nəqletmə vasitəsi (boru kəməri, elektrik verilişi xətti və s.) və ya onun bir hissəsi;

müqavilə və ya energetika müqaviləsi tərəflər arasında bağlanılmış və energetika sahəsində fəaliyyət növlərinin həyata keçirilməsi üçün şərtləri müəyyən edən yazılı saziş;

bərpa olunan enerji mənbələri ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (günəş, külək, yerin istilik axınları, biokütlə, dəniz, su axınları və s.);

bərpa işləri əhalinin mənafeyi naminə energetika fəaliyyətində istifadə olunan sahələrin bərpa olunması və onların ətraf mühitə uyğunlaşdırılması.

Maddə 2. Qanunun əhatə dairəsi

1. Bu Qanun aşağıdakı sahələri əhatə edir:

energetika sahəsində fəaliyyət növlərini (1 və 2 saylı Əlavədə göstərilən energetika materialları və məhsulları üzrə);

bu fəaliyyətlərin həyata keçirilməsi üçün qurğuların yerləşdirilməsini, tikintisini və istismarını;

enerjinin qorunması və səmərəli istifadəsi, habelə energetika sahəsində fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə tədbirləri.

2. Bu Qanun energetikanın neft, qaz və elektroenergetika sahələrinin dövlət tənzimlənməsinin ən ümumi hüquqi əsaslarını özündə birləşdirir. Ayrı-ayrı sahələr üzrə qəbul edilmiş digər qanunlarda xüsusi qaydalar nəzərdə tutula bilər.

II fəsil

Dövlət energetİka sİyasə

Maddə 3. Dövlət energetika siyasətinin məqsədləri

Dövlət energetika məqsədləri siyasətinin aşağıdakıları təmin və tənzim etməkdən ibarətdir:

1. Energetika materiallarının və məhsullarının səmərəli hasilatı, istehsalı, nəqli, paylanması, saxlanılması, istifadəsi və təhlükəsizliyinin təminatı.

2. Aşağıdakıları nəzərə alaraq bütün tələbatçıları enerji ilə səmərəli və etibarlı təchiz edəcək infrastrukturun və yeni iş yerlərinin yaradılması:

energetika sahəsində fəaliyyət növləri üzrə rəqabət və minimal inhisar şəraitinin yaradılması;

energetika sahəsində fəaliyyətlərin müxtəlif mülkiyyət növləri, uzunmüddətli müqavilələr və bu Qanuna və Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazələr əsasında qurulması; [1]

yüksək keyfiyyətli məhsullar istehsal edən yerli müəssisələrə əlverişli şəraitin yaradılması;

səmərəli və ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqi üçün əlverişli şəraitin yaradılması.

3. Enerji resurslarının konservasiyası, tullantıların səviyyəsinin aşağı salınması, enerjinin səmərəli istifadəsi və bərpa olunan enerji mənbələrindən istifadə.

4. Ətraf mühitə mənfi təsirin azaldılması.

5. Enerji çatışmazlığı şəraiti yarandıqda, energetikanın səmərəliliyini artırmaq üçün istehsalçı və istehlakçılara dotasiyaların verilməsi.

6. İnvestisiyalar üçün əlverişli hüquqi və iqtisadi şəraitin yaradılması.

7. Dövlət energetika proqramlarının tərtib edilməsi.

Maddə 4. Dövlət energetika proqramları

1. Bu Qanunda müəyyən edilmiş məqsədlərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müntəzəm olaraq energetikanın təşkili və inkişafı üzrə uzunmüddətli dövlət proqramları tərtib edir.

2. Energetikanın inkişaf proqramları Azərbaycan Respublikasının dövlət büdcəsi, enerji resurslarından səmərəli istifadə fondu, hüquqi və fiziki şəxslərin vəsaitləri, o cümlədən xarici investisiyalar hesabına maliyyələşdirilir. Bu proqramların Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirilməsi aparılır. [2]

3. Bu proqramlar 5 ildən bir müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəqiqləşdirilir və dövlət energetika strategiyasının vacib tərkib hissəsi kimi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunur.

III fəsil

Energetİka sahəsİndə müstəsna hüquqlar və nəzarət

Maddə 5. Energetika sahəsində dövlətin müstəsna hüquqları

Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq dövlət bu Qanunun 6-cı maddəsində göstərilən hər hansı fiziki və hüquqi şəxslərin müstəsna hüquqlarına xələl gətirmədən bütün ilkin enerji materiallarının yataqları üzrə müstəsna mülkiyyət hüququna malik olmaqla:

kəşfiyyat;

yataqların işlənməsi və energetika materiallarının və məhsullarının hasilatı;

yeraltı anbarların tikintisi və istismarı;

baş enerji nəqletmə sistemlərinin tikintisi və idarə edilməsi;

qanunvericiliyə müvafiq olaraq dövlətin təhlükəsizliyini və müstəqilliyini təmin etmək məqsədilə energetika ilə bağlı digər fəaliyyət sahələrində müstəsna hüquqlardan istifadə edir.

Maddə 6. Energetika sahəsində fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin müstəsna hüquqları

Fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin müstəsna hüquqları yalnız bu Qanunun 5-ci fəslinin müddəalarına uyğun olaraq bağlanılan energetika müqaviləsindən və ya energetika sahəsinin müəssisələrinə qanunvericiliklə verilən hüquqlardan irəli gələ bilər.

Maddə 7. Energetika sahəsində idarəçilik və nəzarət

Müvafiq icra hakimiyyəti orqanları bu Qanunun məqsədlərinə, tətbiq olunan qanunlara və qərarlara uyğun olaraq aşağıdakı səlahiyyətlərə malikdir:

energetika sahəsində fəaliyyətin həyata keçirilməsinin tənzimlənməsi və ona nəzarət;

energetika materiallarının və məhsullarının istifadəsinin tənzimlənməsi və ona nəzarət;

energetika fəaliyyətinin ətraf mühitin qorunmasına və təhlükəsizliyə dair aspektlərinin tənzimlənməsi və ona nəzarət;

energetika fəaliyyəti üçün qanunvericiliyə uyğun olaraq torpaq, su və yerin təki sahələrinin ayrılması.

 

Maddə 7-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq[3]

 

Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

IV fəsil

Enerjİnİn səmərəlİ İstİfadəsİ, ətraf mühİtİn qorunması, təhlükəsİzlİk və sağlamlıq üzrə vəzİfələr, xüsusİ İcazələr, sığorta və zİyan[4]

Maddə 8. Enerjinin, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə tələblər

1. Hər hansı bir hüquqi və fiziki şəxs qanunvericiliyə müvafiq olaraq enerjinin, energetika materiallarının və məhsullarının səmərəli istifadəsinə, enerji resurslarından istifadə qaydalarına riayət edilməsinə və normadan artıq tullantılara yol verilməməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyət eyni dərəcədə enerji aqreqatlarının və qurğularının layihələşdirilməsinə, quraşdırılmasına və istismarına da aid edilir.

2. Müvafiq icra hakimiyyəti orqanı enerjinin səmərəli istifadəsi sahəsində iqtisadi, texniki və təşkilati tələbləri müəyyən edir. Yenidən istismara verilən hər bir enerji qurğusu bu tələblərə uyğun olmalıdır. Müvafiq icra hakimiyyəti orqanının mövcud enerji qurğuları barəsində aşağıda göstərilən qərarlar qəbul etmək hüququ vardır:

yeni tələblərə uyğunlaşdırılması və ya yeni qurğularla əvəz olunması üçün lazımi müddətin verilməsi barədə;

bu müddət qurtardıqda və qurğular yeni tələblərə uyğun olmadıqda görüləcək tədbirlər və qanunvericiliklə nəzərdə tutulmuş sanksiyalar barədə.

3. Hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar:

paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir;

sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir);

müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki tələblər, enerji sərfiyyatının fərdi sayğaclarının sertifikatlaşdırılması və yoxlanması qaydaları haqqında əsasnamələr qəbul edir.

Maddə 9. Ətraf mühitin qorunmasına, təhlükəsizliyə və sağlamlığa dair vəzifələr

1. Energetika sahəsində fəaliyyət göstərən, habelə energetika materiallarını və məhsullarını istifadə edən hər bir şəxs ətraf mühiti çirklənmədən qorumalıdır.

Ətraf mühitin çirklənməsi qanunvericiliyə müvafiq norma və normativlərə uyğun olaraq məhdudlaşdırılır.

2. Ətraf mühitin qorunması, təhlükəsizlik və sağlamlıq sahəsində görüləcək tədbirlərin, aparılacaq bütün lazımi tədqiqatların və ekspert rəylərinin alınması üzrə xərclər energetika sahəsində fəaliyyət göstərən müəssisə tərəfindən ödənilir.

3. Energetika sahəsində aşağıdakı fəaliyyət növləri üzrə müqavilələrin bağlanılması və bu Qanuna və Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazənin alınması üçün ərizəyə aşağıdakı sənədlərlə yanaşı, Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi də əlavə edilir:

karbohidrogen ehtiyatlarının axtarışı, kəşfiyyatı, işlənilməsi, hasilatı və nəqlinə dair layihələr;

neft və qaz emalı zavodlarının layihələndirilməsi;

neft, qaz və ya kimyəvi məhlulların nəqli üçün uzunluğu 20 km və daha çox, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi;

neft, neft-kimya və kimyəvi məhsullar üçün əsas anbar obyektlərinin layihələndirilməsi;

gücü 300 MVt və daha çox olan istilik elektrik stansiyalarının, eləcə də gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksəkgərginlikli elektrik xətlərinin layihələndirilməsi;

atom elektrik stansiyalarının və nüvə reaktorları olan digər obyektlərin layihələndirilməsi;

gücü 10 MVt-dan çox olan su, günəş, bioqaz, geotermal və digər elektrik stansiyalarının layihələndirilməsi;

gücü 1 MVt-dan çox olan külək elektrik stansiyalarının (külək generatorları parklarının) layihələndirilməsi.

Ətraf mühitə təsirin müvafiq normalara uyğun olaraq aradan qaldırılması üçün tədbirlər fiziki və ya hüquqi şəxs tərəfindən təqdim edilməzsə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müqaviləyə və energetika fəaliyyətinə icazə vermir.[5]

4. Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri üzrə layihələrin Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilir.

5. Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri ilə bağlı mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. [6]

Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri ilə bağlı mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Bu maddənin 3-cü hissəsi ilə müəyyən edilən fəaliyyət növləri ilə bağlı obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

Maddə 10. Energetika sahəsində fəaliyyətlərə xüsusi icazələrin verilməsi[7]

1. Energetika sahəsində fəaliyyətlə məşğul olmaq istəyən hər bir fiziki və ya hüquqi şəxs fəaliyyətə başlamazdan əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) bu Qanuna və Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə almalıdır. Energetika sahəsində fəaliyyət müddəti xüsusi icazədə göstərilmiş müddətlə məhdudlaşdırılır. [8]

2. Enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsirin təhlükəsi yarandıqda müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş qaydada bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılmasına və ya tam dayandırılmasına yönəlmiş tədbirlər həyata keçirmək hüququ vardır.

3. Müvafiq icra hakimiyyəti orqanı xüsusi icazə almaq üçün ərizələrin ayrı-seçkiliyə yol verilmədən baxılmasını təmin edir.

4. İcazələr, onların verilmə proseslərini asanlaşdırmaq məqsədilə energetika sahəsində fəaliyyətlərin və (və ya) enerji qurğularının bir neçə növlərinə və ya qruplarına verilə bilər. [9]

5. Hər hansı bir fiziki və hüquqi şəxs energetika sahəsində yeni fəaliyyətə başlamaq və ya mövcud fəaliyyətini əsaslı genişləndirmək istədikdə yeni bu Qanuna və Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə almalıdır. Bu icazə energetika materiallarının və məhsullarının səmərəli istifadəsinin, təhlükəsizliyinin, sağlamlığın və ətraf mühitin qorunmasının səviyyəsini artıran və eyni zamanda əsassız əlavə xərclərə gətirməyən müasir texnologiyaların istifadəsi şərti ilə verilə bilər. [10]

6. Fiziki və hüquqi şəxsin fəaliyyəti icazə şərtlərinə uyğun olmadıqda, ona verilən icazə bu Qanunla və Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dayandırıla və ya ləğv edilə bilər.[11]

7. İcazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının aşağıdakı səlahiyyətləri vardır: [12]

fiziki və hüquqi şəxslərə və enerji qurğularına tətbiq edilən tələblər barədə, habelə nəzarətin həyata keçirilməsi və xüsusi icazələrin təqdim edilməsi qaydaları haqqında qərarlar qəbul etmək;

normativ aktlar olmadığı halda beynəlxalq normativlərin və standartların tətbiq edilməsi barədə qərar qəbul etmək;

xüsusi tələblərin yerinə yetirilməsi məqsədilə xüsusi icazəyə müvafiq şərtləri daxil etmək;

qəzalara yol verilməməsi, habelə onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsi barədə sərəncamlar vermək;

Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində nəzərdə tutulan digər hüquq və vəzifələri həyata keçirmək.

Maddə 11. Vurulmuş ziyanın ödənilməsi üzrə öhdəliklər

1. Enerji qurğusunun təsiri insan ölümü və ya bədən xəsarəti, habelə ətraf mühitə ziyan vurulması ilə nəticələndiyi halda bu enerji qurğusunu istismar edən şəxs (onun sahibi) dəymiş ziyanın ödənilməsi, onun qarşısının alınması, azaldılması və aradan qaldırılması üzrə məsuliyyət daşıyır. Bu müddəalar enerji qurğusunun quraşdırılması, istismarı, texniki xidməti zamanı tətbiq olunur.

2. Qurğu sahibinin başqa hüquqi və ya fiziki şəxs olduğunu və bu şəxsin sahib kimi öz vəzifələrini yerinə yetirmədiyini sübut edənə qədər enerji qurğusunun mülkiyyətçisi qurğunun sahibi hesab olunur.

3. Vurulmuş ziyanın səbəbi enerji qurğusunun sahibinin fəaliyyəti ilə əlaqədar olmadıqda və bu ziyanın qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması mümkün olmadıqda (fors-major halları), o, vurulmuş ziyanın ödənilməsi vəzifəsindən azad olunur.

4. vurulmuş ziyan bir neçə enerji qurğusunun birgə fəaliyyəti nəticəsində baş verərsə, bu hadisənin yaranmasında vaxt, yer, mühit və başqa fərqləndirici xüsusiyyətlərə görə ən çox təsir göstərmiş enerji qurğusu vurulmuş ziyanın əsas səbəbi hesab olunur və ziyanın ödənilməsi mütənasib şəkildə bölünür.

5. Enerji qurğusunun vurulmuş ziyana səbəb olduğu sübuta yetirildikdə, bu qurğunun sahibi müvafiq icra hakimiyyəti orqanına, habelə zərər çəkmiş şəxslərə və başqa əlaqəli enerji qurğularının sahiblərinə ziyana görə ödəmələrin məsuliyyətinin müəyyən edilməsi üçün lazımi məlumatlar təqdim etməlidir.

6. Ödəmə haqqında başqa razılaşma olmadıqda vurulmuş ziyan pul şəklində ödənilməlidir. Ziyan çəkmiş tərəf ilkin ödəməni tələb etmək hüququna malikdir.

7. Ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq müddəaları tətbiq olunur.

Maddə 12. Sığorta

1. Ətraf mühitə, yerin təkinə, insanların təhlükəsizliyinə və sağlamlığına təsadüfi vurula biləcək ziyanla əlaqədar sığortalanması məcburi olan fəaliyyət növlərinin və enerji qurğularının siyahısı sığorta şərtləri, haqqları və məbləğləri qanunla tənzimlənir. Sığortalanma ilə əlaqədar vəzifələr icazə şərtlərindən və ya energetika müqavilələrinin şərtlərindən irəli gələ bilər. [13]

2. Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının tələbi ilə siyahıya daxil edilmiş enerji qurğusunun sahibi bu qurğunun istismarı başa çatdıqdan sonra onun zərərli təsirinin təhlükəsi saxlanıldığı müddət ərzində sığortalanma davam etdirilir.

V fəsil

Energetİka müqavİlələ

Maddə 13. Ümumi müddəalar

1. Energetika müqavilələri müvafiq icra hakimiyyəti orqanı ilə podratçılar arasında bağlanılır. Podratçıların bu Qanunun müddəalarında və energetika müqavilələrində müəyyən edilmiş müddət və şərtlərə uyğun olaraq fəaliyyət göstərmək hüququ vardır.

2. Energetika müqaviləsi podratçıların bu Qanunda və Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazəsi olan halda onların ərizəsi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada tender yolu ilə və ya xüsusi hallarda mövcud qanunvericiliklə müəyyən edilmiş xüsusi qaydalar əsasında aparılan danışıqlar nəticəsində bağlanıla bilər. [14]

3. Müvafiq icra hakimiyyəti orqanı energetika müqavilələrinin bu Qanuna uyğun olaraq bağlanılmasına və həyata keçirilməsinə nəzarəti həyata keçirir.

Maddə 14. Kəşfiyyat üzrə müqavilələr

1. Kəşfiyyat üzrə müqavilələr dəqiq və aydın surətdə müvafiq enerji materialının və müqavilə ərazisinin, habelə icazə verilmiş kəşfiyyat üsullarının və kəşfiyyatın nəticələrinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilmə qaydalarını müəyyən etməlidir.

2. Əgər başqa hallar müvafiq qanunlarda müəyyən edilməyibsə, kəşfiyyat üzrə müqavilələr bağlayan podratçıya aşağıda göstərilən hüquqlar şamil edilmir:

müqavilə ərazisi hüdudlarında kəşfiyyata müstəsna hüquq;

işlənmə, hasilat və yeraltı anbarlar üzrə bağlanmış müqavilələr ərazisində kəşfiyyat işləri hüququ;

işlənmə, hasilat və ya başqa məqsədlər üçün müqavilələrin bağlanmasına üstünlük hüququ.

3. Hər bir tədqiqatın sonunda podratçı yataqlar haqqında əldə edilən bütün məlumatları və izahatları, habelə nümunələri və çəkilişin nəticələrini müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

4. Kəşfiyyat üzrə müqavilənin ilkin müddəti müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 2 ildən artıq olmamalıdır. Bu müddət tərəflərin razılığı ilə 1 ilə qədər uzadıla bilər.

Maddə 15. İşlənmə və hasilat üzrə müqavilələr

1. İşlənmə və hasilat üzrə podratçının müqavilədə müəyyən edilmiş energetika materialları və məhsulları, habelə müqavilə ərazisi ilə əlaqədar aşağıda göstərilən hüquq və vəzifələri vardır:

müqavilədə razılaşdırılmış iş proqramına uyğun olaraq işlənməni həyata keçirmək;

enerji materialları yataqlarının aşkar edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat vermək və bu yatağın lazımi qiymətləndirilməsini həyata keçirmək;

podratçı tərəfindən kommersiya kəşfi elan edilmiş hər bir kəşfin inkişafı və hasilatı üzrə ətraflı iş proqramını razılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

elan edilmiş kommersiya kəşfinin ərazisi istisna olmaqla bütün müqavilə ərazisini müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;

işlərin aparılmasından əvvəl müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış iş proqramına uyğun olaraq kommersiya kəşfinin inkişafı və hasilatı dövründə müqavilədə müəyyən edilmiş, mövcud qanunvericiliyə uyğun ilkin enerji materiallarını hasil etmək;

müqavilədə və ya iş proqramında qeyd olunan bütün qurğuları və baş enerji nəqletmə sistemlərini inşa etmək və onlardan istifadə etmək;

resursları hasil etmək və tətbiq olunan sahə üzrə qanunvericilik aktlarının müddəalarına və ya müqaviləyə uyğun olaraq hasil olunan resursların müəyyən hissəsinə sahib olmaq.

2. İşlənmə və hasilat üzrə podratçının fəaliyyəti zərərsiz olmalı və onun müstəsna hüquqları başqa şəxslərin elmi məqsədlərlə kəşfiyyat işlərinin aparılmasına, enerji materiallarının işlənməsi və hasilatı üzrə müqavilənin məqsədlərinə uyğun olmayan qurğuların yerləşdirilməsinə və istifadəsinə mane olmamalıdır.

3. Podratçı ona məxsus energetika materiallarının və məhsullarının müqavilə ərazisindən daşınması üçün mövcud baş enerji nəqletmə sistemlərindən istifadəyə üstünlük verməlidir. Podratçının baş enerji nəqletmə sistemlərinə qoşulması üçün əlverişli şərait yaradılmalı və o, bu sistemlərdən üçüncü şəxslərə aid olunan şərtlərlə istifadə etməlidir. Bu sistemlər olmadığı halda və ya onlardan podratçını qane edən şərtlərlə istifadə edilməsi mümkün olmadıqda podratçı öz vəsaiti hesabına lazımi nəqletmə vasitələrini quraşdırıb istismar etmək hüququna malikdir. Bu qurğulara hasilat müddətinin iş proqramını tamamlayan energetika müqaviləsinin müddəaları tətbiq edilir. Belə nəqletmə sistemləri üzrə xərcləri yalnız podratçı daşıdıqda, bu Qanunun 13-cü maddəsinin müddəaları tətbiq edilmir.

4. Milli tələbatın ödənilməsi məqsədilə energetika müqaviləsində hasil edilmiş energetika materiallarının və məhsullarının dünya bazar qiymətləri ilə əldə edilməsində dövlətin üstün hüququ vardır.

5. İşlənmə və hasilat üzrə energetika müqaviləsində nəzərdə tutulmuş işlənmə müddəti bir neçə dövrlərə bölünə bilər və ya müqavilənin qüvvəyə mindiyi tarixdən, ümumiyyətlə 8 ildən çox olmayan müddətə qədər uzadıla bilər.

Maddə 16. Baş enerji nəqletmə sistemləri üzrə müqavilələr

1. Baş enerji nəqletmə sistemləri üzrə müqavilələrin şərtlərinə, müddəalarına və iş proqramına müvafiq olaraq podratçının aşağıda göstərilən hüquq və vəzifələri vardır:

energetika materiallarının və məhsullarının müəyyən edilmiş marşrutlarla nəql edilməsi və ötürülməsi məqsədilə baş enerji nəqletmə sistemlərini quraşdırmaq və istismar etmək;

energetika müqaviləsində müəyyən edilmiş fəaliyyətlə bağlı əlavə qurğular, o cümlədən anbarlar tikmək, quraşdırmaq və istismar etmək;

müvafiq daşınmaz əmlakın sahibi olmaq və ondan istifadə etmək hüququnu başqa şəxsə vermək;

müvafiq icra hakimiyyəti orqanının tələbilə və müqavilə fəaliyyətinə heç bir xələl gətirmədən təhlükəsizliyi artıran və nəqletmə xərclərini azaldan sinerji effektinə (qüvvələrin birləşməsi effekti) nail olmaq məqsədilə öz fəaliyyətini üçüncü tərəfin baş enerji nəqletmə sistemləri ilə əlaqələndirmək.

2. Baş enerji nəqletmə sistemləri üzrə müqavilələr nəqletmə vasitələri arasında və (və ya) energetika materialları və məhsulları arasında rəqabətin olmasını nəzərə alaraq bağlanılır. Baş enerji nəqletmə sistemləri üzrə müstəsna müqavilələr energetika materiallarının və məhsullarının yalnız bir növü üzrə xərclərin ödənilməsinin və müqavilənin bağlanmasından sonra podratçı tərəfindən investisiyanın mükafatlandırılmasının çətin olmasına əsaslı səbəblərin mövcud olduğu halda bağlanıla bilər. Müqavilə müstəsna xarakter daşıdıqda podratçı hər bir zaman üçüncü tərəfin nəqletmə tələblərinin ödənilməsini təmin etməlidir. Əks təqdirdə podratçı bu sistemlər üzrə müstəsna hüququ itirir və onun baş enerji nəqletmə sistemləri üzrə əlavə müqavilənin bağlanmasına qarşı etiraz etmək hüququ olmur.

3. Üçüncü tərəfə məxsus olan energetika materiallarının və məhsullarının baş enerji nəqletmə sistemləri ilə nəql edilməsini nəzərdə tutan müqavilənin podratçısı aşağıdakı tələbləri ödəməlidir:

energetika materiallarının və məhsullarının nəqlinin qiymət və tariflərini, habelə kommersiya və texniki şərtlərini müəyyən etmək;

energetika materiallarının və məhsullarının mənşəyindən, təyinat məntəqəsindən və ya məxsusluğundan asılı olmayaraq onların nəqli barədə hər bir sifarişi qəbul etmək, habelə əsassız ləngitmələrə, məhdudiyyətlərə və rüsumlara yol vermədən bu sifarişlər üzrə ayrı-seçkiliyə yol vermədən qiymətlər müəyyən etmək;

ona məxsus istifadə olunmayan nəqliyyat qurğularını nəqletmə məqsədləri üçün təqdim etmək.

4. Podratçı istifadə olunmayan nəqliyyat güclərinin başqa maraqlı tərəfə energetika materialları və məhsullarının nəql edilməsi üçün təqdim etməyə borcludur. Başqa maraqlı tərəfin energetika materiallarının və məhsullarının nəqli podratçının energetika materiallarının və məhsullarının nəql olunmasına xələl gətirməməlidir.

5. Bu Qanunun 15-ci maddəsinin 2-ci bəndi müvafiq olaraq baş enerji nəqletmə sistemlərinə tətbiq olunur. Bundan başqa, əgər dövlət və ya başqa podratçı baş enerji nəqletmə sistemlərinin yaxınlığında müqavilə fəaliyyətinə zərərli təsiri olmayan və dövlətin infrastrukturlarına aid olan hər hansı qurğular yerləşdirdikdə və onlardan istifadə etdikdə podratçının etiraz etmək hüququ yoxdur.

6. Baş enerji nəqletmə sistemləri yalnız bu Qanunun 17-ci maddəsinə uyğun olaraq bağlanılmış müqavilələrin şərtləri əsasında enerjinin paylanması üçün istifadə edilə bilər.

7. Baş enerji nəqletmə sistemləri üzrə müqavilənin ilkin müddəti onun qüvvəyə mindiyi tarixdən etibarən 20 ildən artıq olmamalıdır. Tərəflərin razılığı ilə bu müddət 10 ilə qədər uzadıla bilər.

Maddə 17. Enerjinin paylanması üzrə müqavilələr

1. Enerjinin paylanması üzrə müqavilənin podratçısının aşağıdakı hüquqları vardır:

müqavilə ərazisi sərhədlərində bütün istehlakçılara müqavilədə müəyyən edilmiş enerji məhsullarını paylamaq və tədarük etmək;

bu Qanunun 16-cı maddəsinin 1-ci bəndində təqdim edilən hüquqlardan istifadə etmək;

müqavilədə müəyyən edilən və ya müqavilə fəaliyyəti üçün lazım olan bütün qurğuları quraşdırmaq və istismar etmək.

2. Müqavilə ərazisi hüdudlarında enerji paylayıcısı aşağıdakı vəzifələri daşıyır:

enerji paylayıcı qurğularına qoşulmanın qiymət və tariflərini, habelə ümumi şərtlərini müəyyən etmək;

müqavilə ərazisində sifariş vermiş hər bir şəxsə müəyyən edilmiş qiymət, tarif və şərtlər əsasında vaxtlı-vaxtında qoşulma imkanları yaratmaq və müqavilə üzrə enerji ilə təmin etmək;

paylayıcının şəbəkəsinə qoşulmuş istehlakçıların tələblərini ödəmək üçün müqavilədə müəyyən edilmiş enerji məhsullarının lazımi miqdarda və keyfiyyətdə alınmasını və paylanmasını təşkil etmək, eyni zamanda başqa istehsalçılar, nəql edənlər və paylayıcılar ilə birlikdə sinerji effektini yaratmaq və ondan istifadə etmək;

sənaye müəssisələri və istehlakçılar tərəfindən xüsusi sərfiyyatdan əlavə istehsal edilən enerji məhsullarını müəyyən edilmiş həcmdə satın almaq.

3. Podratçı xüsusi hallarda istehlakçını öz şəbəkəsinə qoşmaqdan imtina etdikdə, podratçının müstəsna hüquqlarının olmasına baxmayaraq, belə istehlakçıların enerji təchizatı enerji istehsal edən, nəql edən və ya paylayan başqa müəssisə tərəfindən həyata keçirilə bilər. Belə hallarda müvafiq icra hakimiyyəti orqanı enerji paylayıcısını həmin istehlakçının onun şəbəkəsinə qoşulması və onu enerji ilə təchiz edilməsi vəzifələrindən azad edilməsi barədə qərar qəbul edə bilər.

4. Bu Qanunun 16-cı maddəsinin 2-ci, 3-cü, 4-cü və 6-cı bəndləri eyni qaydada enerjinin paylanmasına tətbiq olunur.

Maddə 18. Yeraltı anbarlar üzrə müqavilələr

1. Yeraltı anbarlar üzrə müqavilənin podratçısının aşağıdakı hüquq və vəzifələri vardır:

yeraltı anbarlar üçün yararlı geoloji yeraltı strukturların müvafiq qaydada işlənməsi;

müəyyən edilmiş energetika materiallarının və məhsullarının saxlanılması üçün müqavilə ərazisi sərhədlərində müvafiq qaydada yeraltı anbarların quraşdırılması;

müqavilə fəaliyyəti üçün zəruri olan bütün yeraltı və yerüstü qurğuların müvafiq qaydada quraşdırılması və istifadəsi.

2. Bu Qanunun 15-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 5-ci bəndləri, 16-cı maddəsinin 3-cü və 6-cı bəndləri eyni qaydada yeraltı anbarlar üzrə müqavilələrə tətbiq olunur.

Maddə 19. Energetika müqavilələrindəki hüquqların qeydiyyatı

1. Müvafiq icra hakimiyyəti orqanı bu qanunun 5-ci maddəsində qeyd olunan fəaliyyət növləri üzrə bütün hüquqların qeydiyyatını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

2. Qeydiyyat müvafiq hüquq daşıyıcısının ərizəsi, habelə bu hüququn əsasını təşkil edən müqavilənin və ya aktın təsdiq edilmiş nüsxəsi təqdim edildikdə aparılır.

3. Qeydiyyatda müvafiq energetika materiallarının və məhsullarının növləri, fəaliyyətin növləri və müddəti, müstəsna hüquqlar (əgər verilibsə), habelə hüquq daşıyıcılarının və onların rəsmi nümayəndələrinin tam adı və hüquqi ünvanı əks etdirilir.

Maddə 20. Mübahisəli energetika müqavilələri, mübahisəli fəaliyyət

1. Müəyyən şəxslərə bir sıra energetika müqavilələri ilə fəaliyyət növləri və (və ya) müddətləri kəsişən müstəsna hüquqlar verildikdə daha gec qeydiyyata alınan müqavilə öz qüvvəsini itirir və etibarsız hesab edilir.

2. Enerji yataqlarının, yaxud yeraltı anbarların kommersiya kəşfi üzrə işlər müqavilə ərazisinin hüdudlarından kənar əraziyə çıxdıqda, onlar göstərilən ərazilərdə energetika müqavilələrinin podratçıları ilə birgə həyata keçirilir. Yataqlar və yeraltı anbarlar qüvvədə olan başqa energetika müqaviləsinin ərazisinə yayıldıqda, müvafiq icra hakimiyyəti orqanı podratçı (podratçılar) ilə razılaşdırılmış şərtlərlə göstərilən ərazi üzrə energetika müqaviləsinin (müqavilələrinin) tətbiq sahəsini genişləndirə və ya göstərilən ərazi üzrə yeni energetika müqaviləsinin bağlanmasına icazə verə bilər.

3. Podratçı üçüncü tərəfin fəaliyyəti nəticəsində müqavilə fəaliyyətini həyata keçirə bilmədikdə və podratçı ilə bu üçüncü tərəf arasında birbaşa heç bir razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəflərdən birinin müraciəti əsasında yaranmış mübahisənin həll edilməsi barədə müvəqqəti qərar qəbul etməlidir. Bu halda ziyanın ödənilməsi barədə iddialar da daxil olmaqla bütün iddialar qüvvədə qalır və məhkəmə qaydasında həll edilə bilər.

Maddə 21. İş proqramı

1. Podratçı müqavilə fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış iş proqramı üzrə həyata keçirir.

2. İş proqramı (proqramları) bu Qanunun 6-cı fəslinin tələbləri nəzərə alınmaqla cəlb edilmiş dövlət və ya bələdiyyə orqanları ilə razılaşdırılmaqla yerinə yetirilir.

3. Müvafiq icra hakimiyyəti orqanı iş proqramının bu qanuna və energetika müqaviləsinə uyğunluğuna, podratçı tərəfindən onun yerinə yetirilməsinə nəzarət edir.

Maddə 22. Qiymətqoyma, ticarətin kommersiya və texniki şərtləri

1. Qanunvericilikdə digər hallar nəzərdə tutulmadıqda, bu qanunla podratçılar sifarişçilərlə qiymətlərin, ticarətin kommersiya və texniki şərtlərinin razılaşdırılmasında sərbəstdirlər.

2. Enerji paylayıcılarının, yaxud energetika müqaviləsi ilə energetika materiallarının və ya məhsullarının nəqli, tədarükü və ya saxlanması sahəsində inhisarçı olan hər hansı digər podratçılar tərəfindən müəyyən olunmuş qiymətlər, tariflər və ticarətin ümumi şərtləri xərclərin azaldılmasına və bazar qiymətlərinə istiqamətləndirilməlidir. Onlar yalnız dövlətin energetika siyasətinin məqsədlərinə uyğun olmasına və podratçının inhisarçı vəziyyətindən sui-istifadə hallarına nəzarət şəraitində və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdə tətbiq edilə bilər. Onlar ayrı-seçkiliyə yol vermədən və ödənişləri əsassız gecikdirmədən, yaxud məhdudlaşdırmadan tətbiq edilməlidir.

3. Qiymətlərə dövlət subsidiyaları tətbiq edildikdə, onlar müəyyən şərtlərlə və müəyyən müddətə verilmələri qeyd edilməklə ayrıca hesabda göstərilməlidir.

Maddə 23. Energetika müqavilələrinin başqa şəxslərə verilməsi

1. Energetika müqaviləsinin başqa şəxslərə verilməsi və ya podratçı tərəfindən törəmə müqavilənin bağlanması tərəflərin qarşılıqlı razılaşması əsasında həyata keçirilir və qeydiyyata alındıqdan sonra qüvvəyə minir. [15]

2. Tərəflər qarşılıqlı razılığa gəlmədikdə podratçının dövlət qarşısında olan öhdəliklərinin onun varisi tərəfindən yerinə yetirilməsinə görə ilkin podratçı birgə və ya təkbaşına məsuliyyət daşıyır. [16]

Maddə 24. Energetika müqaviləsinin qüvvədə olma müddəti və onun uzadılması

1. Energetika müqaviləsinin qüvvədə olma müddəti müqavilədə əks olunmalı və qanunla müəyyən edilmiş maksimal müddəti aşmamalıdır. Energetika müqaviləsinin qüvvədə olma müddəti orada göstərilmiş müddət qurtararkən bitir.

2. Aşağıdakı şərtlərlə podratçının təklifinə əsasən energetika müqaviləsinin qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı və podratçı arasında müqavilə bağlanması yolu ilə hər dəfə uzadıla bilər:

birinci müddət ərzində podratçı energetika müqaviləsi üzrə bütün öhdəliklərini yerinə yetirdikdə;

ilkin müddət bitənədək uzadılmış müddət üzrə işlər planı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqda;

energetika müqaviləsinin ümumi müddəti qüvvədə olan qanunvericiliyə uyğun olduqda.

3. Energetika müqaviləsinin qüvvədə olma müddətinin bu maddənin 2-ci bəndində nəzərdə tutulan hallardan başqa, bir daha yenidən uzadılmasına yol verilmir, lakin podratçının əvvəlki energetika müqaviləsinin ərazisi və fəaliyyət növü ilə bağlı yeni energetika müqaviləsi ilə əlaqədar tenderdə iştirak etmək hüququ vardır.

Maddə 25. Energetika müqaviləsinin dayandırılması

1. Energetika müqaviləsi onun qüvvədə olma müddəti bitənədək yalnız energetika müqaviləsinin özünün şərtlərinə uyğun olaraq və ya aşağıdakı hallarda dayandırıla bilər:

energetika müqaviləsindən imtina edilməsinə əsas verən mühüm dəlillər aşkar edildikdə;

podratçı öz öhdəliklərini yerinə yetirmədikdə;

podratçı energetika müqaviləsi ilə ona verilən hüquqlardan lazımi qaydada istifadə etmədikdə.

2. Energetika müqaviləsi aşağıdakı hallarda dayandırıla bilməz:

podratçı müvafiq icra hakimiyyəti orqanından energetika müqaviləsinin dayandırılması barədə bildiriş alanadək və podratçının fəaliyyətinin energetika müqaviləsi üzrə öhdəliklərə uyğunluğunu sübut etmə müddəti bitənədək;

podratçı tərəfindən öhdəliklərin icra edilməməsi onun təsir sahəsindən kənarda olduqda və onun tərəfindən bu halın qarşısının alınması və ya nəticələrin aradan götürülməsi mümkün olmadıqda (fors-major halları).

3. Qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa, energetika müqaviləsi dayandırıldıqda, onun qüvvədə olma müddəti bu dayandırılma qüvvəyə minən vaxtdan bitir.

4. Qeyri-müəyyən müddətə bağlanılmış energetika müqavilələri hər bir tərəfin arzusu ilə on iki aydan az olmayan müddətə riayət etməklə dayandırıla bilər.

Maddə 26. Energetika müqaviləsinin qüvvədən düşməsi

1. Energetika müqaviləsi qüvvədən düşdükdən sonra keçmiş podratçı müqavilə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilir.

2. Qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanının tələbinə əsasən keçmiş podratçı müqavilə şərtləri ilə nəzərdə tutulan və onun üçün zəruri olan qurulmuş və digər avadanlıqları dövlətə və ya yeni podratçıya ödənişsiz verməlidir. Energetika müqaviləsinin müddətindən artıq olan vaxta fondların amortizasiyasını hesablamaq və beləliklə, podratçının xərclərini azaltmaq üçün xüsusi olaraq baş enerji nəqletmə sistemləri, enerjinin paylanması və yeraltı anbarlar üzrə energetika müqavilələri tam amortizasiya olunmamış, lakin qənaətbəxş işçi halına gətirilmiş qurğulara görə dövlət və ya yeni podratçı tərəfindən iqtisadi cəhətdən əsaslandırılmış ödənişlər nəzərdə tutula bilər. Belə ödənişlər müvafiq icra hakimiyyəti orqanının qərarları və energetika müqaviləsi ilə dəqiqləşdirilə bilər. Fikir ayrılığı yarandıqda, belə ödənişlər müstəqil ekspertlərin rəyi əsasında müəyyən edilir.

3. Keçmiş podratçı dövlətə və ya yeni podratçıya verilmiş qurğulara dair onların ətraf mühitə vura biləcək ziyanın qarşısının alınması və bu qanunun maddələrinə uyğun olaraq bərpa işlərinin aparılması üçün tədbirlər görməlidir.

Maddə 27. Bərpa işləri

1. Podratçının fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşən ərazinin bərpası planı hər bir energetika müqaviləsinə daxil edilməlidir. Energetika müqaviləsi bitənədək podratçı bərpa işlərini aparmalıdır.

2. Texniki cəhətdən mümkün olduqda podratçı müqavilə fəaliyyətində artıq istifadə üçün lazım olmayan müqavilə ərazisinin bərpasını məqbul olan müddət ərzində aparmalıdır. Energetika müqaviləsində podratçı tərəfindən bu öhdəliklərin icrası qaydası göstərilə bilər.

3. Podratçı ilkin bərpa planını müntəzəm olaraq təzələməli və onu müqavilə fəaliyyətinin inkişafına uyğunlaşdırmalıdır. Energetika müqaviləsinin müddətinin bitməsinə bir il qalanadək və ya müqavilədə göstərilən istənilən vaxtda podratçı son bərpa planını təsdiq etməlidir. Bu plan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Cəlb olunmuş bütün tərəfləri dinlədikdən sonra müvafiq icra hakimiyyəti orqanı keçmiş podratçıdan qalmış qurğuların ətraf mühitə vura biləcək zərərinin qarşısını almaq və ya ilkin bərpa planında müəyyən edilmiş nəticələrə nail olmaq üçün son bərpa işləri planına hansı dəyişikliklərin edilməsinin zəruriliyi barədə qərar qəbul edə bilər.

4. Əgər qanunvericiliyə zidd deyilsə, keçmiş podratçı yalnız yuxarıda göstərilən bərpa işlərinin aparılmasından sonra öz daşınmaz əmlakına dair sərəncam verə bilər.

5. Müvafiq icra hakimiyyəti orqanı podratçıdan xüsusi hesabda toplanılan ehtiyatların yaradılmasını, yaxud onun bu maddədə göstərilən öhdəliklərinin energetika müqaviləsinin qüvvədə olduğu müddətdə və bu müddət bitdikdən sonra yerinə yetirilməsi üçün zəruri olan məbləğə dair mö'təbər bankın zəmanətinin təqdim edilməsini tələb edə bilər.

6. Podratçı tərəfindən aparıla bilməyən bərpa işlərinin maliyyələşdirilməsi məqsədilə ayrıca fond yaradılmalıdır. Müvafiq icra hakimiyyəti orqanı göstərilən fonda podratçının ödədiyi haqqın hissəsini və fondun vəsaitlərindən istifadə edilməsinin qaydalarını müəyyən edir.

7. Müvafiq icra hakimiyyəti orqanı bərpa işləri üzrə daha ətraflı qaydalar qəbul edə bilər.

Maddə 28. Yanacaq ehtiyatı

1. Enerji istehsalçıları yanacaq təchizatı sahəsində rəqabət mühitinin yaradılması və enerji istehsalının səmərəliliyinin artırılması məqsədilə yanacaq təchizatı müəssisələrini ölkə daxilində və xaricində sərbəst seçmək hüququna malikdirlər.

2. Enerji istehsalçısının sərbəst şəkildə seçdiyi yanacaq təchizatçısı ilə bağladığı müqaviləyə əsasən alınan yanacaq inhisar obyektləri olan baş enerji nəqletmə sistemləri vasitəsilə maneəsiz, yalnız qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilmiş nəqliyyat, gömrük və digər xərclər ödənilməklə istehsalçıya çatdırılır.

3. Enerji təchizatının e'tibarlılığını tə'min etmək məqsədilə energetika müəssisələrində yanacaq ehtiyatı yaradılır. Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

VI fəsil

Daşınmaz əmlaka daİr hüquqlar

Maddə 29. Daşınmaz əmlaka dair hüquqların verilməsi

1. Bu Qanun Torpaq Məcəlləsinə və Yerin təki haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq energetika sahəsində fəaliyyət göstərmək üçün podratçıya torpaqdan və yerin təkindən istifadə etmək hüququ verir.

2. Torpaq sahəsi sahibinin və ya istifadəçisinin dövlət və ya qeyri-dövlət müəssisəsi olmasından asılı olmayaraq, bu torpaq sahəsinin yerləşdiyi ərazidə (Azərbaycan Respublikasının daxili suları və həmçinin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) enerji materiallarının yataqlarında, yaxud bu torpaq sahəsinin üstündə, içində və ya altında podrat&cced