“Büdcə təşkilatlarında
kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii
qaz və su) istehlakına görə limitlərin
müəyyən edilməsi və tənzimlənməsi
Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının 2018-ci
il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra
məsələlər barədə” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756
nömrəli Fərmanının 5.6-cı bəndinə
əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Büdcə təşkilatlarında
kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii
qaz və su) istehlakına görə limitlərin
müəyyən edilməsi və tənzimlənməsi
Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının, habelə digər büdcə
təşkilatlarının rəhbərlərinə
tapşırılsın ki, 3 (üç) ay müddətində
özlərinin tabeliyində olan (o cümlədən, icarəyə
götürülmüş) obyektlərə, habelə
icarəyə verilmiş obyektlərə və onların
icarəçilərinə (subicarəçilərinə)
dair siyahını hazırlasınlar, kağız və
(və ya) elektron daşıyıcılarda Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə təqdim
etsinlər.
3. Kommunal xidmət göstərən
müəssisələr 2 (iki) ay müddətində
büdcə təşkilatları ilə birlikdə bu
Qərarın 2-ci hissəsində nəzərdə tutulan
siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan
obyektlərin siyahısını tərtib edərək,
kağız və (və ya) elektron daşıyıcılarda
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
təqdim etsinlər.
4. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Qərarın 3-cü hissəsinə
uyğun olaraq, kommunal xidmət göstərən
müəssisələr tərəfindən sayğac quraşdırılmayan
obyektlərə dair siyahı təqdim edildikdən sonra 2 (iki)
ay müddətində dövlət büdcəsinin
imkanları və strateji yol xəritələri üzrə
nəzərdə tutulan prioritetlər nəzərə
alınmaqla, büdcə təşkilatları üzrə
sayğaclaşmanın başa çatdırılması
ilə bağlı təkliflərini Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin.
5. Kommunal xidmət göstərən
müəssisələrə tapşırılsın ki,
istehlakçılara qüvvədə olan standartlara uyğun
kommunal xidmətlərin göstərilməsi məqsədi
ilə zəruri tədbirlər görsünlər və
kommunal xidmətlərə dair istehlakçılarla
müqavilələrin bağlanılması zamanı
müəyyən olunmuş limitlərin nəzərə
alınması, habelə kommunal xidmətlərin həmin
limitlər çərçivəsində təqdim
olunması istiqamətində tabeli təşkilatlar
üzərində nəzarəti təmin etsinlər.
6. Bu Qərarla təsdiq edilmiş Qaydaya
uyğun olaraq büdcə təşkilatları və kommunal
xidmət göstərən müəssisələr
tərəfindən tərtib edilmiş
ümumiləşdirilmiş hesabatlardakı məlumatlar arasında
fərq olduqda, həmin məlumatların “İri dövlət
şirkətlərinin gəlirlər və xərclər
smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli
Qərarı ilə yaradılmış Komissiyanın
Katibliyində həmin şəxslərin
nümayəndələrinin iştirakı ilə
araşdırılması təmin edilsin.
7. Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsinə tapşırılsın
ki, büdcə təşkilatları ilə birlikdə kommunal
xidmətlərdən istifadə barədə (miqdar və pul
ifadəsində) rüblük və illik hesabat
aparılmasını təmin etsin.[1]
8. “Dövlət büdcəsindən
maliyyələşdirilən istehlakçıların
istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii
qazın, suyun və rabitə xidmətlərinin limitləri
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 4, maddə 282; 2004, ¹ 9, maddə 750;
2009, ¹ 9, maddə 757; 2014, ¹ 6, maddə 747; 2017, ¹ 3, maddə
499; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21
yanvar tarixli 9 nömrəli Qərarı) ləğv edilsin.
9. “Elektrik və istilik enerjisinin, təbii qazın
və suyun satıcıları ilə Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi və dövlət
büdcəsi vəsaitinin baş sərəncamçıları
arasında qarşılıqlı münasibətlərin
tənzimlənməsi barədə Qaydaların təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 18 mart tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 147) ləğv
edilsin.
Azərbaycan
Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı
şəhəri, 12 aprel 2019-cu il
¹ 164
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli
Qərarı ilə təsdiq edilmişdir. |
Büdcə təşkilatlarında
kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii
qaz və su) istehlakına görə limitlərin
müəyyən edilməsi və tənzimlənməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda büdcə təşkilatlarında kommunal
xidmətlərin istehlakı ilə bağlı
aşağıdakıları müəyyən edir:
1.1.1. növbəti büdcə ilində
istehlakçının normal iş fəaliyyətinin
təmin edilməsi üçün zəruri hesab olunan
kommunal xidmətlərin limitlərinin vaxtında müəyyən
edilməsini;
1.1.2. istehlakçı tərəfindən kommunal
xidmətlərin limit daxilində istehlakına nəzarəti
və limitdən artıq istifadəyə yol
verilməməsini;
1.1.3. istehlakçı tərəfindən kommunal
xidmətlərin istehlakı barədə hesabatın
təqdim edilməsini.
1.2. Bu Qaydanın məqsədləri üçün
istifadə olunan əsas anlayışlar
aşağıdakılardır:
1.2.1. kommunal resurslar - su, elektrik və istilik enerjisi,
təbii qaz;
1.2.2. kommunal xidmətlər - soyuq və isti su
təminatı, kanalizasiya (tullantı sularının
axıdılması), elektrik təminatı, qaz təminatı
və istilik təchizatı;
1.2.3. kommunal xidmətlərin istehlakına görə
limit - il ərzində istehlakçının normal iş
fəaliyyətinin təmin edilməsini nəzərdə tutan
kommunal xidmətlərin miqdar ifadəsində yuxarı
həddi;
1.2.4. büdcə təşkilatı -
maliyyələşdirilməsi bilavasitə Azərbaycan
Respublikasının dövlət büdcəsi və
Naxçıvan Muxtar Respublikasının büdcəsi
hesabına həyata keçirilən idarə və
təşkilatlar;
1.2.5. baş sərəncamçı -
istehlakçının bilavasitə tabe olduğu
mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə
digər büdcə təşkilatları;
1.2.6. istehlakçı - kommunal xidməti satın alan
və onlardan istifadə edən şəxs;
1.2.7. təsərrüfathesablı müəssisə
- baş sərəncamçının tabeliyində olan
və öz xərclərini qanunvericiliklə qadağan olunmayan
mənbələr hesabına maliyyələşdirən
şəxs;
1.2.8. təchizatçı - mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
müəyyən ərazi (zona) hüdudlarında kommunal
xidmət göstərən şəxs.
2. Kommunal xidmətlərin istehlakına
görə limitlərin müəyyən edilməsi
2.1. Növbəti il üçün büdcə
təşkilatlarında kommunal xidmətlərə
görə limit müəyyən edildikdə,
aşağıdakı göstəricilərdən istifadə
olunur:
2.1.1. ötən il ərzində
istehlakçının tabeliyində (istifadəsində) olan
obyektlərin (və ya onun sahəsinin) hər biri tərəfindən
istehlak olunmuş kommunal xidmətlərin miqdar
ifadəsində faktiki həcmi;
2.1.2. cari il ərzində istehlakçının
tabeliyində (istifadəsində) olan obyektlərin (və ya
onun sahəsinin) hər biri üzrə istehlak olunacaq kommunal
xidmətlərin miqdar ifadəsində gözlənilən
həcmi;
2.1.3. cari və növbəti ildə istifadəyə
verilməsi nəzərdə tutulan obyektlərin (və ya onun
sahəsinin) faktiki və (və ya) texniki
göstəricilərinə əsasən tələb olunan
kommunal xidmətlərin miqdar ifadəsində
gözlənilən həcmi;
2.1.4. cari ildə ləğv edilmiş və (və
ya) növbəti ildə ləğvi nəzərdə tutulan
obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya)
texniki istehlak göstəricilərinə əsasən
tələb olunan kommunal xidmətlərin miqdar
ifadəsində həcmi;
2.1.5. cari ildə icarəyə
götürülmüş və (və ya) növbəti
ildə icarəyə götürülməsi
nəzərdə tutulan obyektlərin (və ya onun
sahəsinin) faktiki və (və ya) texniki
göstəricilərinə əsasən tələb olunan
kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
2.1.6. cari ildə icarəyə verilmiş və
(və ya) növbəti ildə icarəyə verilməsi
nəzərdə tutulan obyektlər (və ya onun sahəsi)
üzrə faktiki istehlak göstəricilərinə
əsasən tələb olunan kommunal xidmətlərin miqdar
ifadəsində həcmi;
2.1.7. icarə münasibətləri istisna olmaqla,
digər hallarda istehlakçının subabonenti olduqda,
həmin subabonent üzrə kommunal xidmətlərin miqdar
ifadəsində həcmi;
2.1.8. icarə münasibətləri istisna olmaqla,
digər hallarda istehlakçı subabonent olduqda, onun kommunal
xidmətlərə görə istehlakın miqdar
ifadəsində həcmi.
2.2. Bu Qaydanın 2.1-ci bəndində qeyd olunan
məlumatlar baş sərəncamçı və
təchizatçı tərəfindən birgə
hazırlanır və təsdiq edilir. Həmin məlumatlarda
uyğunsuzluq olduğu təqdirdə, baş
sərəncamçının, obyektin yerləşdiyi
ərazi üzrə yerli maliyyə orqanının və
təchizatçının nümayəndələrinin
iştirakı ilə həmin uyğunsuzluq
araşdırılır və miqdar ifadəsində həcm müəyyən
edilir.
2.3. Cari və növbəti ildə istifadəsi
nəzərdə tutulan obyekt (və ya onun sahəsi) olduqda,
baş sərəncamçı və təchizatçı
tərəfindən həmin obyektlərin (və ya onun
sahəsinin) faktiki və (və ya) texniki
göstəricilərinə əsasən tələb olunan
kommunal xidmətlərin miqdar ifadəsində
gözlənilən həcmini əks etdirən birgə
arayış hazırlanır və təsdiq edilir.
2.4. Cari ildə icarəyə götürülmüş
və (və ya) növbəti ildə icarəyə
götürülməsi nəzərdə tutulan obyektlər
(və ya onun sahəsi) olduqda, baş
sərəncamçı, təchizatçı və
icarəyə verən (subicarəyə verən)
tərəfindən həmin obyektlərin (və ya onun
sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə
əsasən tələb olunan kommunal xidmətlərin miqdar
ifadəsində gözlənilən həcmini əks
etdirən birgə arayış hazırlanır və
təsdiq edilir. Bu zaman artıq istehlak həcmlərinə yol
verilməməli və müəyyən edilmiş limit
reallığı əks etdirməlidir.
2.5. Cari ildə ləğv edilmiş və (və ya)
növbəti ildə ləğvi nəzərdə tutulan
obyektlər (və ya onun sahəsi) olduqda, baş
sərəncamçı təchizatçı
tərəfindən təsdiqedici sənədlər
əsasında həmin obyektlərin (və ya onun sahəsinin)
texniki və (və ya) müvafiq dövrdə istehlak olunmuş
faktiki istehlak göstəricilərinə əsasən kommunal
xidmətləri əks etdirən birgə arayış hazırlanır
və təsdiq edilir.
2.6. Cari ildə icarəyə verilmiş və (və
ya) növbəti ildə icarəyə verilməsi
nəzərdə tutulan obyekt (və ya onun sahəsi) olduqda,
həmin obyekt (və ya onun sahəsi) üzrə istehlak
edilən kommunal xidmətlər limitlərə daxil edilmir. Bu
zaman baş sərəncamçı və
təchizatçı tərəfindən təsdiqedici
sənədlər əsasında həmin obyektlərin (və
ya onun sahəsinin) müvafiq dövrdə istehlak olunmuş
faktiki istehlak göstəricilərinə əsasən kommunal
xidmətləri əks etdirən birgə arayış
hazırlanır və təsdiq edilir. Həmin obyektlər
(və ya onun sahəsi) üzrə ödənişlər
büdcə təşkilatı, icarəçi
(subicarəçi) və təchizatçı arasında
bağlanılmış müqavilə əsasında
həmin icarəçi (subicarəçi)
tərəfindən həyata keçirilir və
bağlanılmış müqavilənin surəti 3
(üç) iş günü müddətində
aidiyyəti üzrə Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi)
və (və ya) yerli maliyyə orqanına təqdim edilir.
2.7. Büdcə təşkilatının
tabeliyində olan təsərrüfathesablı
müəssisənin istehlak etdiyi kommunal xidmətlər
limitlərə daxil edilmir və ödənişlər onunla
təchizatçı arasında bağlanılmış
müqavilə əsasında həmin müəssisə
tərəfindən həyata keçirilir.
Təsərrüfat-hesablı müəssisə
bağlanılmış müqavilənin surətini 3
(üç) iş günü müddətində
aidiyyəti üzrə Maliyyə Nazirliyinə və (və
ya) yerli maliyyə orqanına təqdim edir.
2.8. Növbəti il üçün
istehlakçının istifadəsində olan hər bir obyekt
(və ya onun sahəsi) üzrə kommunal xidmətlərə
görə limit istehlakçı və təchizatçı
tərəfindən bu Qaydanın 2.1-2.7-ci
bəndlərində nəzərdə tutulan məlumatlardan
istifadə etməklə, cari ilin may ayının 1-dək
aşağıdakı qaydada müəyyən edilir və
iyun ayının 1-dək kağız və (və ya) elektron
daşıyıcılarda baş sərəncamçıya
və obyektin yerləşdiyi ərazi üzrə yerli maliyyə
orqanına təqdim edilir:
L(b.h) = (L1 + L2+...+ Ln)
+ Lyeni + Lic.götürülən + List/subabonent -
Lləğv - Lic.verilən - Lsubabonent/ist
burada:
L(b.h) – növbəti il üçün
istehlakçının tabeliyində (istifadəsində) olan
obyektlər (və ya onun sahəsi) üzrə kommunal
xidmətlərə görə limit;
L1 + L2+...+ Ln - ötən il ərzində istehlakçının
tabeliyində (istifadəsində) olan obyektlərin (və ya
onun sahəsinin) hər biri tərəfindən istehlak
olunmuş kommunal xidmətlərin miqdar ifadəsində faktiki
həcmi;
Lyeni - cari və növbəti ildə istifadəyə
verilməsi nəzərdə tutulan obyektlərin (və ya onun
sahəsinin) faktiki və (və ya) texniki
göstəricilərinə əsasən tələb olunan
kommunal xidmətlərin miqdar ifadəsində
gözlənilən həcmi;
Lic.götürülən - cari ildə icarəyə
götürülmüş və (və ya) növbəti
ildə icarəyə götürülməsi
nəzərdə tutulan obyektlərin (və ya onun
sahəsinin) faktiki və (və ya) texniki
göstəricilərinə əsasən tələb olunan
kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
List/subabonent - icarə münasibətləri istisna olmaqla,
digər hallarda istehlakçının subabonenti olduqda,
həmin subabonent üzrə kommunal xidmətlərin miqdar
ifadəsində həcmi;
Lləğv - cari ildə ləğv edilmiş və (və ya)
növbəti ildə ləğvi nəzərdə tutulan
obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya)
texniki istehlak göstəricilərinə əsasən
tələb olunan kommunal xidmətlərin miqdar
ifadəsində həcmi;
Lic.verilən - cari ildə icarəyə verilmiş və (və
ya) növbəti ildə icarəyə verilməsi
nəzərdə tutulan obyektlər (və ya onun sahəsi)
üzrə faktiki istehlak göstəricilərinə
əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində
həcmi;
Lsubabonent/ist - icarə münasibətləri istisna olmaqla,
digər hallarda istehlakçı subabonent olduqda, onun kommunal
xidmətlərə görə istehlakının miqdar
ifadəsində həcmi.
2.9. Baş sərəncamçı bu Qaydanın
2.8-ci bəndinə uyğun olaraq tabeliyində olan hər bir
istehlakçı (və ya obyekt) üzrə
müəyyən edilmiş kommunal xidmətlərə
görə limitləri ümumiləşdirir və
növbəti büdcə ilinin proqnozlarında
nəzərə almaq üçün bu Qaydanın 2.1-2.7-ci
bəndlərində nəzərdə tutulan
əlavələrlə birlikdə “Büdcə sistemi
haqqında” Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsi
ilə müəyyən edilmiş müddətdə
kağız və (və ya) elektron daşıyıcılarda
Maliyyə Nazirliyinə təqdim edir.
3. Kommunal xidmətlərin limit
nəzərə alınmaqla ödənilməsi və
nəzarət tədbirləri
3.1. Limit çərçivəsində
xərclər qiyməti dövlət tərəfindən
tənzimlənən kommunal xidmətlər üzrə
Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının
müəyyən etdiyi tarif, digər kommunal xidmətlər
üzrə isə bağlanılmış müqavilə
qiyməti tətbiq edilməklə müəyyənləşdirilir,
dövlət büdcəsi və qanunvericiliklə qadağan
olunmayan digər mənbələr hesabına
maliyyələşdirilir.
3.2. Kommunal xidmətlərdən istifadə
qanunvericilik aktları ilə müəyyən edilmiş
qaydada istehlakçı ilə təchizatçı
arasında hər il dekabr ayının 31-dək bağlanılmış
alqı-satqı müqaviləsi əsasında
aparılır. Müqavilədə vəzifələr,
hüquqlar, qarşılıqlı məsuliyyət,
istehlakçıya verilən kommunal xidmətin həcmi və
dəyəri, hər ilin dövlət büdcəsində
kommunal xidmətlərin limitinin yuxarı həddi, qrafiki,
keyfiyyəti, ödəniş qaydaları və digər
məsələlər əks etdirilir. Təchizatçı
ilə istehlakçı arasında müqavilə
bağlanıldıqdan sonra istehlakçı tərəfindən
həmin müqavilənin surəti 3 (üç) iş
günü müddətində aidiyyəti üzrə
Maliyyə Nazirliyinə və (və ya) yerli maliyyə
orqanına təqdim edilir.
3.3. Qanunvericiliyə uyğun olaraq müqaviləsiz
kommunal xidmətlərin təqdim edilməsinə yol verilmir.
3.4. İstehlakçı tərəfindən
müqavilədə qeyd olunan qrafiklə müəyyən
edilmiş aylıq göstəricidən (limitdən) artıq
kommunal xidmətdən istifadə halları olduqda,
təchizatçı 3 (üç) iş günü
əvvəl istehlakçını xəbərdar
etməklə, ona növbəti ayda (aylarda) artıq
istifadə edilmiş kommunal xidmətin həcmi qədər
məcburi məhdudlaşdırma tətbiq etmək hüququna
malikdir.
3.5. İl ərzində limitlərin
artırılmasına zərurət yarandıqda
istehlakçı və təchizatçı
tərəfindən “Kommunal xidmətin istehlakına
görə limitdə dəyişikliyin edilməsi
zərurətinə dair birgə arayış (1 nömrəli
əlavə)” tərtib olunmaqla baş
sərəncamçıya müraciət edilir. Baş
sərəncamçı qaldırılan məsələni
araşdırır və təqdim edilmiş
üzləşmə aktları üzrə
istehlakçının kommunal xidmətlərə
görə borcunun (limitdən artıq istifadə olunan kommunal
xidmətlər də daxil olmaqla) ödənilməsini
tabeliyində olan digər obyektlərin həmin
məqsədlər üçün istifadə
olunmamış vəsaiti hesabına təmin edir. Bu bəndin
ikinci cümləsində qeyd olunanlar mümkün
olmadıqda, Maliyyə Nazirliyi “Büdcə sistemi haqqında”
Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində
nəzərdə tutulan xərc maddələri istisna olmaqla,
digər xərclər hesabına kommunal xidmətlərə
görə borcun (limitdən artıq istifadə olunan kommunal
xidmətlər də daxil olmaqla) ödənilməsini
təmin edir.
3.6. Bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq,
istehlakçının kommunal xidmətlərin
göstəricilərinin artırılması (müvafiq limit
çərçivəsində və müvafiq maliyyə
təminatı olduqda) nəzərdə tutulduqda,
istehlakçı tərəfindən bu barədə
təchizatçıya müraciət edilir və kommunal
xidmətin alqı-satqı müqaviləsinə müvafiq
qaydada əlavələr edilir.
4. Hesabatın təqdim edilməsi
4.1. Hər il yanvar-iyun ayları üzrə 1 iyul
vəziyyətinə və iyul-dekabr ayları üzrə 1
yanvar vəziyyətinə olmaqla, “Faktiki istehlak olunan kommunal
xidmətin həcmi barədə üzləşmə
aktı” (2 nömrəli əlavə) 1 (bir) ay
müddətində istehlakçı ilə
təchizatçı arasında qarşılıqlı
şəkildə təsdiq edilərək həmin
şəxslər tərəfindən aidiyyəti üzrə
baş sərəncamçıya və ya müvafiq ərazi
üzrə baş sərəncamçının tabeliyində
olan quruma və obyektin yerləşdiyi ərazi üzrə
yerli maliyyə orqanına kağız və ya elektron
daşıyıcılarda təqdim edilir;
4.2. Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq
təqdim olunmuş icmal məlumatlar əsasında baş
sərəncamçı və təchizatçı
tərəfindən 1 (bir) ay müddətində ümumiləşdirilmiş
hesabat (birbaşa maliyyələşdirilən hər bir
müəssisə, idarə və təşkilat üzrə
ayrı-ayrılıqda göstərilməklə) hazırlanır
və təsdiq edilir.
5. Yekun müddəa
5.1. Büdcə təşkilatlarının müvafiq
vəzifəli şəxsləri kommunal xidmətlərə
olan tələbatın müəyyən olunmuş
limitlərə uyğunlaşdırılmasını
təmin etməli və həmin limitdən artıq kommunal
xidmətlərdən istifadəsinə yol verilməməli,
kommunal xidmətlərin istehlakı haqqını (limit
nəzərə alınmaqla) vaxtında ödəməlidir.
|
“Büdcə təşkilatlarında
kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii
qaz və su) istehlakına görə limitlərin
müəyyən edilməsi və tənzimlənməsi Qaydası”na 1
nömrəli əlavə |
Kommunal xidmətin istehlakına
görə limitdə dəyişikliyin edilməsi
zərurətinə dair birgə arayış
Kommunal
xidmətin növü |
Ölçü
vahidi (m3, qkal, kVt/s) |
Təsdiq
edilmiş limit |
Əlavə
tələb olunan limit |
Tələb
olunan limit nəzərə alınmaqla yeni limit |
Dəyişən
limitin istifadə müddəti (gün) |
Limitin
dəyişməsinə təsir edən amillər |
|||
məb-ləğlə
(ma-natla) |
miq-dar
ifadə-sində |
məb-ləğlə
(ma-natla) |
miq-dar
ifadə-sində |
məb-ləğlə
(ma-natla) |
miq-dar
ifadə-sində |
|
|||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
|
|
|
|
|
|
|
|
|
|
İstehlakçının
rəhbəri |
|
|
Təchizatçının
rəhbəri |
|
“Büdcə təşkilatlarında
kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii
qaz və su) istehlakına görə limitlərin
müəyyən edilməsi və tənzimlənməsi
Qaydası”na 2
nömrəli əlavə |
Faktiki istehlak olunan kommunal xidmətin
həcmi barədə üzləşmə aktı
|
İstehlakçının
rəhbəri |
|
|
Təchizatçının
rəhbəri |
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
18 iyul 2020-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 21
iyul 2020-ci il, ¹ 141,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 988)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 18 iyul 2020-ci il tarixli 258
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 21 iyul 2020-ci il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 988) ilə 7-ci
hissə ləğv edilmişdir.