Yanacaq ehtiyatının
maliyyələşdirilməsi, yaradılması, qorunması,
istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi
Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Elektrik və istilik enerjisi, habelə qaz
təchizatı sahəsində nəzarətin həyata
keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2018-ci
il 16 iyul tarixli 204 nömrəli
Fərmanının 2.3.5-ci yarımbəndinin icrası
məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
1. Yanacaq ehtiyatının
maliyyələşdirilməsi, yaradılması, qorunması,
istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi
Qaydası təsdiq edilsin (əlavə olunur).
2.
Bu Qərar dərc edildiyi gündən altı ay sonra
qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Bakı
şəhəri, 9 yanvar 2020-ci il
№ 2
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 yanvar
tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmişdir. |
Yanacaq
ehtiyatının maliyyələşdirilməsi,
yaradılması, qorunması, istifadəsi, həcmi və
uçotunun həyata keçirilməsi
QAYDASI
1.
Ümumi müddəalar
1.1.
Bu Qayda elektrik və (və ya) istilik
enerjisi istehsalı müəssisələrində yanacaq
ehtiyatının maliyyələşdirilməsi,
yaradılması, qorunması, istifadəsi, həcmi və
uçotunun həyata keçirilməsi ilə bağlı
məsələləri tənzimləyir.
1.2.
Bu Qaydada istifadə olunan
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.2.1.
əsas korpus istehsal və digər texnoloji proseslərin
birbaşa baş verdiyi əsas texnoloji sahə;
1.2.2.
elektrik
və (və ya) istilik enerjisi istehsalı müəssisəsi
(bundan sonra EİM)
bərpa olunmayan yanacaq növündən istifadə edərək
elektrik və (və ya) istilik enerjisi istehsal edən, ötürücü
və ya paylayıcı elektrik şəbəkəsinə
qoşulmuş istehsal müəssisəsi;
1.2.3.
salamatqalma
rejimi müəyyən
edilmiş istehlakçıların elektrik və (və ya) istilik
enerjisi ilə davamlı təchizatını təmin etmək
məqsədilə ötən son beş ilin ən soyuq
ayını nəzərə alaraq, EİM-də
avadanlıqların hesablanmış minimal elektrik və istilik
yükü ilə qəzasız işini təmin etmək üçün
zəruri olan iş rejimi;
1.2.4.
yanacaq
ehtiyatları dinc dövrdə
və ya fövqəladə hallarda EİM-də etibarlı və
davamlı işin təmin edilməsi üçün yaradılan yanacaq
fondu. İstifadə məqsədlərindən asılı
olaraq, aşağıdakı yanacaq ehtiyatları
yaradılır:
1.2.4.1.
əsas yanacaq ehtiyatı EİM-də baza iş rejiminin
təmin edilməsi üçün nəzərdə tutulan əsas yanacaq
növündə yaradılan ehtiyat;
1.2.4.2.
rezerv (ehtiyat) yanacaq ehtiyatı EİM-də əsas yanacağın
qismən və ya tam mövcud olmaması şəraitində
işin təmin edilməsi üçün digər yanacaq
növlərindən yaradılan ehtiyat;
1.2.5.
yanacağın istismar ehtiyatları ölkənin vahid energetika sistemi
çərçivəsində elektrik və istilik enerjisinin istehsalı
və təchizatı balansının ümumi proqnoz
göstəricilərinin icrası məqsədilə EİM-in
davamlı fəaliyyətinin təmin edilməsi üçün zəruri
olan nomenklaturda və həcmdə yaradılan yanacaq
ehtiyatı;
1.2.6.
yanacağın azaldılmaz
ehtiyatları gözlənilməyən hallarda
(qəza və ya təbii fəlakət) yanacağın
istismar ehtiyatları mövcud olmadıqda və ya onların
istifadəsi qeyri-mümkün olduqda, EİM-in minimum prioritet
fəaliyyətinin təmin edilməsi üçün zəruri olan
nomenklaturda və həcmdə yaradılan yanacaq ehtiyatı;
1.2.7.
yanacağın təbii itkisi meteoroloji amillərin təsiri
nəticəsində (normativ sənədlərin
tələbləri çərçivəsində keyfiyyəti
dəyişmədən çəkisinin azalması) və ya müvafiq
dövrdə mövcud olan saxlama qurğu və vasitələrində
yaranan çatışmazlıqlar səbəbi ilə, habelə nəqledilmə,
ötürülmə və ya daşınma prosesində yanacağın
yaranmış itkiləri;
1.2.8.
yanacağın təbii itki norması saxlanma və daşınma zamanı
yaranan yanacağın təbii itkilərinin yolverilən
maksimal həddi;
1.2.9.
birinci
dərəcəli istehlakçılar elektrik enerjisi təchizatının
etibarlığına görə birinci dərəcəli
sayılan və siyahısı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən
edilən istehlakçılar;
1.2.10.
yanacaq qalığı anbarda (saxlancda) saxlanılan, günün
sonuna qədər (saat 24:00-dək) mədaxil olunan, lakin
yüklənilməyən yanacaq;
1.2.11.
instrumental
inventarlaşdırma
müxtəlif növ ölçü cihazları vasitəsilə əldə
olunan məlumatların emalı, hesabatların
hazırlanması və uçot sənədlərində qəbul
olunmuş qaydada qeydiyyat üçün aparılan kompleks işlər.
1.3.
Bu Qayda bilavasitə və ya
dolayısilə ölkənin vahid ötürücü və ya paylayıcı
şəbəkəsinə qoşulmayan EİM-lərə
şamil edilmir. Qaydanın şamil edildiyi EİM-lərin
siyahısı Azərbaycan Respublikasının Energetika
Nazirliyi (bundan sonra - Energetika Nazirliyi) tərəfindən
müəyyən olunur.
1.4.
Yanacağın azaldılmaz
ehtiyatlarının həcmi və nomenklaturunun, habelə
onların istifadə qaydasının müəyyən olunması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 iyul
tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş
Maddi sərvətlərin səfərbərlik və
dövlət ehtiyatlarının, habelə ərzaq
mallarının və neft məhsullarının azaldılmaz
ehtiyatlarının yaradılması, yığılması,
saxlanılması, təzələnməsi və istifadə
olunması Qaydalarının 2.4-cü və 2.5-ci
bəndlərinə uyğun olaraq həyata keçirilir.
1.5.
Yanacağın istismar
ehtiyatlarının həcmi və nomenklaturu EİM-lərin
təklifləri əsasında Energetika Nazirliyi
tərəfindən Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla
müəyyən olunur.
1.6.
Yanacağın istismar ehtiyatları
ilə bağlı EİM-lər tərəfindən Energetika
Nazirliyinə hesabatlar təqdim edilir. Bununla əlaqədar
hesabat formaları və onların təqdim edilmə
qaydası və müddətləri Energetika Nazirliyi
tərəfindən müəyyən edilir.
2.
Yanacaq
ehtiyatının maliyyələşdirilməsi
2.1.
Yanacağın azaldılmaz
ehtiyatlarının yaradılması və
yığılması ilə bağlı
maliyyələşdirilmə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəli
Qərarı ilə təsdiq edilmiş Maddi
sərvətlərin səfərbərlik və dövlət
ehtiyatlarının, habelə ərzaq mallarının və
neft məhsullarının azaldılmaz ehtiyatlarının
yaradılması, yığılması, saxlanılması,
təzələnməsi və istifadə olunması Qaydalarının
2.2-ci bəndinə və 3-cü hissəsinə uyğun olaraq
həyata keçirilir.
2.2.
Yanacağın istismar
ehtiyatlarının yaradılması ilə bağlı
maliyyələşdirilmə EİM-in təsərrüfat
fəaliyyətlərindən əldə olunan gəlirləri
hesabına təmin edilir.
3.
EİM-lərdə yanacaq
ehtiyatlarının yaradılması
3.1.
Əsas və rezerv
yanacaq ehtiyatları bu Qaydanın 1.4-cü və 1.5-ci
bəndlərinə uyğun olaraq müəyyən edilən
həcm və nomenklatura uyğun olaraq EİM-lərin
özləri tərəfindən yaradılır.
3.2.
Qazdan əsas yanacaq
növü kimi istifadə edən EİM-lərdə əsas yanacaq
qismən və ya tamamilə olmadıqda, baza iş rejiminin
dəstəklənməsi üçün rezerv yanacaq ehtiyatı (təbii
qaz, soba mazutu, dizel yanacağı və digər
növlərdə) olaraq, azaldılmaz və istismar ehtiyatları
yaradılır.
3.3.
Buxar-qaz qurğularına və
(və ya) qaz-turbin qurğularına malik olan və əsas
yanacaq növü kimi qazdan istifadə edən EİM-lərdə
əsas yanacaq tamamilə olmadıqda, işi
dəstəkləmək üçün dizel və ya texnoloji prosesə
uyğun digər yanacaq növündən ehtiyat yaradılır.
3.4.
EİM-lərdə yanacağın
azaldılmaz ehtiyatları ilə bağlı təkliflər
aşağıdakı meyarlar nəzərə alınmaqla
hazırlanır:
3.4.1.
yanacağın istismar
ehtiyatları mövcud olmadıqda və ya onların istifadəsi
qeyri-mümkün olduqda, EİM-in minimum
fəaliyyətinin təmin edilməsi üçün əsas korpusda,
köməkçi bina və qurğularda müsbət temperaturun
saxlanılması;
3.4.2.
birinci
dərəcəli istehlakçıların
tələbatının, habelə isitmə mövsümündə
istilik-təchizat sistemi obyektlərinin (istilik
məntəqələri, nasos stansiyaları, istilik enerjisi
mənbələrinin) daxili ehtiyaclarının dinc dövrdə
və fövqəladə hallarda davamlı təmin edilməsi;
3.4.3.
elektrik enerjisi ilə davamlı
təchizatını təmin etmək məqsədilə
ötən son beş ilin ən soyuq ayı üzrə müvafiq hava
temperaturunda avadanlıqların hesablanmış minimal elektrik
və istilik yükü ilə qəzasız işinin təmin
edilməsi;
3.4.4.
əsas yanacaq kimi
qazdan istifadə edən və ya bilavasitə neft emalı
zavodlarından boru xətləri vasitəsilə mazut
əldə edən EİM-in üç gün ərzində istilik elektrik
stansiyalarının salamatqalma rejimində işinin təmin
edilməsi;
3.4.5.
buxar-qaz qurğularına və
(və ya) qaz-turbin qurğularına malik olan stansiyalarda qaz
təchizatı olmadıqda, yaranan qəza
vəziyyətlərində belə qurğuların işinin
təmin edilməsi;
3.4.6.
əsas yanacaq kimi soba mazutu və
(və ya) dizel yanacağından istifadə edən EİM-in
yeddi gün ərzində salamatqalma rejimində işinin təmin
edilməsi.
3.5.
Yanacağın azaldılmaz
ehtiyatları onların istifadəsini əsaslandıran
səbəblər aradan qaldırıldıqdan sonra mümkün olan
ən qısa müddətdə yerinə bərpa edilir.
3.6.
EİM-də rezerv yanacaq ehtiyatı
kimi bir neçə yanacaq növündən istifadə etmək imkanı
olduqda, yaradılması məqsədəuyğun hesab
edilən rezerv yanacaq ehtiyatının növü ilə bağlı
müvafiq EİM tərəfindən təkliflər
hazırlanaraq, Energetika Nazirliyinə təqdim edilir.
3.7.
EİM-lərdə
yanacaq ehtiyatları yaradılarkən qazan aqreqatının qalanması
zamanı istifadə edilən yanacaq növləri də
nəzərə alınır. Belə növ yanacaq
ehtiyatlarının həcminin hesablanması
aşağıdakılar əsasında həyata keçirilir:
3.7.1.
layihə sənədlərinə
uyğun olaraq qazan aqreqatının hər qalanmasında
yandırılması nəzərdə tutulan yanacaq
həcmlərinin ümumi göstəriciləri. Bu göstəricilər hesablanarkən,
əməliyyat zonasında müvafiq EİM-lərin
fəaliyyət göstərdiyi ərazi üzrə
əməliyyat-dispetçer subyektlərinin
göstərişlərinə əsasən qəza və ya
rejimlə əlaqədar fasilələr və qoşulmalar,
habelə EİM obyektlərinin təmirə dayanması və
ya istifadədən çıxarılması və digər
fəaliyyətlər nəzərə alınır;
3.7.2.
həcmin
planlaşdırıldığı dövrdən əvvəlki
beş il ərzində yanacaqhazırlama və yanacaqvermə
sistemlərində müşahidə edilən qəza
vəziyyətlərində və qəza vəziyyətlərinin
aradan qaldırılması zamanı qazan aqreqatının
işinin davam etdirilməsi üçün sərf edilən müvafiq yanacaq
növünün maksimal faktiki sərfiyyatı üzrə göstəricilər.
3.8.
EİM-də əsas və rezerv
yanacaq ehtiyatları ilə bağlı göstəricilər
ərazi üzrə əməliyyat-dispetçer subyektləri ilə
razılaşdırmaqla hesablanmalıdır.
3.9.
EİM-də müxtəlif yanacaq
növlərindən istifadə edildiyi təqdirdə, belə
müəssisələrdə istifadə edilən hər yanacaq
növü üzrə yanacağın azaldılmaz və istismar
ehtiyatları ilə bağlı göstəricilər ayrıca
hesablanmalıdır.
3.10.
Yay mövsümündə fəaliyyət
göstərməyən EİM-lər tərəfindən müvafiq
ilin 1 may, 1 iyun və 1 iyul tarixləri üçün yanacağın
istismar ehtiyatları ilə bağlı göstəriciləri
hesablanmaya bilər. Belə hallarda, EİM-lər ilin III rübü
üçün normativlərə uyğun yanacağın istismar
ehtiyatlarının bərpa edilməsini 1 oktyabr
tarixinədək təmin etməlidir.
3.11.
Üçillik dövr ərzində EİM-də
avadanlıq və qurğular, yanacaqdan istifadənin strukturu,
habelə enerji təchizatı yalnız bir mənbədən
təmin edilən birinci dərəcəli
istehlakçıların tələbatının ödənilməsi
ilə bağlı yüklənmənin həcmi
dəyişdikdə, yanacağın azaldılmaz
ehtiyatlarına dair göstəricilərdə müvafiq
düzəlişlər edilməlidir. Belə
düzəlişlərin edilməsi həmin ehtiyatların
nomenklatur və həcminin müəyyən edildiyi qaydada
həyata keçirilir.
3.12.
Çənlərin dibində
götürülməsi mümkün olmayan və ya istifadəsi
səmərəli hesab edilməyən mazut və digər neft
məhsulları qalıqlarının həcmi yanacağın
azaldılmaz və istismar ehtiyatlarının həcminə
daxil edilmir.
3.13.
Mövsümi olaraq avadanlıqları
dayandırılan EİM-lər belə fasilələrdə
yanacağın azaldılmaz ehtiyatlarını yaratmaya
bilər.
3.14.
Birinci dərəcəli
istehlakçıların tələbatını
ödəməyən EİM-lərdə yanacağın
azaldılmaz və istismar ehtiyatlarının həcmi yay
mövsümü üçün aşağı səviyyədə müəyyən
oluna bilər.
3.15.
EİM-də yaradılmış
yanacaq ehtiyatının uçotu zamanı ayın 1-i tarixinə
anbarında (saxlancında) faktiki olan, habelə enerji
istehsalında istifadə etmək üçün EİM-ə
göndərilmiş və həcmi yanacaq ehtiyatlarının ümumi
həcminin 15 faizini keçməyən yanacaq nəzərə
alınır.
3.16.
Müvafiq ilin hər ayının 1-i
tarixinə EİM-in anbarında (saxlancında) yanacaq
ehtiyatlarının faktiki həcmi bu Qaydanın 1.4-cü və 1.5-ci
bəndlərinə uyğun müəyyən edilən yanacaq
ehtiyatlarının həcmindən az olduqda (müvafiq azalma ümumi
yanacaq ehtiyatlarının 85 faizindən az olmamalıdır), EİM
tərəfindən həmin ayın 10-u tarixindən gec
olmayaraq, anbarındakı (saxlancındakı) faktiki
yanacağın həcminin müəyyən olunmuş
həcmə qədər çatdırılması təmin
edilməlidir.
3.17.
EİM-in mülkiyyətində olmayan
və ya barəsində həmin mülkiyyətçinin mülkiyyət
hüququ üçüncü şəxslərin tələb hüququ ilə
məhdudlaşdırılmış yanacaq məhsulları
yanacaq ehtiyatlarının tərkib hissəsi kimi
nəzərə alınmır.
3.18.
EİM-in yanacaq ehtiyatının
hesablanması zamanı digər anbarda (saxlancda) saxlanılan,
lakin həmin EİM-in mülkiyyəti olan və həmin
anbarlardan (saxlanclardan) yanacağın EİM-ə
daşınması zamanı texniki cəhətdən mümkün
olan yanacaq ehtiyatları da nəzərə alınır. Bu zaman,
digər anbarlardan (saxlanclardan) yanacağın
göndərilməsi nəzərdə tutulan EİM
tərəfindən həmin yanacağın yüklənməsi,
göndərilməsi və boşaldılması üçün zəruri
olan müddətdə dispetçer yüklənməsi qrafikinə
uyğun fəaliyyətini təmin edəcək həcmdə
yanacaq ehtiyatı təmin edilməlidir.
3.19.
Yanacaq ehtiyatlarının
hesablanması üzrə tövsiyə olunan metodologiyaların
hazırlanması müstəqil ekspertlər və
mütəxəssislər, məsləhətçi
şirkətlər, elmi təşkilatlar cəlb
edilməklə Energetika Nazirliyi tərəfindən həyata
keçirilir.
3.20.
Yanacaq ehtiyatlarının
yaradılması üçün nomenklatur və həcmlərin
müəyyən edilməsi ilə bağlı normativlərin
layihələrinin hazırlanması EİM-lər
tərəfindən təqdim edilən sənədlərin
əsasında müəyyənləşdirilir. Həmin
sənədlərə aşağıdakılar daxildir:
3.20.1.
bu Qaydanın 3.19-cu
bəndində qeyd edilən metodologiyalara uyğun olaraq
hesablanmış yanacaq ehtiyatları ilə bağlı
göstəricilər, yanacaq ehtiyatlarının nomenklaturu və
həcmləri ilə bağlı təklif olunan normaların
əsaslandırılması;
3.20.2.
EİM-də
istifadə edilən faktiki əsas və rezerv yanacaq növləri
barədə məlumat (o cümlədən, yanacağın
kalorisi və tərkibini əsaslandıran
sənədlər), onların son hesabat ilinin və
planlaşdırılan ilin 1 noyabr tarixinə
xüsusiyyətləri və strukturu;
3.20.3.
əsas və rezerv yanacağın
xüsusi sərfiyyatı, şərti və natural
vahidlərdə toplam yanacaq xərcləri
göstərilməklə, planlaşdırılan dövrdə
elektrik və istilik enerjisinin istehsal balansı;
3.20.4.
yanacağın EİM-ə
çatdırılma üsulları və müddətləri;
3.20.5.
yanacaq növləri üzrə anbarların
(saxlancların) mövcudluğu və tutumları ilə
bağlı məlumatlar;
3.20.6.
son beş il ərzində ilin ən
soyuq hesabat dövrü üzrə EİM-in orta günlük və faktiki
aylıq yanacaq sərfiyyatı göstəriciləri;
3.20.7.
EİM-in salamatqalma rejimində
işini təmin edən texnoloji sxem və avadanlıq
siyahısı;
3.20.8.
EİM-in təchiz etdiyi birinci
dərəcəli istehlakçıların siyahısı;
3.20.9.
kənar istehlakçıların istilik
yükünə dair məlumat;
3.20.10.
EİM-in daxili ehtiyacları üçün
zəruri minimal istilik yükünə dair məlumat;
3.20.11.
son beş il üçün yanacağın
azaldılmaz ehtiyatının və yanacağın istismar
ehtiyatının faktiki istifadəsi ilə bağlı
məlumatlar;
3.20.12.
EİM üzrə yanacaq
ehtiyatlarının nomenklaturu və həcmləri ilə
bağlı təklif olunan normalara dair ekspertizanın kənar
rəyi (əgər varsa).
4.
Yanacaq ehtiyatının
qorunması (təftiş nəzarəti)
4.1.
Yanacaq ehtiyatının
qorunmasının (təftiş nəzarətinin) əsas
məqsədi yanacaq ehtiyatlarının mövcudluğu və
hərəkəti üzrə məlumatların
etibarlılığının təsdiqlənməsindən,
yanacağın istismar ehtiyatları üzrə əməliyyatların
hazırlanmasının düzgünlüyünün qüvvədə olan hüquqi
aktlara uyğun olaraq müəyyən edilməsindən
ibarətdir.
4.2.
Yanacağın azaldılmaz
ehtiyatlarının qorunması (təftiş nəzarəti)
ilə bağlı müvafiq məsələlər Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106
nömrəli Qərarı ilə təsdiq edilmiş Maddi
sərvətlərin səfərbərlik və dövlət
ehtiyatlarının, habelə ərzaq mallarının və
neft məhsullarının azaldılmaz ehtiyatlarının
yaradılması, yığılması, saxlanılması,
təzələnməsi və istifadə olunması Qaydalarının
7-ci hissəsinə uyğun olaraq həyata keçirilir.
4.3.
Yanacağın azaldılmaz və
istismar ehtiyatlarının qorunması həmin ehtiyatlar
üzrə nəzarət və təftişin həyata
keçirilməsi üzrə mütəmadi tədbirlərin görülməsi
yolu ilə həyata keçirilir və bununla əlaqədar
əsas məqsədləri aşağıdakılardır:
4.3.1.
EİM-in maliyyə-təsərrüfat
fəaliyyətində material dəyərlilərin
əldə edilməsi, mədaxilə yazılması,
saxlanması və sərf edilməsi ilə bağlı
qəbul olunmuş qaydaya uyğunluğunun müəyyən
edilməsi;
4.3.2.
xammalın, materialların,
yanacağın və digər dəyərlilərin
müəyyən edilmiş sərfiyyat normalarının,
inventarlaşdırmanın vaxtında keçirilməsinin və
keyfiyyətinin əsaslandırılması və
uyğunluğu;
4.3.3.
istehsalın səmərəliliyinin
artırılması məqsədilə onların formalaşdırılması
və istifadəsinin yaxşılaşdırılması
yollarının müəyyən edilməsi;
4.3.4.
onların israf edilməsi,
çatışmazlıq və oğurluq, artıq və
istifadə edilməyən istehsal ehtiyatlarının
mövcudluğu faktının aşkarlanması;
4.3.5.
təbii, müvafiq saxlanma və
daşınma şəraitindən asılı olan amillər
səbəbindən yaranan zərərin müəyyən
edilməsi;
4.3.6.
yolverilən
çatışmazlıqların və material
dəyərlərinin məqsədəuyğun olmayan
şəkildə istifadəsinin səbəblərinin və
bu məsələlərdə təqsirkar olan vəzifəli
şəxslərin müəyyən edilməsi.
4.4.
Bu Qaydanın 4.3-cü bəndində
qeyd edilən məqsədlərin həyata keçirilməsi
ilə əlaqədar əsas məlumat mənbələri
aşağıdakılardır:
4.4.1.
təsisedici sənədlər, uçot
siyasəti haqqında əsasnamə;
4.4.2.
mühasibat hesabatlığı;
4.4.3.
təchizatçılarla
bağlanmış müqavilələr;
4.4.4.
mal-müşayiət
sənədləri, nomenklatur-qiymət siyahısı;
4.4.5.
istehsal ehtiyatlarının uçotu
üzrə ilkin sənədlər;
4.4.6.
mal-material dəyərlərinin invertarlaşdırılma
siyahıları, mal-material dəyərlərinin
inventarlaşdırılmasının nəticələrinin
müqayisəli cədvəli;
4.4.7.
tam (fərdi və ya kollektiv) məsuliyyət
haqqında müqavilələr.
4.5.
Yanacaq ehtiyatlarının
tamlığının və rasional istifadəsinin təmin
edilməsində onların saxlanmasının, uçotunun və
istifadəsinin düzgün təşkili mühüm əhəmiyyət
kəsb edir. Bu məqsədlə yoxlama zamanı
aşağıdakı məsələlər müəyyən
edilməlidir:
4.5.1.
anbar məkanlarının və
müvafiq yanacaq növünün saxlanması üçün nəzərdə
tutulmuş digər çənlərin, yaxınlaşma
yollarının və anbarətrafı meydançaların, çəkiölçmə
cihazlarının, yanğınsöndürmə
avadanlıqlarının mövcudluğu və cari
vəziyyəti;
4.5.2.
yanacaq ehtiyatlarının
saxlanması üçün istifadə olunan bu və ya digər
məkanların, ehtiyat yanacaqvermə xətlərinin,
zəruri tərəzilərin, hesablaşma
cədvəllərinin, ölçü tarasının və digər ölçü
cihazlarının texniki vəziyyəti, eləcə də
rütubətlilik, temperatur və işıqlıq rejiminin
qorunması vəziyyəti;
4.5.3.
tərəzilərin və digər
ölçü cihazlarının qüvvədə olan möhürləmə
qaydasına riayət edilib-edilməməsi;
4.5.4.
uzunmüddətli saxlama yerlərində
yanacaq ehtiyatlarının qəbulu və buraxılması
üzrə işin vəziyyəti;
4.5.5.
anbarlarda lazımi qaydada
təşkil edilməmiş mühafizə və yanğın
təhlükəsizliyi səbəbindən oğurluq və
itkilərin baş verməsinin qarşısını almaq
üçün nəzarət təftişi zamanı lazımi
kilidlərin, siqnalizasiyanın, anbarların girəcək
yolunun işıqlandırılmasının, uçot və
qoşulma qovşaqlarının, mühafizənin təşkil edilib-edilməməsi,
yanğınsöndürmə vasitələrinin mövcud və saz
vəziyyətdə olub-olmaması, sınaq və istifadə
müddətinə riayət olunub-olunmaması;
4.5.6.
yanacağın hər növünün saxlanma
yerində adı, nomenklatur nömrəsi, ölçü vahidi və ehtiyat
norması ilə bağlı qeyd edilən etiketlərin bərkidilib-bərkidilməməsi;
4.5.7.
rəhbər və işçi
heyətin, ilk növbədə maddi məsul şəxslərin
düzgün seçilməsi və yerləşdirilməsi
vəziyyəti, onlarla maddi məsuliyyət
müqavilələrinin bağlanıb-bağlanmaması,
onların qəbulunun, köçürülməsinin və azad edilməsinin
baş mühasiblə razılaşdırılıb-razılaşdırılmaması.
4.6.
Anbar məkanlarının və
yanacaq ehtiyatlarının saxlanması üçün çənlərin
yoxlanılmasını onlara vizual baxış keçirilməsi
yolu ilə həyata keçirmək tövsiyə olunur.
4.7.
Əmlak və maliyyə
öhdəliklərinin inventarlaşdırma üzrə hüquqi aktlara
və metodiki sənədlərə uyğun olaraq mal-material
dəyərlərinin invertarlaşdırılmasının
vaxtında aparılması və keyfiyyəti, eləcə
də onların nəticələrinin uçotda əks
etdirilməsinin düzgünlüyü yoxlanılır. Bu məqsədlə
aşağıdakılar yoxlanılmalıdır:
4.7.1.
inventarlaşdırılma qrafikinin
əsaslılığı. Qrafik baş mühasib
tərəfindən hazırlanır və illik mühasibat
hesabatlılığının hazırlanmasından
əvvəl, lakin hesabat ilinin oktyabr ayının 1-dən
əvvəl olmamaqla, EİM-in rəhbəri
tərəfindən təsdiqlənir;
4.7.2.
plandankənar
inventarlaşdırmanın aparılması. Maddi məsul
şəxsin dəyişilməsi, fövqəladə hallar
(təbii fəlakətlər, yanğınlar, qəzalar
və digər hadisələr), oğurluq və ya
sui-istifadə halları faktlarının aşkarlanması,
təşkilatın yenidən təşkili, yaxud
rəhbərin dəyişməsi zamanı aparılır;
4.7.3.
daim fəaliyyət göstərən
inventarizasiya komissiyalarının səriştəsi.
Komissiyaların tərkibinə rəhbərliyin və
mühasibatlığın nümayəndələri, EİM-in
mütəxəssisləri daxil edilir. İnventarlaşdırma
maddi məsul şəxsin iştirakı ilə aparılmalıdır;
4.7.4.
aparılan
inventarlaşdırmanın keyfiyyəti.
İnventarlaşdırmanın siyahılarının bütün
nüsxələri, riyazi hesablamaları təhlil edilir. Düzəlişlər
komissiyanın üzvləri tərəfindən
razılaşdırılmalıdır və onların
imzaları ilə təsdiqlənməlidir;
4.7.5.
inventarlaşdırılmanın
fərqlərinin müəyyən edilməsinin və
tənzimlənməsinin düzgünlüyü.
4.8.
Yoxlama nəticəsində
müəyyən edilmiş artıq yanacaq miqdarı
təşkilatın mənfəətinə, təbii itki
norması daxilində çatışmazlıqlar
məsrəflərə, normadan artıq
çatışmazlıqlar isə maddi məsul şəxsə
aid edilir. Təqsirkar şəxs müəyyən
edilmədikdə və ya ondan müəyyən olunmuş
vəsaitin tutulması iddiası məhkəmə
tərəfindən rədd edildikdə, çatışmazlıq
maliyyə nəticələrinə silinir.
4.9.
Təbii itki normalarının
tətbiqinin, qeyd edilən normalar daxilində
çatışmazlıqların hesablanmasının düzgünlüyü,
habelə qanuni əsaslar olmadan istifadə olunan təbii itki
normalarının tətbiqinin əsaslılığı
yoxlanılmalıdır.
4.10.
Yoxlamanın
nəticələrinə uyğun olaraq maddi
dəyərlilərin itkisi faktlarına görə maddi məsul
şəxslərin məsuliyyəti göstərilməklə
yanacaq ehtiyatlarının mümkün itkisi təhlil edilməli, bunun
qarşısının alınması üzrə tədbirlər
görülməlidir.
4.11.
Ayın sonunda yanacaq
qalıqlarının müəyyən edilməsi
məqsədilə onun müntəzəm
inventarlaşdırılması həyata keçirilməlidir.
İnventarlaşdırma aşağıdakı formalarda
aparılır:
4.11.1.
yanacağın daxil olması,
sərfi və qalıqlarının verilən uçot formaları
əsasında həyata keçirilən sənədli
inventarlaşdırma;
4.11.2.
anbardakı (çənlərdəki)
yanacaq qalıqlarının instrumental ölçmələr
əsasında müəyyən edildiyi instrumental
inventarlaşdırma.
4.12.
Maye yanacaq ehtiyatlarının
sənədli (uçot) inventarlaşdırılması hər ay
həyata keçirilir. Bundan əlavə, EİM-in anbarlarında
və ya digər saxlanma yerlərində ən az miqdarda yanacaq
olan dövrdə onun yoxlama instrumental inventarlaşdırılması
həyata keçirilir.
4.13.
Maye yanacaq ehtiyatlarının
instrumental inventarlaşdırılması qüvvədə olan
hüquqi aktların və metodiki sənədlərin
tələblərinə uyğun olaraq hər ay həyata
keçirilir.
4.14.
İnstrumental inventarlaşdırma EİM-in
rəhbəri tərəfindən yaradılan və
tərkibinə rəhbərin müavini və ya baş
mühəndis (komissiyanın sədri qismində), texnoloji və
istismar, ərazi, sex və sahə, habelə mühasibat və uçot
üzrə digər rəhbər şəxslər daxil edilən
komissiya tərəfindən aparılır.
4.15.
Yanacağın instrumental
inventarlaşdırılmasının
nəticələrinə görə bərk və maye
yanacağın hər biri üçün ayrıca ən azı iki
nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi
mühasibatlığa təqdim olunur.
4.16.
Yanacaq
qalıqlarının fövqəladə hallardan (təbii
fəlakətlər, yanğınlar, qəzalar və digər
hadisələr) sonrakı inventarlaşdırılması EİM-in
rəhbərinin təyin etdiyi xüsusi komissiya
tərəfindən həyata keçirilir.
5.
Yanacaq
ehtiyatlarının istifadəsi və uçotunun aparılması
5.1.
EİM-lərdə yanacaq
ehtiyatlarının uçotunun aparılması əməliyyat
uçotu, texniki uçot və mühasibat uçotu olaraq həyata keçirilir.
5.2.
Yanacaq ehtiyatlarının
əməliyyat uçotu:
5.2.1.
maye
yanacağının keyfiyyəti nəzərə
alınmaqla, ehtiyata təhvil alınması aşağıdakıları
əhatə edir:
5.2.1.1.
yanacağın keyfiyyəti
nəzərə alınmaqla ehtiyata təhvil alınması
üçün yanacağın növündən və istismar
şərtlərindən asılı olaraq, daxil olmuş
yanacağın tədarük müqavilələrində
nəzərdə tutulmuş dövlət standartlarına və
texniki tələblərinə uyğunluğu nəzarətdən
keçirilir;
5.2.1.2.
EİM-ə daxil olmuş
yanacağın keyfiyyətinə nəzarət üsulu
yanacağın satın alınmasına dair müqavilədə
göstərilir;
5.2.1.3.
EİM-ə daxil olmuş
yanacağın keyfiyyətinə nəzarət
nümunələrin götürülməsi və onların kimyəvi
analizi yolu ilə həyata keçirilir;
5.2.1.4.
maye yanacaqdan nümunələr
sisternlərdən (dəmir yolu vasitəsilə təchiz
edildikdə) və qəbuledici çənlərin
qarşısındakı boru xətlərindən (boru
xətti ilə təchiz edildikdə) götürülür;
5.2.1.5.
götürülmüş nümunələr mövcud
standartlara uyğun olaraq təchizat şərtlərinə
əsasən zay məhsul göstəriciləri üzrə emal və
təhlil edilir;
5.2.1.6.
bu nümunələrin analizinin
nəticələri EİM-ə daxil olan yanacağın
keyfiyyətinin uçotu jurnalında nümunələrin
götürülməsinə görə məsuliyyət daşıyan
həmin EİM-in struktur bölməsi (laboratoriya, texniki
nəzarət şöbəsi və s.) tərəfindən
qeydə alınır və iddialarla işin
aparılmasında istifadə edilir;
5.2.1.7.
stasionar nümunəgötürmə cihazı
vasitəsilə kommersiya hesablamaları üçün yanacaq
nümunələrinin götürülməsi müvafiq qurumların
təsdiqlənmiş sənədlərinin tələblərinə
uyğun olaraq həyata keçirilir.
5.2.2.
Qaz yanacağının
kəmiyyət və keyfiyyət baxımından ehtiyata
təhvil alınması aşağıdakıları
əhatə edir:
5.2.2.1.
EİM-ə verilmiş (istifadə
edilmiş) qazın miqdarının uçotu təchizat
müqaviləsi ilə müəyyənləşdirilir və
aşağıda sadalanan tərəflərin
nəzarət-ölçü cihazları ilə həyata keçirilir:
5.2.2.1.1.
EİM-in magistral qaz
kəmərinə bilavasitə qoşulması zamanı
təchizatçının (qaz paylayıcı
təşkilatları və ya istehlakçılarını qazla
təchiz edən qaz və neft hasilatı, qaz və neft
emalı təşkilatları və nəqliyyat sistemləri);
5.2.2.1.2.
Energetika Nazirliyi tərəfindən
müəyyən olunan tələblərə uyğun olaraq, qaz
satışı təşkilatları tərəfindən EİM-ə
qazın verilməsi zamanı EİM-in;
5.2.2.2.
sərfiyyatı ölçən cihazlar
Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında Qanunla müəyyən olunan tələblərə
uyğun olaraq EİM-də quraşdırılmalı və
istismara buraxılmalıdır;
5.2.2.3.
qaz sərfiyyatının
ölçülməsi üçün daraldıcı qurğular EİM-in hər bir
qaz paylayıcı məntəqəsinin giriş qaz
kəmərindəki qaz təmizləyici
süzgəclərdən sonra tənzimləyici klapanlara
qədər quraşdırılmalıdır;
5.2.2.4.
diferensial monometrlər-sərfiyyatölçənlərin
əsas gətirilmiş xətası 1,0%-dən çox
olmamalıdır. EİM-lərə əsas gətirilmiş
xətası 0,6% və 1,0% təşkil edən diferensial
monometrlərin mənimsənilməsinə qədər
əsas gətirilmiş xətası 1,5% təşkil edən
diferensial monometrlərin istifadəsinə icazə verilir, lakin
bu zaman günlük istehlakın müəyyənləşdirilməsinin
toplam xətası 3%-dən çox olmamalıdır (bu halda qaz sərfiyyatının
müəyyənləşdirilməsi xətası ongünlük
üzrə 2,0%-dən, ay üzrə 1%-dən, il üzrə isə 0,3%-dən
çox olmayacaqdır);
5.2.2.5.
qaz sərfiyyatı quru halında
olmaqla və 20°C və 101325 Pa (760 mm civə sütunu) standart
şəraitdə normal kub metrlə hesablanır. Bu zaman
qazın təzyiqinin, temperaturunun və
sıxlığının dövr üzrə ortalama
qiymətlərinə edilən düzəlişlər onun həm
gün üzrə, həm də hər bir saat üzrə ölçülmüş sərfiyyatı
üzrə daxil edilir (sərf edilmiş qazın miqdarının
müəyyənləşdirilməsinin daha çox
etibarlılığını düzəlişlərin
saathesabı aparılması təmin edir ki, bu haqda
müqavilədə müvafiq qeyd aparılmalıdır);
5.2.2.6.
sabit keyfiyyət xüsusiyyətləri
olan birxətli magistral qaz kəmərindən qaz alan EİM-lərin
öz qərarı ilə bir məntəqədə bir neçə
müəssisə üçün keyfiyyətə nəzarəti
təşkil etməyə icazə verilir. Belə hallarda
hər bir EİM-dən götürülmüş nümunələr üzrə
dövri keyfiyyət müqayisələrinin aparılması təmin
edilməlidir;
5.2.2.7.
gündəlik qaz sərfiyyatı
haqqında məlumatlar əsasında (sərfiyyatı
ölçən cihaz üzrə) EİM-də müəyyən edilmiş
formaya əsasən qaz sərfiyyatının uçotu jurnalı
doldurulur. Uçot jurnalı təchizatçının təqdim etdiyi
ödəniş sənədləri üzrə sərf edilmiş
qazın miqdarına nəzarət etmək və ya
təchizatçının nümayəndəsi ilə birlikdə
aylıq və ya əgər belə bir hesablaşma qaydası
təchizat müqaviləsində nəzərdə tutulubsa,
digər müddət ərzində (beşgünlük, ongünlük və s.)
qaz sərfiyyatı haqqında akt-hesab hazırlamaq üçün
doldurulur;
5.2.2.8.
təchizatçılarla hesablaşmalar
üçün akt-hesab müəyyən edilmiş formaya əsasən iki
nüsxədə tərtib olunur və nüsxələrdən biri
təchizatçıya, digəri isə yekun hesablaşma üçün
mühasibatlığa verilir.
5.2.3.
Daşınma
zamanı yanacaq ehtiyatlarının təbii itkilərinin
silinməsi aşağıdakı kimi həyata keçirilir;
5.2.3.1.
təbii itki norması təchizatçının
məlumatları üzrə yanacaq kütləsinin istehlakçının
məlumatları üzrə yanacaq kütləsindən (təhvilalınma
zamanı sisternlərdə və ya çənlərdə
hesablama, ölçmə yolu ilə təyin edilmiş) yanacaq
kütləsinin müəyyənləşdirilməsində
yolverilən maksimal kənarlaşmadan çox olduğu
təqdirdə tətbiq olunur;
5.2.3.2.
təbii itki faktının təyin
olunmasına qədər təbii itki norması
çərçivəsində yanacağın silinməsinə yol
verilmir. Həmçinin yük qatarı ilə nəql edilən
yanacağın hesablanmamış hissəsinə təbii itki
normalarının şamil edilməsinə də yol verilmir;
5.2.3.3.
daşınmalar
zamanı təbii itkilərin silinməsi normativ dövlət
sənədlərinin tələblərinə uyğun olaraq
təsdiq edilmiş formaya əsasən tərtib olunmuş cədvəl
əsasında yalnız hesabat ayı üzrə həyata
keçirilir.
5.2.4.
Yanacaq ehtiyatları ilə
bağlı yanacaq təchizatçılarına və
daşıyıcılarına iddiaların bildirilməsi
zamanı aşağıdakılar nəzərə
alınır:
5.2.4.1.
yanacağın miqdarında,
keyfiyyətində uyğunsuzluq və tədarük müqaviləsi
üzrə digər pozuntular aşkarlandıqda, iddiaların
bildirilməsinə görə EİM məsuliyyət
daşıyır;
5.2.4.2.
iddialarla işin təşkili,
iradların və iddiaların bildirilməsi qaydaları,
habelə iradlar və iddialar üzrə sənədlərin
məzmunu dövlət tənzimlənməsinin müvafiq
sahələrində dövlət normativ sənədlərin
tələblərinə uyğun olmalıdır;
5.2.4.3.
yanacaq təchizatçılarına
və daşıyıcılarına bildirilən iddialar
həmin iddiaların bildirilməsini əsaslandıran hallar
müəyyən edildiyi andan otuz gündən gec olmayaraq, EİM
tərəfindən ünvanlanmalıdır;
5.2.4.4.
iradların qəbul
edilməsindən sonra həmin müddətdə təchizatçı
iddialara baxılmasının nəticələri
barədə EİM-i əsaslandırılmış
məktub ilə məlumatlandırmağa görə
məsuliyyət daşıyır;
5.2.4.5.
iradların təmin
edilməsindən tam və ya qismən imtina edildikdə və
ya cavab vaxtında alınmadıqda, EİM müvafiq instansiya
məhkəmələrində iddia qaldıra bilər;
5.2.4.6.
bu Qaydanın
tələblərinə uyğun olaraq kəmiyyət və
keyfiyyət baxımından təhvil alınma, təchizat
müqaviləsində başqa hal nəzərdə
tutulmayıbsa, təchizatçının nümayəndəsinin
iştirakı ilə həyata keçirilir;
5.2.4.7.
təchiz edilən yanacaq həcminin
ölçülməsi nəticələrinin qəbzi rəsmi
sənədlərdir və iddia materiallarının
hazırlanmasında istifadə edilir;
5.2.4.8.
yanacaq çatışmazlığı
baxımından təchizatçılara bildirilən iddialar:
5.2.4.8.1.
normativ sənədlərin
tələblərinə uyğun olaraq istehlakçı dəmir
yolu stansiyasından qaimənin arxa hissəsində
vaqonların (sisternlərin) sazlığı haqqında
qeydlərin aparılmasını tələb etməlidir (bu
qeyd təchizatçı tərəfindən iddialar təmin edilmədikdə
və arbitraj məhkəməsinə iddia
sənədlərini təqdim etmək lazım olduqda,
tələb oluna bilər).
5.2.4.8.2.
çatışmayan yanacağın
dəyərinin qarşılanması haqqında iddiaların
bildirilməsi zamanı tələb edilən məbləğ
yükgöndərənin hər bir istehsal vahidi üçün ayrıca
hesablanmalıdır;
5.2.4.8.3.
bir göndərilmə qrupuna bir iddia
bildirməyə yol verilir;
5.2.4.9.
yanacağın
keyfiyyəti baxımından təchizatçılara bildirilən
iddialar:
5.2.4.9.1.
yanacağın keyfiyyəti
haqqında şəhadətnamədə (pasportda)
yanacağın texniki xarakteristikaları və iddialarla
işin aparıldığı digər göstəriciləri
qeyd olunur (stansiyanın etibarlı istismarının,
təhlükəsizliyin və ekoloji tələblərin təmin
edilməsi şərtlərindən asılı olaraq).
Təchizatçı qazın uyğunluq sertifikatını
təqdim etməlidir;
5.2.4.9.2.
pasportdakı göstəricilərlə
bağlanılmış müqavilədə
razılaşdırılmış keyfiyyət
göstəriciləri arasında kənarlaşma
aşkarlandıqda təchizatçıya iddia tərtib edilir;
5.2.4.10.
laboratoriya sınaqları üçün üç
nüsxədə maye yanacaq nümunəsi hazırlanır və
aşağıdakı kimi bölüşdürülür:
5.2.4.10.1.
birinci nüsxə EİM-in
laboratoriyasına verilir;
5.2.4.10.2.
ikinci nüsxə yükgöndərənin
(onun tələbi ilə) laboratoriyasına verilir;
5.2.4.10.3.
üçüncü nüsxə yoxlama nüsxə
qismində stansiyada saxlanılır (müstəqil laboratoriyada
yoxlama üçün);
5.2.4.11.
maye yanacağın ölçmə ilə
qəbul edilməsi zamanı yüksək nəmlik miqdarına
dair iddia bildirilmir və bu amil çatışmayan yanacağa dair
iddiada nəzərə alınır;
5.2.4.12.
yanacağın dəmir yolu ilə
daşınmaları zamanı yaranan iddialar əsasən
aşağıdakı hallarda bildirilir:
5.2.4.12.1.
yanacağın
zədələnmiş vaqonlarda və çatışmazlıq
əlamətləri ilə gətirilməsi;
5.2.4.12.2.
yanacağın qrup və ya
marşrut qaiməsi üzrə daxil olması zamanı bir və
ya bir neçə vaqonun (çənin) olmaması;
5.2.4.12.3.
yanacaq təchizatı ilə
bağlı təyin olunmuş müddətlərin pozulması;
5.2.4.12.4.
yanacağın daşınması
üzrə hesablanmış ödənişlərin
dəyişməsi;
5.2.4.13.
müqavilədə göstərilmiş
fasiləsiz verilməsinə dair şərtlərin
pozulması qaz yanacağı üzrə yaranan iddianın predmetinə
aid edilir.
5.2.5.
Yanacaq ehtiyatlarının
saxlanılması zamanı yanacaq
qarışıqlarının və tullantılarının
silinməsi aşağıdakı kimi həyata keçirilir:
5.2.5.1.
gələcəkdə istifadəsi
mümkün olduqda, yanacaqdan seçilmiş kənar qarışıqlar
çəkilir və saxlanma yerlərinə göndərilir;
5.2.5.2.
EİM-in işçi heyəti
sözügedən qarışıqların kütləsi haqqında
məlumatları qeydiyyat jurnalına daxil edir. Bu jurnalda
çənlərin və digər mazut təsərrüfatı
qovşaqlarının təmizlənməsi zamanı və
çənlərdə mazutun çökməsi zamanı
axıdılmış sudan çıxarılan mazut qalıqları
kütləsinin tullantıları, itkiləri haqqında
məlumatlar sadalanır;
5.2.5.3.
qarışıq və tullantı
kütləsinin silinməsi ixtiyari formalı akt üzrə həyata
keçirilir. Həmin akt istehsal bölməsinin (sexinin, sahəsinin)
rəisi, yanacaq uçotunu aparan hesabdar tərəfindən
imzalanır və stansiya rəhbərliyi tərəfindən
təsdiq edilir;
5.2.5.4.
EİM-də tullantıların
seçimi və uçotu təşkil olunmayıbsa, onların
silinməsinə yol verilmir;
5.2.5.5.
yanacaq tullantıları kütləsinin
itkisinin silinməsi üçün əsas kimi EİM-in daxili
sənədi ilə təsdiqlənmiş, saxlanma zamanı
onun nəmliyinin eksperimental qaydada təyin olunmuş itki
hədləri qəbul oluna bilər.
5.2.6.
EİM-in elektrik
və istilik enerjisinin buraxılışı zamanı xüsusi
texnoloji ehtiyaclar üzrə yanacağın miqdarı və
keyfiyyəti ilə bağlı aşağıdakılar
nəzərə alınmalıdır:
5.2.6.1.
EİM-in energetik qazanlarda və pik boylerlərdə
yandırdığı yanacaq xüsusi texnoloji ehtiyaclar (elektrik
və istilik enerjisinin buraxılışı) üçün yanacaq kimi
nəzərə alınmalıdır;
5.2.6.2.
texnoloji məqsədlər üçün
sərf edilən bütün yanacağın kütləsi
tərəzilərin, sərfiyyatölçənlərin,
səviyyəölçənlərin və digər bu qəbildən
olan qurğuların göstəriciləri üzrə ölçmələr
əsasında, onun keyfiyyət göstəriciləri isə
avtomatik qeydiyyat cihazları və ya müvafiq qurğular
vasitəsilə götürülmüş və ayrılmış yanacaq nümunələrinin
analizinin nəticələri əsasında
müəyyənləşdirilməlidir;
5.2.6.3.
təmin edilməyən iddialar
üzrə yanacağın kəmiyyəti və keyfiyyəti
yalnız o zaman texnoloji məqsədlər üçün sərfiyyata
daxil edilir ki, həmin iddialar texniki səbəblərdən
qəbul edilməsin;
5.2.6.4.
çənlərdə maye qazın
səviyyəsinin azalması üzrə onun sərfiyyatının
müəyyənləşdirilməsi zamanı hər bir çən
üçün kalibrləşmə cədvəli tərtib
olunmalıdır;
5.2.6.5.
çənlər yerində ölçmə
zamanı +/- 0,5 sm-dən çox olmayan və məsafədən
ölçmə zamanı +/- 1,5 sm olan ölçmə xətasını
təmin edən səviyyəölçənlərlə təchiz
edilməlidir;
5.2.6.6.
daraldıcı qurğulardan (sərfiyyatölçənlərdən)
istifadə etməklə, maye yanacaq sərfiyyatının
müəyyənləşdirilməsi zamanı sonuncular
nasosların təzyiq və resirkulyasiya boru
kəmərlərində quraşdırılmalıdır;
5.2.6.7.
mazutun sərfiyyatölçənlərinin
ölçmə metodikası və quraşdırılma
şərtləri müvafiq sahələrdə normativ dövlət
sənədlərinin tələblərinə uyğun olmalıdır;
5.2.6.8.
yanacağın nəmliyi
çənlərə yanacaq doldurulduqdan sonra onlardan götürülmüş
nümunələr əsasında müəyyənləşdirilir
və ya texnoloji ehtiyaclara sərf edilmiş yanacaqdan
götürülmüş günlük (növbəlik) nümunələr üzrə orta
nəmlik kimi qəbul edilir;
5.2.6.9.
verilmiş yanacağın
kəmiyyətinin müəyyənləşdirilməsi qəbul
olunmuş normativ sənədlərin tələblərinə
uyğun olaraq həyata keçirilir;
5.2.6.10.
texnoloji ehtiyaclara sərf olunan bütün
növ yandırılan yanacağın (maye qaz, qaz)
kəmiyyəti bütün yanacaq axınından götürülmüş
nümunələrin (növbəlik, günlük) analizi yolu ilə və ya
cihazların göstəricilərinə əsasən
müəyyənləşdirilir.
5.2.7.
Yanacaq ehtiyatları ilə
bağlı yanacağın hərəkətinin ay
ərzində uçotu aşağıdakı qaydada yerinə
yetirilir:
5.2.7.1.
hər ayın sonuna (hesabat
ayının sonuncu günü saat 24:00) mühasibatlığın
iştirakı ilə EİM-lərin istehsalat bölmələri
təyin edilmiş uçot forması üzrə yanacağın
hərəkəti və qalığı haqqında akt
hazırlayırlar. Həmin akt əsas sənəd olmaqla, onun
məlumatları EİM-in statistik hesabatında əks olunur
və həmin təşkilat tərəfindən elektrik
və istilik enerjisi sahəsində statistikanın toplanılmasına
görə məsuliyyət daşıyan müvafiq dövlət
orqanlarına təqdim edilir;
5.2.7.2.
günlük ifadəsi ilə
əvvəlcədən və ya bir qədər gecikmə
ilə əldə edilmiş və sonra da hesabat ayı müddətinə
yanacağın hərəkəti haqqında məlumatlarla
düzəliş edilmiş inventarlaşdırma
məlumatlarının təsbit edilməsi nəzərdə
tutulur;
5.2.7.3.
akt iki nüsxədə tərtib olunur,
nüsxələrdən biri mühasibatlığa (mühasibatlıq
uçotuna nəzarət etmək üçün), digəri isə texniki istismar
üzrə müvafiq bölməyə verilir (texniki
hesabatlılığın hazırlanmasında istifadə
etmək üçün);
5.2.7.4.
akt yanacağın sənədli
və instrumental inventarlaşdırılması
əsasında tərtib edilir. Yanacağın anbarlara daxil
olması, sərfiyyatı və qalıqları haqqında
sənədli inventarlaşdırma məlumatları günlük
cədvəllər üzrə, qarışıqların və
yanacaq tullantılarının silinməsi üzrə aktın,
eləcə də qaimələrin müqayisəsi
(tutuşdurulması) yolu ilə müəyyənləşdirilir;
5.2.7.5.
yanacaq qalıqları ilə
sənədli və instrumental inventarlaşdırma
məlumatlarının müqayisəsi (tutuşdurulması)
nəticəsində onun çatışmazlığı və
artıqları müəyyənləşdirilir, anbarlarda yanacaq
qalıqlarının və onun texnoloji ehtiyaclara sərfiyyatının
hesabatda əks olunacaq dəyəri təyin olunur;
5.2.7.6.
anbarlarda yanacaq qalıqlarının
hesabat dəyəri yalnız instrumental inventarlaşdırma
xətası nəzərə alınmaqla
müəyyənləşdirilir ki, sonuncunun nisbi qiyməti maye
qaz üçün:
5.2.7.6.1.
şaquli çənlərdə +/- 0,5%
təşkil edir;
5.2.7.6.2.
üfüqi çənlərdə +/- 1,3%
təşkil edir;
5.2.7.7.
instrumental və
sənədli inventarlaşdırma məlumatları üzrə
yanacaq qalıqlarındakı kənarlaşmanın mütləq
dəyəri instrumental inventarlaşdırma xətasından
çox olmadıqda, anbarlardakı yanacağın hesabat
qalıqları qismində sənədli inventarlaşdırma
məlumatları qəbul edilir;
5.2.7.8.
instrumental və sənədli
inventarlaşdırma məlumatları üzrə yanacaq
qalıqlarındakı kənarlaşma mənfi qiymətə
bərabərdirsə və mütləq qiyməti üzrə
instrumental inventarlaşdırma xətasından və
instrumental ölçmə xətasının mütləq
qiymətindən çoxdursa, anbardakı yanacağın hesabat
qalıqları və sənədli
inventarlaş-dırmanın nəticəsi arasındakı
fərq yanacağın çatışmazlığına
uyğun gəlirsə, inventarlaşdırma
komissiyasının qərarından asılı olaraq yanacaq
çatışmazlığı bütöv və ya tam olaraq:
5.2.7.8.1.
texnoloji ehtiyaclar üçün
sərf edilən yanacağa aid edilə bilər;
5.2.7.8.2.
yanacağın qiymətinin
yüksəlməsinə silinə bilər;
5.2.7.8.3.
təqsirkar şəxslərə
aid edilə bilər;
5.2.7.9.
birinci halda texnoloji ehtiyaclar üçün
sərf edilən yanacağın hesabat dəyəri həmin sərfiyyatın
sənədli inventarlaşdırma məlumatları və ona
aid edilmiş yanacaq çatışmazlığı üzrə
məbləği kimi müəyyənləşdirilir;
5.2.7.10.
fövqəladə hallar (təbii
fəlakətlər, yanğınlar, qəzalar və digər
hadisələr) səbəbilə yaranmış yanacaq
çatışmazlığı üzrə silinmə aktı
tərtib edilir. Həmin akt EİM-in rəhbərliyi
tərəfindən təsdiq olunur və Energetika
Nazirliyinə təqdim edilir;
5.2.7.11.
instrumental və sənədli
inventarlaşdırma məlumatları üzrə yanacaq
qalıqlarındakı kənarlaşma müsbətdirsə
və inventarlaşdırma xətasından çoxdursa, yanacaq
artıqlığına yol verilmişdir. Onlar
qalıqlardakı kənarlaşmalar ilə instrumental
inventarlaşdırma xətasının mütləq
dəyəri arasındakı fərqə
bərabərdirlər;
5.2.7.12.
yanacaq qalıqları anbara
mədaxil edilməlidir. Bu zaman anbarlardakı yanacağın
hesabat qalıqları olaraq instrumental inventarlaşdırma
məlumatları üzrə qalıqlar ilə onun mütləq
dəyəri arasındakı fərq qəbul edilir;
5.2.7.13.
yanacaq artıqlığının
və ya çatışmazlığının aşkar
edilməsi faktı yanacağın uçotunda
çatışmazlıqların olduğunu göstərir. EİM
ən qısa müddətdə onların aradan
qaldırılması üçün tədbirləri
müəyyənləşdirərək həyata keçirməlidir.
5.3. Yanacaq
ehtiyatlarının texniki uçotu.
5.3.1. Texnoloji
ehtiyaclar üçün təbii yanacaq sərfiyyatının uçotu
yanacağın energetik qurğuya yandırılma üçün verildiyi
faktiki nəmlik üzrə aparılır.
5.3.2. Yanacağın
EİM-də texniki uçotu texnoloji ehtiyaclar üçün sərf edilmiş
təbii yanacağın kəmiyyəti və keyfiyyəti
haqqında məlumatlar əsasında şərti yanacağa
hesablama ilə aparılır.
5.3.3. Elektrik və
istilik enerjisinin buraxılışına aid edilmiş
şərti yanacağın sərfiyyatına texnoloji ehtiyaclar
üçün sərf edilmiş bütün yanacaq daxil edilir.
5.3.4. Elektrik və
istilik enerjisinin təmin edilməsi üçün sərf edilən bütün
yanacaq növləri şərti yanacağın xüsusi sərfiyyatı
zamanı nəzərə alınmalıdır.
5.3.5. Yanacağın
təbii və qeyri-istehsal itkilərinin texnoloji ehtiyaclara
silinməsinə yol verilmir.
5.3.6. Şərti
yanacağın bütövlükdə EİM üzrə, eləcə də
ayrıca avadanlıq qrupları (enerji blokları) üzrə
xüsusi sərfiyyatı birbaşa enerji balansı ilə
müəyyənləşdirilir. Əgər EİM-in hər bir
qazan və qazan qrupu üzrə yanacaq sərfiyyatının
bilavasitə ölçmələri yoxdursa, o zaman yanacaq onların
arasında əks balans üzrə
müəyyənləşdirilmiş yanacaq sərfiyyatının
müvafiq qiymətlərinə mütənasib olaraq bölüşdürülür.
5.3.7. Yanacağın
texniki uçotunun nəticələri dövlət və sahə
statistik hesabatlarda əks olunur.
5.4. Yanacaq
ehtiyatlarının mühasibat uçotu.
5.4.1. EİM-lərdə
yanacaq ehtiyatları ilə bağlı mühasibat uçotunun
təşkili və aparılması Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının
Qanununa və müvafiq sahədə qüvvədə olan digər
qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.