Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanmış Memorandum təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandum qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 mart 2020-ci il

                   956


Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında

 

MEMORANDUM

 

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq), hər iki Tərəfin dövlətlərinin enerji potensialının səmərəli istifadəsi və rifahının yaxşılaşdırılması məqsədilə,

iki Tərəfin dövlətlərinin arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsini və inkişafını yüksək qiymətləndirərək,

daim genişlənən iqtisadi və sosial inkişaf üçün enerji sektorunda əməkdaşlığın vacibliyini anlayaraq,

beynəlxalq hüququn ümumi tanınmış norma və prinsiplərini rəhbər tutaraq, aşağıdakılar barədə razılaşdılar:

 

Maddə 1

Məqsədlər

 

Tərəflər energetika sahəsində və bu sahənin təsərrüfat subyektləri arasında əlaqələrin yaradılmasında əməkdaşlığı milli qanunvericiliklərinə uyğun olaraq və öz səlahiyyətləri çərçivəsində inkişaf etdirəcəklər.

Tərəflər hər iki Tərəfin dövlətlərində energetika sahəsinə investisiya qoyuluşunun təşviq edilməsi üçün birgə fəaliyyət göstərəcəklər.

 

Maddə 2

Əməkdaşlıq sahələri

 

Tərəflər energetika sahəsində aşağıdakı sahələr üzrə əməkdaşlıq edəcəklər:

Tərəflər arasında neft-qaz və neft emalı sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi;

- alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və Azərbaycan Respublikasının və Ukraynanın enerji səmərəliliyi sahəsində;

- elektroenergetika sahəsində yeni texnologiyaların tətbiqi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq.

Tərəflər arasında qarşılıqlı maraq olduğu təqdirdə, əməkdaşlığın forma və metodları və maliyyə öhdəliklərinin şərtləri barədə ayrıca müqavilələr bağlana bilər.

 

Maddə 3

Əməkdaşlıq formaları

 

Tərəflər energetika sahəsində əməkdaşlığı aşağıdakılar vasitəsilə inkişaf etdirmək niyyətindədirlər:

- ətraf mühitin təhlükəsizliyi, qanunlar, qaydalar və energetika sektoru ilə bağlı digər məsələlər haqqında məlumat mübadiləsi;

- energetika sahəsinə investisiya və sahibkarlıq fəaliyyətlərinin təşviqi;

- dövlət şirkətləri və özəl şirkətlər arasında əməkdaşlığın təşviqi;

- Azərbaycan Respublikasında və Ukraynada alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində görülən işlərin öyrənilməsi məqsədilə təcrübə mübadiləsi və qarşılıqlı faydalılığa əsaslanaraq, hər iki Tərəfin dövlətinin enerji sektoruna investisiya qoyuluşunun inkişafı;

- enerji sektorunda qarşılıqlı maraq doğuran birgə layihələrin tədqiqi və həyata keçirilməsi;

- elmi-texniki tədqiqat layihələrinin həyata keçirilməsi, birgə seminarlar, konfranslar, forumların keçirilməsi və energetika sektorunda inkişaf və təhsil üzrə proqramların təmin edilməsi məqsədilə təlim kurslarının təşkili;

- elektroenergetika və enerji təhlükəsizliyi sahələrində mütəxəssislər arasında təcrübə mübadiləsi;

- birgə treninq, seminar, konfrans, forumların keçirilməsi;

- Tərəflərin qarşılıqlı qərarı ilə qəbul edilmiş hər hansı başqa əməkdaşlıq formaları.

 

Maddə 4

Əlavə və dəyişikliklər

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Memoranduma ayrıca Protokollarla rəsmiləşdirilən, onun ayrılmaz hissəsi olan və bu Memorandumun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada qüvvəyə minən dəyişiklik və əlavələr edilə bilər.

 

Maddə 5

Fikir ayrılıqlarının həlli

 

Bu Memorandumun müddəalarının təfsiri və tətbiqi ilə bağlı fikir ayrılıqları Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.

 

Maddə 6

Konfidensiallıq

 

Bu Memoranduma uyğun olaraq əldə edilən məlumatlar konfidensialdır və yalnız bu Memorandumun məqsədləri üçün istifadə edilə bilər. Bu məlumat digər məqsədlər üçün yalnız onu təqdim edən Tərəfin yazılı razılığı ilə istifadə edilə bilər.

Tərəflərin bu öhdəlikləri bu Memorandumun ləğv edilməsindən sonra 5 (beş) il müddətində qüvvədə qalır.

 

Maddə 7

Digər beynəlxalq müqavilələrə qarşılıqlı münasibət

 

Bu Memorandum Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.

 

Maddə 8

Qüvvəyə minmə, müddət və ləğv etmə

 

Bu Memorandum 5 (beş) il müddətinə bağlanılır və Tərəflərin dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Tərəflərdən biri bu Memorandumu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə növbəti müddətin bitməsindən 6 (altı) ay öncə məlumat vermədiyi təqdirdə, bu Memorandum avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.

Kiyev şəhərində 2020-ci il 31 yanvar tarixində iki əsl nüsxədə olmaqla, hər biri Azərbaycan, Ukrayna və rus dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Memorandumun ayrı-ayrı müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər rus dilindəki mətnə üstünlük verəcəklər.

 

Azərbaycan Respublikasının

Ukraynanın Energetika və Ətraf

Energetika Nazirliyi adından

Mühitin Mühafizəsi Nazirliyi adından

(imza)

(imza)