“Müflisləşmə və iflas haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1569-VQD
nömrəli Qanununun tətbiqi və “Müflisləşmə
və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 23 iyun tarixli 604 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, “Müflisləşmə və iflas
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu
il 23 aprel tarixli 1569-VQD nömrəli Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Müflisləşmə və iflas haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel
tarixli 1569-VQD nömrəli Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə üç ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4. həmin Qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. “Müflisləşmə və iflas haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 1997-ci
il 23 iyun tarixli 604 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6,
maddə 461; 2001, № 10, maddə 640; 2006, № 7, maddə 590; 2010, №
7, maddə 610; 2018, № 9, maddə 1823) 2-ci hissəsinin
üçüncü abzasının sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
olunsun və aşağıdakı məzmunda
dördüncü abzas əlavə edilsin:
“həmin Qanunun 10-1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir.”.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların “Müflisləşmə və
iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 29 aprel 2019-cu il
№ 659