Azərbaycan Respublikasının energetika sektorunda
islahatların sürətləndirilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, energetika
sektorunda institusional islahatların sürətləndirilməsi, bu
sahədəki fəaliyyətin beynəlxalq təcrübə
əsasında təkmilləşdirilməsi, sahənin
inkişafına özəl, o cümlədən xarici
investisiyaların cəlb edilməsi və rəqabət
mühitinin formalaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyi
qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla:
1.1. energetika sektorunun inkişafının əsas
prioritetləri və hədəfləri müəyyən
edilməklə Azərbaycan Respublikasının energetika
sektorunun uzunmüddətli inkişaf Strategiyasının
layihəsini on iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. elektroenergetika sektorunda rəqabətə
əsaslanan liberal bazar modelinə mərhələli
keçidlə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.3. ölkənin elektroenergetika sisteminin
səmərəliliyinin artırılması məqsədi
ilə bu sahəyə özəl investisiyaların cəlb
edilməsi barədə təkliflərini Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi ilə razılaşdırmaqla altı ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.4. bərpa olunan enerji mənbələrindən
istifadənin təşviq edilməsi, bu sahədə
əlverişli investisiya mühitinin yaradılması və
özəl sahibkarlıq fəaliyyətinin
dəstəklənməsi tədbirlərinə dair
təkliflərini hazırlayıb dörd ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. ölkədə qaz və istilik təchizatı
sistemlərinin səmərəliliyini artırmaq,
istehlakçıların tələbatının etibarlı
şəkildə ödənilməsini təmin etmək üçün bu
sahələrdə islahatların aparılması ilə
bağlı təkliflərini altı ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. bu Sərəncamdan irəli gələn
tapşırıqların icrasını təmin etmək
məqsədi ilə tanınmış beynəlxalq
məsləhətçi şirkətlərin cəlb olunması
üçün maliyyə təminatı məsələlərinin
həllinə dair təkliflərini Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Energetika Nazirliyinin
təklifləri əsasında:
2.1.1. Elektrik enerjisi istehsalında bərpa olunan enerji
mənbələrindən istifadə haqqında, Energetika
və kommunal xidmətlər sahələrində
tənzimləyici haqqında Azərbaycan Respublikası
qanunlarının layihələrini, habelə Energetika
haqqında və Qaz təchizatı haqqında Azərbaycan
Respublikası qanunlarının yeni layihələrini
hazırlayıb on iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. bu Sərəncamdan irəli gələn
tapşırıqların icrasını təmin etmək
məqsədi ilə tanınmış beynəlxalq
məsləhətçi şirkətlərin cəlb olunması
üçün maliyyə təminatı məsələlərini həll
etsin;
2.2.
bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 29 may 2019-cu il
№ 1209