Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Şevron Oversiz Eksploreyşn Limited, ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

 Azərbaycan Respublİkasının Qanunu

 

 Azərbaycan Respublikası Prezidentinin «Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz blokunun kəşfiyyatı və işlənməsi  haqqında» 1997-ci il 18 iyul tarixli 619 saylı Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 1-də Azərbaycan Respublikasının Dövlət Neft  Şirkəti ilə Şevron Oversiz Eksploreyşn Limited (ABŞ) və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda  «Abşeron» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır.

 Azərbaycan Respublikasının Milli Məclisi:

 Azərbaycan Respublikasının qanunvericiliyində Sazişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq  nizamlanmadığını;

 Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsinin və karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası qanunlarının  olmadığını;

 Sazişin şərtlərinə görə onun qanunverici orqan tərəfindən təsdiqindən sonra Qanun olmasını;

 bu Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq,

 Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən 

qərara alır:

 1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Şevron Oversiz Eksploreyşn Limited, ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Xəzər  dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş (bundan sonra  «Saziş» adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

 2. Sazişlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 oktyabr tarixli 113 saylı qərarı ilə Şevron Oversiz Eksploreyşn  Limited şirkətinə verdiyi Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra «Hökumət təminatı» adlanacaq)  qəbul edilsin və onun həyata keçirilməsinə icazə verilsin.

 3. Sazişin əsas mətninə edilmiş on (10) Əlavə, ARDNŞ Ortaq Neft Şirkətinin yaradılmasına dair Qoşma, Bu Qoşmaya I Əlavə, habelə Xəzər  dənizinin Aərbaycan sektorunda «Abşeron» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə iştirak payının  verilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Şevron Oversiz Eksploreyşn Limited, ARDNŞ-in Ortaq Neft Şirkəti,  Total Eksploreyşn ənd Prodakşn Azərbaycan arasında ikinci Qoşma (bundan sonra «Əlavələr» adlanacaq) qəbul edilsin və onların həyata  keçirilməsinə icazə verilsin.

 4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar  göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə  uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının,  fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

 5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istinilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı  saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra  Sazişin, Hökumət təminatının və əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına  kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatları və Əlavələr üzrə əldə etdiyi  hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

 7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icarələri, vizalar,  başqa səlahiyyətlər və sanksiyalar verilir.

 8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

 9. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 Bakı şəhəri, 11 noyabr 1997-ci il

398-IQ