“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 4-cü hissəsində (ikinci halda) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun adında, 1-ci maddəsində, 2-ci maddəsinin birinci abzasında və 3-cü hissəsində, 3-cü maddəsinin birinci abzasında və 4-cü hissəsində (birinci halda), 4-cü və 5-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;

1.3. həmin Qanunun 3-cü maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının həmin Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

4.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2019-cu ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və büdcədən maliyyələşən təşkilatlar büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları borclarını 2019-cu il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.

7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin tabeliyində olan vergi orqanları ilə birlikdə tədbirlər həyata keçirsinlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2018-ci il

   424