Torpaq bazarı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsinin əsaslarını müəyyən edir.

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

torpaq bazarı - torpaq dövriyyəsi proseslərində torpaq sahələrinin alqı-satqısı, girov qoyulması, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişməsi ilə bağlı dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər arasında yaranan iqtisadi və hüquqi münasibətlər;

torpaq sahələrinin dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi, torpaqların bir kateqoriyadan digərinə keçməsi və kateqoriyalar daxilində transformasiyası.

Maddə 2. Torpaq bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Torpaq bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə torpaq bazarı münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

Maddə 3. Torpaq bazarı haqqında qanunvericiliyin məqsəd və vəzifələri

Torpaq bazarı haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasında torpaq bazarı münasibətlərinin ümumi qaydalarını müəyyənləşdirmək və torpaq üzərində mülkiyyət hüquqlarının müdafiəsini təmin etməkdir.

Torpaq bazarı haqqında qanunvericiliyin vəzifələri torpaq bazarının təşkilinə, bazarda subyektlərin maraqlarının uzlaşmasına və hüquqlarının reallaşmasına zəmin yaratmaqdır.

Maddə 4. Torpaq bazarının obyektləri və subyektləri

Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər:

xüsusi mülkiyyətdə olan torpaqlar;

bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları;

girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka) predmeti sayılan torpaq sahələri;

özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;

dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları.

Torpaq bazarının subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xarici dövlətlərdir.

Azərbaycan Respublikası adından torpaq bazarında müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində iştirak edirlər.

Bələdiyyələr, torpaq bazarında Azərbaycan Respublikasının qanunvericilik aktları ilə bələdiyyələrə verilən səlahiyyətlər daxilində iştirak edirlər.

Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları torpaq bazarında mülkiyyətçi, istifadəçi, icarəçi, girovqoyan, girovsaxlayan, alıcı, satıcı və digər əqdlərin iştirakçısı ola bilərlər.

Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xarici dövlətlər torpağın mülkiyyətə alınması istisna olmaqla, torpaq bazarında qanunvericiliklə müəyyənləşdirilən səlahiyyətləri daxilində digər əqdlər bağlaya bilərlər.

Maddə 5. Torpaq bazarı əqdlərinin formaları

Torpaq bazarında aşağıdakı əqdlər həyata keçirilir:

torpaq sahələrinin alqı-satqısı;

torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi;

torpaq sahəsinin girovu (ipotekası);

torpaq sahəsinin dəyişdirilməsi;

torpaq sahəsinin bağışlanması;

torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi;

torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi.

II fəsil

Torpaq bazarInIn təşkİlİ

Maddə 6. Torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin əsas prinsipləri

Torpaq bazarının təşkili sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

torpaq bazarının sistemli qaydada təşkil edilməsi;

torpaq əqdlərinin və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dövlət qeydiyyatının məcburiliyi;

torpaq bazarı haqqında məlumatların əldə edilməsində bazar subyektlərinin hüquq bərabərliyinin təmin olunması;

torpaq bazarında bağlanmış əqdlərə görə rüsumların ödəniş qaydasının tətbiqi;

inzibati-ərazi vahidi daxilində xüsusi mülkiyyətçilərin torpaq inhisarçısına çevrilməsinə yol verilməməsi.

Maddə 7. Torpaq bazarının təşkili sahəsində dövlətin vəzifələri

Torpaq bazarının təşkili sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

dövlətin aqrar siyasətinin həyata keçirilməsi;

torpaq hərraclarının və müsabiqələrinin təşkili qaydalarına dair normativ-hüquqi sənədlərin işlənməsi və təsdiq edilməsi;

torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları üzrə əqdlərin sənədləşdirilməsi üçün əsasnamələrin və nümunəvi müqavilələrin hazırlanması və təsdiqi;

torpaq bazarı subyektlərinin hüquq və vəzifələrinin əhali arasında geniş formada təbliğ olunması;

torpaq bazarını səciyyələndirən rəsmi məlumatların müntəzəm toplanması, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə aşkarlanması;

torpaq bazarında bağlanmış əqdlərin və torpaq üzərində hüquqların dövlət qeydiyyatı və sənədləşdirilməsi;

torpaq əqdləri ilə bağlı dövlət rüsumlarının hədlərinin və onların ödənilməsi qaydalarının müəyyən edilməsi;

inzibati-ərazi vahidləri üzrə yerli şərait nəzərə alınmaqla xüsusi mülkiyyətçinin əldə edə biləcək torpaq sahəsinin yuxarı həddinin müəyyən edilməsi;

Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.

Maddə 8. Torpaq bazarının ümumi qaydaları

Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər.

Torpaq bazarı münasibətləri ilə əlaqədar əqdlər torpaq mülkiyyətçilərinin və istifadəçilərinin son əqd bağlananadək qəbul etdikləri öhdəliklər nəzərə alınmaqla bağlanılır.

Torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqısı torpaqların məqsədli təyinatını hə hüquqi rejimini, ərazinin şəhərsalma sənədləri əsasında inkişaf perspektivlərini nəzərə almaqla həyata keçirilir.

Şəhərsalma, ekoloji və sosial tələblər baxımından sökülməsi və ya yaşayış məntəqəsi hüdudlarından kənara çıxarılması planlaşdırılan dövlət mülkiyyətindəki obyektlərin altında olan torpaqların satışına icazə verilmir. Belə obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin özəlləşdirdikləri obyektlərin yerləşdiyi torpaqların və ya sahibkarlıq fəaliyyəti məqsədi ilə dövlətdən normativ və güzəştli qiymətlərlə aldıqları qeyri-kənd təsərrüfatı torpaqlarının özgəninkiləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilə bilər. Torpaq bazarında bağlanan əqdlər torpaq və mülki qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdirilir.

III fəsil

Torpaq bazarİnİn tənzİmlənməsİ

Maddə 9. Bələdiyyə torpaqlarının alqı-satqısı

Bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir.

Bələdiyyənin ehtiyat fondunun bazar obyektinə aid olan torpaqları barədə alqı-satqı əqdləri yerli normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanılır.

Xüsusi şəhərsalma əhəmiyyətinə malik bələdiyyə torpaqları layihələrlə birlikdə və yaxud onlardan ayrı bir qayda olaraq torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılır.

Ərazi planlaşdırılması əsasında yaşayış məntəqəsinin infrastruktur sahələrinin yaradılması üçün nəzərdə tutulan torpaqların, habelə onlardan istifadə və icarə hüquqlarının alqı-satqısı bir qayda olaraq torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.

Kənd təsərrüfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Bu torpaq sahələrinə tələb təklifi üstələdiyi hallarda satış hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir.

Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

Bələdiyyələr, satışa çıxarılan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhalini mütəmadi məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatlar dərc edirlər.

Maddə 10. Xüsusi mülkiyyətdə olan torpaqların alqı-satqısı

Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alqı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında həyata keçirilir.

Torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqı müqavilələri Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə əməl edilməklə bağlanılır.

Maddə 11. Torpaq sahəsinin nizamnamə (pay) fonduna verilməsi

Xüsusi mülkiyyətdə olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna mülkiyyət və istifadə hüququ formalarında verilir.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi nizamnamə (pay) fonduna yalnız istifadə hüququ əsasında verilə bilər.

Torpaq istifadəçiləri, mülkiyyətçilərin razılığı ilə torpaqdan istifadə hüququnu nizamnamə (pay) fonduna yalnız müvəqqəti verə bilərlər.

Nizamnamə (pay) fonduna verilən torpaq sahəsi və ya bu sahə üzərindəki hüquqlar üzrə müqavilə iştirakçılarının mülkiyyət münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr müəyyən edirlər.

Maddə 12. Girov qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri

Girovsaxlayan, girovqoyanın öz öhdəliyini yerinə yetirmədiyi halda, girov qoyulmuş torpaq sahəsini bilavasitə, hərrac və ya müsabiqə yolu ilə sata, bağışlaya, dəyişdirə və torpaq bazarında digər əqdlər bağlaya bilər.

Girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda ipoteka müqaviləsində, girovla təmin edilmiş öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində məcburi satılacağı barədə müddəa əks etdirilməlidir.

Qanunvericilikdə və girov müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, girov qoyulmuş torpaqların torpaq bazarına çıxarılması bu Qanunla müəyyən olunmuş qaydalarla tənzimlənir.

Maddə 13. Torpaq sahəsinin dəyişdirilməsi, bağışlanması və vərəsəlik qaydasında başqasına keçməsi

Hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrinin mülkiyyət, dövlət və bələdiyyə torpaqlarının isə istifadə və icarə hüquqlarının dəyişdirilməsi, bağışlanması və vərəsəlik qaydasında başqasına keçməsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 14. Torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi

Torpaq sahəsi üzərində istifadə və icarə hüquqları başqasına alqı-satqı, nizamnamə (pay) fonduna verilmə, girov qoyulma (ipoteka), dəyişmə, bağışlanma və vərəsəlik qaydalarında keçə bilər.

Torpaq sahəsi üzərində istifadə və icarə hüquqları başqasına torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin razılığı ilə könüllü və ya məhkəmənin qərarı ilə keçə bilər.

Torpaq sahəsi üzərində istifadə və icarə hüquqlarının başqasına keçməsi qaydaları və Qanunla, Azərbaycan Respublikasının torpaq, mülki və icarə qanunvericiliyi ilə tənzimlənir.

Maddə 15. Torpaq hərraclarında və müsabiqələrində torpaqların alqı-satqısının əsasları

Torpaqların və onlardan istifadə və icarə hüquqlarının açıq və ya qapalı hərrac və müsabiqə yolu ilə alqı-satqısının məqsədi Azərbaycan Respublikasında torpaq bazarının inkişafı vasitəsi ilə torpaqların dövriyyəsinin səmərəliliyini yüksəltməkdən, hüquqi və fiziki şəxslər arasında sağlam rəqabəti təmin etməkdən ibarətdir.

Torpaq hərraclarına və müsabiqələrinə torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada satıcılar (mülkiyyətçilər və ya girovsaxlayanlar) tərəfindən çıxarılır.

Torpaq hərraclarının və müsabiqələrinin təşkilatçıları ilə torpaq sahələrinin satıcıları arasında hərrac (müsabiqə) müqavilələri bağlanılır.

Hərrac (müsabiqə) müqavilələrində aşağıdakı şərtlər müəyyən olunur:

hərraca (müsabiqəyə) çıxarılan torpaq sahəsinin xarakteristikası və mülkiyyət hüququnu təsdiq edən sənədlərin siyahısı;

hərracın (müsabiqənin) növü, keçirilmə tarixi və vaxtı;

tərəflərin öhdəlikləri və məsuliyyəti;

təşkilatçıların mükafatlandırılması və satıcılarla hesablaşmaların aparılması qaydaları;

müqavilənin fəaliyyət müddəti və qanunvericiliklə müəyyən olunmuş digər şərtlər.

Hərrac və müsabiqə təşkilatçılarının mükafatının həcmi torpaq sahəsinin satış qiymətinin 5 faizindən artıq təşkil edə bilməz.

Torpaq sahələrinin hərraca (müsabiqəyə) çıxarılan ilkin qiyməti torpağın normativ qiymətindən az olmayaraq mövcud bazar məzənnəsinə uyğun müəyyən edilir.

Satışa çıxarılan torpaq sahələrinin istifadəsinə dair xüsusi şərtlər müəyyən edildikdə iddiaçılar arasında müsabiqə keçirilir.

Torpaq hərracında və müsabiqəsində satılmış hər bir torpaq sahəsi üzrə alıcı və satıcı arasında torpaqların alqı-satqısına dair müqavilə bağlanılır.

Maddə 16. Torpaq bazarında qiymətin formalaşmasının əsasları

Torpaq bazarında qiymətlər əqdlərin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, hüquqi statusundan, rejimindən, torpaqların normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır.

Xüsusi mülkiyyətdə olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər tərəflərin razılığı ilə bazar məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

Bələdiyyə mülkiyyətində olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Bələdiyyələrin kənd təsərrüfatına az yararlı və yararsız torpaqları kənd təsərrüfatı məqsədləri üçün satıldıqda torpaq qanunvericiliyindəki güzəştlər nəzərə alınır.

Bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin hərrac və müsabiqə vasitəsi ilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir.

Torpaq sahələri dövlət və ictimai ehtiyacları ödəmək məqsədilə mülkiyyətçilərdən əvəzi ödənilməklə alındıqda onların qiyməti, müstəqil qiymətləndiricilərin (ekspertlərin) rəyi nəzərə alınmaqla, tərəflərin razılığı əsasında müəyyənləşdirilir. Tərəflər arasında mübahisə məhkəmə qaydasında həll olunur.

Torpaq üzərində istifadə və icarə hüquqlarının qiyməti, bazar məzənnələri nəzərə alınmaqla, bilavasitə satışı zamanı qarşılıqlı razılaşma əsasında, hərrac (və ya müsabiqə) vasitəsilə satıldıqda isə ilkin qiymət (qiymət) kimi mülkiyyətçilərlə satışın təşkilatçıları arasında razılaşma əsasında müəyyən edilir.

Torpaq sahələri üzərində istifadə və icarə hüquqları (xüsusi mülkiyyətdə olan torpaqlar istisna olmaqla) bağışlandıqda, dəyişdirildikdə və vərəsəliyə verildikdə onlar müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən müəyyən edilən qaydada normativ qiymətlərdən az olmamaq şərti ilə qiymətləndirilir.

Nizamnamə (pay) fonduna verilən torpaq sahəsinin və ya bu sahə üzərindəki hüquqların dəyəri iştirakçılar arasında bağlanmış müqavilə ilə bazar məzənnəsinə uyğun müəyyən olunur.

Torpaq bazarında məzənnələri tənzimləmək və ehtiyat fonduna əlavə torpaq sahələri cəlb etmək məqsədilə bələdiyyələr torpaq hərraclarında və müsabiqələrində torpaq sahələri ala bilərlər.

Maddə 17. Torpaq bazarında bağlanılan əqdlərə tətbiq edilən tədiyyələr

Müvafiq icra hakimiyyəti orqanları və səlahiyyətləri daxilində bələdiyyələr torpaq bazarında bağlanılan əqdlərin növündən və torpaq sahələrinin qiymətindən asılı olaraq tədiyyələrin diferensiallaşdırılmış dərəcələrini və ödəmə qaydalarını müəyyən edirlər.

Torpaq bazarı əqdlərinin formalarına tətbiq edilən tədiyyələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi torpaqların yaxşılaşdırılmasına, rekultivasiyasına, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu və elmi-tədqiqat işlərinin aparılmasına, habelə torpaq sahələrinin səmərəli istifadəsi və mühafizəsi ilə əlaqədar digər dövlət proqramlarının həyata keçirilməsinə yönəldilir.

IV Fəsil

Torpaq bazarInda yaranan hüquqlarIn rəsmİləşdİrİlməsİ

Maddə 18. Torpaq bazarında yaranan hüquqların əsasları

Azərbaycan Respublikasında torpaq bazarında əldə edilmiş torpaq sahələri üzərində hüquqlar aşağıdakı əsaslar üzrə yaranır:

dövlət və bələdiyyə torpaqlarının və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqısı, girovu (ipotekası), nizamnamə (pay) fonduna verilməsi-müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qərarları və torpaq münasibətlərinin subyektləri ilə bağlanmış müqavilələr və aktlar;

xüsusi mülkiyyətdə olan torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqısı, nizamnamə (pay) fonduna verilməsi, dəyişdirilməsi, bağışlanması, girovu (ipotekası), vərəsələrə keçməsi-hüquqi və fiziki şəxslər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilələr və aktlar;

torpaq üzərində hüquqların dövlət qeydiyyatı və sənədləşdirilməsi;

torpaq üzərində hüquqların müəyyən edilməsinə dair məhkəmənin qərarı və ya hökmü.

Maddə 19. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı

Torpaq üzərində bütün hüquqlar, o cümlədən alqı-satqı, ipoteka, vərəsəlik, icarə, bağışlanma müqavilələri, aktları və torpaqla bağlı digər əqdlər dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınır.

Dövlət qeydiyyatından keçməmiş torpaq üzərindəki hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir.

Torpaq üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aparılır.

Maddə 20. Torpaq üzərində hüquqların sənədləşdirilməsi

Dövlət qeydiyyatından keçmiş torpaq üzərindəki hüquqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada sənədləşdirilir.

V Fəsil

Torpaq bazarI haqqInda qanunverİcİlİyİn pozulmasIna görə məsulİyyət və mübahİsələrİn həllİ

Maddə 21. Torpaq bazarı haqqında qanunvericiliyin pozulması ilə bağlı əqdlərin etibarsızlığı

Torpaq bazarı haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.

Maddə 22. Torpaq bazarı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Torpaq bazarı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 23. Mübahisələrin həlli

Torpaq bazarının təşkili, idarə edilməsi və tənzimlənməsi ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Bakı şəhəri, 7 may 1999-cu il
№ 665-IQ