“Neft-qaz sahəsində fəaliyyətin və
qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci
il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20
dekabr tarixli 414 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin
və “Sosial sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD
nömrəli Qanununun tətbiqi və “Sosial sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7
aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21
dekabr tarixli 421 nömrəli Fərmanının 1.4-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət
sektorunun Meyarları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda
dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
3. Bu Qərar 2019-cu
il yanvarın 1-dən tətbiq edilir.
Azərbaycan Respublikasının Baş naziri
Novruz MƏMMƏDOV
Bakı şəhəri, 18 fevral 2019-cu il
№ 56
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu
il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq
edilmişdir. |
Neft-qaz
sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun
MEYARLARI
1. Ümumi
müddəalar
1.1. Bu Meyarlar Azərbaycan
Respublikasının Vergi Məcəlləsinin 101.1-4-cü maddəsinə
və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun 14.7-ci maddəsinə uyğun olaraq neft-qaz sahəsində
fəaliyyətin və qeyri-dövlət sektorunun
meyarlarını (bundan sonra – Meyarlar) müəyyən edir.
1.2. Bu Meyarlarda
istifadə olunan anlayışlar Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə
tutulmuş mənaları ifadə edir.
2. Meyarlar
2.1. Neft-qaz sahəsində
fəaliyyətə dair Meyarlar
aşağıdakılardır:
2.1.1. Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti və onun
strukturuna daxil olan müəssisələr, habelə hasilatın
pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və
digər bu qəbildən olan sazişlər üzrə
podratçılar və əməliyyat şirkətləri fəaliyyət
növündən asılı olmayaraq tam tərkibdə;
2.1.2. bu Meyarların
2.1.1-ci yarımbəndində göstərilən şəxslərə
xidmət göstərən xarici və yerli subpodratçılar:
2.1.2.1. mövcud
subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində
göstərilən şəxslərə təqdim olunan mal, görülən
iş və göstərilən xidmətlərə görə əvvəlki
təqvim ili ərzində əldə olunan illik gəlirlərin
(xərclər nəzərə alınmadan) həcmi məcmu
illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə;
2.1.2.2. il ərzində
yeni yaradılacaq subpodratçılar üzrə – yeni yaradılan
subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci
yarımbəndində göstərilən şəxslərə
mal təqdim etməyə, iş görməyə və xidmət
göstərməyə başladığı ayadək əməkhaqqından
gəlir vergisini güzəştli dərəcələrlə tətbiq
edir. Təqvim ili ərzində bu Meyarların 2.1.1-ci yarımbəndində
göstərilən şəxslərlə müqavilə bağlayan
subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi
gəlirlərində (xərclər nəzərə
alınmadan) həmin müqavilələr üzrə gəlirlərin
(xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50
faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən
etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu
itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər
nəzərə alınmadan) nisbətindən asılı
olmayaraq). Növbəti ildən mövcud subpodratçı kimi bu
Meyarların 2.1.2.1-ci yarımbəndində qeyd olunan meyar əsas
götürülür.
2.2. Qeyri-dövlət
sektoru – dövlət adından yaradılan publik hüquqi şəxslər,
büdcə təşkilatları, dövlət büdcəsindən və
dövlətə məxsus digər fondlardan maliyyələşən
digər orqan və qurumlar, habelə səhmlərinin və ya
paylarının 51 və daha artıq faizi birbaşa və ya
dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər
istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq yaradılmış hüquqi şəxslər və
vergi ödəyicisi olan fiziki şəxslər.