Elektrik və istilik enerjisi, habelə qaz
təchizatı sahəsində payız-qış mövsümünə
hazırlıq işlərinin aparılması
Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Elektrik və istilik enerjisi, habelə qaz
təchizatı sahəsində nəzarətin həyata
keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2018-ci
il 16 iyul tarixli 204 nömrəli
Fərmanının 2.3.4-cü yarımbəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Elektrik və istilik enerjisi, habelə qaz
təchizatı sahəsində payız-qış mövsümünə
hazırlıq işlərinin aparılması Qaydası
təsdiq edilsin (əlavə olunur).
2.
Bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra
qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Bakı
şəhəri, 24 fevral 2020-ci il
№ 65
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli
Qərarı ilə təsdiq
edilmişdir. |
Elektrik və istilik enerjisi, habelə qaz
təchizatı sahəsində payız-qış mövsümünə
hazırlıq işlərinin aparılması
QAYDASI
1. Ümumi müddəalar
1.1.
Bu Qayda Elektrik və istilik enerjisi, habelə qaz
təchizatı sahəsində nəzarətin həyata
keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204
nömrəli Fərmanının 2.3.4-cü yarımbəndinin icrasının
təmin edilməsi məqsədilə
hazırlanmışdır və elektrik və istilik enerjisi,
habelə qaz təchizatı sahəsində
payız-qış mövsümünə hazırlıq işlərinin
aparılması qaydasını müəyyən edir.
1.2.
Bu Qaydanın tələblərinin yerinə
yetirilməsinə nəzarəti səlahiyyətli
nəzarət qurumu həyata keçirir.
2. Əsas anlayışlar
2.1.
Bu Qaydada istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.1.
payız-qış mövsümünə
hazırlıq obyektləri elektrik və istilik enerjisinin
istehsalını, ötürülməsini, paylanılmasını və
satışını, həmçinin təbii qazın nəqlini,
paylanılmasını təmin edən obyektlər;
2.1.2.
təchizatçı təbii
qazın nəqlini, paylanılmasını,
satışını, habelə elektrik və istilik enerjisinin
istehsalını, ötürülməsini, paylanılmasını və
satışını həyata keçirən
müəssisələr;
2.1.3.
məsul subyekt
təchizatçının tabeliyində olan və
payız-qış mövsümünə hazırlıq obyektlərinin
idarə edilməsini həyata keçirən qurumlar;
2.1.4.
səlahiyyətli nəzarət
qurumu Azərbaycan Respublikası Energetika Nazirliyinin
tabeliyində Enerji Məsələlərini
Tənzimləmə Agentliyi;
2.1.5.
mövsümi hazırlıq
payız-qış mövsümünə hazırlıq obyektlərinin
mövsümə hazırlanması üzrə tədbirlər kompleksi;
2.1.6.
hazırlıq aktı
payız-qış mövsümünə hazırlıq obyektlərinin
mövsümə hazır olması barədə işçi komissiya
tərəfindən tərtib edilən, mövsümi hazırlıq
sisteminə daxil olan və kommunal xidmətlərin vahid
informasiya sisteminə inteqrasiya edilən rəsmi sənəd;
2.1.7.
işçi komissiya məsul subyekt
tərəfindən yaradılan və payız-qış
mövsümünə hazırlıq obyektlərinin mövsümi
hazırlığını təşkil edən komissiya;
2.1.8.
mövsümi hazırlıq
komissiyası payız-qış mövsümünə
hazırlıq obyektlərinin mövsümi
hazırlığını qiymətləndirən komissiya;
2.1.9.
monitorinq
payız-qış mövsümünə hazırlıq obyektlərinin
payız-qış mövsümünə hazır olmasının
yoxlanılması üsulu;
2.1.10.
mövsümi hazırlıq sistemi
məsul subyektlər tərəfindən təşkil
edilən və real vaxt rejimində nəzarət qurumu üçün heç
bir məhdudiyyət müəyyən edilmədən əlçatan
olan, kommunal xidmətlərin vahid informasiya sisteminə
inteqrasiya edilən elektron məlumat sistemi.
3. Payız-qış mövsümünə hazırlıq
işləri
3.1.
Təchizatçı tərəfindən payız-qış
mövsümünə hazırlıq vahid prinsiplər əsasında
təşkil olunur.
3.2.
Payız-qış mövsümünə hazırlıq
mərhələsi sonuncu payız-qış mövsümündə
qüvvədə olan normativlərdən kənaraçıxmaların
və qüsurların mövcudluğu haqqında məlumatların
sistemləşdirilməsini və emalını,
avadanlığın texniki vəziyyətini, faktiki iş
rejimlərinin və istismarının səviyyəsinin
təhlilini, təmirin həcminin
dəqiqləşdirilməsini, təşkilati-texniki
tədbirlərin siyahısının tərtib edilməsini, təmir
və tikinti-quraşdırma işlərinin maddi-texniki
təminatının, layihə-smeta sənədlərinin
hazırlanmasını, bununla bağlı tədbirlər
planının təsdiq edilməsini və təmir-bərpa
işlərinin görülməsi üçün podratçılarla
müqavilələrin bağlanılmasını ehtiva edir.
3.3.
Payız-qış mövsümünə hazırlıq
mərhələsində aşağıdakı
tədbirlərin icrası həyata keçirilir:
3.3.1.
istehsalat, ictimai və infrastruktur sistemlərinə texniki
baxışın keçirilməsi və qüsur aktlarının
tərtib olunması;
3.3.2.
payız-qış mövsümünə hazırlıq obyektlərinin
payız-qış mövsümünə hazırlıq üzrə sonuncu
mövsümün nəticələri və texniki baxış
əsasında hazırlanmış qüsur aktları
nəzərə alınmaqla, tədbirlərin
hazırlanması və tədbirlər planının
təsdiq edilməsi.
3.4.
İşçi komissiyasının baxışı zamanı
aşağıdakılar müəyyən edilir:
3.4.1.
payız-qış mövsümünə hazırlıq obyektlərinin
texniki vəziyyəti;
3.4.2.
istehlakçıların qazla, istilik və elektrik enerjisi ilə
təchizatının etibarlılığı, həmçinin
sonuncu payız-qış mövsümündə təchizat
sistemlərinin istehsalat rejimlərinə uyğunluğuna
riayət olunması;
3.4.3.
cari və əsaslı təmirlərin
planlaşdırılması;
3.4.4.
avadanlıqların təmiri və ya əvəz edilməsi
zamanı təmirlərarası normativ müddətlərə
riayət olunması;
3.4.5.
maddi-texniki təminatın təşkili və
planlaşdırılan təmir işlərinin materiallarla,
ehtiyat hissələri və avadanlıqlarla təchizatı;
3.4.6.
məsul subyektlərin ixtisaslaşdırılmış
istismar və təmir personalı (heyəti) ilə təmin
edilməsi, təmir briqadalarının texnika ilə,
alətlərlə, həmçinin işlərin təhlükəsiz
yerinə yetirilməsi üçün mühafizə vasitələri və
cihazları ilə təchiz olunması;
3.4.7.
payız-qış mövsümünə hazırlıq obyektlərinin
avadanlıqlarının və sistemlərinin istismarı
zamanı sənaye, yanğın və ekoloji
təhlükəsizlik tələblərinin yerinə
yetirilməsi.
3.5.
Payız-qış mövsümünə hazırlıq obyektlərinin
mühəndis-texniki təminatı sistemlərinə baxış
onların inşaat konstruksiyalarının baxışı
ilə eyni zamanda həyata keçirilir. Xüsusi olaraq, normativ
xidmət müddətləri keçmiş avadanlıqlara və
konstruksiyalara, həmçinin istismarın birinci ilində
yenidən tikilmiş və ya əsaslı surətdə
təmir edilmiş binalara və tikintilərə baxış
keçirilir.
4. İstilik təchizatı qurumlarının
payız-qış mövsümünə hazırlığı
4.1.
İstilik təchizatı qurumları istilik enerjisi
təchizatı sistemlərinin və
şəbəkələrinin sonuncu payız-qış mövsümü
ərzində fəaliyyətinin təhlili əsasında
qüvvədə olan qaydaları və səlahiyyətli
nəzarət qurumunun məcburi göstərişlərini
nəzərə almaqla, yeni payız-qış mövsümünə
hazırlıq üzrə təşkilati-texniki tədbirlər
planını işləyib hazırlayırlar.
4.2.
Payız-qış mövsümünə hazırlıq dövründə
istilik təchizatı qurumlarının vəzifələri
aşağıdakılardır:
4.2.1.
istilik mənbələrində, magistral istilik
şəbəkələrində, nasosxana və
mərkəzi-istilik məntəqələrində (balans
mənsubiyyəti üzrə) avadanlıqların, boru
xətlərinin, uçot və tənzimlənmə
sistemlərinin profilaktikası, təmiri və
əvəzlənməsi, hesablaşma uçot cihazlarının
metroloji yoxlanılması üzrə işləri aparmaq;
4.2.2.
rezerv (ehtiyat) hissələrinin zəruri ehtiyatını
yaratmaq, payız-qış mövsümünə hazırlıq
dövründə təmir bölmələrini zəruri maşın
və mexanizmlərlə təchiz etmək;
4.2.3.
xarici və daxili qaz, su və elektrik kommunikasiyalarının,
elektrik və su təchizatı kommunikasiyalarının və
mənbələrinin profilaktikası və təmiri üzrə
işləri həyata keçirmək;
4.2.4.
qaz, istilik və elektrik enerjisi təchizatı
şəbəkələrinin texniki normativ hüquqi aktlarda
nəzərdə tutulan tələblərə uyğun olaraq
müəyyən edilmiş qaydada sınaqlardan keçirilməsi
üzrə iş proqramlarını hazırlamaq,
uyğunlaşdırmaq və təsdiq etmək;
4.2.5.
istilik təchizatı sistemlərinin
etibarlılığını qüvvədə olan standartlarla
müəyyən edilmiş qaydada yoxlamaq;
4.2.6.
müvafiq qurumlarla enerji resurslarının (qaz, istilik, elektrik
enerjisi) təchizatı üzrə müqavilələr bağlamaq
(onların müddətini uzatmaq);
4.2.7.
qazın, istilik və elektrik enerjisinin uçot və
tənzimləmə cihazlarının profilaktikası,
təmiri (yoxlanılması) üzrə işləri yerinə
yetirmək.
4.3.
İstilik təchizatı qurumları istilik enerjisi
mənbələrinin və (və ya)
şəbəkələrinin avadanlıqlarında
plan-qrafiklərə uyğun işlərin
başlanılması müddətlərini 15 (on beş) gün
əvvəl təmir və tikinti müəssisələri ilə
razılaşdırır və təsdiqləyirlər.
4.4.
İstilik təchizatı qurumları istilik
mənbələri və şəbəkələrində
sınaqların, təmir və sazlama işlərinin
aparılması üçün yaz-yay aylarında isti su
təchizatının dayandırılacağı
barədə istehlakçıları ən azı 1 (bir) ay
əvvəldən məlumatlandırmalıdırlar.
4.5.
İstilik təchizatı qurumları istilik enerjisi
təchizatının dayandırılmasının
razılaşdırılmış plan-qrafiklərini cari ilin
mart ayının 15-dək aşağıdakı
şəxslərə təqdim edirlər:
4.5.1.
istilik enerjisi şəbəkələrinə qoşulmuş
və təchizatçı ilə müqavilə bağlamış
istehlakçılara;
4.5.2.
istilik mənbələrində və istilik
şəbəkələrində işlərin yerinə
yetirilməsi üçün müqavilə bağlamış tikinti, təmir
və sazlama qurumlarının rəhbərlərinə;
4.5.3.
istismarda olan istilik şəbəkələrinə
birləşdirilən yeni payız-qış mövsümünə
hazırlıq obyektlərinin rəhbərlərinə.
4.6.
Yeni istismara verilən magistral və məhəllədaxili
şəbəkələrdə işəburaxma-sazlama
işləri payız-qış mövsümü başlayanadək
yekunlaşdırılmalıdır.
4.7.
İstilik mənbələrində payız-qış
mövsümünə hazırlıq üzrə işlər cari ilin istilik
mövsümünün başlanması tarixinədək
yekunlaşdırılmalıdır.
4.8.
Cari ilin istilik mövsümünün başlanmasına 1 (bir) həftə
qalmış enerji resurslarının mənbələrinin
və şəbəkələrinin avadanlıqlarında bütün
işlər tamamlanmalı, payız-qış mövsümünə
hazırlıq dövründə aşkara çıxarılmış
bütün pozuntular və qüsurlar aradan qaldırılmalıdır.
5. Qaz təchizatçısının payız-qış
mövsümünə hazırlığı
5.1.
Qaz təchizatçısının payız-qış mövsümünə
müvafiq hazırlıq işləri və onların icra
olunması tarixləri istilik təchizatı qurumları üçün
nəzərdə tutulmuş tələblərlə,
həmçinin təsdiq edilmiş tədbirlər planına
uyğun olaraq həyata keçirilir.
6. Elektrik enerjisi təchizatçısının
payız-qış mövsümünə hazırlığı
6.1.
Elektrik enerjisi təchizatçısının payız-qış
mövsümünə müvafiq hazırlıq işləri və onların
icra olunması tarixləri istilik təchizatı qurumları
üçün nəzərdə tutulmuş tələblərlə,
həmçinin təsdiq edilmiş tədbirlər planına
uyğun olaraq həyata keçirilir.
7. Məsul subyektlərin payız-qış
mövsümünə hazırlığı
7.1.
Məsul subyektlər payız-qış mövsümünə
hazırlıq obyektlərinin fəaliyyətinin
dayanıqlılığını təmin
etməlidirlər.
7.2.
Məsul subyektlər mülkiyyətində, eləcə də
təsərrüfat və əməliyyat idarəetməsində
olan qaz, istilik və elektrik enerjisi sistemləri və
şəbəkələrinin sonuncu mövsümdə
fəaliyyətinin təhlili əsasında cari ilin 1 may
tarixinədək qarşıdakı payız-qış
mövsümünə hazırlıq üzrə təşkilati-texniki
tədbirlər planını işləyib hazırlayır
və mövsümi hazırlıq sisteminə daxil edirlər.
7.3.
Mövsümi hazırlıq üzrə məsul subyektlərin
vəzifələri aşağıdakılardır:
7.3.1.
istilik qurğularının qaz avadanlıqlarının, boru
kəmərlərinin, istilik və elektrik
şəbəkələrinin, mərkəzi istilik
məntəqəsinin, fərdi istilik məntəqəsinin,
istilik məntəqəsinin təmiri, eləcə də cari
il üçün qaz, enerji və istilik təchizatı üzrə proqramda
nəzərdə tutulmuş tədbirləri həyata
keçirmək;
7.3.2.
elektrik və istilik, habelə qaz kommunikasiyalarının
və təchizat mənbələrinin kommersiya uçotunu və
istilik enerjisinin tənzimlənməsi cihazlarının mövcud
qaydaların tələblərinə uyğunluğunu
təmin etmək;
7.3.3.
enerji şəbəkələrində tələbatın yük
cədvəllərini dəqiqləşdirmək;
7.3.4.
qaz, istilik və elektrik enerjisi təchizatının operativ
və icraedici sxemlərinin yoxlanışını aparmaq,
qəza vəziyyətləri baş verdikdə, enerji
təchizatı idarələrinin operativ xidmətləri
ilə qarşılıqlı fəaliyyət üzrə
planları dəqiqləşdirmək;
7.3.5.
mümkün qəza vəziyyətlərini tədqiq etmək və
bunun üçün zəruri olan işçi heyəti
müəyyənləşdirərək material və
avadanlıqlar göstərməklə, onların aradan
qaldırılması üzrə planları işləyib
hazırlamaq;
7.3.6.
məsul subyektlər zəruri texnika, maddi və əmək resurslarını
müəyyən etməklə, enerji istehlakı
sistemlərində mümkün qəza vəziyyətlərinin və
onların fəsadlarının aradan qaldırılması
üzrə işlərə cəlb edilməli olan konkret
qurumları müəyyənləşdirmək;
7.3.7.
istismar edilən avadanlıqların tərkibini və miqdarını
nəzərə almaqla, onların, həmçinin materialların
siyahısını tərtib etmək (düzəliş etmək)
və qəza ehtiyatını yaratmaq (tamamlamaq);
7.3.8.
binaların və tikililərin inşaat
konstruksiyalarının təmiri üzrə kompleks işləri
(isidilmə, şüşələmə, dam örtüyünün təmiri)
yerinə yetirmək (zərurət olduqda).
7.4.
Qazla, istilik və elektrik enerjisi ilə təchizatın
təmin edilməsi məqsədilə məsul subyektlər:
7.4.1.
istehlak etdikləri qaz, istilik və elektrik enerjisinin
dəyərini vaxtlı-vaxtında ödəyirlər;
7.4.2.
buraxıcı kranların, armaturların, istilik enerjisinin uçot
nöqtəsinə qədər yerləşən
nəzarət-ölçmə cihazlarının möhürlənməsinin
həyata keçirilməsi üçün təchizatçının
nümayəndələrinə icazə verir və
quraşdırılmış möhürlərin
tamlığının qorunmasını təmin edir,
möhürlərin çıxarılmasını isə
təchizatçını əvvəlcədən
məlumatlandırmaqla həyata keçirirlər;
7.4.3.
müəyyən edilmiş qaz, istilik və elektrik enerjisi
rejimlərinə riayət edirlər;
7.4.4.
qaz, istilik və elektrik enerjisi şəbəkələrinin,
istehlak qurğularının və qazın, istilik və
elektrik enerjisinin kommersiya uçotu cihazlarının texniki
vəziyyətinin yoxlanılması üçün təchizatçının
nümayəndələrinə icazə verirlər;
7.4.5.
cari ilin istilik mövsümündən əvvəl qurğuların
sazlanmasını və təhvil-təslim
sınaqlarını (texniki hazırlıq aktında
nəzərdə tutulmuş texniki sınaqları) həyata
keçirirlər.
8. Hazırlıq pasportunun
rəsmiləşdirilməsi və qeydiyyatı
8.1.
Məsul subyektlərə payız-qış mövsümündə
işə hazırlıq üzrə pasportlar (bundan sonra
payız-qış mövsümünə hazırlıq pasportu) təchizatçı
tərəfindən verilir. Payız-qış mövsümünə
hazırlıq pasportu müvafiq elektron məlumat sisteminə
yerləşdirilir və kommunal xidmətlərin vahid
informasiya sisteminə inteqrasiya olunur.
8.2.
Məsul subyektin payız-qış mövsümünə hazırlıq
pasportunun alınması üçün müraciətinə baxılması,
qərarın qəbul edilməsi və pasportların
verilməsi təchizatçının mövsümi hazırlıq
komissiyası tərəfindən həyata keçirilir.
8.3.
Payız-qış mövsümünə hazırlıq aktı bütün
əlavələri ilə birlikdə 2 (iki) nüsxədə
tərtib edilir, nüsxələrdən biri məsul subyektdə
saxlanılır, ikinci nüsxə isə payız-qış
mövsümünə hazırlıq pasportunun alınması üçün
müraciətə əlavə edilir.
8.4.
Payız-qış mövsümünə hazırlıq pasportunun
alınması üçün məsul subyektlər
aşağıdakı sənədləri təqdim
edirlər:
8.4.1.
enerji, istilik və qaz təchizatı qurumlarının
payız-qış mövsümünə hazırlıq pasportunun
alınması üçün yazılı müraciəti;
8.4.2.
hazırlıq aktını (hazırlıq aktına
payız-qış mövsümünə hazırlıq pasportunu almaq
üçün zəruri olan şərtlərin (bundan sonra şərtlər)
yerinə yetirilməsini sübut edən sənədlər
əlavə edilir).
8.5.
Hər il avqust ayının 1-dən etibarən
payız-qış mövsümündə işə hazırlıq
pasportunun verilməsi üçün təchizatçılar
tərəfindən payız-qış mövsümündə
işə hazırlığın qiymətləndirilməsi
üzrə mövsümi hazırlıq komissiyası yaradılır
və işə başlayır.
8.6.
Payız-qış mövsümünə hazırlıq
pasportlarının alınması üçün təqdim edilmiş
materiallar mövsümi hazırlıq komissiyasında
əvvəlcədən müəyyən edilmiş qrafikə
uyğun olaraq araşdırılır.
8.7.
Mövsümi hazırlıq komissiyasının işinin
nəticələrinə uyğun olaraq, onun bütün üzvlərinin
iştirakı ilə payız-qış mövsümünə
hazırlıq pasportu tərtib edilir və imzalanır.
8.8.
Payız-qış mövsümünə hazırlıq pasportunun
rəsmiləşdirilməsi zamanı aşağıdakı
şərtlərə riayət olunmalıdır:
8.8.1.
gücün maksimum səviyyəsini nəzərə almaqla,
ötürülməsinə hazırlığın təmin edilməsi;
8.8.2.
əsas və köməkçi avadanlığın planlı
təmirinin zəruri həcmlərdə və təyin
edilmiş normalara uyğun keyfiyyətdə yerinə
yetirilməsi;
8.8.3.
istilik qurğularının ətraf mühitin temperatur diapazonuna
əsasən tərtib edilmiş temperatur qrafikinə uyğun
işləməsinin təmin edilməsi;
8.8.4.
avadanlıqların etibarlı işinin təmin edilməsi
məqsədilə sərfiyyat normalarına uyğun miqdarda
yanacaq ehtiyatının tədarük edilməsi;
8.8.5.
havaların kəskin soyuduğu günlərdə və ya qaz
ehtiyatının azaldığı hallarda, enerji
mənbələrinin ehtiyat yanacaq növünə keçməsi qrafikinin
mövcud olması;
8.8.6.
xarici havanın iqlim normalarından kəskin fərqləndiyi
hallarda avadanlığın, qurğuların
zədələnməsinin və texnoloji sxemlərin
pozulmalarının qarşısının alınması üçün
planlaşdırılmış tədbirlərin yerinə
yetirilməsi;
8.8.7.
payız-qış mövsümünə hazırlıq obyektlərinin
planlı təmiri və müayinəsi üzrə iş
həcmlərinin yerinə yetirilməsi;
8.8.8.
yanacağın çatışmazlığı və ya mümkün
qəza vəziyyətləri zamanı istehlakçılara
tətbiq ediləcək məhdudiyyət və birbaşa
açılma qrafiklərinin mövcud olması;
8.8.9.
istehlakçılarla qarşılıqlı münasibətlər
və qəza vəziyyətlərində
qarşılıqlı fəaliyyət barədə
əsasnamənin mövcud olması;
8.8.10.
avadanlıqların istismarı üçün mövcud normalara uyğun
olaraq, su rejiminin təmin edilməsi;
8.8.11.
təchizatçılar tərəfindən təsdiq edilmiş
sxemlərə uyğun mühafizə qurğularının və
avtomatika vasitələrinin mövcudluğu;
8.8.12.
elektrik və yanacaq təsərrüfatının
partlayışdan və yanğından mühafizəsi üçün
təhlükəsizlik tələblərinin yerinə
yetirilməsi;
8.8.13.
xarici elektrik təchizatı sxemlərinin, həmçinin elektrik
və qaz qəbuledicilərinin qoyulmuş texniki
tələblərə uyğunluğu;
8.8.14.
qoruyucu inşaat konstruksiyalarında istiliksaxlayıcı
tədbirlərinin görülməsi və onların texniki
baxımdan saz vəziyyətdə olması;
8.8.15.
rele mühafizəsinin, qəza əleyhinə və yanğın
əleyhinə avtomatikanın yoxlanılması
planlarının yerinə yetirilməsi;
8.8.16.
təsdiq edilmiş siyahıya uyğun olaraq materialların
və ehtiyat hissələrinin qəza ehtiyatının mövcud
olması;
8.8.17.
cari ilin 1 oktyabr tarixinə payız-qış mövsümündə
istehlakçıların qaz, enerji və istilik
təchizatının məhdudlaşdırılmasına
gətirib çıxara bilən əsas avadanlıqların
uzunmüddətli (30 gündən artıq) plandankənar (qəza)
təmirdə olmaması.
8.9.
Məsul subyektin payız-qış mövsümünə
hazırlığının qiymətləndirilməsi
zamanı mövsümi hazırlıq komissiyası
tərəfindən aşkar edilmiş qüsurlar aktda qeyd edilir.
8.10.
Məsul subyektin payız-qış mövsümündə işə
hazır olmadığı halda, məsul subyektin
rəhbərliyi çatışmazlıqların aradan
qaldırılmasının konkret müddəti göstərilməklə,
tədbirlər planını işləyib hazırlayır
və onu komissiya ilə razılaşdırır.
Razılaşdırılmış tədbirlər planı
payız-qış mövsümünə hazırlıq aktına
əlavə edilir.
8.11.
Sənədlərlə tanış olduqdan və yerində
baxış keçirildikdən sonra mövsümi hazırlıq
komissiyası aşağıdakı
əsaslandırılmış qərarlardan birini qəbul
edir:
8.11.1.
payız-qış mövsümünə hazırlıq pasportunu
vermək;
8.11.2.
payız-qış mövsümünə hazırlıq pasportunun
verilməsindən imtina etmək.
8.12.
Komissiya tərəfindən payız-qış mövsümünə
hazırlıq pasportunun verilməsinə dair qərarın
qəbul edilməsi üçün əsas təqdim edilmiş
sənədlərin məzmununun payız-qış
mövsümünə hazırlıq pasportunun alınması üçün
şərtlərə uyğunluğudur.
8.13.
Payız-qış mövsümünə hazırlıq pasportu elektron
şəkildə və ya kağız formasında verilir. Cari
ildə təqdim edilmiş payız-qış mövsümünə
hazırlıq pasportu yalnız növbəti payız-qış
mövsümünədək qüvvədə olur.
8.14.
Komissiya tərəfindən hazırlıq pasportunun
verilməsindən imtinaya dair qərarın qəbul
edilməsi üçün aşağıdakılar əsas hesab edilir:
8.14.1.
məsul subyektlərin təqdim etdikləri
sənədlərin və (və ya) həmin
sənədlərdəki məlumatların dəqiq olmamasının
müəyyən edilməsi;
8.14.2.
məsul subyektlərin və (və ya) onlar
tərəfindən xidmətlərin göstərilməsi üçün
zəruri olan materialların və məlumatların
Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə
təyin edilmiş tələblərə uyğun olmaması;
8.14.3.
məsul subyektlər tərəfindən xidmətlərin
göstərilməsinin qadağan edilməsi barədə səlahiyyətli
dövlət orqanlarının və ya məhkəmənin qanuni
qüvvəyə minmiş qərarının olması.
8.15.
Komissiya payız-qış mövsümünə hazırlıq
pasportunun verilməsindən imtinaya dair qərar qəbul etdiyi
halda, ərizəçiyə elektron şəkildə və ya
kağız formasında əsaslandırılmış cavab
göndərilir.
8.16.
Təyin edilmiş müddətdə payız-qış
mövsümünə hazırlıq pasportunu almayan qurum
payız-qış mövsümündə işini davam etdirir,
verilmiş iradların göstərilmiş müddətlərdə
aradan qaldırılmasını təmin edir.
Payız-qış mövsümünə vaxtlı-vaxtında
hazırlığın aparılmamasına görə məsul
subyektlərin rəhbəri qüvvədə olan qanunvericiliyə
uyğun olaraq məsuliyyət daşıyır.
8.17.
Məsul subyektlər üçün payız-qış mövsümünə
hazırlıq pasportunun alınması müddəti hər il
oktyabr ayının 31-dək (daxil olmaqla), sistemtəşkiledici
təchizatçılar üçün hər il noyabr ayının 25-dək
(daxil olmaqla) davam edir.
9. Payız-qış mövsümünün gedişatı
9.1.
Payız-qış mövsümünün başlanma müddətləri
barədə qərarlar və isitmə sisteminin işə
başlaması müddətlərinin
müəyyənləşdirilməsi müvafiq qanunvericiliyin
tələblərinə uyğun olmalıdır.
9.2.
Təchizatçılar cari ilin oktyabr ayının 30-dək
payız-qış mövsümünün başlanılması ilə
əlaqədar payız-qış mövsümünə hazırlıq
obyektlərinin qoşulma qrafiklərini məsul
subyektlərə təqdim edirlər.
9.3.
Təchizatçı payız-qış mövsümü dövründə istilik
və elektrik enerjisi, həmçinin qaz təchizatı
sahəsində qəza şəraitlərinə dair məsul
subyektlərlə qarşılıqlı əlaqənin
yaradılması məqsədilə təlimatlar
hazırlamalıdır. Həmin təlimatlar cari ilin sentyabr
ayının 30-dək məsul subyektlərlə
dəqiqləşdirilməli (ehtiyac olduqda, yenidən
nəzərdən keçirilməli) və təsdiq edilməlidir.
9.4.
Təchizatçılar payız-qış mövsümü dövrünü
keçərkən, aşağıdakıları yerinə
yetirməyə borcludurlar:
9.4.1.
şəbəkələrin balans mənsubiyyəti
sərhədində qazın, istilik və elektrik enerjisinin
təyin edilmiş texniki parametrlərini təmin etmək
və bu parametrlərə balans mənsubiyyəti
sərhədinə ən yaxın nöqtədə
yerləşmiş nəzarət-ölçü cihazları
vasitəsilə müntəzəm nəzarət olunmasını
təmin etmək;
9.4.2.
istilik mənbələrinin və
şəbəkələrinin, elektrik və qaz
avadanlıqlarının təhlükəsiz istismarını
təmin etmək;
9.4.3.
elektrik və istilik enerjisi, habelə qaz təchizatı
şəbəkələrinin avadanlıqlarında baş
verən qəza vəziyyətlərinin aradan
qaldırılmasını həyata keçirmək;
9.4.4.
istehlakçıya aid istilik şəbəkələrinin
donmasının qarşısını almaq
məqsədilə istilik təchizatında uzunmüddətli
fasilələr barədə onları xəbərdar etmək.
9.5.
İstilik təchizatı şəbəkələrinə
istilik enerjisi verildikdən sonra, istehlakçılar 10 (on) gün
ərzində enerjitəchizatı qurumunun nəzarəti
altında avadanlıqların yoxlanılmasını və
ilkin tənzimlənməsini təmin etməlidirlər.
9.6.
Xarici havanın ortagünlük temperaturu davamlı mənfi 10°C
olduqda, məsul subyektlər sutkalıq növbətçiliyi
təşkil etməli və enerjitəchizatı
qurumlarının növbətçi heyəti ilə (dispetçer
xidmətləri ilə) daimi əlaqələrini təmin
etməlidirlər.
9.7.
Payız-qış mövsümünə keçmə dövründə məsul
subyektlər aşağıdakıları yerinə
yetirməyə borcludurlar:
9.7.1.
qaz, elektrik və istilik sistemlərinin fəaliyyətində
yaranmış pozuntular barədə məlumatları
dərhal qəbul etmək;
9.7.2.
iradların əsaslı olub-olmamasını yoxlamaq, aşkar
edilmiş pozuntuların aradan qaldırılması üçün
zəruri tədbirlər görmək (zərurət olduqda,
təchizatçının nümayəndəsinin iştirakı
ilə);
9.7.3.
elektrik, istilik və qaz avadanlıqlarının parametrləri
normalara uyğun olduqda, isti su və əks
şəbəkə sularının temperaturunun avtomatik
idarə olunmasını təmin etmək məqsədilə
hidravlik rejimin tənzimlənməsi üzrə tədbirlər
görmək;
9.7.4.
özbaşına qoşulmalara, daraldıcı qurğu,
diafraqmaların və ucluqların çıxarılmasına
və ya deşilib çıxarılmasına, qaz və istilik
təchizatı sistemlərindən qazın və
şəbəkə suyunun götürülməsinə
(axıdılmasına), möhürlərin özbaşına
çıxarılmasına yol verməmək (payız-qış
mövsümünə hazırlıq və ya keçid zamanı
təchizatçıların möhürlərinin çıxarılması
yalnız onların nümayəndələri tərəfindən
icra olunur);
9.7.5.
istilik təchizatı rejimlərinə nəzarət
məqsədilə təchizatçının
nümayəndələrinin ötürücü məntəqələrə,
tranzit boru kəmərlərinə və elektrik
şəbəkələrinə gün boyu giriş
imkanını təmin etmək;
9.7.6.
istehlakçıları enerji resurslarının təchizatında
yarana biləcək fasilələrin səbəbləri və
müddətləri barədə xəbərdar etmək;
9.7.7.
istilik mənbəyində və ya xarici istilik
şəbəkələrində qəza səbəbindən
istilik təchizatı uzunmüddətli dayandırıldıqda (məhdudlaşdırıldıqda),
daxili istilik istehlakı sisteminin vəziyyətinə
nəzarət üçün heyətin növbətçiliyini təmin etmək
və binadaxili istilik təchizatı sisteminin donmasının
qarşısını almaq üçün, təchizatçı ilə
razılaşdırılmaqla təyin olunmuş
müddətlərə uyğun olaraq sistemin
boşaldılmasını, qəza aradan
qaldırıldıqdan sonra isə təchizatçının
razılığı üzrə sistemin doldurulmasını
təmin etmək;
9.7.8.
xarici havanın temperaturunun kəskin yüksəlməsi
dövründə, enerji resurslarının artıq istifadəsinə
yol verməmək məqsədilə əllə
idarəetmə rejimi də daxil olmaqla, istilik enerjisinin
verilişinin operativ tənzimlənməsini təmin etmək;
9.7.9.
xarici havanın temperaturundan asılı olaraq, temperatur
qrafiklərinə əməl edilməsinə nəzarəti
təmin etmək;
9.7.10.
təyin edilmiş rejimlərdən kənarlaşmalar
zamanı təchizatçı ilə birlikdə akt tərtib
etmək və onların təyin edilmiş qrafikə uyğun
vəziyyətə gətirilməsi üzrə tədbirlər
görmək;
9.7.11.
yaşayış fondunda istilik istehlak rejimlərinin
yoxlanılmasının və təhlilinin təmin
edilməsinə və xarici havanın temperaturundan, hidravlik
rejimlərdən asılı olaraq temperatur qrafiklərinə
riayət edilməsini təmin etmək;
9.7.12.
payız-qış mövsümündə istismar zamanı qazın,
elektrik və istilik enerjisinin kommersiya uçotunun
aparıldığı cihazların texniki saz
vəziyyətdə saxlanılmasına və onların
tənzimləməsinə xüsusi diqqət yetirmək,
onların sıradan çıxmasının
qarşısının alınması üçün tədbirlər
görmək;
9.7.13.
təchizatçılara aid bina və tikililərin enerji (qaz, istilik
və elektrik) istehlakını təhlil etmək və
payız-qış mövsümünə hazırlıq obyektlərinin
fəaliyyətini tənzimləmək (parametrlərə
mütəmadi nəzarət, təyin olunmuş parametrlərə
uyğunsuzluq olduğuna dair müraciətlərin uçotu, pozuntulara
gətirib çıxaran səbəblərin yoxlanılması
və aşkar edilməsi, aktların normativ
sənədlərin tələblərinə uyğun
tərtibatı, enerji təchizat müəssisələrinin
qarşılıqlı fəaliyyəti,
vətəndaşların və bütün əlaqədar
tərəflərin görülmüş tədbirlər barədə
məlumatlandırılması və s.).
9.8.
Payız-qış mövsümünə hazırlıq və bu
mövsümə keçilməsi məsələləri üzrə,
eləcə də qaz, istilik və elektrik enerjisi
təchizatı sistemlərində qəza
vəziyyətlərinin aradan qaldırılması dispetçer
xidmətləri vasitəsilə normativ
sənədlərdə nəzərdə tutulmuş qaydada
həyata keçirilir.
9.9.
Payız-qış mövsümü dövründə fövqəladə
vəziyyətin səbəbinin, eləcə də
fövqəladə vəziyyətin fəsadlarının aradan
qaldırılması zamanı həyata keçirilmiş
tədbirlərin müəyyənləşdirilməsi
məqsədilə payız-qış mövsümündə baş
verən qəza və hadisələr barədə
məlumatlar toplanılmalı və təhlil edilməlidir.
10. Payız-qış mövsümünün tamamlanması
10.1.
Payız-qış mövsümünün başa çatması haqqında
qərar təchizatçı tərəfindən 15 aprel
tarixindən tez olmayaraq qəbul edilir.
10.2.
Təchizatçılar məsul subyektləri payız-qış
mövsümünün başa çatması barəsində
məlumatlandırmaqla, istilik təchizatının
dayandırılmasını həyata keçirirlər.
10.3.
İstehlakçıların istilik sistemlərinin təyin
olunmuş müddətdə şəbəkədən
açılmasına görə təchizatçılar məsuliyyət
daşıyırlar. İstehlakçıların istilik
sistemləri təmir işləri başlayanadək, su ilə
doldurulmuş halda qalmalıdır.
10.4.
Payız-qış mövsümü başa çatdıqdan sonra istilik
mənbələri yay iş rejiminə keçirilir.
10.5.
Təchizatçı payız-qış mövsümünün başa çatması
haqqında bütün məlumatları səlahiyyətli
nəzarət qurumuna təqdim edir.
10.6.
Payız-qış mövsümü başa çatdıqda,
təchizatçılar tərəfindən əldə edilmiş
məlumatlar təhlil edilir və növbəti
payız-qış mövsümünə hazırlıqla bağlı
tədbirlər planının hazırlanması cari ilin 1 may
tarixinədək başa çatdırılır.
11. Təchizatçının mövsümə
hazırlığının monitorinqi
11.1.
Enerji təchizatı müəssisələrinin
payız-qış mövsümünə hazırlığının
monitorinqi (bundan sonra hazırlığın monitorinqi)
səlahiyyətli nəzarət qurumu tərəfindən
enerji təchizatı subyektlərinin (qazla, istiliklə və
elektriklə) hazırlıq şərtlərinin yerinə
yetirməsi barədə məlumatların toplanılması,
emalı, təhlili və qiymətləndirilməsindən
ibarətdir.
11.2.
Hazırlığın monitorinqi Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı
ilə təsdiq edilmiş Elektrik və istilik enerjisi,
habelə qaz təchizatı sahəsində nəzarətin
həyata keçirilməsi Qaydasına uyğun olaraq
aparılır.
12. Payız-qış mövsümünə hazırlıq
şərtlərinin qiymətləndirilməsi
12.1.
Nəzarət qurumu təchizatçının hazırlıq
şərtlərinin qiymətləndirilməsi üzrə
planlı yoxlamaları həyata keçirərkən, bu Qaydanın
12.2-12.10-cu bəndlərində göstərilmiş qruplar
üzrə hazırlıq şərtlərinin
qiymətləndirilməsi meyarlarından istifadə edir.
12.2.
Enerji istehsalı və buraxılması hazırlıq
şərtləri qrupuna aşağıdakılar aiddir:
12.2.1.
təchizatçılar tərəfindən istehlakçıların
tələbat yüklərinin qarşılanması üçün
hazırlığın təmin edilməsi;
12.2.2.
enerji istehsal edən və ötürən avadanlıqların
müqavilələrdə təsbit olunmuş güc
hədlərinə uyğun yükgötürmə qabiliyyətinin
təmin edilməsi;
12.2.3.
mövcud olan avadanlığın və
şəbəkələrin aşağı temperatur
şəraitinə hazırlıqlı olmasının
təmin edilməsi.
12.3.
Sistem etibarlılığı hazırlıq
şərtləri qrupuna aşağıdakılar aiddir:
12.3.1.
dispetçer və texnoloji idarəetmə vasitələrinə
və onların zəmanətli elektrik təchizatı
sistemlərinə texniki xidmət qrafikinin yerinə
yetirilməsi və texnoloji idarəetmə vasitələrinin
olması;
12.3.2.
təchizatçının avadanlıq və
şəbəkələrinin qəza əleyhinə
mühafizə qurğularına texniki xidmət qrafikinin yerinə
yetirilməsi, onların işçi parametrlərinin sazlanması,
habelə yoxlama vaxtı nasazlıq səbəbindən uzun
müddətə (30 gündən artıq) fəaliyyəti
dayandırılmış qurğuların olmaması;
12.3.3.
operativ-dispetçer idarəetməsi subyektinin müvafiq dispetçer
mərkəzləri ilə mövcud dispetçer kanallarına və
telemetrik məlumatların ötürülməsinə dair
tələblərə əməl edilməsi;
12.3.4.
elektroenergetikada operativ-dispetçer idarəetməsinin
qaydasını müəyyənləşdirən
sənədlərin, eləcə də
şəbəkənin nəzarət olunan
kəsiklərində yol verilən maksimal axınların
aşılması zamanı hərəkətlər də
daxil olmaqla, normal rejimin pozuntularının
qarşısının alınması və aradan
qaldırılması üzrə işçilərin
hərəkətlərinin tələblərə uyğunluğu;
12.3.5.
operativ heyətin iş yerlərində enerji (güc)
istehlakının məhdudiyyət və birbaşa açılma
qrafiklərinin mövcud olması;
12.3.6.
səlahiyyətli nəzarət qurumunun, yaxud onun ərazi
orqanının təyin edilmiş müddətlərdə
yerinə yetirilməmiş göstərişlərinin olmaması.
12.4.
Texniki vəziyyət hazırlıq şərtləri qrupuna
aşağıdakılar aiddir:
12.4.1.
təchizatçının əsas avadanlıq və
şəbəkələrinin, istismar müddətinin
uzadılması üzrə müvafiq təşkilati-texniki
tədbirlər aparılmadan müddətdən artıq istismar
faktlarının olmaması;
12.4.2.
səlahiyyətli nəzarət qurumunun, yaxud onun ərazi
orqanının təyin edilmiş müddətlərdə
yerinə yetirilməmiş göstərişlərinin olmaması;
12.4.3.
texniki baxış keçirilmədən yağla doldurulmuş
əsas texniki avadanlığın təyin edilmiş istismar
müddətindən artıq istismar edilməsi faktlarının olmaması.
12.5.
İşçilər hazırlıq şərtləri qrupuna
aşağıdakılar aiddir:
12.5.1.
istehsalat-texniki işçilərin təlimi və
hazırlanması üzrə işin təşkili;
12.5.2.
işçilərin şəbəkələrin və
avadanlıqların yolverilən yüklənmələri üzrə
istismar sənədləri və operativ
sənədlərlə, təlimatlarla, əsasnamələrlə,
məlumatlarla, sxemlərlə, qurğularda və
sistemlərdə mürəkkəb əməliyyatlar
siyahısı ilə təmin edilməsi.
12.6.
Qəza əleyhinə fəaliyyət və qəza-bərpa
fəaliyyəti hazırlıq şərtləri qrupuna
aşağıdakılar aiddir:
12.6.1.
qəza-bərpa işlərinin yerinə yetirilməsi üçün
zəruri olan material ehtiyatının mövcud olması;
12.6.2.
qəza vəziyyətlərinin qarşısının
alınması üzrə işçilərlə qəza
əleyhinə məşqlərin keçirilməsi;
12.6.3.
payız-qış mövsümündə işə hazırlıq
üzrə təchizatçı tərəfindən işlənilib
hazırlanmış, özündə, o cümlədən
yardımçı avadanlıqların, binaların və
tikililərin təmirinin aparılmasını ehtiva edən
planın yerinə yetirilməsi;
12.6.4.
istehlakçının enerji təchizatının kütləvi
pozuntuları şəraitində təchizatçının
qəza-bərpa işlərinin aparılmasına hazır
olması;
12.6.5.
təchizatçı tərəfindən operativ (növbətçi)
işçilərin qəza əleyhinə məşqlərinin
keçirilməsi qrafikinin, o cümlədən qaz, elektrik və istilik
enerjisinin istehlak rejiminin qəza
məhdudlaşdırılması qrafiklərinin daxil
edilməsi üzrə operativ-dispetçer idarəetməsi
subyektlərinin iştirakı ilə keçirilən
məşqlərin yerinə yetirilməsi və
məşqlərin nəticələri üzrə
işlənilib hazırlanmış tədbirlərin
yerinə yetirilməsi.
12.7.
Təmir fəaliyyəti hazırlıq şərtləri
qrupuna aşağıdakılar aiddir:
12.7.1.
payız-qış mövsümündə işləmək üçün
təchizatçı tərəfindən planın
hazırlanması, özünəməxsus əsas və
yardımçı avadanlığın, binaların və
tikililərin təmirinin operativ-dispetçer idarəetməsi
subyektləri ilə razılaşdırılmış ümumi
illik təmir qrafiklərinə uyğun olaraq aparılması,
elektrik və istilik enerjisinin istehsalına və
ötürülməsinə hazırlığa təsir edən
avadanlığın sınaqlarını ehtiva edən
planın yerinə yetirilməsi;
12.7.2.
təchizatçı tərəfindən operativ-dispetçer
idarəetməsi subyektləri ilə
razılaşdırılmış avadanlıqların ümumi
illik təmir və sınaq qrafiklərinə uyğun olaraq,
enerjinin ötürülməsinə hazırlığa təsir edən
əsas avadanlıqların təmirinin illik planının
yerinə yetirilməsi;
12.7.3.
payız-qış mövsümü üçün enerjinin ötürülməsini təmin
edən əsas avadanlıqların uzunmüddətli (30 gündən
artıq) qəza təmirinin olmaması.
12.8.
Yanacaqla təminat hazırlıq şərtləri qrupuna
aşağıdakılar aiddir:
12.8.1.
enerji təchizatı müəssisələrində təyin
edilmiş normativlərə uyğun olaraq, əsas və
ehtiyat (qəza) yanacağı ehtiyatlarının mövcud
olması;
12.8.2.
təchizatçının cari ilin IV rübündə və növbəti
ilin I rübündə işləməsini təmin edən
həcmlərdə bütün yanacaq növlərinin tədarükü üzrə
bağlanılmış müqavilələrin mövcud olması;
12.8.3.
yanacağın ehtiyat (qəza) növlərinin enerji
təchizatı müəssisələrinə tədarükü üzrə
bağlanılmış uzunmüddətli müqavilələrin
və sazişlərin mövcud olması;
12.8.4.
enerji təchizatı müəssisələrində
yanacağın qəbulu və boşaldılması,
yanacağın hazırlanması və ötürülməsi
sistemlərinin işə hazırlığı.
12.9.
Enerjinin ötürülməsi hazırlıq şərtləri qrupuna
aşağıdakılar aiddir:
12.9.1.
təchizatçının enerji yüklərinin uzunmüddətli
buraxıla bilən qiymətlərlə ötürülməsinə
hazır olmasının təmin edilməsi;
12.9.2.
növbəti payız-qış mövsümündə istehlakçılara
enerjinin ötürülməsinə hazırlığın təmin
edilməsinə təsir edən yeni və rekonstruksiya
olunmuş payız-qış mövsümünə hazırlıq
obyektlərinin istismara buraxılmasının (onların
kompleks sınaqlarının keçirilməsi ilə) illik
planının yerinə yetirilməsi.
12.10.
Operativ-dispetçer idarəetməsi hazırlıq
şərtləri qrupuna aşağıdakılar aiddir:
12.10.1.
enerji təchizatı sistemlərində (qaz, istilik və
elektrik enerjisi) operativ-dispetçer idarəetmə qaydasını
müəyyənləşdirən sənədlərin, normal
rejimin pozuntularının qarşısının
alınması və aradan qaldırılması üzrə
təlimatların qüvvədə olan qaydaların
tələblərinə uyğunluğu;
12.10.2.
operativ-məlumat kompleksinin normal və qəza
şəraitlərində fəaliyyətinə dair
tələblərə əməl edilməsi;
12.10.3.
dispetçer mərkəzinin idarəetmə vasitələrinə
aid olan mühafizə qurğularının parametrlərinin
hesablanması və işləmə hədlərinin
tənzimlənməsi.