Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında partnyorluq münasibətlərinin genişləndirilməsi tədbirləri haqqında

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Prezidentinin 1997-ci il iyulun 27-dən avqustun 6-dək Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri tarixi əhəmiyyət  kəsb edərək iki dövlət arasında qarşılıqlı münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələlərin əsasını qoymuşdur. Bu səfər zamanı Ağ  Evdə, Dövlət Müdafiə Departamentində, başqa təşkilatlarda ən yüksək səviyyələrdə keçirilən görüşlərdə və aparılan çoxsaylı danışıqlarda  Amerika Birləşmiş Ştatlarının dövlət strukturlarının və iş adamlarının Azərbaycana maraqlarının artması bir daha təsdiq olunmuşdur.

 1997-ci il avqustun 1-də Vaşinqtonda iki ölkənin başçıları arasında keçirilmiş görüş zamanı siyasət, təhlükəsizlik, iqtisadiyyat və ticarət  sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi əsasında Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında partnyorluq  münasibətlərinin genişləndirilməsi məqsədəuyğun hesab edilmişdir. Demokratiyaya və insan hüquqlarına riayət olunmasının, iqtisadi  islahatların aparılmasının Azərbaycanda dövlət quruculuğunun sarsılmaz əsasları təşkil etməsi və ancaq bu yolla ölkədə ümumbəşəri  dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulmasının mümkünlüyü xüsusi vurğulanmış, Azərbaycanın müstəqilliyinin, suverenliyinin,  ərazi bütövlüyünün və demokratik inkişafının Birləşmiş Ştatlar tərəfindən dəstəkləndiyi təsdiq edilmişdir. 1992-ci ilin oktyabr ayında qəbul  olunmuş «Azadlığı müdafiə aktı»nın 907-ci maddəsinin iki ölkə arasında əməkdaşlığı məhdudlaşdırdığı qeyd edilmiş və bu maddənin ləğv  olunması Amerika Birləşmiş Ştatlarının Prezidenti tərəfindən qətiyyətlə dəstəklənmişdir. Xəzər dənizinin enerji ehtiyatlarının  mənimsənilməsində, neft və qaz ehtiyatlarının emalı və nəqlində Amerika neft şirkətlərinin geniş iştirakı, ölkələr arasında enerji siyasəti və  kommersiya məsələləri üzrə rəsmi dialoqun yaradılması yüksək qiymətləndirilmişdir. Eyni zamanda elm, təhsil və mədəniyyət sahələrində  əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur.

 Səfər zamanı imzalanmış 5 mühüm sənəddə — Amerika–Azərbaycan münasibətləri haqqında Birgə Bəyanatda;

 Azərbaycan Respublikası  Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında  Müqavilədə;

 Birləşmiş Ştatlar ilə Azərbaycan arasında müdafiə və hərbi sahələrdəki gələcək münasibətlər barədə Birgə Bəyanatda;

  Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında  Bəyanatda;

 Layihələrin təşviqinə dair Baş Sazişdə (Azərbaycan Respublikasının Hökuməti, Azərbaycan Respublikasının Milli Bankı və  Amerika Birləşmiş Ştatlarının İxrac-İdxal Bankı) öz əksini tapmış ölkələrarası qarşılıqlı münasibətlərin inkişaf istiqamətləri hər iki tərəfin  maraqlarına tam uyğundur. Bu sənədlər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyinin təmin  olunmasına və onun sosial-iqtisadi tərəqqisinə xidmət edəcəkdir. Şevron, Eksson, Amoko və Mobil kimi tanınmış neft şirkətləri ilə neft  hasilatına dair bağlanmış 4 yeni saziş Azərbaycana investisiya axınını gücləndirməklə yanaşı ölkələr arasında iqtisadi əlaqələri daha da  genişləndirəcəkdir.

 Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələrinin hərtərəfli və səmərəli inkişafını, ölkədə demokratik  cəmiyyət və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan islahatların ardıcıl aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:

 1. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi üzrə tədbirlər proqramı təsdiq  edilsin (əlavə olunur).

 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli  Bankı təsdiq olunmuş proqramda nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər və bu barədə kvartalda bir dəfə Azərbaycan  Respublikasının Prezidentinə məlumat versinlər.

 3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, digər nazirliklərə və  idarələrə tapşırılsın, Azərbaycan Respublikasının Milli Məclisinə təklif olunsun:

 Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da  genişlənməsini təmin etmək məqsədi ilə ABŞ-ın müvafiq strukturları ilə dialoqu davam etdirsinlər;

  ABŞ Administrasiyası və Konqresi ilə sıx əlaqə saxlayaraq 907-ci düzəlişin aradan götürülməsini sürətləndirməyə xidmət edən tədbirlər  həyata keçirsinlər.

 4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məqsədi ilə Amerika Birləşmiş  Ştatlarına səfər zamanı aparılmış zirvə danışıqlarının nəticələri zəminində ABŞ-ın, Rusiyanın və Fransanın Minsk qrupundakı nümayəndə  heyətləri ilə danışıqları intensivləşdirsin.

 5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və başqa əlaqədar nazirliklər və  idarələr Azərbaycanla ABŞ arasında təhlükəsizlik, silahlara nəzarət, müdafiə və s. sahələrdə, eləcə də Şimali Avropa–Atlantik Tərəfdaşlıq və  NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramları çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün təklif versinlər.

 

 Azərbaycan Respublikasının Prezidenti

 Heydər ƏLİYEV

 Bakı şəhəri, 2 sentyabr 1997-ci il.

                № 657