“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qərara alıram:

1. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin.

2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin dövlət adından yaradılmış publik hüquqi şəxslər:

2.1. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra – Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etsinlər;

2.2. Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada göndərsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Milli Məclisinə, Ali Məhkəməsinə, Baş Prokurorluğuna, Hesablama Palatasına, İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) və yerli özünüidarəetmə orqanlarına tövsiyə olunsun ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki:

5.1. Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

5.2. Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etsin, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün;

5.3. Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırsın.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 fevral 2020-ci il

    1859

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı

 

Ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatlar uğurla davam etdirilir.

İcrası başa çatmış “Açıq hökumətin təşviqinə dair 2016–2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması, vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsi, maliyyə şəffaflığının təmin edilməsi və korrupsiyanın qarşısının alınması sahəsində mühüm tədbirlər görülmüşdür.

Ölkədə sosial-iqtisadi və inzibati sahələrdə davamlı olaraq həyata keçirilən tədbirləri, o cümlədən ölkədə biznes mühitinin əlverişliliyinin daha da yüksəldilməsi, əmlakın qeydiyyatının asanlaşdırılması, elektron satınalma, kreditlərin əlçatanlığı, vergi və gömrük inzibatçılığının sadələşdirilməsi, biznes dairələrinə göstərilən dövlət dəstəyinin artırılması sahəsində görülən tədbirləri nüfuzlu beynəlxalq təşkilatlar yüksək qiymətləndirmiş, “Doing Business” hesabatına əsasən Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilmişdir.

Dövlət xidmətlərinin həyata keçirilməsində müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmuş, bu sahədə davamlı inkişafın təmin edilməsi üçün mühüm tədbirlər görülmüşdür. Belə ki, 42 dövlət qurumunun inteqrasiya edildiyi Elektron Hökumət İnformasiya Sistemi tərəfindən ümumilikdə 450-dən çox elektronlaşdırılmış xidmətin təqdim olunması təmin edilmişdir. Hazırda portalın bir milyondan çox istifadəçisi mövcuddur və vətəndaşlar müxtəlif dövlət xidmətləri ilə əlaqədar hər ay orta hesabla 2,5 milyon dəfə portaldan istifadə edirlər.

2019-cu ildə ölkədə yeni elektron satınalma modelinə keçid təmin edilmişdir. Yeni yaradılmış dövlət satınalmalarının vahid internet portalı satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkilini təmin edir. Sistem vasitəsilə elektron satınalma elanları verilir, təkliflər elektron formada təqdim olunur, satınalmaların nəticələri avtomatik rejimdə müəyyən olunur və müqavilələr elektron formada bağlanaraq, ödənişlər elektron qaydada həyata keçirilir. Bununla da elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. 2019-cu ildə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən elektron satınalmalar nəticəsində 6.291 müqavilə bağlanmışdır.

Dövlət xidmətlərinin müasir informasiya-kommunikasiya texnologiyalarından və innovativ metodlardan istifadə etməklə elektronlaşdırılması sahəsində əldə edilən nailiyyətlər nəzərə alınaraq, 2019-cu il iyunun 24-də Bakı şəhərində keçirilmiş “Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu” çərçivəsində ölkəmiz rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Birləşmiş Millətlər Təşkilatının xüsusi mükafatına layiq görülmüşdür.

Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində görülən sistemli tədbirlər bilavasitə cəmiyyətin həyatında və biznes mühitinin yaxşılaşmasında əksini tapmaqla bərabər, bu sahədə tədqiqatlar aparılmasında ixtisaslaşmış beynəlxalq təşkilatların diqqətindən də yayınmamış, bu baxımdan Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Açıq hökumət prinsipləri nəzərə alınmaqla vətəndaş cəmiyyəti institutları ilə əlaqələri daha da dərinləşdirmək, qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin artırılmasını təmin etmək və vətəndaş cəmiyyəti institutları ilə ünsiyyətin yeni formatını təsbit etmək məqsədilə yaradılmış “Açıq hökumət tərəfdaşlığı Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” ötən il ərzində uğurla fəaliyyət göstərmiş, onun vasitəsilə ictimai həyatın müxtəlif sahələrini əhatə edən geniş spektrli mövzular müzakirə edilmiş və mühüm qərarlar qəbul edilmişdir. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” bu platformada keçirilən müzakirələrin növbəti nəticəsidir.

Bu Fəaliyyət Planı ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir.

 

 


Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı

 

Tədbirin adı

Qiymətləndirmə indikatoru

İcraçı / Tövsiyə

İcra müddəti

1. Korrupsiyanın qarşısının alınması və dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər

1.1.

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, korrupsiya risklərinin müəyyən edilməsinə, təhlilinə və qarşısının alınmasına dair metodologiyanın hazırlanması

Metodologiyanın hazırlanması və ondan istifadə imkanları

Tövsiyə edilir: Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2020

1.2.

Dövlət qurumları tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı illik tədbirlər planlarının hazırlanması, həmin tədbirlər planlarının icrası barədə hesabatın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilən hesabatlar

İcraçılar: mərkəzi icra hakimiyyəti orqanları və dövlət adından yaradılmış publik hüquqi şəxslər

 

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2020-2022

1.3.

Korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəbləri, xüsusiyyətləri, səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi

Dəstəklənmiş layihələr

İcraçı: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2020-2022

1.4.

Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi

Həyata keçirilmiş tədbirlər

İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi

 

Tövsiyə edilir: Milli Məclis, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2020-2022

1.5.

Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı elektron-təlim kursunun təşkili

Elektron-təlim kursunun fəaliyyəti

İcraçı: Dövlət İmtahan Mərkəzi

 

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2020

1.6.

Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi

Dəstəklənmiş layihələr

İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılmış publik hüquqi şəxslər

2020-2022

1.7.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılma işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən “161 - qaynar xətt” əlaqə mərkəzinin texniki və insan resursu imkanlarının genişləndirilməsi, vahid elektron müraciət portalının (161 .az) yaradılması

“161 - qaynar xətt” əlaqə mərkəzinin imkanlarının genişləndirilməsi və portalın yaradılması ilə bağlı görülən tədbirlər

Tövsiyə edilir: Baş Prokurorluq

2020-2022

1.8.

Vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) müraciətlər üçün vahid qaynar xəttin yaradılması

Qaynar xəttin yaradılması ilə əlaqədar tədbirlər

Tövsiyə edilir: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

2020

1.9.

Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması

Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı görülmüş işlər barədə məlumatların rəsmi internet səhifələrində yerləşdirilməsi

İcraçılar: Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılmış publik hüquqi şəxslər

2020-2022

1.10.

Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi

Əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər

Tövsiyə edilir: Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2020-2022

2. Maliyyə şəffaflığının təmin edilməsi sahəsində tədbirlər

2.1.

Növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilənədək açıqlanması

Məlumatların Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi

İcraçı: Maliyyə Nazirliyi

2020-2022

2.2.

Dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi

Dövlət büdcəsinin layihəsi ilə bağlı keçirilən müzakirələr

İcraçı: Maliyyə Nazirliyi

 

Tövsiyə edilir: Milli Məclis

2020-2022

2.3.

Dövlət büdcəsinin və icmal büdcənin icra göstəriciləri barədə məlumatların müvafiq hesabat dövründən sonrakı ayın sonuna kimi açıqlanması

Məlumatların Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi

İcraçı: Maliyyə Nazirliyi

2020-2022

2.4.

Növbəti büdcə ili üzrə təsdiq olunmuş büdcənin xərcləri (büdcə proqramları üzrə xərclər daxil) və gəlirləri barədə kateqoriyalar üzrə məlumatların açıqlanması

Məlumatların Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi

İcraçı: Maliyyə Nazirliyi

2020-2022

2.5.

Növbəti büdcə ili üzrə təsdiq olunmuş dövlət borcunun göstəricilərinin (yeni borclanmalar, ümumi borclanmanın məbləği və ödəniləcək faizlər) açıqlanması

Məlumatların Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi

İcraçı: Maliyyə Nazirliyi

2020-2022

2.6.

Dövlət istiqrazlarının buraxılışı üzrə keçirilən hərracların nəticələrinin açıqlanması

Məlumatların Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi

İcraçı: Maliyyə Nazirliyi

2020-2022

2.7.

Azərbaycan Respublikasının xarici dövlət borcu barədə məlumatların açıqlanması

Məlumatların Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi

İcraçı: Maliyyə Nazirliyi

2020-2022

2.8.

Dövlət büdcəsinin və icmal büdcənin layihələrinin, habelə dövlət büdcəsinin icrası ilə bağlı hesabatlar üzrə ictimai maarifləndirmə tədbirlərinin artırılması

İctimai maarifləndirmə ilə bağlı keçirilən tədbirlər

İcraçı: Maliyyə Nazirliyi

2020-2022

2.9.

Dövlət maliyyə nəzarətini həyata keçirən orqanlar tərəfindən nəzarət tədbirlərinin nəticələrinin açıqlanması

Məlumatların rəsmi internet səhifələrində yerləşdirilməsi

İcraçılar: Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi

 

Tövsiyə edilir: Hesablama Palatası

2020-2022

2.10.

Nizamnamə kapitalında dövlətə məxsus payları (səhmləri) olan iri dövlət müəssisələrinin, büdcədənkənar dövlət fondlarının illik maliyyə hesablarının açıqlanması

Məlumatların müvafiq dövlət orqanlarının rəsmi internet informasiya ehtiyatlarında yerləşdirilməsi

İcraçılar: nizamnamə kapitalında dövlətə məxsus payları (səhmləri) olan iri dövlət müəssisələri, büdcədənkənar dövlət fondları

2020-2022

2.11.

Dövlət satınalmalarının vahid internet portalının funksionallığının artırılması, burada yerləşdirilən məlumatların dairəsinin genişləndirilməsi

Portalın fəaliyyətinin genişləndirilməsi ilə bağlı görülən tədbirlər

İcraçılar: İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi

2020-2022

2.12.

Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrasına dair Hesablama Palatasının rəylərinin və Hesablama Palatasının illik fəaliyyəti haqqında yarımillik və illik hesabatların Palatanın rəsmi internet informasiya ehtiyatında açıqlanması

Məlumatların rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi ilə bağlı tədbirlər

Tövsiyə edilir: Hesablama Palatası

2020

3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər

3.1.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin (bundan sonra - risk qiymətləndirilməsi) dövri qaydada keçirilməsini təmin etmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və koordinasiya mexanizminin yaradılması

Müvafiq normativ hüquqi aktın hazırlanması və qəbul edilməsi

İcraçılar: Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti, Ədliyyə Nazirliyi

 

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2020

3.2.

Risk qiymətləndirilməsinin keçirilməsi üçün zəruri olan metodologiyanın müəyyən edilməsi

Metodologiyanın müəyyən edilməsi ilə bağlı görülən tədbirlər

İcraçılar: İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti

2020

3.3.

Risk qiymətləndirilməsi üçün zəruri olan statistik və digər zəruri məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi və ümumiləşdirilməsi

Məlumatlardan risk qiymətləndirilməsinin keçirilməsində istifadə edilməsi

İcraçılar: İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti, Dövlət Statistika Komitəsi, Daxili İşlər Nazirliyi və aidiyyəti dövlət qurumları

 

Tövsiyə edilir: Baş Prokurorluq

2020-2022

3.4.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş nəzarət orqanlarının nəzarət etdikləri monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə illik sahəvi risk qiymətləndirilməsi aparmaları və nəticələr barədə maliyyə monitorinqi orqanını məlumatlandırmaları

Sahəvi risk qiymətləndirilməsi ilə əlaqədar təqdim edilən illik məlumatlar

İcraçılar: Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

 

Tövsiyə edilir: Mərkəzi Bank, Auditorlar Palatası, Vəkillər Kollegiyası

2020-2022

3.5.

Cinayət təqibi orqanlarının istintaq aidiyyətinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına şərait yaradan cinayətlər üzrə illik risk qiymətləndirilməsi aparmaları və nəticələr barədə maliyyə monitorinqi orqanını məlumatlandırmaları

Risk qiymətləndirilməsinin nəticələrinə dair təqdim edilən illik məlumatlar

İcraçılar: Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Maliyyə Monitorinqi Xidməti

 

Tövsiyə edilir: Baş Prokurorluq

2020-2022

3.6.

Risk qiymətləndirilməsi metodologiyasına uyğun olaraq nağd pulla, qiymətli kağızlarla, hüquqi şəxslərlə, daşınmaz əmlakla və nəqliyyat vasitələri ilə əməliyyatlardan, idxal-ixrac əməliyyatlarından cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi risklərinin, trendlərinin və tipologiyalarının müəyyənləşdirilməsinə dair illik təhlillər aparılması

Hazırlanmış təhlil sənədləri

İcraçılar: Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Maliyyə Monitorinqi Xidməti

 

Tövsiyə edilir: Mərkəzi Bank, Milli Depozit Mərkəzi

2020-2022

3.7.

Risk qiymətləndirilməsinin nəticələrinə dair hesabatların açıqlanması və hesabatlar barədə aidiyyəti dövlət qurumlarının, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanlarının, monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin məlumatlandırılması

Risk qiymətləndirilməsinin nəticələri barədə məlumatlandırma tədbirləri

İcraçılar: İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti

2020-2022

3.8.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının qanunvericilikdə təsbit edilməsi, o cümlədən benefisiar mülkiyyətçi barədə məlumatların müəyyən edilməsinə dair normativ hüquqi aktların təkmilləşdirilməsi

Hazırlanmış normativ hüquqi aktlar

İcraçılar: Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti

2020-2021

3.9.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığın təmin edilməsi və həyata keçirilən qiymətləndirmə prosedurlarına hazırlığın təmin edilməsi məqsədilə müvafiq tədbirlər planının hazırlanması

Tədbirlər planının qəbul edilməsi

İcraçılar: Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti və aidiyyəti dövlət qurumları

 

Tövsiyə edilir: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya

2020

4. Dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər

4.1.

Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə həmin xidmətlər üçün tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə dövlət orqanlarına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi

Dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar elektron qaydada əldə olunan və təqdim edilən sənədlərin sayı

İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər

2020-2022

4.2.

Dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması

Qeyd edilən prinsipin təsbit edildiyi normativ hüquqi aktlar, bu prinsipə əsaslanan elektron xidmətlər

İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, aidiyyəti dövlət orqanları

2020-2022

4.3.

Yerli icra hakimiyyəti orqanlarının vətəndaşların müraciətlərini elektron qaydada qəbul etməsi işinin təkmilləşdirilməsi, habelə yerli icra hakimiyyəti orqanlarının göstərdikləri elektron xidmətlərin sayının artırılması üçün tədbirlər görülməsi

Yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən yeni elektron xidmətlərin sayı

İcraçılar: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, yerli icra hakimiyyəti orqanları

2020-2022

4.4.

Məhkəmə qərarları ilə dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının inzibati aktlarının ləğv edilməsinin, hərəkət və ya hərəkətsizliklərinin qanunsuz hesab edilməsinin səbəblərinə dair illik ümumiləşdirmələrin keçirilməsi və aidiyyəti orqanlara təqdim edilməsi

Ümumiləşdirmələrin keçirilməsi üzrə tədbirlər

Tövsiyə edilir: Ali Məhkəmə

2020-2022

4.5.

Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət” indeksi əsasında qiymətləndirilməsinin nəticələri əsasında dövlət xidmətlərinin təkmilləşdirilməsi mexanizminin yaradılması

Dövlət xidmətlərinin təkmilləşdirilməsinin təşkili üzrə görülən tədbirlər

İcraçılar: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi

2020-2022

4.6.

İstismarına icazə verilməmiş çoxmənzilli binalarda mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı mexanizminin təkmilləşdirilməsi və fəaliyyətinin təmin edilməsi, belə mənzillərə dair hüquqların internet informasiya resursu vasitəsilə real vaxt rejimində yoxlanılması üçün müvafiq şərait yaradılması

Vahid informasiya bazası və yeni mexanizmin fəaliyyətinin təmin edilməsi

İcraçılar: Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

2020-2021

4.7.

Elektron Hökumət infrastrukturunun təkmilləşdirilməsi və Elektron Hökumət İnformasiya Sisteminə qoşulan informasiya sistemləri və ehtiyatlarının sayının artırılması

“Elektron hökumət informasiya sistemi”nə qoşulan informasiya sistemləri və ehtiyatlarının sayı

İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, aidiyyəti dövlət qurumları

2020-2022

4.8.

“Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması üçün tədbirlər görülməsi, sistemin ölkənin bütün regionlarında olan məhkəmələrdə tətbiqinin təmin edilməsi

“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yeni funksiyaların yerinə yetirilməsi və sistemin bütün məhkəmələri əhatə etməsi üzrə görülən tədbirlər

İcraçı: Ədliyyə Nazirliyi

2020-2022

4.9.

Fiziki və hüquqi şəxslərə “Elektron notariat” və “Elektron icra” informasiya sistemləri vasitəsilə göstərilən elektron xidmətlərin sayının artırılması

İnformasiya sistemləri vasitəsilə həyata keçirilən elektron xidmətlərin sayı

İcraçı: Ədliyyə Nazirliyi

2020-2021

4.10.

Dövlət qurumlarının informasiya ehtiyatlarında şəxsin ona aid olan məlumatları dəqiqləşdirməsi imkanını təmin edən elektron xidmətin yaradılması

Elektron xidmətin yaradılması ilə bağlı tədbirlər

İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, aidiyyəti dövlət qurumları

2021-2022

4.11.

“Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi

“Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı hazırlanmış təkliflər

İcraçılar: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

2020-2021

4.12.

İctimai xarakter daşıyan kommunal, yol, nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə aidiyyəti dövlət qurumlarına təqdim olunması üçün elektron portalın və müvafiq mobil tətbiqin yaradılması, pilot layihə kimi Bakı şəhərində həyata keçirilməsi

Elektron portalın və pilot layihənin hazırlanması

İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Maliyyə Nazirliyi

2021-2022

5. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişləndirilməsi, ictimai nəzarətin və ictimai iştirakçılığın artırılması sahəsində tədbirlər

5.1.

Açıq Hökumət prinsiplərinə müvafiq olaraq vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin artırılması

Qeyri-hökumət təşkilatlarının cəlb edildiyi tədbirlərin və dəstəklənmiş layihə və təşəbbüslərinin sayı

İcraçı: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2020-2022

5.2.

Qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatının sadələşdirilməsi, elektronlaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması və qəbul edilməsi

Hazırlanmış təkliflər paketi və qəbul edilmiş normativ hüquqi aktlar

İcraçı: Ədliyyə Nazirliyi

2020-2021

5.3.

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması prosedurlarının sadələşdirilməsi, elektronlaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması və qəbul edilməsi

Hazırlanmış təkliflər paketi və qəbul edilmiş normativ hüquqi aktlar

İcraçı: Ədliyyə Nazirliyi

2020-2021

5.4.

Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi

Qeyri-hökumət təşkilatlarının iştirakının genişləndirilməsi ilə bağlı hazırlanmış təkliflər, qeyri-hökumət təşkilatlarının iştirakının təmin edildiyi iclasların, işçi qrupları və komissiyaların sayı

İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları

 

Tövsiyə edilir: Milli Məclis

2020-2022

5.5.

İctimai şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi

İctimai şuraların fəaliyyəti ilə bağlı məlumatlar

İcraçılar: mərkəzi və yerli icra hakimiyyət orqanları, dövlət adından yaradılmış publik hüquqi şəxslər

2020-2022

5.6.

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi

Platformanın fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər

İcraçılar: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyət orqanları, dövlət adından yaradılmış publik hüquqi şəxslər

2020-2022

6. İnformasiya əldə edilməsinin təmin olunması sahəsində tədbirlər

6.1.

İnformasiyanın açıqlanması prosedurlarının təkmilləşdirilməsi, habelə açıq məlumatlardan istifadə edilməsini təmin etmək üçün müvafiq mexanizm və şərtlərin müəyyən edilməsi ilə bağlı "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilik aktlarında dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanması

Təqdim edilmiş normativ hüquqi aktların layihələri

İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2020-2021

6.2.

İnformasiyanın açıqlanması məqsədilə beynəlxalq standartlara uyğun məlumat toplularının formalaşdırılması ilə bağlı qaydaların müəyyən edilməsi

Hazırlanmış qaydalar

İcraçılar: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2020-2021

6.3.

Dövlət qurumlarının rəsmi internet informasiya ehtiyatlarında “Açıq məlumatlar” bölməsinin yaradılması

Müvafiq bölmənin yaradılması ilə bağlı tədbirlər

İcraçılar: mərkəzi və yerli icra hakimiyyəti orqanları

2021-2022

6.4.

İnformasiyanın açıqlanması ilə bağlı tələblər, habelə açıq məlumatlardan istifadənin genişləndirilməsinin faydaları barədə ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına dəstək verilməsi

Keçirilmiş ictimai maarifləndirmə tədbirləri, təlim və treninqlər

İcraçı: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2020-2022

7. Yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi sahəsində tədbirlər

7.1.

Bələdiyyələrin milli assosiasiyalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən ictimai şuranın yaradılması

İctimai şuranın yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər

İcraçı: Ədliyyə Nazirliyi

 

Tövsiyə edilir: bələdiyyələrin milli assosiasiyaları

2020

7.2.

Kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından istifadə etməklə yerli büdcənin hesabatlılığının təmin edilməsi

Yerli büdcələr barədə məlumatların ictimaiyyətə çatdırılması üzrə tədbirlər

İcraçı: Ədliyyə Nazirliyi

 

Tövsiyə edilir: bələdiyyələrin milli assosiasiyaları

2020-2022

7.3.

Bələdiyyələrin internetə çıxışının artırılması, bələdiyyələrin internet səhifələrinin açılması və aktiv fəaliyyət göstərməsinin təmin edilməsi

Bələdiyyələrdə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi üzrə tədbirlər

İcraçılar: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi

 

Tövsiyə edilir: bələdiyyələrin milli assosiasiyaları

2020-2022

7.4.

Bələdiyyələrlə iş portalının yaradılması

Bələdiyyələrlə işin səmərəliliyinin artırılması və aşkarlığın təmin edilməsi ilə bağlı tədbirlər

İcraçılar: Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi

 

Tövsiyə edilir: bələdiyyələrin milli assosiasiyaları

2020-2022

8. Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması sahəsində tədbirlər

8.1.

Kölgə iqtisadiyyatının aradan qaldırılması, sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflıq, korrupsiyaya qarşı mübarizə və hesabatlılıq tələblərinin gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanması

Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması ilə bağlı hazırlanmış təkliflər

İcraçılar: Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi

 

Tövsiyə edilir: Baş Prokurorluq

2020-2021

8.2.

Kommersiya və qeyri-kommersiya qurumları üçün antikorrupsiya və etik davranış qaydaları ilə bağlı təlim və treninqlərin keçirilməsi

Keçirilmiş təlim və treninqlər

İcraçılar: İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi

2020-2022

8.3.

“Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının (İSO 37001 “Anti-bribery Management Sistems”) özəl sektorda tətbiqi ilə bağlı maarifləndirmə və dəstək tədbirlərinin həyata keçirilməsi

Keçirilmiş ictimai maarifləndirmə və dəstək tədbirləri

İcraçı: İqtisadiyyat Nazirliyi

2020-2022

9. Əhaliyə göstərilən kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması sahəsində tədbirlər

9.1.

Kommunal xidmətlərin elektronlaşdırılması işinin genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanması və müvafiq tədbirlər görülməsi

Kommunal xidmətlərin elektronlaşdırılması və bu sahədə səmərəliliyin artırılması sahəsində tədbirlər görülməsi

İcraçılar: Nazirlər Kabineti, Energetika Nazirliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2020-2022

9.2.

Qanunvericilikdə təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi

Müvafiq normativ hüquqi aktların qəbul edilməsi

İcraçılar: Nazirlər Kabineti, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi

2020

9.3.

Kommunal Xidmətlər Vahid İnformasiya Sistemində kommunal xidmətlərlə bağlı rəy, təklif və şikayətlərin qəbulu bölməsinin yaradılması

Bölmənin yaradılması ilə bağlı görülmüş tədbirlər

İcraçılar: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2020

9.4.

Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılması

Çağrı Mərkəzinin yaradılması ilə bağlı görülmüş tədbirlər

İcraçılar: Nazirlər Kabineti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Energetika Nazirliyi, Maliyyə Nazirliyi

2020-2022