Xəzər dənizinin Azərbaycan sektorunda «Oğuz» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə «Mobil» Eksploreyşn ənd Prodyusinq Azərbaycan İnk.» və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Prezidentinin «Xəzər dənizinin Azərbaycan sektorunda «Oğuz» dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında» 1997-ci il 18 iyul tarixli 621 saylı Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 1-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Mobil Eksploreyşn ənd Prodyusinq Azərbaycan İnk. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda «Oğuz» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü barədə Saziş imzalanmışdır.
Azərbaycan Respublikasının Milli
Məclisi:
Azərbaycan Respublikasının qanunvericiliyində Sazişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını;
Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsinin və karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası qanunlarının olmadığını;
Sazişin şərtlərinə görə onun qanunverici orqan tərəfindən təsdiqindən sonra Qanun olmasını;
bu Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq,
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən
qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Mobil Eksploreyşn ənd Prodyusinq Azərbaycan İnk. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda «Oğuz» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü barədə Saziş (bundan sonra «Saziş» adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. Sazişlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 oktyabr tarixli 114 saylı qərarı ilə Mobil Eksploreyşn ənd Prodyusinq Azərbaycan İnk. Şirkətinə verdiyi Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra «Hökumət təminatı» adlanacaq) qəbul edilsin və onun həyata keçirilməsinə icazə verilsin.
3. Sazişin əsas mətninə edilmiş on (10) Əlavə, ARDNŞ Ortaq Neft Şirkətinin yaradılmasına dair Qoşma, Bu Qoşmaya I Əlavə (bundan sonra «Əlavələr» adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatları və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.
9. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 7 noyabr 1997-ci il
№ 397-IQ